Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1022/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Sərxan Quliyevin vəkili və nümayəndəsi Sakit Novruzovun və cavabdeh Raqif Cəfərovun vəkili və nümayəndəsi Pərviz Məmmədovun iştirakı ilə, iddiaçı X2 cavabdehlər Isbəndiyarova Dürdanə Faiq qızı və X3 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə bağlıdır. 2.Hadisə ##.##.2024-cü il tarixdə baş verib. Hadisə nəticəsində iki avtomobil - “Porsche Panamera” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil (iddiaçının mülkiyyətində olan avtomobil) və “X1” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil (cavabdeh Dürdanə Isbəndiyarovanın mülkiyyətində olan, cavabdeh Raqif Cəfərov tərəfindən idarə olunan avtomobil) toqquşub. Hadisə cavabdeh Raqif Cəfərovun yol hərəkəti qaydasını pozduğuna görə baş verib, nəticədə iddiaçının avtomobili mexaniki zədə alıb və ona maddi zərər vurulub. 3.Iddiaçının avtomobilinin təmir-bərpası üçün tələb olunan xərcin məbləğinin 7.100 manat oğluğu müəyyən edilib. Cavabdeh Raqif Cəfərovun mülki məsuliyyəti icbari qaydada sığortalandığına görə, həmin məbləğin 5.000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilib. Qalan məbləğ 2.100 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 4.Iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, maddi zərərin sığorta şirkəti tərəfindən ödənilməyən hissəsi kimi 2.100 manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi 31.000 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. 5.Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, maddi zərərin əvəzi kimi 2.100 manat, əmtəə dəyərinin itkisinə görə 31.000 manat cavabdeh Raqif Cəfərovdan tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə əmtəə dəyər itkisinin əvəzinin tutulmasına aid hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul olunsun. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Raqif Cəfərovun vəkili və nümayəndəsi Pərviz Məmmədov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı Sərxan Quliyevin vəkili və nümayəndəsi Sakit Novruzov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi 9.Cavabdeh Dürdanə Isbəndiyarova məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Apellyasiya şikayətində qətnamənin bir hissəsi – avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi 31.000 manat tutulmasına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 11.Birinci instansiya məhkəməsində icraat zaman məhkəmənin qərardadına əsasən “xxxx” MMC-nin verdiyi ##.##.2005-ci il tarixli qiymətləndirmə hesabatına görə, yolnəqliyyat hadisəsində “Porsche Panamera” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mexaniki zədə alması nəticəsində vurulmuş maddi zərərin ümumi məbləği 38.100 manat təşkil edir. Bunun 7.100 manatı təmir-bərpa xərci, 31.000 manatı isə əmtəə dəyər itkisi sayılır, belə ki, yol-nəqliyyat hadisəsi nətiəsində avtomobilin bazar dəyərində 20 faiz (31.000 manat) ucuzlaşma baş verib. Qiymətləndirmə hesabatı kifayət qədər əsaslandırılıb, yenidən qiymətləndirmə təyin edilməsi üçün əsas yoxdur. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsindən görünür ki, zərərin növlərindən biri real zərərdir. Əmtəə dəyərinin itirilməsi əmlakın zədələnməsi nəticəsində yaranır, əmlakın zədələnməsi isə həmin maddədə real zərərə aid edilib. Əmtəə dəyər itkisinin yalnız aşağı satış qiyməti ilə əlaqələndirilməsi düzgün deyil, mülkiyyətçi avtomobili satmayacağı, yəni avtomobil ömrünü bitirənədək onu özü istifadə edəcəyi halda da bu itkiyə məruz qalır, çünki itki avtomobilin keyfiyyətində ifadə olunur. Bunu “əmtəə dəyər itkisi”nin anlayışı da təsdiq edir. Belə ki, əmtəə dəyərinin itirilməsi - nəqliyyat vasitəsinin dəyərinin azalmasını ifadə edir, o, yol nəqliyyat hadisəsi və sonrakı təmir səbəbilə ayrı-ayrı detalların, bənd və aqreqatların, birləşmə və qoruyucu örtüklərin möhkəmliyinin və uzunömrlüyünün azalması nətisəsində nəqliyyat vasitəsinin vaxtından əvvəl əmtəə (xarici) görünüşünün və istismar keyfiyyətlərinin pisləşməsi ilə yaranır. 13.Göründüyü kimi, iddiaçının avtomobili qəza nəticəsində əmtəə dəyərini 31.000 manat itirib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi əmtəə dəyər itkisinin əvəzi kimi 31.000 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1022/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1022/2026
03.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver