Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-3(106)-12/2024 04.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, 69 saylı Biləsuvar seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, qərarının ləğv edilməsi, ona münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 qərarına əsasən 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə İddiaçı oğlunun 69 saylı Beləsuvar seçki dairəsindən Müsavat Partiyası adından deputatlığa namizəd irəli sürülüb və qeydə alınıb. 69 saylı Biləsuvar seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxdakarlıqla keçirilib. Belə ki, 2 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində bülletenlər sayılmayıb və masa üzərinə qoyulmayıb. Səsvermə bitdikdən sonra isdifadə olunmamış bülletenlər sayılmayıb və ləğv olunmayıb. Qutudan çıxan bülletenlər və namizədlərə verilən səslər sayılmayıb. Yekun protokol tərtib olunmayıb və komisiyanın sədri ondan məntəqəni tərk etməyi tələb edib və o, məntəqəni tərk etmişdir. 3 saylı seçki məntəqəsi üzrə bülletenlər masa üzərinə qoyulub lakin sayılmayıb. Səsvermə bitdikdən sonra daşınmaz qutudan boşaldılan bülletenlər sayılmayıb. Bülletenlərdə kimə səs verildiyini öyrənmək üçün müşahidəçilərə imkan verilməyib. Məntəqənin yekun protokolu məlumat lövhəsindən asılmayıb. Yekun protokolu bizə verilməyib. 4 saylı seçki məntəqəsi üzrə səsvermə bitdikdən sonra səslər axradək sayılmayıb. Protokol tərtib olunmayıb (cəmi 3 namizədin səsləri hesablanıb). 6, 8, 10, 11, 12, 14, 15, 17, 22, 24, 25, 34, 35, 36, 37, 39, 40, 41, 42 saylı seçki mıntəqələrində də analoji pozuntular baş vermişdir. Seçki qutularına topa şəkildə bülletenlərin salınması, seçki qutularının yarıqlarının genişliyi, “karusel” əməliyyatının keçirilməsi, seçicilərin dəfələrlə səs vermələri, aralıq hesabatlarda rəmlərin qutudakı bülletenlərdən dəfələrlə artıq olması, seçicilərin yönləndirilməsi, imza vərəqələrində imzaların sayılmasına imkan verilməməsi, məntəqənin dislokasiyasından kənar şəxslərin səs verməsinə imkan verilməsi, səslərin sayılması zamanı müşahidəçilərin bülletendəki qeydləri görməsinə imkan verilməməsi, eləcə də səsvermə bitdikdən sonra səslərin sayılması üçün müxalifət müşahidəçilərinə şərait yaradılmaması, yekun protokolun surətinin müşahidəçilərə verilməməsi və seçkinin nəticələri haqqında hazırlanan karbonlaşmış protokolunun 3-cü nüsxəsinin seçki məntəqəsindəki məlumat lövhəsində asılmaması demək olar ki, bütün seçki məntəqələrinə aiddir. Ərizəçi yuxarıda qeyd edilən qanun pozuntularla bağlı MSK-ya şikayət edib, MSK araşdırma aparmadan şikayətini qəbul etməyib və məktubla cavab verilib. Lakin həmin qərar xx.xx.2024-cü il tarixdə ərizəçiyə təqdim edilib və 04 sentyabrda MSK-da qoyulmuş qutuya atılıb, ona görə də 3 günlük müddət buraxılmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı iştirakı olmadan, cavabdeh isə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -112.1-ci maddəsinə əsasən, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. -112.5-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik; əgər bu hərəkətdirsə, qeyriqanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir; əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir; şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər; güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı; şikayətçinin tələbi; aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. İşin hallarından və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 69 saylı Biləsuvar seçki dairəsi üzrə məntəqələrdə baş verməsini iddia etdiyi məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, həmin qurum iddiaçıya məktubla cavab verərək, müraciətin Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olduğundan araşdırma materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının şikayəti ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən hər-hansı qərar qəbul edilməmiş, iddiaçı isə hazırda həmin qurumu cavabdeh qismində cəlb etsə də, dairə seçki komissiyasının qərarını mübahisələndirmişdir ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən həmin qərarlar inzibati məhkəmə icraatının predmeti deyil. Başqa sözlə, qeyd oluan normalar aşağı seçki komissiyalarının qərarlarından şikayətlərə Mərkəzi Seçki Komissiyası tərəfindən baxılmasını, yalnız sonuncunun müvafiq qərarından məhkəməyə şikayət verilməsi imkanlarını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndurmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 130, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(106)-12/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(106)-12/2024
04.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver