Məhkəmə qərarları › İş №2-3(106)-4/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(106)-4/2024

13.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-3(106)-4/2024 13.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Firdusi oğlunun sədrliyi, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və X4 ibarət tərkibdə,Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı 63 saylı X3 Dairə Seçki Komissiyasına qarşı 05 sentyabr 2024-cü il tarixli, 33/103 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsinin mümkünlüyünə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 63 saylı X1 Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd İddiaçı seçki hüquqlarının müdafiəsi ilə bağlı (05 sentyabr 2024-cü il tarixli, 33/103 nömrəli qərarının ləğv edilməsi) dair iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təbliğat-təşviqat işləri zamanı seçicilərlə çoxsaylı görüşlər keçirmişdir. Bu görüşlər zamanı yerli icra orqanları və bələdiyyə sədrləri görüşlərin keçirilməsinə maneəçiliklər törədmişdir. 22 sentyabr 2024-ci il seçkilərinə müşahidəçilərin təyin edilməsi üçün müraciətlər etmişdir. Bu müraciətlərin bilərəkdən vaxtı uzadılaraq qərarlı şəkildə verilməsinə maneəçilik törədilmişdir.Təbliğattəşviqat üçün rəsmi ayrılmış görüş yerləri təqdim olunan siyahıda olan kimi faktiki ərazilərdə olmamışdır və bilərəkdən bağlı saxlanılmışdır. Bütün bunlar barədə 63 saylı DSK-ya Hacıqabul rayon İcra başçısına, MSK-ya,115 qaynar xəttinə müraciətlər etmişdir. Bu müraciətində 63 saylı Hacıqabul-Kürdəmir DSK-da baş verən qanun pozuntularının qarşısının alıması üçün 63 saylı DSK-nın rəhbəri Ə.M.Hacıyevə MSK-nın X7 və Möhtərəm Ali Baş komandan X11 rəsmən müraciət edilmiş və köməklik göstərilməsi xahiş edilmişdir. 24 avqust 2024-cü il tarixdə Aztürk TV youtube kanalında 2 (iki) dəfə müraciətlər etmişdir. Təbliğat-təşviqat işlərində baş verən pozuntular barədə video çəkilişlər və fotolar çəkmiş, 01 sentyabr 2024-cü il tarixdə seçkilər günü seçki məntəqələrində seçkinin obyektivliyi və qanuni keçirilməsi üçün müşahidəçilərlə seçki məntəqələrində ciddi çoxsaylı qanun pozuntuları aşkar edilmişdir. Bu nöqsanlar barədə video çəkilişlər etmiş, rəsmi aktlar tərtib edilmişdir. 01 sentyabr DSK-nın demək olar ki, bütün məntəqələrində ciddi qanun pozuntuları baş vermişdir. N31 saylı seçki məntəqəsi Nəvahi qəsəbəsi, N26-27 saylı seçki məntəqəsi Nəvahi kəndi, N36 saylı seçki məntəqəsi Qızılburun, N37-38 saylı seçki məntəqəsi Atbulaq, N32-33 saylı seçki məntəqəsi Rəncbər, N34-35 saylı seçki məntəqəsi Qubalıbaloğlan, N39 saylı seçki məntəqəsi Şorbaçı, N40-41 saylı seçki məntəqəsi İ Udulu, N242-43-44 saylı seçki məntəqəsi İİ Udulu, N13 saylı seçki məntəqəsi Muğan qəsəbəsi və s. seçki məntəqələrində ciddi qanun pozuntuları baş vermişdir. Bu barədə aktlar tərtib edilmişdir, foto və video çəkilişlər edilmişdir. Bu qanun pozuntuları barədə 01 sentyabr 2024-cü il tarixdə MSK-nın qaynar xəttinə dəfələrcə zəng edilmişdir və bu qanun pozuntuları barədə məlumat verilmişdir. 63 saylı DSK-ya şəxsən Ə.M.Hacıyevə qəbul otağında 01 sentyabr 2024-cü ildə saat 12:00-da müraciətlər etmiş və Ə.M.Hacıyevə bu barədə məlumat vermişdir. Bütün bunlara baxmayaraq 63 saylı DSK-da onun müraciətlərinin bilərəkdən vaxtını uzadaraq rəsmi poçtla göndərilmədiyi bəhanə edilərək sentyabr xx.xx.2024-cü ildə N233/103 saylı qərar qəbul edilmişdir. Orada işləyən DSK-nın üzvləri və bütün işlərin Ə.M.Hacıyev həll etdiyini bəhanə edərək vaxtı qəsdən uzatmışdır və rəsmi müraciətləri qeydiyyata almamışlar. O, Ə.M.Hacıyevə 1,2,3,4,5,6,7 sentyabr tarixlərində zənglər, səsli mesajlar göndərmiş, lakin bilərəkdən telefon açılmamışdır və ya vaxt qəsdən uzadılmışdır. 63 saylı DSK-nm xx.xx.2024-cü il N233/103 saylı qəbul edilmiş qərarı doğru deyildir. Onda kifayət qədər sübutlar, foto və video çəkilişlər vardır ki, bunlarda seçki məcəlləsinin müvafiq maddələrinin pozulması halları təstiqini tapır. Odur ki, iddiaçı X3 Dairə Seçki Komissiyasına qarşı 05 sentyabr 2024-cü il tarixli, 33/103 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırki iddianı qaldırmaqda hüquqi marağı 05 sentyabr 2024-cü il tarixli, 33/103 nömrəli qərarın ləğv edilməsi olmuşdur. Yəni, iddiasında digər tələblər göstərilsədə məqsədi 63 saylı X3 Dairə Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 33/103 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edirki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 130.1-ci maddəsinə əsasən seçki (referendumdaiştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Hazırki halda, iddia tələbi 63 saylı X2 qərarının ləğv olunması xahiş olunsa da, şikayətçinin bu barədə ilkin şikayətlə müvafiq yuxarı seçki komissiyasına – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etməsi, müvafiq orqan tərəfindən müraciətə baxılması və ondan imtina olunmasına dair qərarın mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.5-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik; əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir; əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir; şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər; güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı; şikayətçinin tələbi; aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. Azərbaycan Respublikası İPM-nin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibatiorqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; göstərilməlidir. 46.3-cü maddəsinə əasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlikedən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Kollegiya hesab edir ki, hazırki şikayət üzrə ərizənin mümkünlüyü şərtinə (şikayət verməzdən əvvəl səlahiyyətli inzibati orqana müraciətə dair) əməl olunmamışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndurmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, qeyd olunan prosessual hüquq normasının tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, şikayətçinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasına dair ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın mümkün hesab edilməsi şərtlərindən biridir. Kollegiya hesab edir ki, inzibati mübahisələr üzrə iddianın mümkünlüyü şərtlərinə (o cümlədən müəyyən iddialar üzrə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciətin edilməsi) əməl olunmaqla iddianın qaldırılması, həmin mübahisələrin xarakterindən irəli gəlir və iddiaçının hüquqlarını məhdudlaşdırmamaqla, əksinə inzibati mühakimə icraatının səmərəliliyinə yönəlmişdir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Azərbaycan Respublikası İPM-nin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi üzrə mübahisənin predmeti 63 saylı X3 Dairə Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 33/103 nömrəli qərarı deyil, razılaşmayacağı təqdirdə həmin qərardan verilmiş şikayət üzrə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərar olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 130, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı 63 saylı X3 Dairə Seçki Komissiyasına qarşı 05 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar