Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-3/2024 18.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Bəhmənov Habil Xanoğlan oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlunun və Hüseynov Fikrət Çilingər oğlunun oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X1 iştirakları ilə. İddiaçı Arıf oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 29/135 saylı qərarının ləğv edilərək, deputat seçkilərinə görə namizədliyinin qeydə alınması” öhdəliyinin Məkəzi Seçki Komissiyasının üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Arıf oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 29/135 saylı qərarının ləğv edilərək, deputat seçkilərinə görə namizədliyinin qeydə alınması öhdəliyinin Məkəzi Seçki Komissiyasının üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2-3(103)-55/2024 saylı qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Arıf oğlu iddiasını belə əsaslandırmışdır ki, onun 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 80 saylı Lerik- Astara seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülsə də, dairə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli 20/75 saylı qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Dairə Seçki Komissiyasının qərarında qeyd edilmişdir ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokolundan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 180 ədəd imza yoxlanılmış, həmin imzalardan 102 ədəd imza qeyridüzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur. 09 avqust 2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, dairə seçki komissiyasının namizədliyin qeydı alınmasından imtina qərarının ləğv edilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarı ilə onun müraciəti təmin edilməmiş və dairə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli 20/75 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki, etibarlı (düzgün) seçici imzaların sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Göstərilən dəlillərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarının qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi və seçkilər zamanı namizədliyin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş olunur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. İİ. Tərəflərin şifahi əsaslandırması: İddiaçı şifahi izahatında bildirdi ki, ali təhsillidir, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi X9 Sisteminin Baş Mərkəzi “Lənkəranaeronaviqasiya” hava hərəkətinin idarə edilməsi Brifinq ofisinin dispetçeri vəzifəsində işləyir. İddia ərizəsi hazırlanarkən formal tələblərə əməl olunmamışdır, lakin faktiki olaraq iddiaçı qismində hüquq və mənafelərinin pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasını cavabdeh qismində göstərməklə, xx.xx.2024-cü il tarixli 29/135 saylı qərarın ləğv edilərək, deputat seçkilərinə görə namizədliyinin qeydə alınması öhdəliyinin Məkəzi Seçki Komissiyasının üzərinə vəzifə kimi qoyulmasını tələb edir. Onun namizədliyi “Azərbaycan Ümid Partıyası” tərəfindən 80 saylı Lerik-Astara seçki dairəsi üzrə irəli sürülmüşdür. Namizədliyi irəli sürüldükdən sonra imza toplamağa başlamışdır. Bununla əlaqədar olaraq seçki dairəsinə daxil olan yaşayış məntəqələrində olmuş və 499 imza toplamışdır. Hər bir imza edən şəxslə şəxsən görüşmüş, şəxsən imza etdirmişdir. Həmin vaxt onun yanında Vaqif Ağayev və Elçin Abdullayev adlı şəxslər də olmuşdur. Onlar hər ikisi onun uzaq qohumlarıdır. X17 rayonu, Elçin Abdullayev isə Astara rayonu üzrə ona köməklik göstərmişlər. Heç bir imzada saxtakarlığa yol verilməmiş, imzaları vətəndaşlar şəxsən özləri icra etmişlər. Ona görə də 102 ədəd imzanın qeyri-düzgün hesab edilməsi barədə ekspertlərin rəyi ilə razı deyil. Əgər elədirsə həmin imzaların kimə məxsus olması barədə ona məlumat verilməlidir. Hesab edir ki, onun deputat seçilməsini istəməyən qüvvələr vardır və bu səbəblə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir. İmzaların həqiqi olmasını adlarını qeyd etdiyi şəxslərin şahid kimi dindirilməsini xahiş edir. Hesab edir ki, iddiası təmin olunmalı və deputatlığa namizədliyinin qeydə alınması öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X5 məhkəmə baxışı iclasında bildirdi ki, Mərkəzi Secki Komissiyası iddianı qəbul etmir. İddiaçı qeyd etdikləri əsassızdır. Ümumiyyətlə toplanmış imzaların qanuniliyi ilə əlaqədar işçi qrupu yaradılmışdır. X3 xətşünas ekspertlər işçi qrupunun üzvü olmuşlar. Digər namizədlər kimi, İddiaçı də imzası yoxlanılmış, xətşünas ekspertlər müəyyən etmirlər ki, 102 imza qeyridüzgündür. Belə olan halda toplanmış imzalar qanunla müəyyən edilmiş sayda olmadığından 80 saylı seçki dairəsi tərəfindən namizədliyin qeydə alınmasından imtina edilmişdir. Bu qərar qanunidir, İddiaçılə heç kimi şəxsi qərəzliyi yoxdur, ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. İİ. Tədqiq edilən sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Lerik şəhərində yaşayır. İddiaçı ondan xahiş etmişdir ki, ona imza toplamağa kömək etsin. O da razılaşmış və bir neçə kəndə gedərək imzaların toplanmasına görə özünün idarə etdiyi “Qaz- 31” markalı avtomobillə İddiaçı həmin kəndlərə aparmışdır. Uzun və enli vərəqlərə vətəndaşlar özləri imza etmişlər. Həmin vərəqlərə başqa şəxslərin imza etməsini şahidi olmamışdır. İmzalar icra edilərkən o da Raminin yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Astara rayonu Pensər kəndində yaşayır. İddiaçı onun arvadının uzaq qohumudur. İddiaçı ondan xahiş etmişdir ki, ona imza toplamağa kömək etsin. Ona kənd camaatı hörmətlə yanaşdığı üçün razılaşmış və bir neçə kəndə gedərək imzaların toplanmasına görə İddiaçı köməklik etmişdir. Onlar birlikdə Pensər, Kakolos və digər kəndlərdə vətəndaşlarla görüşmüşlər. Onlar üzərində xətləri olan ağ vərəqlərə özləri imza etmişlər. Onların ad və soyadlarını İddiaçı yazmışdır. Şəxsən özü iştirak etdiyinə görə, inanmır imzalar icra edilərkən saxtakarlığa yol verilsin. “Azərbaycan Ümid Partıyası”nın 10 iyul 2024-cü il tarixli, 1 saylı möhürlə təsdiq olunmuş qərarından görünür ki, 80 saylı Lerik-Astara seçki dairəsi üzrə İddiaçı namizədliyi irəli sürülmüşdür. 80 saylı Lerik-Astara seçki dairəsinə ünvanmış deputatlığa namizədliyin irəli sürülməsi haqqında bildirşdən görünür ki, 18 iyul 2024-cü il tarixdə İddiaçı namizədliyinin irəli sürülməsi barədə seçki dairəsinə məlumat verilmişdir. 80 saylı Lerik-Astara seçki dairəsindən təqdim edilmiş, Seçki Məcəlləsinə 1”A” saylı əlavə Qaydlara 2a saylı əlavə olan 10 ədəd imza vərəqələrindən məlum olur ki, Astara və Lerik rayonları üzrə 80 saylı Lerik-Astara seçki dairəsinə daxil olan 500 seçici imzası toplanmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 03 avqust 2024-cü il tarixli, 3- 11/2-338/3/2024 saylı göndəriş məktubundan aydın olur ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xətşünas ekspertləri X10 və X2 namizədliyin müdafiəsi üçün toplanmış imzaların düzgünlüyünün yoxlanılması üçün işçi qrupunda iştirak etmək üçün, 80 saylı Lerik-Astara seçki dairəsi üzrə seçki komissiyasının sərəncamına göndərilmişlər. İddiaçı deputatlığa namizədliyinin qeydə alınması üçün seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 05 avqust 2024-cü il tarixli protokolundan görünür ki, təqdim edilmiş 10 ədəd imza vərəqində 499 ədəd seçici imzası olmuş, 180 imza yoxlanılmış, 102 imza etibarsız hesab olunmuşdur. İddiaçı deputatlığa namizədliyinin qeydə alınması üçün seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 05 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, işçi qrupuna təqdim olunmuş 10 ədəd imza vərəqələrində olan 499 ədəd seçici imzasından “imza və onun qoyulduğu tarix” qrafalarındakı yoxlanılmış 180 ədəd imzadan 137 ədəd 35 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. 80 saylı Lerik-Astara seçki dairəsi üzrə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli, 20/75 saylı qərarından görünür ki, toplanmış seçici imazalarından 102 ədədi etibarsız hesab edildiyinə görə, 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Milli Məclisə növbədən kənar deputat seçkilərində iştirak etmək üçün İddiaçı deputatlığa namizədliyinin qeydə alınmasından imtina edilmişdir. İddiaçı deputatlığa namizədliyinin qeydə alınması üçün seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 09 avqust 2024-cü il tarixli, 6/2 saylı rəyindən məlum olur ki, namizədliyinin qeydə alınmasından imtina olunmasından narazı qalmış İddiaçı müraciətinə əsasən onun toplamamış olduğu 499 seçici imzası təkrarən ekspertlər tərəfindən yoxlanılmış və 10 ədəd imza vərəqələrində olan 499 ədəd seçici imzasından “imza və onun qoyulduğu tarix” qrafalarındakı yoxlanılmış 180 ədəd imzadan 137 ədəd 35 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur. İddiaçı deputatlığa namizədliyinin qeydə alınmasından imrina olunması barədə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli qərarından verilmiş şikayət ərizəsi ilə əlaqədar, Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Nailə Əsgərovanın 10 avqust 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı toplmamış olduğu 499 seçici imzası təkrarən yoxlanılmış və 102 ədəd imzanın etibarsız olması müəyyən olunmuşdur. Odur ki, İddiaçı tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli şikayət əsassız hesab olunmaqla, seçki komissiyasının 06 avqust 2024-cü il tarixli qərarı qanuni hesab olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli, 29/135 nömrəli qərarından məlum olur ki, İddiaçı seçki komissiyasının 06 avqust 2024-cü il tarixli qərarından vermiş olduğu şikayəti araşdırılmış, namizədliyin qeydə alınmasından imtina üçün əsas olan halların araşdırılması Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən xətşünas ekspertlər tərəfindən təkrarən yoxlanılmış, imzalar üzrə əvvəl aparılmış ekspertizanın nəticəsi bir daha öz təsdiqini tapmış və bu səbəblə şikayət təmin olunmamışdır. İİİ.Təbiq edilən hüquq: Azərbaycan Respublikasının Seçki Məcəlləsi; Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. Maddə 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. Maddə 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Maddə 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Maddə 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Maddə 57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Maddə 57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. Maddə 57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir. Maddə 57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Maddə 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; Maddə 58.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. Maddə 59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. Maddə 59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. Maddə 59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Maddə 59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyridüzgünlüyü təsdiqlənməlidir. Maddə 59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. Maddə 59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyridüzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. Maddə 59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. Maddə 59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyridüzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır. Maddə 59.10. Bu Məcəllənin 59.7 - 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır. Maddə 59.11. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz. Maddə 59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Maddə 59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Maddə 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. Maddə 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: -60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; -60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57- ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; Maddə 60.3. Bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Maddə 144. Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər. Maddə 147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. İV.Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə yazılı müraciəti zamanı özünü iddiaçı statusunda qeyd etsə də, “iddia ərizəsi” əvəzinə müraciətini “apellyasiya şikayəti” olaraq qeyd etmişdir. Məhkəmə kollegiyasının iclası zamanı qeyd edilən məqam iddiaçının iradə ifadəsinə əsasən formal xəta olması nəzərə alınmış və həmin formal xəta aradan qaldırılmışdır. Kollegiya hesab edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. Daha sonra kollegiya qeyd edir ki, iddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı namizədliyinin qeydə alınması üçün qanunla müəyyən olunan şərtlərə əməl etmədiyindən, yəni namizədliyinin qeydə alınmasına əsas olan, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq digər namizədlər kimi ondan da tələb olunan, irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə yetərsayda (ən azı 450) seçicilərin imzalarını müvafiq seçki komissiyasına təqdim etməmişdir. İddiaçı həmin saydan artıq seçici imzası toplayaraq 80 saylı Lerik-Astara seçki dairəsinə təqdim etsə də, xətşünas ekspertlərin də daxil olduğu seçki dairəsinin, eləcədə Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun və ekspertin yoxlamalarından sonra, təqdim olunmuş imzalardan 102 ədədi etibarsız hesab edilmişdir. Bununla bağlı 180 ədəd imza yoxlanılmış və onlardan 137 ədəd imzanın 35 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən imza olunması müəyyən olunmuşdur. Bu hal da onu göstərir ki, iddiaçının təqdim etdiyi etibarlı seçici imzası 397 ədəd olmuşdur və bu yetərsay hesab olunmur. İddiaçı şikayəti üzrə təkrar ekspert müayinəsindən sonra da, əvvəlki işçi qrupunun aşkar etdiyi nöqsanlar bir daha öz təsdiqini tapmışdır. Belə olan halda Mərkəzi Seçki Komissiyasının mübahisəli qərarı qanuni hesab olunmalıdır. Kollegiya iddiaçının ona qarşı qərəzli münasibət bəslənilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, araşdırma zamanı digər dəlillər kimi bu dəlildə heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının namizədliyinin qeydə alınmasından imtina edilməsinin yeganə səbəbi Azərbaycan Respublikası SM-nin 147.1-ci maddəsinin tələblərinə əməl edilməməsi, yəni namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzasının toplanılmaması olmuşdur. İstinad olunanlara əsasən, kollegiya 80 saylı Lerik-Astara seçki dairəsi Dairə Seçki Komissiyasının 06 avqust 2024-cü il tarixli, 20/75 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli N 29/135 saylı Qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Arıf oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 29/135 saylı qərarının ləğv edilərək, deputat seçkilərinə görə namizədliyinin qeydə alınması” öhdəliyinin Məkəzi Seçki Komissiyasının üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(106)-3/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-3/2024
18.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver