Məhkəmə qərarları › İş №2-3(106)-2/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-2/2024

14.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-2/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi və namizədliyin qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 07 avqust 2024-cü il tarixli, 23/56 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı namizədliyinin qeydə alınması barədə şikayət ərizəsi ilə 13 avqust 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şikayətçiyə məhkəmə kollegiyası tərəfindən edilmiş hüquqi yardımdan sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli, 29/134 nömrəli qərarının ləğv edilməsi və namizədliyinin qeydə alınması tələbinə dair iddia ərizəsi təqdim etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı namizədliyi Müsavat Partiyası tərəfindən 84 saylı Füzuli seçki dairəsindən irəli sürülmüşdür. 31 iyul 2024-cü il tarixdə namizədliyinin qeydə alınması üçün imza vərəqələrini, əmlak məlumatlarını əks etdirən sənədlərin surətlərini və digər sənədləri dairə seçki komissiyasına təqdim etmiş, sənədlər yoxlanılaraq müvafiq arayış verilmişdir. Təqdim etdiyi sənədlər komissiya üzvü İbiş Səfərov tərəfindən yoxlanılarkən iki imzanın qarşısından nöqtə qoyulmuş, Masazır kəndində yerləşən torpaq sahəsinin mexaniki səhv olaraq hətta mülkiyyətində olmasa da təqdim etdiyi qaraj sahəsi ilə eyni sahə yazılan 24 kv.m göstərildiyi məlum olmuşdur. İbiş Səfərov torpaq sahəsinin sahə yazılan qrafasında dəyişiklik etməyi təklif etsə də onunla razılaşmayaraq əmlak barədə məlumatı yenidən tərtib etmişdir. İlkin variant isə İbiş Səfərov tərəfindən qovluqdan götürülərək, yeni yazdığı qovluğa qoyulmuşdur. Bununla da 07 avqust 2024-cü il tarixdə namizədliyinin qeydə alınmaması barədə 23/56 nömrəli qərar qəbul edilmişdir. Əsas kimi göstərilmişdir ki, o, mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.07 ha torpaq sahəsi barədə məlumatı müvafiq seçki sənədində göstərməmişdir. Əslində isə o, əmlakları barədə məlumatı təqdim etmiş, sadəcə torpaq sahəsinin həcmi mexaniki olaraq səhv yazılmışdır. Bundan əlavə o, sənədləri DSK-na 31 iyul tarixdə tədim etməsinə baxmayaraq, bundan əvvəlki tarixdə artıq DSK onun əmlakları barədə məlumatlar toplamağa başlamışdır. Bu hal 6 saylı Beyləqan Ərazi İdarəsinin məktubunun tarixindən bəlli olur. Həmçinin qeyd edir ki, DSK onun sənədlərində qüsur olduğu halda bunun aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbir görməli olduğu halda bunu etməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı torpaq sahəsinin mülkiyyətində olmaması ilə bağlı məlumatı düzgün verməmişdir. Əslində müvafiq orqandan alınmış sənədə əsasən 0.07 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bundan əlavə, əmlak barədə məlumatın yenidən tərtib edilməsi barədə iddianın dəlilləri öz təsdiqini tapmamışdır. İmza vərəqələri və ona əlavə edilmiş sənədlərə baxış keçirilərkən əmlak barədə məlumatın yenidən tərtib edilmiş nüsxəsi aşkar edilməmiş və iddiaçı tərəfindən bu barədə əlavə sübutlar təqdim edilməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, əmlakları barədə məlumatdan əlavə həmin əmlaklara aid sənədlərin surətlərini də DSK-da şəxsən İbiş Səfərova təqdim etmişdir. Bu baxımdan əmlak barədə məlumatda səhv olmuş olsaydı belə sənədlərin də təqdim edilməsi o deməkdir ki, əmlakları barədə yanlış məlumat vermək niyyəti olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli, 29/134 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 07 avqust 2024-cü il tarixli, 23/56 nömrəli qərarından verdiyi şikayət MSK-nın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan əmlak barədə DSK-na düzgün məlumat verməmiş, bu səbəbdən onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Həmçinin İddiaçı səhvlərin düzəldilməsi üçün qanunla müəyyən edilmiş müddətdə ona məlumat verilməməsi, eyni zamanda əmlak haqqında düzgün məlumat daxil edilmiş sənədin nəzərə alınmaması ilə bağlı xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla da qərara alınmışdır ki, İddiaçı müraciəti əsasız olduğundan təmin edilməməli və 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 07 avqust 2024-cü il tarixli, 23/56 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı mülkiyyətində Abşeron rayonu, Masazır kəndində sahibkarlıq təyinatlı 0.07 ha torpaq sahəsi qeydə alınmışdır. -xx.xx.2024-cü il tarixli “Əmlak barəsində məlumat”dan görünür ki, iddiaçı Masazır qəsəbəsində 24 kv.m torpaq sahəsinin, 73 kv.m sahəsi olan 1 ədəd mənzilin, 24 kv.m sahəsi olan qarajın və 2 ədəd avtonəqliyyat vasitəsinin olması barədə məlumat vermişdir. -Deputatlığa namizədliyin qeydə alınması üçün təqdim edilən sənədlərin siyahısı barədə xx.xx.2024-cü il tarixli “Arayış”ın surətindən görünür ki, iddiaçı tərəfindən 10 vərəqdən ibarət “İmza vərəqəsi”, 2 nüsxədən ibarət “yekun protokol”, “əmlak barədə məlumat”, “gəlirlər haqqında arayış”, “gəlirlər haqqında məlumat”, “bank arayışı” və “maliyyə hesabatı” adlı sənədləri DSK-na təqdim etmiş, bu fakt iddiaçının özü, DSK-nın sədri və 1 nəfər üzvü tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan sübutlara rəğmən ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. -130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. -130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. -130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -58.1-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: -58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 58.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 58.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). -58.2. Bu Məcəllənin 58.1.2 — 58.1.6-cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. -60.2-ci maddəsinə əsasən namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; 60.2.5. namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun); 60.2.6. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa). -60.3. Bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. -60.4. Bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Məhkəmə kollegiyası iddianın cavabdeh tərəfindən Seçki Məcəlləsinin 58 və 60-cı maddələrinin tələblərinin pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Məcəllənin yuxarıda qeyd olunan tələbinə görə müvafiq sənədlərdə səhvlər olduğu təqdirdə bu barədə namizədliyi irəli sürülmüş şəxsə məlumat verilməli, buraxılan səhvlərin düzəldilməsi təklif edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının təqdim etdiyi məlumatda olan çatışmazlıq barədə ona DSK-da dərhal məlumat verilmişdir. Bu hal iddiaçının məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə iddianın sözügedən dəlili əsaslı sayıla bilməz. İddianın əmlak barədə məlumatın yenidən tərtib edilərək DSK-nın üzvünə təqdim edilməsi, lakin həmin sənədin qərəzli olaraq sənədlər qovluğuna əlavə edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin sənədi təkrarən DSK-na təqdim etməsinə dair Mərkəzi Seçki Komissiyasının müvafiq araşdırması zamanı, habelə məhkəmə iclasında tutarlı sübutlar təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı əmlakları barədə məlumatın torpaq sahəsinin həcmi ilə bağlı mexaniki səhv olaraq yanlış qeyd olunduğunu, əslində məlumatları təhrif etmək niyyətinin olmadığını, belə bir niyyətinin olmamasını həmin əmlaklara dair müvafiq sənədləri də DSK-na təqdim etməsi ilə əsaslandırsa da “Deputatlığa namizədliyin qeydə alınması üçün təqdim edilən sənədlərin siyahısı”nda sözügedən sənədlərin təqdim edilməsi öz təsdiqini tapmır. Göründüyü kimi iddiaçı əmlakları barədə məlumatı təhrif edilmiş formada təqdim etdiyindən haqlı olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mübahisələndirilən 10 avqust 2024-cü il tarixli, 29/134 nömrəli qərarı qanuni və əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı 10 avqust 2024-cü il tarixli, 29/134 nömrəli qərarın ləğv edilməsi və namizədliyin qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar