Məhkəmə qərarları › İş №2-3(106)-6/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-6/2024

17.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-6/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2024-cü il tarixli, 39/197 nömrəli qərarının ləğv edilməsi, 69 saylı Biləsuvar seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, səsvermə günü açıq-aşkar ədalətsiz seçki keçirilmişdir. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bületenlərin atılması və “karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivli süni şəkildə rəsmi olaraq artırılmışdır. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı, bületenlərin düzgün sayılıb-sayılmamasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletlənrin sayını, nə bületenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqların yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nəzərdə tutulan aparatlar bir çox məntəqdə işləmirdi. Seçki dairəsinin məntəqələri üzrə aşağıdakı spesifik pozuntular aşkar olunmuşdur: 2 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində bülletenlər sayılmamış və masa üzərinə qoyulmamış, səsvermə bitdikdən sonra istifadə olunmamış bülletenlər sayılmamış və ləğv olunmamış, qutudan çıxan bülletenlər və namizədlərə verilən səslər sayılmamış, yekun protokol tərtib olunmamış və komissiyanın sədrinin tələbi ilə məntəqəni tərk etmişdir. 3 saylı seçki məntəqəsi üzrə bülletenlər masa üzərinə qoyulmuş, lakin sayılmamış, səsvermə bitdikdən sonra daşınmaz qutudan boşaldılan bülletenlər sayılmamış, bülletenlərdə kimə səs verildiyini öyrənmək üçün müşahidəçilərə imkan verilməmiş, məntəqənin yekun protokolu məlumat lövhəsindən asılmamış, yekun protokol ona verilməmişdir. 4 saylı seçki məntəqəsi üzrə səsvermə bitdikdən sonra səslər axıradək sayılmayıb, protokol tərtib olunmayıb (cəmi 3 namizədin səsləri hesablanıb). 6 saylı seçki məntəqəsi üzrə müşahidəçi qismində gələn bir xanımın üzərində lövhəciyi olmayıb, Əli adlı özünü gənclər təşkilatının üzvü kimi təqdim edən şəxs seçkiyə gələn seçiciləri Bəhruz Məhərrəmova səs verməyə təhrik edib, səsvermə bitdikdən sonra seçici siyahısındakı imzalar sayılmayıb, bülletenlərdə kimə səs verildiyini müşahidə etmək üşün müşahidəçilərə imkan verilməyib. 8 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində seçki bülletenləri sayılmayıb, bülletenlərin hamısı masa üzərinə qoyulmayıb, səsvermə qurtardıqdan sonra istifadə olunmamış bülletenlər sayılmayıb və ləğv edilməyib, yekun protokol məlumat lövhəsindən asılmayıb, yekun protokolun surəti ona verilməyib. 10 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində bülletenlər sayılmayıb və masa üzərinə qoyulmayıb, səsvermə bitdikdən sonra qutudan çıxan bülletenlərin sayı 491 ədəd olsa da aparılmış qeydiyyata görə 298 seçici səsvermədə işdirak edib (fərq 193). Səslər sayılarkən bülletendə kimə səs verildiyini öyrənmək üçün ona imkan verilməmişdir. 11 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində bülletenlər sayılmayıb, səsvermə bitdikdən sonra istifadə olunmamış bülletenlər sayılmayıb və ləğv olunmayıb, səslərin sayılması zamanı ona bu prosesi müşahidə etməyə imkan verilməyib, yekun protokol tərtib olunmayıb və məlumat lövhəsindən asılmayıb, namizədlərə verilən səslər sonradan rəsmi protokolda dəyişdirilib. 12 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində bülletenlər sayılmayıb, səslər sayılarkən müşahidəçilərə prosesin müşahidəsini aparmağa imkan verilməyib, qutudan çıxan bülletenlər sayılmayıb və yekun protokol məlumat lövhəsindən asılmayıb. 14 saylı seçki məntəqəsi üzrə səsvermənin əvvəlində bülletenlər sayılmayıb və masa üzərinə qoyulmayıb, çəkiliş üçün ona imkan verilməyib. Şəxsiyyət vəsiqəsi olmadan bülleten verilib, karusel əməliyyatı dəfələrlə təkrar olunub, komissiya üzvləri tərəfindən müxalifət müşahidəçilərinə təzyiqlər olub, istifadə olunmamış bülletenlər ləğv olunmayıb, protokol tərtib olunmayıb və məlumat lövhəsindən asılmayıb. 15 saylı seçki məntəqəsi üzrə səsvermə başlayana qədər bülletenlər sayılmayıb, səsvermədən sonra seçici siyahısındakı imzalar sayılmayıb, istifadə olunmamış bülletenlər sayılmadan ləğv edilib, yekun protokol yazılmayıb, məlumat lövhəsindən asılmayıb və müşahidəçilərə verilməyib. 17 saylı seçki məntəqəsi üzrə seçki məntəqəsindəki qutular seçki məcəlləsinə uyğun deyil, yarıqdan təxminən 30 bülleten keçər. Səsverməyə qədər bülletenlər sayılmayıb və bülletenlərin çox hissəsi seyfdə saxlanılıb. YAP müşahidəçisi komissiya üzvlərinin gözü qarşısında qutuya topa bülleten atıb. Daşınan qutu müşahidəçilərin işdirakı ilə açılıb elan edilməyib və akt yazılmayıb. Namizədlərə verilən səslər sayıldıqdan sonra komissiya sədri Sadıqov Nazim müşahidəçilərin otaqdan çıxmasını tələb edib. Müşahidəçilər onun qanunsuz tələbinə əməl etmədikdə sədr polis çağırıb və polis müşahidəçiləri məntəqədən çıxarıb. Yekun protokolu müşahidəçilərə verilməyib. Müşahidələrə görə məntəqəyə 240 nəfər seçici gəlib, lakin qutudan çıxan bülletenlərin sayı bundan 38 ədəd çox olub. Müşahidəçilərə protokol verilməyib. 22 saylı seçki məntəqəsi üzrə bülletenlərin hamısı masaya qoyulmayıb və sayılmayıb. Səsvermə bitdikdən sonra isdifadə olunmamış bülletenlər sayılmadan ləğv olunub. Seçici siyahısındakı imzalar sayılmayıb. 24 saylı seçki məntəqəsi üzrə səsvermə qutuları Seçki Məcəlləsinə uyğun hazırlanmayıb. Səsvermə bitdikdən sonra istifadə olunmamış bülletenlər sayılmamış və ləğv olunmamışdır. Qutu boşaldılarkən bülletenlər yerə tökülərək qutuda olmayan bülletenlərə qarışıb. Seçki biillütenlərinin sayılmasında müşahidə etməyə imkan verilmədi. Səslərin sayılmasının müşahidə etməyə imkan verilməyib. 25 saylı seçki məntəqəsi üzrə seçki bülletenləri sayılmadı və masanın üzərinə qoyulmadı. Səsvermə bitdikdən sonra isdifadə olunmamış bülletenlər sayılmadı, ləğv olunmadı. Qutudan çıxan bülletenləri və verilən səsləri sayılmasını müşahidə etməyə müşahidəçilərə imkan verilmədi. Protokol tərtib olunmadı, müşahidəçilərə protokol verilmədi. 34 saylı seçki məntəqəsi üzrə səsvermənin sonunda isdifadə olunmamış bülletenlər sayılmadan ləğv edildi. Bülletenlərin verildiyi yeri, seçki qutusunu müşahidə etmək mümkün olmayıb (məsafə 15m). 35 saylı seçki məntəqəsi üzrə səsvermə başlamazdan bülletenlər sayılmayıb və hamısı masa üzərinə qoyulmayıb. Müşahidəçilər üçün təyin olunan yer seçki qutusundan 10 m məsafədə olub. Müşahidəyə görə 302 seçici səs verib, qutudan 455 bülleten çıxıb (fərq 153). Yekun protokol tərtib olunmayıb, məlumat lövhəsindən asılmayıb və müşahidəçilərə verilməyib. 36 saylı seçki məntəqəsi üzrə səsvermə prosesi bitdikdən sonra yekun protokol müşahidəçilərə verilməyib. Müşahidəçilərin qeydiyyatına görə 348 nəfər seçici səsvermədə işdirak edib, lakin 2 gün sonra verilən protokolda 422 nəfərin səs verdiyi gösdərilib. 37 saylı seçki məntəqəsi üzrə bülletenlər sayılmayıb və onların az bir hissəsi masa üzərinə qoyulub. Səsvermə bitdikdən sonra istifadə olunmamış bülletenlər ləğv olunmayıb. Səslər sayılarkən kimə səs verildiyini müşahidə etməyə imkan verilməyib. Yekun protokol yazılmayıb, müşahidəçilərə verilməyib və məlumat lövhəsindən asılmayıb. 39 saylı seçki məntəqəsi üzrə səsvermədən əvvəl bülletenlər sayılmayıb. Səsvermə bitdikdən sonra istifadə olunmayan bülletenlər sayılmayıb və ləğv olunmayıb. Qutudan çıxan bülletenlərin sayılması, namizədlərə verilən səslərin sayılması zamanı müşahidəçilərə imkan verilməyib. 40 saylı seçki məntəqəsi üzrə səsvermə başlamazdan əvvəl bülletenlər sayılmadı və bütün bülletenlər stolun üstünə qoyulmadı. Nəriman adlı telefon işçisi təkrar səs verib. Etiraz etsə də komissiyanın sədri seçicilərə 2,3 və daha çox bülleten verirdi. Səsvermə bitdikdən sonra istifadə olunmamış bülletenlər sayılmayıb və ləğv edilməyib. Seçici siyahısındakı səs verən seçicilərin sayı müəyyən olunmayıb. Daşınmaz qutudan boşaldılan bülletenlər sayılmayıb. Sayma prosesini müşahidə etməyə imkan verilməyib. Yekun protokol yazılmayıb və müşahidəçilərə verilməyib. 41 saylı seçki məntəqəsi üzrə səsvermədən əvvəl bülletenlərin sayılması və masa üzərinə qoyulması təmin olunmayıb. Qutudan çıxan bülletenlərin sayılmasına imkan verilmədi. Saat 9:26-dan sonra məntəqəyə girən seçiciləri yoxlayan olmayıb. 10:31-də müşahidəçi içəri girərək seçicinin səs verməsinə müdaxilə edib. Məntəqə sədri video və foto çəkilişə imkan verməyib. Protokol tərtib olunmayıb. Səslərin sayılmasını müşahidə etməyə imkan verilməyib. Səslər sayılmadan bülletenlər yığışdırılıb aparılıb. Protokol tərtib olunmayıb və müşahidəçilərə verilməyib. 42 saylı seçki məntəqəsi üzrə bülletenlər sayılmadı, masa üzərinə qoyulmadı. Müşahidəyə görə 372 seçici səs verib, lakin qutudan 380 bülleten çıxıb. İstifadə olunmamış bülletenlər sayılmayıb. Səslərin sayılması müşahidə etmək mümkün olmayıb. Müşahidəçilərə protokol verilməyib. Dairə Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli yekun protokolunu aldıqdan sonra 09 sentyabrda Mərkəzi Seçki Komissiyasına şikayət vermiş, həmin komissiyanın 10 sentyabr 2024-cü il tarixli qərarı ilə şikayət vermə müddətinin ötürülməsi əsası ilə şikayət geri göndərilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında iddianı müadfiə etmiş, məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi pozuntularla bağlı Dairə Seçki Komissiyasına müraciət etməmiş, 05 sentyabr 2024-cü il tarixdə seçkinin yekunları barədə DSK-nın protokolunu əldə etdikdən sonra birbaşa Mərkəzi Seçki Komissiyasına şikayət vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2024-cü il tarixli, 39/197 nömrəli nömrəli qərarının məzmunundan görünür ki, iddiaçının müraciəti seçki qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə verilmədiyindən ekspert qrupunun rəyi nəzərə alınmaqla geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələbləri həddində baxılmış, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən haqlı olaraq şikayətin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İşdə olan teleqramın surətindən də görünür ki, iddiaçının Mərkəzi Seçki Komissiyasına ünvanlanmış müraciəti 09 sentyabr 2024-cü il tarixdə poçt xidmətinə verilmiş, həmin tarixdə cavabdehə çatdırılması təmin edilmiş və qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, iddiaçı 69 saylı Biləsuvar seçki dairəsinin seçki məntələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələbin təmin edilməsində hüquqi marağı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2024-cü il tarixli, 39/197 nömrəli qərarının qanuniliyinin yoxlanılması ilə əhatə olunur. Bu baxımdan iddianın həmin hissəsəsinə müstəqil tələb kimi baxılması zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı 10 sentyabr 2024-cü il tarixli, 39/197 nömrəli qərarının ləğv edilməsi, 69 saylı Biləsuvar seçki dairəsinin seçki məntələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar