Məhkəmə qərarları › İş №2-3(106)-8/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-8/2024

18.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-8/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/185 nömrəli qərarının və 72 saylı Cəlilabad kənd seçki dairəsinin səsvermənin nəticələrinə dair protokolunun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 72 saylı Cəlilabad kənd seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxtakarlıqla keçirilib. Belə ki: 6 saylı məntəqədə seçicilərin seçki qutularına topa bülleten atması təkrar olunur. Seçki qutularının ağzındakı yarıq geniş olduğundan buraya onlarla seçki bülleteni salmaq mümkün idi. Təkrar səsverən çoxlu seçici var idi. Seçki kabinəsinə eyni vaxtda bir neçə seçicinin daxil olması aşkar edildi. 10-cu məntəqəyə bülletenlərin verilməsi, daşınan qutunun ploblanması, qeydiyyatdan çıxma və düşmə barədə aktlar təqdim olunmadı. Məntəqədən kənar yaşayan seçicilərin səs verməsinə şərait yaradıldı. Eyni seçicinin dəfələrlə səs verdiyi aşkar olundu. Seçicilərin iradəsinə hakimiyyətin nümayəndəsinə səs verilmsəi üçün təsir göstərilirdi. 11 saylı məntəqədə 1 seçici bir neçə bülleten götürüb topa halda qutuya saldı. Barmaqların mürəkkəblənməsi prosesi pozulub. 13 saylı məntəqədə səsvermə bitən kimi seçki bülletenləri sayılmadan qutulara doldurulub dairə seçki komissiyasına aparıldı. Buna etiraz edən müşahidəçiyə isə “get, işinlə məşğul ol” deyildi. 15 saylı məntəqədə daşınan seçki qutusu möhürlənməmişdi. Daşman qutunun möhürlənməsi haqqında akt yox idi. 17 saylı məntəqədə daşınan qutunun ağzına plomb vurulmayıb. 26 saylı məntəqədə seçicilərə bir neçə bülleten verilməsi halları baş verib. Təkrar səs verənlər müşahidə edilib. Barmaqların yoxlanılması və işarələnməsi aparılmırdı. Seçki qutularına topa şəkildə bülletenlərin salınması, seçki qutularının yarıqlarının genişliyi, “karusel” əməliyyatının keçirilməsi, seçicilərin dəfələrlə səs vermələri, aralıq hesabatlarda rqəmlərin qutudakı bülletenlərdən dəfələrlə artıq olması, seçicilərin yönləndirilməsi, imza vərəqələrində imzaların sayılmasına imkan verilməməsi, məntəqənin dislokasiyasından kənar şəxslərin səs verməsinə imkan verilməsi, səslərin sayılması zamanı müşahidəçilərin bülletendəki qeydləri görməsinə imkan verilməməsi, eləcə də səsvermə bitdikdən sonra səslərin sayılması üçün müxalifət müşahidəçilərinə şərait yaradılmaması, yekun protokolun surətinin müşahidəçilərə verilməməsi və seçkinin nəticələri haqqında hazırlanan karbonlaşmış protokolunun 3-cü nüsxəsinin seçki məntəqəsindəki məlumat lövhəsində asılmaması demək olar ki, bütün seçki məntəqələrinə aiddir. Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına məlumat verilib. Mərkəzi Seçki Komissiyasının qaynar xətti isə daim “məşğul” olub; Ərizəçi yuxarıda qeyd edilən qanun pozuntularla bağlı MSK-ya şikayət edib. MSK araşdırma aparmadan Ərizəçinin şikayətini təmin etməyib. Qərarın əsasalndırıcı hissəində deyilir: “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı Mərkəzi Seçki Komissiyasına daxil olmuş 05 sentyabr 2024-cü il tarixli, 58 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət etmiş şəxsə geri göndərilsin”. Lakin həmin qərar xx.xx.2024-cü il tarixdə ərizəçiyə təqdim edilib və 05 sentyabrda MSK-da qoyulmuş qutuya atılıb, ona görə də 3 günlük müddət buraxılmayıb. Prosessual məsələlər İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/185 nömrəli qərarının məzmunundan görünür ki, iddiaçının müraciəti seçki qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə verilmədiyindən ekspert qrupunun rəyi nəzərə alınmaqla geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələbləri həddində baxılmış, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən haqlı olaraq şikayətin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İşdə olan 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolundan namizəd İddiaçı tərəfindən Mərkəzi Seçki Komissiyasına verilmiş şikayətin surətindən də görünür ki, namizədin Mərkəzi Seçki Komissiyasına ünvanlanmış müraciəti 05 sentyabr 2024-cü il tarixdə tərtib edilərək imzalanmış həmin tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, iddiaçı 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun ləğv edilməsini tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələbin təmin edilməsində hüquqi marağı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/185 nömrəli qərarının qanuniliyinin yoxlanılması ilə əhatə olunur. Bu baxımdan iddianın həmin hissəsəsinə müstəqil tələb kimi baxılması zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 05 sentyabr 2024-cü il tarixli, 37/185 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar