Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-9/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı “Plenum qərarının 6.11-ci bəndinin 2-ci cümləsi etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 oktyabr 2023-cü il, 14 nömrəli Qərarının 6.11-ci bəndinin 2ci cümləsi etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 oktyabr 2023-cü il, 14 nömrəli Qərarının 6.11-ci bəndində bildirilir: Təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Buna görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edəcək və yekun hüquqi vəziyyətlər yaradan qərarlar qəbul edilə bilməz. Bu bəndin 1-ci cümləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə istinad edir və 2-ci cümləsi isə həmin maddəninin Plenum tərəfindən şərhini (komentariyasını) əks elətdirir. Sözügedən bəndin ikinci cümləsi Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş müddəalarla uzlaşmayan hüquqi nəticələr formalaşdırır. Bu səbəbdən, həmin normanın tətbiqi iddiaçıya münasibətdə məhkəməyə çıxış hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsini məhdudlaşdırır, habelə qanunla nəzərdə tutulmuş effektiv müdafiə vasitələrinin reallaşdırılmasına maneə yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsində bildirilir: Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin maddənin 1-ci hissəsinin mahiyyəti, yəni müvəqqəti təminat tədbirinin tətbiqi barədə qəradadın müvəqqəti xarakter daşıması mübahisə predmeti deyildir. MPM-in 157.7-ci maddəsinin ikinci hissəsində yer alan “işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir” ifadəsinə münasibətdə qeyd edilməlidir ki, bu norma Plenum tərəfindən verilmiş şərhdə maddənin mətnindən və normativ məqsədindən irəli gəlməyən məhdudlaşdırıcı nəticələrə gətirib çıxarmışdır. Belə ki, qanunverici sözügedən ifadə ilə müvəqqəti təminat tədbirinin tətbiqinin işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi kimi hüquqi kvalifikasiya edilməməli olduğunu nəzərdə tutur, lakin bu cür tədbirlərin tətbiqini qadağan etmir və ya istisna etmir. “Hesab edilmir” ifadəsi normativ baxımdan qadağa xarakteri daşımır, əksinə, müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətinin düzgün qiymətləndirilməsinə yönəlmiş izahlı xarakter daşıyır. Bu yanaşma, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində ilk baxışda tərəflərin hüquqi vəziyyətinə təsir göstərə biləcək hallarda belə, həmin tədbirin işin mahiyyəti üzrə yekun hüquqi qərar kimi qəbul edilməməli olduğunu ifadə edir. Buna görə də, müvəqqəti təminat tədbirinin məzmun etibarilə əsas iddia tələbi ilə üst-üstə düşməsi onun işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi kimi qiymətləndirilməsinə əsas vermir və belə nəticə normanın mətnindən və məqsədindən irəli gəlmir. Qanunvericinin MPM-in 157.7-ci maddəsinin birinci hissəsini (qərardadın müvəqqəti xarakter daşımasını) və ikinci hissəsini (qərardadın işin mahiyyəti üzrə həll edilməsi hesab edilməməsini) birgə təqdim etməsi təsadüfi xarakter daşımır. Bununla qanunverici əsaslandırılmış müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin, ilk baxışda iddianın mahiyyəti ilə üst-üstə düşən nəticələr doğura bilməsinə baxmayaraq, qəbul edilə bilən hesab olunduğunu və belə qərardadın müvəqqəti xarakter daşıdığını normativ qaydada ayrıca vurğulamış, eyni zamanda həmin tədbirin işin mahiyyəti üzrə yekun hüquqi qiymətləndirmə kimi qəbul edilməməli olduğunu aydın şəkildə ifadə etmişdir. Ona görə də, sözügedən Plenum Qərarının 6.11-ci bəndinin 2-ci cümləsi, “Buna görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edəcək və yekun hüquqi vəziyyətlər yaradan qərarlar qəbul edilə bilməz. ” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinin məhdudlaşdırıcı şərhidir. Plenum tərəfindən verilmiş şərh MPM-in 157.7-ci maddəsinin mətnindən və məqsədindən irəli gəlməyən nəticələr doğurur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçımn) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Ərizəçi (iddiaçı) tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsində nəzərdə tutulmuş hər iki şərtin mövcudluğunu təsdiq edən əsaslar yazılı formada aydın və əsaslandırılmış şəkildə təqdim edildiyi halda, müvəqqəti xarakterli təminat tədbirinin tətbiqi üçün qanuni əsaslar yaranmış hesab edilməlidir. Bu baxımdan, qanunvericinin müəyyən etdiyi sözügedən şərtlər ödənildiyi halda, müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edilməsi yalnız qanunda nəzərdə tutulmuş əsaslara söykənə bilər və qanunda nəzərdə tutulmayan əlavə meyarlarla əsaslandırıla bilməz. Qanunverici bu normalarla məhkəmə tərəfindən məhz göstərilən iki şərtin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Buna görə də, görüləcək təminat tədbirinin iddianın mahiyyəti ilə eynilik təşkil etməsi və ya iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək yekun qərarın məzmununa ilkin təsir göstərməsi halları müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinin həlli zamanı qanunvericilik baxımından həlledici meyar kimi müəyyən edilməmişdir. Bu yanaşma müvəqqəti təminat tədbirinin hüquqi mahiyyət etibarilə müvəqqəti xarakter daşıması ilə şərtlənir Ali Məhkəmənin Plenumunun qərarları xüsusi statusa malikdir: Plenum qərarları normativ xarakterli aktlar sayılır və məhkəmələr üçün hüquqi izah, məcburi izah və hüquqi mövqe xarakteri daşıyır. Bu səbəbdən, o, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda yanlış, aydın olmayan, ikimənalı və anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Plenum qərarlarında normativ mətnlərin şərhi zamanı qanunvericinin iradəsindən kənara çıxan məhdudlaşdırıcı nəticələrə yol verilməməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.3. normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. 4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. .... Maddə 122. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddia 122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. 122.4. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur. 122.5. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır. 122.6. Məhkəmə mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına həmin aktla bağlı öz mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən müddət müəyyən olunur. 122.7. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir. 122.8. Normativ xarakterli aktın etibarlılığının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılan konkret hüquq normasının qanunauyğun sayılmasından asılı olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır. M a d d ə 123. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia üzrə məhkəmə qərarı 123.1. Məhkəmə şifahi məhkəmə baxışı əsasında qərar qəbul edir. 123.2. İddia əsaslı hesab edildiyi, yəni normativ xarakterli akt Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanununa zidd olduğu hallarda, həmin akt qəbul edildiyi gündən bütövlükdə və ya qismən etibarsız sayılır. 123.3. Normativ xarakterli aktın etibarsız sayılması barədə məhkəmənin qərarı ümumi-məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının nəticəvi hissəsi cavabdeh tərəfindən normativ xarakterli aktın dərc olunduğu qaydada dərc edilməlidir. 123.4. Normativ xarakterli aktın etibarsız sayılması qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının və barəsində şikayət verilə bilməyən inzibati aktların etibarsız sayılmasına səbəb olmur. Normativ xarakterli aktın etibarsız sayılması bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın təzələnməsinə səbəb ola bilməz (icraatın təzələnməsi üçün əsas kimi təfsir oluna bilməz). 123.5. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qərarı müstəsna olaraq inzibati məhkəmə icraatının iştirakçılarına münasibətdə hüquqi qüvvəyə malikdir. 123.6. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində həmin qərardan Ali Məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. ƏSASLANDİRMA HİSSƏ: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia növlərindən biri də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialardır. 122-ci maddənin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. Hazırda iddiaçı “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 oktyabr 2023-cü il, 14 nömrəli Qərarının 6.11-ci bəndinin 2-ci cümləsini mübahisələndirərək sözügedən iddianın normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddia olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia aidiyyəti üzrə düzgün verilsə də, mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddianın mümkün sayıla bilməsi üçün mübahisələndirilən aktın normativ xarakterli akt olması ilkin şərtdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.3-cü maddəsinin tələbinə əsasən normativ xarakterli akt bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. 4-cü maddədə isə normativ xarakterli aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Həmin normaya əsasən Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. Göründüyü kimi qanunvericilik normativ xarakterli aktların dairəsini konkret olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları normativ xarakterli aktların siyahısına daxil olmadığından hazırki iddia mümkün sayılmamalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79- 1-ci maddəsi Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırdığını müəyyən edir: Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Göründüyü kimi Ali Məhkəmənin Plenumnun qərarlarının inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə biləcək normativ xarakterli akt kimi qiymətləndirilməsini müəyyən edəcək hüquqi əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-3(105)-9/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-9/2025
18.12.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver