Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-3(3-6)-7/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "Pulunun qaytarılacağı tarixin müəyyən edilməsi" tələbinə dair iddiaya Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2016-cı il tarixli qərarı ilə QSC "xxxx" KB müflis elan edilmiş, onun barəsində iflas proseduruna başlanmış, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Iddiaçı İddiaçı ##.##.2026-ci ildə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə "mülki məhkəmə deyir bu işə inzibati qaydada baxılmalıdır, inzibati məhkəmə isə deyir bu işə apellyasiyada baxılmalıdır. Ona görə də müraciətini Sizə ünvanladım" formada müraciət etmişdir. Həmin ərizəyə əlavə etdiyi digər bir ərizədə isə 10 ildir ki ƏSF ilə müharibə apardığını, bu 10 ildə 50000 dolları dövlətdə olduğuna görə o puldan gələn daha bir 50000 dollar gəlirdən məhrum olduğununu göstərərək Milli Bankın pulunu qaytaracağı tarixi deməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya ##.##.2026-cı ildə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsi formal tələblərə cavab vermir, bu səbəbdən mümkün sayıla bilməz. Iddiaçı cavabdeh kimi qeyd etdiyi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbinin nədən ibarət olmasını göstərməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməkdə məqsədi və hüquqi marağı məhkəməyə aydın deyil. Odur ki, o, tələbini dəqiq göstərməlidir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XVIII-II, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Ona görə də iddiaçı iddia tələbini dəqiqləşdirərkən nəzərə almalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasına yalnız Inzibati Prosessual Məcəlləsinin həmin fəsillərində nəzərdə tutulmuş tələblərlə müraciət edə bilər. Əgər onun tələbi həmin fəsillərdə nəzərdə tutulmayan mübahisələrə (ərizələrə) dair olarsa, həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılması mümkün sayılmayacaq. Bundan sonra ##.##.2026-cı ildə iddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı onun tələbi pulunun qaytarılacağı tarixin təyin olunmasından ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. "Banklar haqqında" Qanunun 71.4-cü bəndinə əsasən, ləğvedici: bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər; məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. "Banklar haqqında" Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. "Banklar haqqında" Qanunun 90-cı maddəsinə əsasən, bankın müflis elan olunması və ya müflis elan olunmuş bankla əlaqədar işə baxarkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq həmin məsələyə dair maliyyə bazarlarına nəzarət orqanının rəyini alır. Azərbaycan Respublikası Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" ##.##.2019-cu il tarixli **** nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarına maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilmişdir. Iflas prosesinə maliyyə nəzarətini həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli *-*-**/*-****/**** nömrəli məktubunda bildirilmişdir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 71.7.4-cü maddəsinə müvafiq olaraq, kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlərin görülməsi səlahiyyəti ləğvediciyə (Fonda) həvalə edilmişdir. Qanunun 82-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülür. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ləğv prosesində olan bankın kreditor tələblərinin ödənilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid olmadığından iddiaçının tələbinin ödənilməsi tarixinin Mərkəzi Bank tərəfindən müəyyən edilməsi mümkün deyil. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı İddiaçı tələb etdiyi məbləğ ona yalnız növbəlilik qaydasında ödənilə bilər. Bu səbəbdən pulun ödənilməsi üçün dəqiq vaxtın müəyyən olunması mümkün deyil. Ona görə də iddia təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "Pulunun qaytarılacağı tarixin müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(3-6)-7/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(3-6)-7/2026
05.06.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver