Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-7/2020 21.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçılar X3 və İddiaçı1 iştirakı ilə, İddiaçılar X3 və İddiaçı1 (bundan sonra mətndə iddiaçılar) X7 (bundan sonar mətndə MSK) qarşı “X6 xx.xx.2020-ci il tarixli 27/302 nömrəli saylı Qərarının iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi, 47 saylı Mingəçevir seçki dairəsi üzrə 2,7,10,15,18,20,25,27,28,29,30 saylı seçki məntəqləri üzrə xx.xx.2020-ci il tarixdə Milli Məclisə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 47 saylı Seçki dairəsi nəticələrinin etibarsız hesab tələbi” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı2 və İddiaçı12020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 47 saylı Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizəddirlər. İddiaçılar iddia edirlər ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə Mingəçevir 47 saylı Seçki Dairəsi (bundan sonra 47 saylı DSK) üzrə məntəqələrdə səsvermə günü seçkinin nəticələrinin etibarsız hesab ediləcək həddə seçki qanunvericiliyinin pozulması halları baş vermişdir. İddiaçılar 47 saylı DSK-ya müraciət edərək həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişlər. Qeyd edilən 47 saylı DSK şikayətçilərin tələbləri üzrə araşdırma aparmış və xx xxxxxx 2020-ci il tarixli 22/51 saylı qərarı ilə şikayətçilərin tələblərini təmin etməmişdir. İddiaçılar qeyd edilən qərardan MSK-ya müraciət etmiş, MSK-nın xx.xx.2020-ci il tarixli 27/302 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 47 saylı Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizədlər İddiaçı2 və İddiaçı1 xx xxxxxx 2020-ci il tarixli 233 saylı müraciətləri qismən təmin edilərək 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmsəi, həmin dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 22/51 saylı qərarı 9, 17 və 21 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, həmin qərarın digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçılar MSK-nın xx.xx.2020-ci il tarixli 27/302 nömrəli qərarının şikayətlərinin təmin edilməyən hissəsində ləğv edilməsi və 47 saylı DSK üzrə nəticələrinin etibarsız hesab tələbi ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin mahiyyəti İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, 47 saylı DSK-nın 2 saylı seçki məntəqəsində məntəqə sədri bülletenləri saymamış və gizlətmiş, saat 16: 30-da deputatlığa namizəd İddiaçı2, jurnalist Elçin Həsənzadə, səlahiyyətli nümayəndə Fikrət Məmmədov və müşahidəçi Ata Həmidovun bülletenləri otağından çıxarıb, masanın üzərinə qoymağı tələb edir, sədr isə yalnız DSK sədrinin icazəsindən sonra bunu edə biləcəyini deyirdi. 7 saylı seçki məntəqəsində bülletenlər sayılmamış və seyfdə saxlanılmış, namizəd Məhəmməd Zamanovun tələbi ilə gətirilmişdir. 9 saylı seçki məntəqəsində YAP-ın sədri Cavanşir Yusifov şəxsən məntəqə sədrinə Aydın Mirzəzadənin xeyrinə iş görməyə göstəriş vermişdir. Bunu çəkən jurnalist Elçin Həsənzadəni, digər namizəd İddiaçı1, müşahidəçilərin və hər kəsin gözü önündə təhdid etçoşdir. Qeydiyyatı olmayan şəxsə səsvermə üçün bülleten verilib, qutuya atdılmış, 10 saylı seçki məntəqəsində bülletenlər sayılmamış və sədrin otağındakı seyfdə gizlədilmiş, İddiaçı2 ciddi tələbi ilə bülletənlər gətirilsə də, sonradan sayımda 100 ədəd bülleten Aydın Mirzəzadənin leyhinə əlavə edilmişdir. Seçici aktivliyi vərəqində 100 nəfərin əskik olduğunu müşahidəçi Yaşar Nurməhəmməd sədrə bildirsə də, buna məhəl qoyulmamışdır. Hər iki pozuntu aktlaşdırılmışdır. 15 saylı seçki məntəqəsində bülletenlər sayılmamış və sədrin otağındakı seyfdə gizlədilmişdir. Məhəmməd Zamanovun tələbi olsa da, sayıma icazə verilməmişdir. Müşahidəçilərə bülletenlərin sayılması zamanı heç bir şərait yaradılmamış, görülmənin qarşısı kəsilib. Bu pozuntunun qarşısı alınması tələb olunduqda, məntəqə üzvləri tərəfindən səs-küy yaradılmışdır. X8 və digərlərinə səsləri görmək üçün imkan verilməyib. 17 saylı seçki məntəqəsində səslərin sayılması zamanı ortaya topa bülletenlər atılıb, səlahiyyətli nümayəndə Fikrət Məmmədova çəkiliş imkanı yaradılmamışdır. 18 saylı seçki məntəqəsində səslərin sayılması zamanı heç bir şərait yaradılmamışdır. 20 saylı seçki məntəqəsində müşahidəçilər üçün normal şərait yaradılmamışdır. Qızdırıcıdan yalnız özləri üçün istifadə etmişlər. Buna etiraz edən müşahidəçi Cəlal Mabudluya psixoloji təzyiq edilib ki, sona qədər müşahidə edilməsin. İddiaçı2 qızdırıcı tələb etsə də, buna məhəl qoyulmamışdır. Səslərin sayılması zamanı 40 ədəd artıq bülleten çıxarılmasına etiraz edən müşahidəçilərin başını qatıb hər sayımda iki qat artıq bülleten Aydın Mirzəzadənin xeyrinə hesablanıb. 21 saylı seçki məntəqəsində respublikadakı ilk seçki saxtakarlığı baş verib. Belə ki, Mahir adlı məntəqə üzvü topa bülleten atarkən görüntülənib. Səslərin sayılması zamanı Səbuhi adlı məntəqə üzvü masanın siyirməsindən bülletenlər çıxararaq, ortaya atıb. Sədr isə guya yıxılırmış kimi edib, yerə bülleten töküb və yerdən daha artığını yığıb. Bunu videogörüntüyə alan müşahidəçi və jumalstlərə isə heç bir imkan yaradılmayıb. Məntəqə sədrinə zənglə tez- tez təlimat verən DSK nümayəndəsi sonda qara “cip” maşınla məntəqə önünə gələrək, sədrə pul verib. Bundan sonra onlar daha cənfaşanlıqla saxtakarlıq ediblər. 25 saylı seçki məntəqəsində bülletenlər gizlədilmiş və sayılmamışdı. Yalnız namizəd İddiaçı1 tələbi ilə saat 11 radələrində bülletenlər seyfdən çıxarılıb, masanın üzərinə qoyulub. 27 saylı seçki məntəqəsində müşahidəçilik üçün heç bir şərait yaradılmamış və YAP-ın həddən artıq müşahidəçisi vardı deyə, müstəqil müşahidəçilər qapının ağzında ayaq üstə qalmışdılar. İddiaçı2, səlahiyyətli nümayəndə Fikrət Məmmədov, X5, müşahidəçi Rüstəm Rəsulov və Nicat Məmmədovun tələbi ilə masa gətirildi və akt yazmaq istəyən müşahidəçilər əyləşə bildilər. 28 saylı seçki məntəqəsində bülletenlər seyfdə saxlanılmış və sayılmamışdır. X5 və Xəqani adlı müşahidəçinin tələbi ilə seyfin ağzı açılıb, üzü müşahidəçilərə tərəf qoyulmuşdur. Səslərin sayılması zamanı isə namizədlərin çoxunun adı Aydın Mirzəzadənin bülletenlərin üzərinə qoyuldu. 29 saylı seçki məntəqəsində bülletenlər seyfdə saxlanılmış və gizlədilmişdir. Tez- tez karusel xəbərləri gəlir ancaq müşahidəçilərin psixloji təzyiq altında olması və zəifliyi səbəbində heç biri sübut olunmamışdır. 30 saylı seçki məntəqəsində qeydiyyat problem olduğundan seçicilərə səsvermə imkanı yaradılmamışdır. Seçkilərin nəticələrinə dair DSK-nın protokol və qərarının əldə olunması Seçkidən dərhal sonra dəfələrlə müraciətə baxmayaraq 47 saylı Mingəçevir seçki dairəsi Dairə Seçki Komissiyasının səlahiyyətli şəxslərini komissiyanın inzibati binasında tapmaq mümkün olmamışdır. Yalnız xx xxxxxx 2020-ci il tarixdə DSK-nın protokolunu və xx xxxxxx 2020-ci il tarixində isə №22/51 saylı qərarını almaq mümkün olub. İddiaçılar MSK-nın xx.xx.2020-ci il tarixdə şikayətləri üzrə qərarın qismən əsassız və qanunsuz olduğunu bildirərək şikayətlərinin təmin edilmədiyi hissədə qərarın ləğv edilməsini və 47 saylı DSK-da səsvermənin nəticlərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 iddiasını müdafiə edərək 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçki ilə bağlı səsvermə günü 47 saylı Mingəçevir seçki dairəsinin 2, 7, 9, 10, 15, 17, 18, 20, 21, 25, 27, 28, 29 və 30 saylı seçki məntəqələrində məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidənin aparılması üçün normal şərait yaradılmamış, məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilmiş, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin masanın üzərinə qoyulmamış, seçki hüququ olmayan şəxslərin seçki məntəqəsinə daxil olması halı baş vermiş, məntəqənin dislokasiyasına aid olmayan şəxslərin səsvermədə iştirak etməsi və digər qanun pozuntularına yol verildiyini göstərərək bu pozuntuların araşdırılmasını, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələrinin ləğvini və seçki dairəsi üzrə səsvermə nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Müraciətə səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən 4 ədəd akt və 2 ədəd elekrton məlumat daşıyıcı (CD-R və DVD disk) əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 da iddiasını müdafiə edərək göstərdi ki, o X9 aktyoru işləyir, Milli Məclisin deputatlığına namizədliyini irəli sürmüş, səsvermə nəticəsində onun 196 səs topladığı məlum olmuş, bu isə faktiki olaraq saxtakarlıqdı, belə ki, onun sözünü deyən Mingəçevir şəhərində dəfələrlə bu saydan artıq əhali kütləsi vardır. Səsvermə günü yol verilmiş qanun pozuntuları onların təqdim etdikləri video materialda öz əksini tapmışdır. Ona görə də tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin tələb edilən müvafiq sənədləri electron poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara iddiaçıların MSK-ya ünvanladıqları şikayət ərizəsi, MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərovun MSK-ya daxil olmuş xx.xx.2020ci il tarixli 233 saylı müraciət üzrə rəyi, MSK-nın xx.xx.2020-ci il tarixli 27/302 nömrəli qərarı, X1 47 saylı DSk-nın məntəqələrinin sayı ilə bağlı məlumat və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarının şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi tələb edilən hazırkı şikayət (ərizə) Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı şikayət vermək üçün qanunda müəyyən müddəti ötürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Məhkəmə kollegiyası MSK tərəfindən müraciətin araşdırılması ilə bağlı əldə edilmiş sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 47 saylı Mingəçevir seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı2 və İddiaçı1 2020-ci il fevralın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 22/51 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. X12 Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Müraciətdə səsvermə günü 47 saylı Mingəçevir seçki dairəsinin 2, 7, 9, 10, 15, 17, 18, 20, 21, 25, 27, 28, 29 və 30 saylı seçki məntəqələrində məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidənin aparılması üçün normal şəraitin yaradılmaması, məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilməsi, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin masanın üzərinə qoyulmaması, seçki hüququ olmayan şəxslərin seçki məntəqəsinə daxil olması, məntəqənin dislokasiyasma aid olmayan şəxslərin səsvermədə iştirak etməsi və digər qanun pozuntularına yol verildiyini göstərərək bu pozuntuların araşdırılmasını, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv olunmasını və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Müraciətə səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən 4 ədəd akt və 2 ədəd elektron məlumat daşıyıcısı (CD-R və DVD disk) əlavə edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar qeydə alınmış namizədlər İddiaçı2 və S.İddiaçı1 qanunla nəzərdə tutulmuş müddətdə 47 saylı Mingəçevir seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətləri araşdırılmış, həmin dairə seçki komissiyasının yuxanda göstərilən qərarı ilə onların müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır. 47 saylı Mingəçevir seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən qeydə alınmış namizədlər İddiaçı2 və S.İddiaçı1 müraciəti əsassız hesab edilərək təmin edilməmişdir. Qeydə alınmış namizəd İddiaçı2 araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir. MSK tərəfindən araşdırmanın tamlığı, hərtərəfliliyi və obyektivliyi prinsipi əsas götürülərək səsvermə günü həmin seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar, seçki komissiyalarının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçilər tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və videomateriallar, həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər tədqiq edilmişdir. Təqdim olunmuş iki ədəd elektron daşıyıcıya baxış keçirilərkən müəyyən edilmişdir ki, bu disklərdə 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17, 21, 26 və 28 saylı seçki məntəqələrindən görüntülər vardır. MSK-da araşdırma zamanı qeydə alınmış digər namizədlərdən, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlarla müəyyən edilmişdir ki, səsvermə günü mübahisələndirilən seçki məntəqələrinin əksəriyyətində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilmişdir və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də, aşağıdakı bir neçə seçki məntəqəsi üzrə dairə seçki komissiyasının gəldiyi nəticə düzgün hesab edilməməlidir. Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər və təqdim olunmuş videomateriallar nəzərdən keçirilərkən 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermə prosesində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək pozuntular müəyyən edilmişdir ki, bunlar da seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır. MSK-nın yuxarıda qeyd edilən araşdırmanın nəticəsində belə qərara gəlmişdir ki, şikayətçilərin şikayəti qismən təmin edilməli 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, həmin dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 22/51 saylı qərarı 9, 17 və 21 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, qərar digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçıların dəlilərini və təqdim edilmiş sübutları və 47 saylı DSK-nın xx.xx.2020-ci il tarixli və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarlarını ətraflı araşdıraraq hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhəmə kollegiyası tərəfindən iddiaçılar tərəfindən təqdim edilmiş video materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən görüntülərdə çəkliş aparılan 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17, 21, 26 və 28 saylı seçki məntəqələrindən görüntülər vardır. Digər görüntülərdə isə həmin seçki məntəqələrindən ümumi görüntülər, mübahisə, müzakirə, eyni zamanda, səsvermə hüququndan istifadə edilməyə imkan vermilməyən hallarla bağlı verilən şərhlər, əsasən çəkiliş aparan şəxslərin ehtimalları olmuşdur. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında onu müəyyən etdi ki, iddiaçıların müraciətində qeyd edilən və əsasən video material təqdim edilən 9,17 və 21 saylı məntəqələrdə baş vermiş pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olduğundan həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri MSK tərəfindən etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilən digər məntəqələrlə bağlı 26 və 28 saylı seçki məntəqələrində çəkiliş aparan şəxslərin şərhləri və seçki məntəqəsinin nümayəndələri və müşahidəçilərlə söhbətləri, müzakirə və mübahisələri, o cümlədən şəxslərin müsahibəsi qeyd edilmişdir. İddiaçıların irəli sürdüyü dəlilləri olan həmin 47 saylı DSK-nın 2, 7, 10,15, 25 saylı seçki məntəqələrində məntəqəsində bülletenlərin sayılmaması və gizlədilməsi, büllütenlərin otaqdan çıxarıb masanın üzərinə qoyulmaması, sonradan bu tələbin yerinə yetirilməsi, 9 saylı seçki məntəqəsində YAP-ın sədri Cavanşir Yusifov şəxsən məntəqə sədrinə Aydın Mirzəzadənin xeyrinə iş görməyə göstəriş verməsi, şəkliş aparan şəxslərin təhdid edilməsi, qeydiyyatı olmayan şəxsə səsvermə üçün bülleten verilib, qutuya atılması, İddiaçı2 ciddi tələbi ilə bülletənlər gətirilsə də, sonradan sayımda 100 ədəd bülleten Aydın Mirzəzadənin leyhinə əlavə edilməsi, müşahidəçilərə bülletenlərin sayılması zamanı heç bir şərait yaradılmaması, 17,18, 20 saylı seçki məntəqələrində səslərin sayılması zamanı ortaya topa bülletenlər atılmasına diqqət yetirilməyib, çəkiliş imkanı, o cümlədən müşahidəçilər üçün normal şəraitin yaradılmaması, qızdırıcı ilə təmin edilməməsi, buna etiraz edənlərə psixoloji təzyiq edilməsi, səslərin sayılması zamanı 40 ədəd artıq bülleten çıxarılmasına etiraz edən müşahidəçilərin başını qatıb hər sayımda iki qat artıq bülleten Aydın Mirzəzadənin xeyrinə hesablanması, 21 saylı seçki məntəqəsində topa bülleten atarkən görüntülənməsinə məhkəmə kollegiyası da diqqətlə yanaşılmış, qeyd edilən məntəqələr içərisində iddiaçıların qeyd etdiyi kobud seçki pozuntusu baş verən və bununla bağlı sübutlar olan məntəqələrdə seçkinin nəticələri etibarsız hesab edildiyindən həmin hissələr araşdırılmamışdır. İddiaçıların qeyd etdiyi digət məntəqələrdə baş verən yuxarıda qeyd edilən hallar 47 saylı DSK və MSK tərəfindən aparılmış araşdırmanın nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iddiaçıların irəli sürdüyü dəlillərin ehtimal xarakteri daşıması və həmin pozuntuları təsdiq edə biləcək faktlar oratada olmamışdır. Məhkəmə kollegiyası çəkilişdə müsahibə verilmiş şəxslərin səsverməyə imkan verilməməsi ilə bağlı irəli sürdüyü dəlilər də əsassızdır. Belə ki, qeyd edilən şəxslərin özləri bununla bağlı aidiyyəti dairə seçki komissiyasına, Mərkəzi seçki komissiyasına və prokurorluq orqanlarına müraciət etmək hüquqları olmuş, həmin şəxslər bununla bağlı aidiyyəti üzrə müraciət edə bilərlər. Həmin məsələ ilə bağlı Seçki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. 101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. İddiaçılar tərəfindən səsverməyə imkan verilməyən şəxslər barədə iddialar həmin şəxslərin özləri tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən şəxslərin kimliyi məhkəmə kollegiyasına aydın deyildir. Müvafiq məntəqə ərazisində qeydə alınmış seçicinin səsvermə hüququnun pozulmasına görə təqsiri olan şəxslər müvafiq olaraq cinayət və inzibati qaydada məsuliyyət daşıyırlar. Bundan əlavə iddiaçılar konkret fakt təqdim etmədiklərindən kimlərinsə seçki ilə bağlı qanunsuz (qanunsuz rüşvət alma və digər hallar) əməlləri ilə bağlı hallar aydın olmadığından məhkəmə kollegiyası konkret münasibət bildirə bilmir, ona görə də iddiaçılar bu məsələlərlə bağlı aidiyyəti üzrə prokurorluq orqanlarına müraciət edə bilərlər. Bundan əlavə iddiaçıların irəli sürdüyü dəlilləri təsdiq etmək üçün müvafiq müşahidəçilərin və məntəqə üzvlərinin şahid qismində dindirilməsi ilə bağlı vəsatətləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların irəli sürdüyü göstərdikləri faktların şahidlər tərəfindən təsdiq edildiyi halda belə həmin faktların yalnız şahid ifadələrinə əsaslanaraq seçkinin nəticlərinin etibarsız sayılması qanunsuz olar və bu mümkü ola bilməz. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunveriicliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aprılmalı olan bir prosesdir. Əgər iddiaçıların irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiçıların tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qaydaqanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə səsvermə və seçki prosesi müşahidəçilər tərəfindən görünə bilən şəraitdə aparılmalı və bununla bağlı məhdudiyyətlər seçki qanunvericiliyinin pountusu hesab edilir. 47 saylı DSK və MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçıların pozuntu baş verən məntəqələrin müşahidəçilərinin verdiyi izahatlarda qeyd edilən faktlar öz əksini tapmamış, təkzib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində pozuntu faktı aşkar edilən məntəqələrdə seçkinin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edildiyindən, digər məntəqələrdə də bu halların baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar X3 və İddiaçı1 X4rşı “X6 xx.xx.2020-ci il tarixli 27/302 nömrəli saylı Qərarının iddiaçıların şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi, 47 saylı Mingəçevir seçki dairəsi üzrə 2,7,10,15,18,20,25,27,28,29,30 saylı seçki məntəqləri üzrə xx.xx.2020-ci il tarixdə Milli Məclisə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 47 saylı Seçki dairəsi nəticələrinin etibarsız hesab tələbi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 3 gün müddətində ŞƏki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-7/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-7/2020
21.02.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver