Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-9/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X4 Cavabdeh qarşı “Media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının X7 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh - media subyektinin və onun onlayn redaksiyasının (“bizimxeber.az” veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın X2”nin 3.1.19-2-ci yarımbəndinə əsasən “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə oniarın fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin əsas vəzifələrindəndir. Cavabdeh (VÖEN **********) (bundan sonra - Cavabdeh) Media subyekti olaraq (“bizimxeber.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X5 bu günə qədər müraciət etməmişdir. Halbuki, Ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X5 (İddiaçıya) müraciət etməli idi. Qanunvericiliyin tələbi: “Media haqqında” AR Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. Nəzərinizə çatdırmaq istəyirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir. Qeyd ounan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X5 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X5 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırki halda isə Cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin və onun onlayn redaksiyasının fəaliyyətinə xitam verilməlidir. Odur ki, Qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq media subyektinin və onun onlayn media redaksiyasının (“bizimxeber.az” veb-saytının) - Cavabdehin fəaliyyətinə xitam verilməsi ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirik. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 128.2-ci maddəsinin tələblərinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə "Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. Qeyd edilən Məcəllənin 128.3-cü maddəsində göstərilir ki, məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Cavabdeh - Cavabdeh (VÖEN **********) - media subyektinin və onun onlayn redaksiyasının (“bizimxeber.az” veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, mən, Cavabdeh, Bizimxeber.az xəbər portalının baş redaktoru olaraq, X8 iddiasını əsassız hesab edir, bu iddiaya qarşı kəskin etirazımı bildirirəm. Bizimxeber.az 15 ildən artıqdır ki, tam müstəqil, jurnalistika prinsiplərinə və Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun şəkildə, peşə kodeksini pozmadan fəaliyyət göstərən media orqanıdır. Bu illər ərzində dövlətin qanunlarına hörmətlə yanaşmış, jurnalistikanın etik prinsiplərinə riayət etmiş və heç bir siyasi fəaliyyət göstərmədən xəbər yayımçısı kimi (əsasən dünya xəbərləri) böyük çətinliklə işimi davam etdirmişəm. Mən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olaraq, Azərbaycan Respublikasında jurnalist fəaliyyəti göstərmək üçün jurnalist ixtisasına malikəm. Diplomumda fakültə "Jurnalistika", ixtisas isə "jurnalist" olaraq qeyd edilmişdir. Yəni, mənim jurnalist kimi fəaliyyət göstərməyim, media qurumuna sahib olmağım tam qanuni əsaslara malikdir. Yəni, jurnalist olmaq mənim qanuni haqqımdır. Hesab edirəm ki, ixtisaslı jurnalistlərin fəaliyyətini nəinki məhdudlaşdırmaq, əksinə onlara işləmək üçün imkanlar yaradılmalıldır. Çünki bu gün əsl peşə sahiblərinə ehtiyac var. Belə ki, 2010-cu ilə kimi diğər mətbu orqanlarda topladığım təcrübəyə əsaslanaraq Bizimxeber.az xəbər portalını yaratmışam, rəsmi domain qeydiyyatını almışam və bu günə qədər böyük çətinliklə tam müstəqil şəkildə fəaliyyət göstərmişəm. Bizimxeber.az rəsmi qeydiyyata alınıb və "xxxx" Media Mərkəzi MMC-nin balansında fəaliyyət göstərib. Bu günə kimi, Bizimxeber.az adına görülən bütün işlər "xxxx" Media Mərkəzi MMC-nin üzərindən edilib. Lakin X11 yaranandan sonra qurumun rəhbəri, cənab Əhməd İsmayılov tərəfindən Bizimxeber.az-a və mənə qarşı ikili münasibət başlanmışdır. X11 yarandığı gündən etibarən Bizimxeber.az məqsədli şəkildə səbəbsiz təzyiq altında saxlanmış, bütün rəsmi tədbirlərindən kənarda qoyulmuş, media üçün ayrılan dəstək layihələrinə müraciət etsək belə cəlb etməmiş və sistemli olaraq fəaliyyətimizi məhdudlaşdırmağa çalışmışdır. İndi isə son həmlə olaraq əsassız iddia qaldıraraq xəbər portalının bağlanmasını tələb edir. Bizimxeber.az və baş redaktor olaraq mən fəaliyyətimizin məhdudlaşdırılması üçün heç bir əsas yaratmamışıq, qanunları pozmamışıq, peşə kodeksinə xələl gətirməmişik, dövlətimizə, xalqımıza ziyan vuracaq addım atmamışıq, heç bir rəsmi və ya qeyri rəsmi xəbərdarlıq almamışıq. Bu səbəbdən də Bizimxeber.az-ın fəaliyyətinin məhdudlaşdırılması üçün heç bir hüquqi əsas yoxdur. Təəssüflə qeyd edirəm ki, X8 iddiasında qeyd olunur ki, guya Bizimxeber.az redaksiyası Media Reyestrinə qeydiyyat üçün heç vaxt müraciət etməyib. Amma bu, tamamilə yalan məlumatdır və məhkəməni yanıltmağa yönəlmiş qeyriqanuni addım hesab oluna bilər. Çünki məhdud imkanlarımızın olmasına baxmayaraq, biz X8 qoyduğu tələblərə hörmətlə yanaşaraq, Media Reyesterinə sənədlərimizi təqdim etmişik. 14 aprel 2023-cü il tarixində bütün qanuni sənədlərlə Media Reyestrinə rəsmi şəkildə müraciət etmişik. Bundan sonra Media Agentliyi ilə əlaqə saxlayıb, Cahangir Həsənli adlı əməkdaşla danışmışam və müraciətimin elektron sistemdə qeydə alındığı bildirilib. Hətta baxılması, saytın fəaliyyətinin araşdırılması üçün bizə 1 ay vaxt verilib. Lakin 2 aya yaxın müddətdə heç bir cavabın verilmədiyi təqdirdə mən agentliklə əlaqə saxlamışam və mənə Cahangir Həsənli telefonda şifahi olaraq "sizin saytınız reyesterdən keçməyib" cavabını verib. Guya saytımız qoyulan qaydalara (20 xəbər limiti guya gözlənmir) cavab vermir. Hansı ki, fəaliyyətimiz tam cavab verib, qanunun heç bir maadəsi ilə uyğun olmayan qurumun özəl şərtlər tamamilə gözlənilib. Sadədə olaraq bizə olan ikili münasibətə görə, reyesterdən keçirilməyib. Daha sonra isə mənim MEDİA-ya ünvanladığım məktubda qurumdan rəsmi olaraq "niyə reyesterdən keçmədik, səbəbləri açıqlayın, düzəlişlər edək, problemlərimizi bilək" müraciətimdən aylar sonra bizə bildrilib ki, müraciətimiz guya vaxtsız müraciət kimi "baxılmamış" saxlanılıb. Həmçinin bildirilib ki, bu gələcəkdə müraciətlərə baxılması qaydaları dəyişdiyi halda nəzərə alınacaq. Hətta mən yenidən müraciət etmək istəyimi bildirsəm də bunun mümkünsüz olduğu deyilib, gözləməyimiz tövsiyə olunub. Biz də fəaliyyətimizə davam etmişik. Qeyd etməliyəm ki, MEDİA-nın elektron sistemdə bizim müraciətimizin tarixi, cavablar və sair hallar qeyd olunub. Amma elektron sistemdə gördüyümüz cavablar avtomatlaşrıdılmış cavablardır və onların mənə telefonla dedikləri cavablarla, rəsmi verdikləri cavab tamamilə fərqlidir. Bu sadəcə qurumun özünü sığortalaması üçün edilən hallardır. Əgər mənə cavab verilsəydi, mən yenidən quruma müraciət etməzdim. Bu bir daha göstərir ki, mənə rəsmi cavab verilməyib. Bütün bunlardan sonra, MEDİA iddia edir ki, biz reyesterə heç vaxt müraciət etməmişik. Bu doğru deyil, əksinə bundan öncə Media dəstək layihəsinə də müraciət etmişik və bu müraciətimiz də cavabsız qalıb. Göründüyü kimi, biz Agentliyin tələblərinə cavab vermək üçün bir neçə dəfə cəhdlər etmişik, amma hər dəfəsində bizə qarşı etinasız münasibət sərgilənib, hətta müraciətlərimə cavablar verilməyib. Bu da növbəti səbəsiz münasibətin nümunəsidir. Bu o deməkdir ki, Media Agentliyi bilərəkdən müraciətimə baxmayıb, bizə olan etinasız münasibət sərgiləyib və bu münasibətinə də davam edir. İndi isə son addımını atır - saytımın fəaliyyətinin məhdudlaşdırılmasını tələb edir. Hansı ki, X8 rəhbəri Əhməd İsmayılov öz açıqlamalarında "Media Reyestri məcburi deyil" ifadəsini dəfələrlə səsləndirmişdir. O, açıq şəkildə bəyan edib ki: "Media reyestri birmənalı olaraq kimin jurnalist olmasını müəyyən etmir. Jurnalistlər media reyestrində olmadan da azad şəkildə informasiyanın hazırlanması, ötürülməsi və digər jurnalistika prinsipinə uyğun olaraq fəaliyyətlərini davam etdirə bilərlər. Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, - deyə Əhməd İsmayılov vurğulayıb. Əgər media reyestri məcburi deyilsə və jurnalistlər azad şəkildə fəaliyyət göstərmək hüququna malikdirsə, o zaman Bizimxeber.az-ın fəaliyyətinə müdaxilə edilməsi və məhkəmə yolu ilə fəaliyyətinin səbəbsiz olaraq dayandırılması, bloklanması əsassızdır, qəbuledilməzdir və Azərbaycan qanunlarına, hüququna, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Məhkəmədən bir daha xahiş edirəm heç bir ciddi səbəb olmadan 15 ildir övladım kimi çətinliklə qoruyub saxladığım bir xəbər portalının fəaliyyətinin dayandırılmasına imkan verməyəsiz. Mən də məhkəmə qarşısında söz verirəm ki, qanunun tələblərinə uyğun olaraq, Media Reyesteri ilə bağlı qanuni imkanlar, yenidən müraciət etmək imkanı yaradılan kimi müraciətimi bir daha edəcəm və dövlətim yaratdığı imkanlardan mən də yararlanmağa çalışacam. Amma indiki halda qurumun qoyduğu qaydalarla yenidən müraciət etmək məhdudlaşdırılıb ki, bu da qanunsuzdur. Hesab edirəm ki, bu hal da özülüyündə yolverilməzdir. Çünki, Media Reyestrinin aparılması Qaydalarının 6.7-ci maddəsinə görə, reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Məhkəmədən xahiş edirəm ki, X8 iddiasını mənim müraciətimə baxılana kimi təmin etməyəsiz. Çünki, rəsmi qurum olan X11 da müraciəti "baxılmamış" saxlayıb. Bir daha bildirirəm ki, mən dövlətin qanunlarına sayğısızlıq göstərərək iddia ərizəsində göstərildiyi kimi "Media Reyesterinə heç vaxt müraciət etməyib" ifadəsi ilə razılaşmıram. Çünki məhdud imkanlarımızla aylarla sənədlər toplanıb, bütün sənədləri hazırlayıb və Media Reyesterinə müraciət etmişik. Amma hansısa bəhanə ilə qəbul edilməyib və ya xırda texniki halları ciddi əsas olaraq qabardıblar. Bu isə "müraciət etməyib" anlamına gələ bilməz. Bir daha məhkəmədən xahiş edirəm ki, növbəti müraciət imkanları yaradılana kimi redaksiyanın fəaliyyətinin dayandırılması ilə bağlıl iddia təmin olunmasın. Bizimxeber.az heç vaxt jurnalistika prinsiplərini pozmamış, dövlət maraqlarına zərər verən məlumatlar yaymamış və etik kodeksdən kənara çıxmamışdır. Buna baxmayaraq, mənim jurnalist kimi fəaliyyətimə və saytımın mövcudluğuna açıq şəkildə qəsd edilir. Bu qətiyyən yolverilməzdir və ixtisaslı jurnalist olaraq mənim fəaliyyətimin məhdudlaşdırılmasıdır, nüfuzuma zərbədir, mənəvi və psixoloji ziyan vurmaqdır və ən nəhayət, söz azadlığımı boğmaqdır, səsimi kəsməkdir. Eyni zamanda çəkinmədən bildirirəm ki, Media Agentliyinin bu əsassız üzündən Bizimxeber.az-ın fəaliyyəti məhdudlaşdırılarsa, mənim də arqumentlərim, sübutlarım nəzərə alınmazsa məsələni öncə Ali Məhkəməyə, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə qədər daşımaqdan çəkinməyəcəyəm. Hərçənd ki, həmişə ölkəmin belə məhkəmələrdə adının çəkilməsinə mənfi yanaşmışam. X3r Azərbaycanın adının belə məhkəmələrdə hallanmasından həzz alırlar. Prosessual məsələlər: İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. -1.1,7-ci maddəsinə görə onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. -78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir. -62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X5 rəsmi müraciət etməlidir. -65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X5 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. -128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. -128.2-ci maddəsinin tələblərinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İşin faktiki və hüquqi hallarınından görünür ki, cavabdeh media subyekti olaraq ("bizimxeber.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Halbuki, “Media haqqında” Qanunun 78.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. İddiaçı tərəfindən Media Reyestri formalaşdırılmış, lakin cavabdeh Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində iddiaçıya müraciət etməmiş, fəaliyyətini Media Reyestrinə daxil olmadan, yəni qeyri-qanuni olaraq (bizimxeber.az) onlayn redaksiyası (veb-saytı) vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir. Hazırki iş üzrə iddianın qaldırmasında da əsas məqsəd cavabdehin media subyekti olaraq Media Reyestrində qeydiyyata alınması üçün müraciət etməməsinə görə fəaliyyətinə xitam verilməsi ilə bağlıdır. Yəni, cavabdeh “Media haqqında” Qanunun 78.3cü maddəsinin tələbinə əməl etmədiyindən iddiaçı həmin Qanunun 62.2 və 65.4.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmək lazımdır ki, hazırki halda bu məzmunda iddianın qaldırılması və media subyektinin fəaliyyətinə xitam verilməsinin xahiş edilməsi media subyektinin (cavabdehin) Konstitusiya və İnsan Hüquqları haqqında Avropa Konvensiyasından irəli gələn heç bir hüququnu, o cümlədən də ifadə azadlığını pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 30 dekabr 2021-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə “Media reyestrinin aparılma qaydası” müəyyən edilmiş, bəhs olunan qanunvericilik aktlarına uyğun iddiaçı tərəfindən Media Reyestri formalaşdırılmış, cavabdeh qeydiyyat üçün iddiaçıya müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunlara əməl etməmə və eləcə də hüquqlardan sui-istifadə yol verilməzdir. Ümumi hüquq nəzəriyyəsinə görə qanun və ya hüquq pozuntusu baş verdikdə buna qarşı dövlət tərəfindən məcburi təsir tədbirləri tətbiq edilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarınından görünür ki, cavabdeh mövcud qanunvericiliyin tələbinə riayət etməmiş, müvafiq müddət ərzində media subyekti kimi qeydiyyatdan keçməsi üçün iddiaçı orqana müraciət etməmişdir. Bu hal iddianın əsaslı olmasına dəlalət etməklə, təmin edilməsinə əsas verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 128-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia təmin edilsin. Cavabdeh - media subyektinin və onun onlayn redaksiyasının (“bizimxeber.az” veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(106)-9/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-9/2025
19.03.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver