Məhkəmə qərarları › İş №2-3(106)-5/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-5/2024

14.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-5/2024 14.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 31 saylı Suraxanı ikinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsi, ona münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2-3(103)-67/2024 nömrəli qəradadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, X4 qərarına əsasən 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə İddiaçı 31 saylı Suraxanı ikinci seçki dairəsindən Müsavat Partiyası adından deputatlığa namizədliyi irəli sürülmüş və qeydə alınmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxtakarlıqla keçirilmişdir. Belə ki, DSKdan məntəqəyə verilən bülletenlərin sayı barədə, qeydiyyatdan çıxma və qeydiyyata düşmə barədə, daşınan seçki qutularının plomblanması barədə aktların surətləri müşahidəçilərə verilməmiş, komissiya üzvləri seçki qutularına topa bülletenlər atmışlar, eyni seçicilər dəfələrlə səs vermişlər, aralıq hesabatlarda verilən rəqəmlər imza vərəqələrində olan imzaların sayına uyğun olmamış, məntəqənin ərazisində yaşamayan şəxslərin səs vermələrinə imkan yaradılmış, seçicilərə komissiya üzvləri təsir etmişlər ki, namizəd Qaya Məmmədova səs versinlər. 6-cı və 7-ci məntəqələr eyni binada yerləşdiyindən 6-cı məntəqədə baş verən qanun pozuntuları 7-ci məntəqədə də baş vermiş, 1-ci məntəqədə səs verənləri komissiya üzvləri yönləndirilmişlər 7-ci məntəqəyə və əksinə. Hər iki məntəqədə “karusel” olmuşdur. Şəxsiyyət vəsiqələrində Şabran rayonu, Naxçıvan MR qeydiyyatı göstərilsə də, səs vermişlər. 12-ci məntəqədə də müşahidəçilərinə aktların surətləri təqdim olunmamış, bütün məntəqələrdə seçki qutularının yarığı çox geniş olmuş, topa bülleten atmağa imkan verilmişdir. Müşahidəçiləri şəhid anası kimi özünü təqdim edən şəxs tərəfindən zorakılığa məruz qalmışdır. X1suz olaraq məntəqədən çıxarılmışdır. 4-cü, 6-cı, 7-ci məntəqələrdə barmaqların şəffaf maye ilə işarələnməsi aparılmamışdır. Məntəqəyə gələn seçicilərin sayı MSK sədrinin aralıq hesabatında şişirdilmış, “karusel” həyata keçirilmişdir. 11-ci məntəqədə seçiciləri açıqaşkar Qaya Məmmədova səs verməyə təhrik etmişlər. Qeyd olunan pozuntular, eləcə də səsvermə bitdikdən sonra səslərin sayılması üçün müxalifət müşahidəçilərinə şərait yaradılmaması, yekun protokolun surətinin müşahidəçilərə verilməməsi və seçkinin nəticələri haqqında hazırlanan karbonlaşmış protokolunun 3-cü nüsxəsinin seçki məntəqəsindəki məlumat lövhəsində asılmaması demək olar ki, bütün seçki məntəqələrinə aiddir. Qərarın əsasalndırıcı hissəində deyilir: “Mərkəzi Seçki Komissiyasında şikayətçi, Müsavat Partiyasından qeydə alınmış namizəd İddiaçı iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Təqdim edilmiş video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir. İddianın dəllilləri: “İnzibati İcraat Haqqında” Qanununun 46.3-cü maddəsində sübutların həqiqiliyi prezumpsiyası imperativ olaraq əks olunub. Bu baxımdan haqlı olaraq qanunverici sənədlərin həqiqiliyini təsdiq etməyi də tərəfin üzərinə qoymağı qanunla təsbit etməyi inzibati idarəçilik sisteminin vahidliyi prinsipi ilə bir araya sığmaz olduğu üçün yolverilməz hesab etmişdir. İnzibati orqanın sənəd barəsində hər hansı bir şübhələri varsa, bu şübhələrə son qoymaq üçün o özü aktiv hərəkət etməlidir. İnzibati icraatda sübutların qiymətləndirilmə azadlığı prinsipi müəyyən edir ki, qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan halların və onların qarşılıqlı əlaqəsinin aydınlaşdırılması, eyni zamanda qiymətləndirilməsi və müqayisəsi zamanı kənar təsirdən azad olmalıdır. Lakin bundan əvvəlki seçkilər və bu seçki barədə verilən yerli və beynəlxalq təşkilatalrın rəyində seçki komissiyalarının birbaşa siyasi hakimiyyətdən asllı olduğu açıq bildirilib. Eləcə də bu hal seçki komissiyalarının formalaşması barədə hüquqi müddəalarda təsbit olunub, aydın görünür. Belə ki, SM-nin 24.3-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. Seçiki komissiyasında Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyalar ölkəmizdə və beynəlxalq qurumlar tərəfindən müxalifət partiyası kimi tanınmırlar, həmçinin müstəqillərin bitərəf olması isə formal xarakter daşıyır, onlar siyasi hakimiyyətin nəzarətindədirlər, ümumiyyətlə qanunverici orqanın üzvünün ideoloji baxışlarda, siyasi məsələlərdə bitərəf olması absurdur. Sentyabrın 02-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin hesabatında Azərbaycanda keçirilən parlament seçkiləri barədə ümumi qiymətləndirməsi belədir ki, 01 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə “həqiqi siyasi alternativlər” təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın “həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə” keçib. Fərqli fikir bildirən şəxslərə qarşı davam edən repressiya fonunda keçən təşviqat kampaniyası nəzərə çarpmırdı və vətəndaşların qorxu və cəzalandırmadan azad mühitdə iştirakını təmin etmək üçün səylər göstərilməmişdir. Prosesdə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökümətin siyasətini dəstəkləyirdilər”, “Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək” Səsvermə günü tərtib edilmiş aktlardan və bu qanun pozuntularına səlahiyyətli vəzifəli şəxslər tərəfindən heç bir reaksiya verilməməsi, beynəlxalq müşahidəçilərin yekun rəyi seçkinin total saxtalaşdırıldığı kimi qiymətləndirilməsi üçün əsasdır. Beləliklə, Seçki Məcəlləsinin seçicilərin siyahılarının tərtib edilməsi (maddə 46), vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahılarından çıxarılması qaydası (maddə 47; 47.10), seçki komissiyalarının fəaliyyətində aşkarlıq (maddə 40), müşahidəçilərin hüquq və vəzifələri (maddə 42), seçki komissiyası üzvünün statusu (maddə 22.10), seçki məntəqələrinin yaradılması (maddə 35), səsvermə otağı (maddə 98), seçki qutuları (maddə 103, 103.3), səsvermə qaydası (maddə 104), səsvermə otağından kənarda səs vermə (maddə 105), seçki məntəqəsində səslərin hesablanması (maddə 106) maddələrində göstərilən tələblərə məntəqə seçki komissiyaları tərəfindən əməl olunmamışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2024-cü il tarixli, 41/205 nömrəli qərarının məzmunundan görünür ki, deputatlığa qeydə alınmış namizəd İddiaçı müraciətində səsvermə günü 31 saylı Suraxanı ikinci seçki dairəsinin 4, 5, 6, 7, 9, 12, 32 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şəraitin yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, mübahisələndirilən qərarın əsaslandırılmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 13 akt və elektron məlumat daşıyıcısı əlavə etmişdir. İddia edilən pozuntularla əlaqədar olaraq namizəd İddiaçı şikayəti 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 22/80 saylı Qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır. Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək huququ izah olunmuş, onun araşdırmada iştirakı təmin edilmiş, ərizəçi Komissiyanın iclasında iştirakdan imtina etmişdir. Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. İddiaçı müraciətinin təkrar araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və namizəd tərəfindən təqdim olunmuş digər materialları da əhatə etmişdir. Mərkəzi Seçki Komissiyasında şikayətçi, Müsavat Partiyasından qeydə alınmış namizəd İddiaçı iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Təqdim edilmiş video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir. Araşdırma prosesində müəyyən edilmişdir ki, namizəd İddiaçı səsvermə günü baş verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosesual huquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir. Odur ki, ərizəçinin müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 22/80 saylı Qərarının dəyişdirilmədən saxlanılması qərar alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən araşdırma ilə bağlı müraciət etmiş iddiaçının komissiyanın iclasında iştirakı təmin olunmuşdur. Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Bundan başqa səsvermə günü sözügedən seçki məntəqələrində müşahidə aparmış müxtəlif maraqları təmsil edən müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış izahatlarda həmin məntəqələrdə səsvermə prosesinin təşkili, keçirilməsi, səsvermə və səsvermənin nəticələrinə dair seçki məntəqəsi üzrə yekun protokolun tərtib edilməsi zamanı səsvermənin nəticələrinə təsir edə biləcək pozuntuların olmaması müəyyən edilmişdir. Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilmişdir ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı müraciətinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Ona görə də, müraciətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan müvafiq qərar qəbul etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarı qəbul etmiş cavabdeh inzibati orqan həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, müvafiq seçki dairəsinin məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas verən hallar sübuta yetmədiyindən iddiaçının şikayətini təmin etməməklə cavabdeh inzibati orqan düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, iddiaçı tərəfindən sözügedən qərarın ləğv edilməsi ilə əlaqədar da məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, iddiaçı dairə seçki komissiyasının protokolunun ləğvini və ona münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınmasını tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələblərin təmin edilməsində hüquqi marağı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2024-cü il tarixli, 41/205 nömrəli qərarının qanuniliyinin yoxlanılması ilə əhatə olunur. Bu baxımdan iddianın həmin hissəsələrinə müstəqil tələb kimi baxılması zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı 31 saylı Suraxanı ikinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsi, ona münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar