Məhkəmə qərarları › İş №2-3(106)-9/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-9/2024

19.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-9/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Camaləddin qızının cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Camaləddin qızı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/215 nömrəli qərarının ləğv edilməsi, 70 saylı Nefçala seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2024-cü ilə təyin edilmiş Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 70 saylı X4ndən Dairə Seçki Komissiyasının müvafiq qərarı İlə qeydə alınmışdır. Mərkəzi Seçki Komissiyasının 70 saylı X4 üzrə açıqladığı seçici fəallığına dair nəticələrə əsasən ümumən seçki dairəsi üzrə səsvermənin sonuna seçici fəallığı 24.7 % olub. Buna baxmayaraq MSK-nın ilkin rəsmi məlumatına əsasən bu seçki dairələri üzrə seçici fəallığı saat 19:00 göstərilməyib. MSK yalnız ölkə üzrə son rəqəmi 47,81% açıqlasa da seçki dairələri üzrə seçici fəallığını açıqlamadığına görə müqayisəli təhlili sona qədər aparmaq mümkün olmayıb. Bununla yanaşı, həmin seçki dairəsi üzrə bir sıra seçki məntəqələrində seçici fəallığı ümumilikdə həmin seçki dairəsi üzrə və eləcə də ölkə üzrə ümumi seçici fəallığından qat-qat yuxarı olub. MSK-nın verdiyi məlumata görə bu dəfə parlament seçkilərində X4 üzrə 12,8 min insan səs verib (bu seçici fəallığının 24,7% olduğunu göstərir). Bu seçki dairəsi üzrə seçici fəallığı üzrə seçki məntəqələrini şərti olaraq üç qrupa bölmək olar: -Ən iri qrup üzrə seçici fəallığı 30%-i keçməyib və gələn seçicilərin sayı 300 nəfər civarında idi. Amma digər iki qrupda vəziyyət başqadır. Burada xüsusi olaraq üç seçki məntəqəsi, 14, 40 və 42 seçilir. Burada qeydiyyatda olmuş seçicilərin 72%, 61% və 59%-i səs verib. Məntəqələr Mayak, Qaçaqkənd və Qırmızıkənddə yerləşir. 14 saylı məntəqə haqqında artıq qeyd etmişik. 40 saylı məntəqədə isə ən çox seçici səs verib - 710 nəfər. Daha 11 məntəqə üzrə seçici fəallığı 30-50% arasında dəyişir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, nisbətdə daha çox seçicinin “gəldiyi” məntəqələrdə tamamilə fərqli nəticələr qeydə alınır. Belə ki, ən çox seçici gələn məntəqələrdə namizəd T.Rüstəmxanlı 61% səs toplayır (bir məntəqədən başqa digərlərində fərq çox böyükdür). Bununla belə nisbətən normal seçici fəalığı qeydə alınan məntəqələrdə isə müvafiq göstərici 35%-dir və iddiaçı ilə həmin namizəd arasında fərq çox cüzidir. Bu o demək deyil ki, ikinci cədvəldə qeyd olunan məntəqələrdə pozuntular və saxtakarlıqlar olmayıb və ya seçici fəallığı göstərilən səviyyədə olub. Sadəcə 15 məntəqə ilə bağlı göstəricilər konkret şübhələr üçün əsasdır. Yeri gəlmişkən ikinci cədvəldə əks olunan nəticələrdə yaranmışbu fərqin formalaşmasında əsas rolu 5 məntəqə oynayır. Bu məntəqələrdə fərqləri ümumiyyətlə yığışdırsaq, real nisbət T.Rüstəmxanlı ilə onun arasında 31,4% və 31,6% olacaq. Səsvermə günü seçici fəallığının ümumi seçici fəallığından yuxarı olduğu aşağıdakı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair şübhələr mövcuddur: (14, 40, 42, 33, 28, 41, 9, 32, 6, 25, 39, 38, 49, 48 f 14 seçki məntəqəsi). Qeyd edilən seçki məntəqələrindəki seçici fəallığı anomaliyası digər seçki pozuntularının işığında həmin seçki məntəqəsində nəticələrin ləğvi üçün hüquqi əsaslar yaradır. Səsvermə günü seçki qutularına namizəd Tənzilə Rüstəmxanlının xeyrinə əlavə bületenlərin atılması və “karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gəlməsi və bunun hesabına seçici aktivliyinin süni şəkildə artırılması müəyyən edilib. Bütün müşahidəçilərə xüsusi səsvermə prosesindən kənarda yer yaradılmış və orda oturmaları təşkil edilmiş, həmin yerlərdən müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etmək mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmasını müşahidə edə bilmirdilər. Müşahidəçilərin olduğu yerdən bülletlənlərin sayını, bülletenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək çətin idi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Səs verməkdən ötəri daşınar qutu üçün müraciətlərin sayının həddən artıq çox olması, bəzi məntəqədə bu rəqəmin məntəqə üzrə ümumi seçiclərin 10% çatması (17 saylı məntəqə). Əlavə seçici vərəqəsinə daxil edilərək səs verənlərin sayının çox olması; əksər məntəqə bu faktlar təsbit edilsə də, tərtib edilmiş MSK-nın yekun protokollarda bu rəqəmlər əks olunmur, “İb” qrafası 0 (sıfır) göstərilir. Bununla da bizim əlimizdə olan protokollarla, videolarla MSK yekun sənədi arasında ziddiyyət yaranır. Bəzi məntəqələrdə, xüsusilə iddiaçının müşahidəçilərinin uzaqlaşdırıldığı və uzaqlaşmağa məcbur qaldığı məntəqələrdə iştirakçılıq faizi süni sürətdə dəyişdirilmiş və digər pozuntulara yol verilmişdir. Qeyd edilən seçki pozuntuları ilə əlaqədar 04 sentyabr 2024-cü il tarixində 70 saylı X4 üzrə Dairə Seçki Komissiyasına inzibati şikayət vermiş, şikayətdə 70 saylı X1 müxtəlif seçki məntəqələrində baş vermiş çoxsaylı seçki pozuntularını qaldırmış, 5, 6, 9, 10, 14, 15, 20, 22, 24, 25, 27, 28, 32, 33, 34, 35, 38, 39, 40, 41, 42, 48 və 49 saylı seçki məntəqələrinin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsini xahiş etmişdir. 70 saylı X6 Komissiyası 07 sentyabr 2024-cü İl tarixli, 44/109 saylı qərarı ilə şikayətini rədd edib. Dairə Seçki Komissiyası onun şikayəti üzrə yalnız bir istiqamətdə seçici fəallığının süni surətdə artırılmasına dair şübhələr olan hissədə öz qərarını müxtəlif məntəqə seçki komissiyalarının həlledici səshüquqlu üzvlərinin və bir sıra müşahidəçilərin verdikləri izahatlarla əsaslandırıb. Şikayət üzrə qaldırılan qalan məsələlərə münasibət bildirməyib. 10 sentyabr 2024-cü il tarixdə DSK-nm qərarından MSK-ya şikayət vermiş və 70 saylı X4 üzrə Dairə Seçki Komissiyasının 07 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. 13 sentyabr 2024-cü ildə MSK onun şikayətini qismən təmin etmiş, seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 70 saylı X4 dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarının 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrinə aid hissədə ləğv ediməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsi mümkün olmamış, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/215 nömrəli qərarının məzmununda qeyd olunmuşdur ki:- “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 70 saylı X4 üzrə qeydə alınmış namizəd İddiaçı Camaləddin qızı 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçki günü adıçəkilən seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini, seçki dairəsinin 23 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını və səsvermənin nəticələrinin etibarsız sayılması tələb edilən seçki məntəqələrinin nəticələri xaric edilməklə səsvermənin nəticələrinin yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. V.C. Nağıyeva şikayətində seçkiqabağı təşviqat dövründə pozuntuların baş verdiyini, səsvermə günü müşahidə aparılması zamanı müşahidəçilərə maneələrin yaradıldığını, seçici fəallığının aşağı olduğunu, seçki qutularına birdən artıq bülletenin atıldığını, şəxslərin qrup halında seçki məntəqələrinə gəlməsini, daşınan seçki qutuları ilə səsvermədə qanun pozuntularının olduğunu, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların surətinin ona verilmədiyini, səslərin sayılması zamanı elan olunan nəticələrlə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilmiş nəticələrin uyğun gəlmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini, səsvermənin nəticələrinin etibarsız sayılması tələb edilən seçki məntəqələrinin nəticələri xaric edilməklə səsvermənin nəticələrinin yenidən hesablanmasını tələb etmişdir. Ərizəçi müraciətə özündə 86 qısa müddətli videogörüntünü əks etdirən, həmçinin səsvermənin nəticələrinə dair hamısı PDF formatlı olan 47 protokolun fotosurəti olan bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmişdir. Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada iştirakı təmin olunmuşdur. Namizəd İddiaçı Komissiyanın iclasına dəvət olunsa da, iclasa gəlməmişdir. Dairə Seçki Komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müraciətin seçkiqabağı təşviqatla bağlı hissəsi şikayətvermə müddəti ötürülməklə verildiyindən bu hissədə araşdırma aparılmamışdır. Dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü İddiaçı 5, 6, 10, 22, 27, 34 və 35 saylı seçki məntəqəsində müşahidəçilərə təqdim edilmiş protokollarla Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilmiş rəsmi protokollar arasında ziddiyətlərin mövcudluğu barədə yazdığı müraciəti araşdırmaq üçün xx.xx.2024cü il tarixdə məntəqə seçki komissiyalarından verilən protokolların surətinin təqdim edilməsi barədə ona müraciət etsə də, o, protokolları təqdim etməkdən imtina etmişdir. Bununla bağlı ekspert qrupunun üzvləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Qərarda, müraciətdə göstərilən bir sıra seçki məntəqələrində seçicilərin iradəsini düzgün əks etdirməyə mane olan hallara və 3, 9, 14, 20, 26, 27, 28, 38, 40, 41, 42 və 49 saylı seçki məntəqələrində müşahidəçilərə protokolların verilməməsinə dair iddiaların təsdiqini tapmadığı göstərilmişdir. Müəyyən edilmişdir ki, namizədin şikayətinin araşdırılması ilə əlaqədar dairə seçki komissiyası tərəfindən həmin seçki dairəsi üzrə mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən, həmçinin həmin məntəqə seçki komissiyalarının üzvlərindən 200-dən çox izahat alınmışdır. Araşdırma prosesində namizəd tərəfindən səsvermənin nəticələrinə dair 7 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları protokollarının surətləri təqdim olunmuşdur. Araşdırma zamanı namizəd İddiaçı və vəkili S.Abbasın iştirakı ilə şikayətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısında olan 86 video görüntüyə baxış keçirilmiş, həmçinin namizəd tərəfindən araşdırmaya təqdim edilmiş 7 seçki məntəqəsi üzrə protokollar araşdırılmışdır. Müraciətdə iddia edilən pozuntuların hərtərəfli və obyektiv araşdırılması məqsədilə seçki dairəsinin 5 seçki məntəqəsində quraşdırılan veb-kameraların səsvermə başlanandan bitənədək qeydə alınmış görüntülərinə, səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısında olan görüntülərə baxış keçirilmiş, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair namizəd tərəfindən təqdim edilmiş protokolların surəti ilə Mərkəzi Seçki Komissiyasına daxil olan protokol məlumatlarının müqayisəli təhlili aparılmış və səsvermə günü 70 saylı X4nin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrində səsvermə prosesində, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi zamanı bu və ya digər şəkildə seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Bu səbəbdən də, həmin seçki məntəqələrində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən, qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 70 saylı X4 üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır. Beləliklə, 70 saylı X4 üzrə qeydə alınmış namizəd İddiaçı müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarı 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 70 saylı X4 üzrə qeydə alınmş namizəd İddiaçı Camaləddin qızının 10 sentyabr 2024-cü il tarixli 77 saylı müraciəti qismən təmin olunsun, seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 70 saylı X4 dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarı 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.” Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən araşdırma ilə bağlı müraciət etmiş iddiaçının komissiyanın iclasında iştirakının təmin edilməsinə cəhd edilmiş, lakin iddiaçı iştirak etməmişdir. Dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Bundan başqa səsvermə günü sözügedən seçki məntəqələrində müşahidə aparmış müxtəlif maraqları təmsil edən müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış izahatlarda həmin məntəqələrdə səsvermə prosesinin təşkili, keçirilməsi, səsvermə və səsvermənin nəticələrinə dair seçki məntəqəsi üzrə yekun protokolun tərtib edilməsi zamanı səsvermənin nəticələrinə təsir edə biləcək bir sıra pozuntuların olması müəyyən edilmişdir. Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilmişdir ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı Camaləddin qızının müraciətinin qismən təmin edilməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarı qəbul etmiş cavabdeh inzibati orqan həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, müvafiq seçki dairəsinin məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas verən hallar qismən sübuta yetirildiyindən iddiaçının şikayətini qismən təmin etməklə cavabdeh inzibati orqan düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, iddiaçı tərəfindən sözügedən qərarın ləğv edilməsi ilə əlaqədar da məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, iddiaçı 70 saylı Nefçala seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələblərin təmin edilməsində hüquqi marağı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/215 nömrəli qərarının qanuniliyinin yoxlanılması ilə əhatə olunur. Bu baxımdan iddianın həmin hissəsələrinə müstəqil tələb kimi baxılması zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: İddiaçı Camaləddin qızının cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar