Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-1/2024 19.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı Azərbaycan Respublikasının X1 Cavabdeh qarşı media subyektinin və onun onlayn media redaksiyasının ("azerbaycanrealliği.com” veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə barədə iddia tələbinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: Cavabdeh "azerbaycanrealliği.com” veb saytı vasitəsi ilə onlayın media subyekti olaraq fəaliyyət göstərsə də, fəaliyyət müddəti ərzində Mediya Reyestrinə daxil olması barədə iddiaçı Azərbaycan Respublikasının X2 müraciət etməməsi iddia olunur. İddia ərizəsinə əlavə olunmuş kağız daşıyıcıda olan ekran qeydlərindən görünür ki, cavabdeh media subyekti kimi onlayn qaydada fəaliyyətini davam etdirir. İİ. İddiaçı tərəfin dəlilləri: Cavabdeh (bundan sonra-cavabdeh) Media subyekti olaraq (“azerbaycanrealliği.com” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X2 müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Media Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X2 (İddiaçıya) müraciət etməli idi. "Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydalarına uyğun olaraq X2 müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3- cü maddəsi öz hüquqi qüvvəsini itirmiş və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X2 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X2 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.Cavabdeh onlayn media subyekti kimi fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirmək üçün fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq “azerbaycanrealliği.com” veb saytının vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir.Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir. İİİ. Cavabdeh tərəfin etirazı: Azərbaycan Respublikası X1 “azerbaycanrealligi.com” onlayn media resursunun fəaliyyətinə xitam verilməsini tələbinə etiraz ərizəsində qeyd olunmuşdur ki, "Media haqqında" Qanunla bağlı Azərbaycan Respublikasının Milli Məclisi 2021 -ci ilin sonunda "Media haqqında” Qanun qəbul etmişdir. Hazırda "Media haqqında" Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edən əsas qanundur. Qüvvəyə mindikdən sonra bütünlüklə Qanun, xüsusilə də onun aşağıda haqqında bəhs edəcəyimiz müddəaları bizim gündəlik fəaliyyətimizi neqativ təsirləndirir, sərbəst şəkildə informasiya toplama, hazırlama və yaymağımıza ciddi, keçilməz əngəllər yaradır. "Media haqqında" Qanunla bağlı Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların rəyləri Azərbaycan Respublikasının üzv olduğu Avropa Şurasına (AŞ) daxil olan ölkələrin qanunvericiliyinin AŞ-nın standartlarına, X8 Konvensiyasına uyğunluğunu yoxlayan Venesiya Komissiyası "Media haqqında" Qanun layihəsini araşdırıb və 18 iyun 2022-ci il tarixdə Komissiyanın rəyi elan edilib. Komissiya rəyində qanunun AŞ standartlarına cavab vermədiyi qənaətinə gəlib: "Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da "çəkindirici effekfə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; Qanunun 26-cı maddəsi KİV-in yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;...". Avropa Şurasının Nazirlər Komitəsi də "Media haqqında" qanunun AŞ standartlarına uyğunluğunu müzakirə edib. Qurum 2022-ci ilin dekabr ayında qəbul etdiyi qətnaməsində Azərbaycan hökumətini "Media haqqında" qanunu ləğv etməyə, AŞ standartlarına cavab verən yeni qanun qəbul etməyə çağırıb. İddia Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələrinə ziddir. Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüququ qüvvəyə malik aktdır. Konstitusiya söz, ifadə, məlumat, ümumilikdə media azadlığını təminat altına alır. Konstitusiyanın 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı hüququnu qoruyur. Həmin maddəyə görə, "Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavat və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsi hər kəsin məlumat azadlığı hüququnu təminat altına alır. Həmin maddədə göstərilir ki, “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Konstitusiyanın 47-ci və 50-ci maddələri media, jurnalistlərin öz peşə fəaliyyətlərini maneəsiz həyata keçirmələri - məlumatları maneəsiz axtarması, əldə etməsi, ötürməsi, hazırlaması və yayması üçün təməl hüquqi əsasları müəyyən etmişdir. Kütləvi informasiyaların toplanması, hazırlanması, yayılması azadlığı Konstitusiya ilə təminat altına alınır, media, jurnalistlərə hər hansı senzura, o cümlədən, dövlət senzurası qadağan edilir. Ancaq Agentliyin “azerbavcanrealligi.com” media subyektinin fəaliyyətinə xitam verilməsi üçün “Media haqqında” Qanunun istinad etdiyi maddələri Konstitusiyada nəzərdə tutulanlardan fərqli olaraq, geniş məhdudiyyətlər müəyyən edir, jurnalistika fəaliyyəti ilə məşğul olmağı faktiki olaraq, lisenziyaya, icazə sisteminə bərabər tutulan tənzimləmələrə tabe etdirir. İddia "Media haqqında" qanunun 4-cü, 5-ci', 6-cı, 62.1 -ci maddələrinə ziddir “Media haqqında" qanun media azadlığına təminat verilməsini nəzərdə tutur. Qanunun 4cü maddəsi media sahəsində dövlətin vəzifələrini müəyyən edir. Həmin maddəyə görə, media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır. -4.1.1.media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək; -4.1.2.Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;..” -4.1.3. medianın İnkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək; -4.1.4.media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq; -4.1.5.media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq; -4.1.6.Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək; Qanunun 5-ci maddəsinə görə, media azaddır, medianın fəaliyyəti hər hansı senzuraya məruz qala bitməz. Qanunun müvafiq maddəsində qeyd edilir ki, "Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Qanunun 6-cı maddəsi jurnalist fəaliyyətini təminat altına alır. Həmin maddəyə görə, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Qanunun 62-ci maddəsinə görə, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. İddia Azərbaycan Respublikası Konstitusiyasının 147-ci, 148-ci, 149-cu; 151-ci maddələrini pozur Konstitusiya Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik sənəddir. Konstitusiyanın 147-ci maddəsinə görə, Konstitusiya Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir, birbaşa hüquqi qüvvəyə malikdir, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan qanunlar mütləq Konstitusiyaya uyğun olmalıdır. Konstitusiyanın 149-cu maddəsinə görə, qanunlar Konstitusiyaya zidd ola bilməz. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ aktlar ölkə Konstitusiyasına, həm də Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olmalıdır. “Media haqqında" qanun, xüsusilə, onun yuxarıda bəhs etdiyimiz maddələri həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə uyğunsuzluq təşkil edir. Bu, həm də Konstitusiyanın pozuntusudur. Belə ki, Konstitusiyaya görə, onunla birlikdə referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktları təşkil edir. Konstitusiyaya görə, beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildir. Konstitusiyanın 148-ci maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də qanunlarla müqayisədə üstün hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 151-ci maddəsi isə beynəlxalq aktların hüquqi qüvvəsini tənzimləyir. Həmin maddənin tələbinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Agentlik “azerbaycanrealligi.com” media resursuna qarşı iddia verərkən Konstitusiyanın yuxarıda ifadə edilən maddələrini nəzərə almayıb. Halbuki, bir medianın fəaliyyətinə texniki əsaslar gətirməklə xitam verilməsi, Azərbaycanın media tənzimlənməsi ilə bağlı tərəfdar çıxdığı bütün beynəlxalq sənədlərə - xüsusilə də haqqında aşağıda ətraflı bəhs edəcəyimiz X8 Konvensiyasının, BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri ilə açıq-aşkar ziddiyət təşkil edir. İddia BMT Ümumdünya insan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə ziddir BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi media, ifadə azadlığı hüququnu təminat altına alır. Həmin maddədə göstərilir ki, “Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir''. "Media haqqında" qanun Media Reyestri-nin yaradılmasını nəzərdə tutur, reyestr mexanizminin yaradılmasının məqsədi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” göstərir. Qanunda ifadə edilmiş məqsəd olduqca yayğındır, media və ifadə azadlığını məhdudlaşdırmağa, jurnalistika fəaliyyətinin əhatə dairəsini çərçivələməyə yönəldiyi artıq aydındır. Həm reyestrə daxil edilmək üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər, həm reyestrə daxil edilmiş media və jurnalistlər üçün qanunvericilikdə nəzərdə tutulan imtiyazlar, həm də Bakı Apelyasiya Məhkəməsinin dia.az media subyektinin fəaliyyətinə reyestrə müraciət etməməsi əsası ilə xitam verilməsi göstərir ki, məqsəd yalnız qanunda göstərildiyi kimi "Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi" deyil. Media və jurnalistlərin reyestrə daxil edilməsi, onların qanuni jurnalist fəaliyyəti ilə məşğul ola bilməsinin başlıca şərtini təşkil edir. Qanunda da göstərildiyi kimi, yalnız reyestrdə olan media və jurnalistlər akreditasiya imkanı qazanacaqlar. Belə yanaşma müxtəlif normativ aktlarda jurnalist haqlarına dəlalət edən imtiyaz, üstünlüklərin də məhz reyestrdə olan media və jurnalistlərə münasibətdə keçərli olacağını ifadə edir. Məsələn, Azərbaycanın cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə mane olmağa görə məsuliyyət müəyyən edir. Bundan başqa qanunvericilik jurnalistlərə öz qaynaqlarını açıqlamamaq haqqı verir. Qanunvericilik həmçinin, jurnalistlərin adi vətəndaşlarla müqayisidə ictimai məzmunlu rəsmi informasiyalara daha tez və rahat çatım haqlarını tanıyır. Reyestrdə olmayan media və jurnalistlərin bu haqlardan yararlanması məhdudlaşdırılır. Belə tənzimləmə lisenziyalaşmaya bərabər tənzimləmədir və aydın şəkildə BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinin tətbiqi təcrübəsi ilə bir araya sığmır. BMT standartları media və jurnalistlər üçün hər hansı lisenziyalaşmanı, qeydiyyatı istisna edir. BMT İnsan Haqları Komitəsinin 34 saylı Ümumi Şərhində aşağıdakılar göstərilir: “Jurnalistika, çap, internet və başqa platformada fərdi yayınçılıqia məşğul olan başqaları da daxil olmaqla çox çeşidli aktorlar tərəfindən paylaşılan bir fəaiiyyətdir və jurnalistlərin qeydiyyatının aparılması və ya lisenziyalaşdırılması BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə uvğun deyildir. Məhdud akkreditasiya qaydalarına yalnız jurnalistlərin müəyyən yerlərə və ya tədbirlərə məhdud sayda buraxılması gərəkli olduqda icazə verilə bilər. Belə qaydalar jurnalistikanın çox çeşidli aktorlar tərəfindən həyata keçirilən fəaliyyət sahəsi olması nəzərə alınmaqla, obyektiv meyarlara əsaslanaraq, ayrı-seçkiliyə yol verilmədən, Bəyannamənin 19-cu maddəsi və digər müddəalarına uyğun şəkildə tətbiq edilməlidir". Göründüyü kimi, BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsi jurnalistlərin, mediaların hər hansı qeydiyyat proseduruna tabe etdirilməsinə qadağa qoyur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malik olduğuna görə, agentliyin iddiası Konstitusiyaya uyğun hesab edilə bilməz. İddia X8 Konvensiyasının 10-cu maddəsini pozur, Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər əsas beynəlxalq müqavilələrdən olan X8 Konvensiyasının (Konvemsiya) 10-cu maddəsi ifadə azadlığı hüququnu təminat altına alır. Həmin maddənin mətni aşağıdakı kimidir: -Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. -Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısım almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. İfadə azadlığı hüququ mütləq hüquq deyil - Konvensiyanın 10-cu maddəsinin 1-cİ hissəsi hüququ təsbit edir, 2-ci hissəsi isə ona müdaxilənin konkret, aydın əsaslarını elan edir. Konvensiyanın 10-cu maddəsinin 1-cİ hissəsi dövlətlərə teleradio-yayımı və kinematoqrafiya sahəsində lisenziya tələbi gətirmək İmkanı tanıyır. Ancaq bu imkan kifayət qədər aydın ifadə edilib, resursların məhdud olduğu durumlarda dövlətlər yalnız teleradio yayımı və kinomatoqrafıya sahəsində resurslardan daha effektiv istifadə məqsədilə lisenziya sistemi tətbiq edə bilər. Həm də bu müddəa uzun illər əvvəl, Konvensiya üzrə hazırlıq işlərinin təkmilləşdirilməsi zamanı sənədin mətninə daxil edilib. Peyk yayımının, internetin meydana çıxması, saysız, hüdudsuz yayım imkanlarının açılması ilə dövlətlərə tanınan bu imkanlardan istifadə zərurəti də artıq aradan qalxıb. Avropa Məhkəməsi həm də lisenziya sisteminin tətbiqinin ayrılıqda götürülmüş şəkildə tətbiqini doğru hesab etmir. Məhkəmə hələ 1990-cı ildə qəbul etdiyi “Groppera jadio AG və başqaları İsveçrəyə qarşı qərarında vurğulayıb ki, ‘Konvensiyanın 70.7-ci maddəsinin üçüncü cümləsinin məqsədi Dövlətlərə lisenziyalaşdırma sistemi vasitəsilə öz ərazilərində yayımın təşkil edilmə qaydasına, xüsusilə texniki aspektlərə nəzarət etməyə icazə verildiyini izah etməkdir. Lakin bu, o demək deyil ki, lisenziyalaşdırma tədbirləri 10.2-ci maddənin tələblərinə uyğun olmamalıdır, çünki bu bütövlükdə götürüldükdə 10-cu maddənin məqsəd və vəzifələrinə zidd olan nəticəyə gətirib çıxara bilər". AİHM bu mövzuda son qərarlarından biri olan X6 və Digərləri Avstriyaya qarşı işdə vurğulayıb ki, on ildən artıq müddətdə baş vermiş texniki inkişaflar bu gün mövcud olan tezlikləri və kanalların sayını nəzərə alaraq, artıq bu məhdudiyyətlərə haqq qazandıra bilməz. Qeyd edilənlərdən göründüyü kimi, Avropa Məhkəməsinin presedent hüququ nəinki medialara qeydiyyat sisteminin tətbiqinə imkan verir, hətta, teleradio tezliklərinin lisenziya qaydasında verilmisənin də bir metod olaraq artıq önəmini itirdiyini vurğulayır. Burdan o nəticə çıxır ki, qeydiyyat-texniki səbəbdən media, ifadə azadlığına müdaxilə yolverilməzdir. Agentlik iddia verərkən bunu da nəzərə almayıb. X4 6-cı və 10-cu maddələri ilə birlikdə götürülməklə 14-cü maddəsinə ziddir. Agentliyin “azerbaycanrealligi.com” media resursuna qarşı iddiası Konvensiyanın 14cü maddəsinə də ziddir. Hesab edirik ki, “azerbaycanrealligi.com” media resursunun fəaliyyətinə xitam verilməsi tələbi bilavasitə yaydığı tənqidi məzmunlarla bağlı olub. Digər tərəfdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, Azərbaycanda 6 minə yaxın kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. X1 məlumatına görə isə, həmin KİV-lərin 200-ə qədəri Media Reyestrində qeydiyyatdan keçib. Yerdə qalan 5 mindən artıq KİV media reyestrində qeydiyyatdan keçməyib. Ancaq indiyə qədər yalnız “azerbaycanrealligi.com” daxil olmaqla cəmi bir neçə media subyekti reyestrdə qeydiyyatdan keçməməyə görə məhkəməyə verilib. Beləliklə, “azerbavcanrealligi.com” ayrı-seçkiliyə məruz qalır, digər tərəfdən son aylarda Azərbaycan Respublikası X1 fəaliyyəti ilə bağlı tənqidi məzmunlu bir neçə məqalə yayılıb. Cavabdeh tərəf hesab edir ki, iddia məhz bu tənqidi məqalələrlə bağlıdır, tənqidçi medianı sıradan çıxarmaq məqsədilə verilmişdir. Yuxanda göstərilənlərə əsasən Azərbaycan Respublikası X1 iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş olunur. İV. Prosses iştirakçılarının izahatları İş üzrə 15 iyul 2024-cü il tarixdə keçirilmiş iclasda iddiaçının vəkili və nümayəndəsi Vəkil qeyd olunan dəlilləri müdafiə edib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh iclasda iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. V. Tətbiq edilən hüquq: 1.“Media haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur; Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya- əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.7. onlayn media- audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; 1.1.8. informasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; 1.1.9. redaksiya - veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə; 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda. 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydalarf’na uyğun olaraq X2 müraciət etməlidir. 2.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Kollegiyası işin faktiki hallarına əsasən tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İşin hallarından göründüyü kimi, Cavabdeh fiziki şəxs olaraq (VÖEN **********) onlayn media redaksiyası (“azerbaycanrealliği.com” veb saytı) üzərindən onlayn media subyekti kimi fəaliyyət göstərir. Belə olan halda o, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən onlayn media subyekti hesab olunur. İşin mübahisəsiz halından göründüyü kimi, Cavabdeh onlayn media subyekti olaraq halhazıradək “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməmiş və cavabdeh “Media haqqında” Azərbaycan Respublikası Qanununun 65.4.4-cü maddəsinin tələblərinə zidd olaraq media subyekti kimi qanunsuz olaraq fəaliyyətini davam etdirir. Halbuki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni "Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X2 müraciət etməlidir. Qeyd ounan müddəa keçid müddəa olmuş və “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşımışdır. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirmişdir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X2 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X2 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Məhkəmə kollegiyası Cavabdeh etirazına hüquqi qiymət verərək qeyd edir ki, etirazda cavabdeh “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməməsinin səbəbləri barədə heç bir izah verməmiş, müdafiəsini yalnız daxili qanunvericilik və beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş ümumi müddəaların tələb və prinsiplərinə istinad etməklə qurmuşdur. Nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 10-cu maddəsi ilə müdafiə olunan ifadə azadlığı mütləq hüquq deyil və maddəsinin 2-ci hissəsinə görə məhdudiyyətin tətbiq olunması mümkündür. Media həmin maddənin əhatə dairəsinə düşdüyünə görə, həmin məhdudiyyət media sahəsinə də aid olunmalıdır. Qeyd olunan maddə Dövlətlərə müvafiq məhdudiyyətlər tətbiq etməyə səlahiyyət verdiyinə görə, Dövlətlər müxtəlif maraqların qorunması üçün necə və hansı dərəcədə məhdudiyyətlər tətbiq edəcəklərinə dair müstəqil mülahizə əsasında fəaliyyət azadlığına malikdirlər. “Media haqqında” Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Qeyd olunan Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq Cavabdeh onlayn media subyekti hesab olunur, bu fəaliyyətin həyata keçirilməsi özü ilə qanunla müəyyən edilmiş bir sıra vəzifə və öhdəliklər yaradır, həmin vəzifə və öhdəliklərin yerinə yetirilməməsi də ictimai maraq naminə qanununla müəyyən olunmuş, legitim məqsəd daşıyan, demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə səbəb olur. Konstitusiyanın 71-ci maddısinin İİ hissəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qarşısını almaq heç bir kəsi məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, başqalarının hüquq və azadlıqları ilə məhdudlaşdırılır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə uyğun olmalıdır. “Media haqqında” Qanunun 60.5-ci maddəsinin tələbinə görə cavabdeh davamlı fəaliyyət göstərir. Belə ki, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Hal-hazırkı fəaliyyəti ilə əlaqədar cavabdeh tərəf istinad olunan Qanunun 78.3.-cü maddəsində qeyd olunan tələbləri yerinə yetirmədiyinə görə, onun fəaliyytinə xitam verilməsi qanuni, məqsəduyğun və zəruri hesab olunmalı, cavabdehin etiraz ərizəsində göstərilənlər kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh - Cavabdeh media subyektinin və onun onlayn media redaksiyasının (“azerbaycanrealliği.com” veb saytının) media subyekti olaraq fəatiyyətinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1., 68.2., 68.3., 78.3., 94.1. və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia tələbi təmin edilsin. Onlayn media subyekti (VÖEN **********) Cavabdeh və onun onlayn media redaksiyasının (“azerbaycanrealliği.com” veb saytının) fəaliyyətinə xitam verilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində, Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(106)-1/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-1/2024
19.07.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver