Məhkəmə qərarları › İş №2(3-6)-104/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-104/2026

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-104/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3829/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ərizə ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, 2024-cü ilin iyun ayında özünə Nizami rayonu Ayla şadlıq sarayının yanında iki mərtəbəli ev almaq istəmişdir. Həmin evə baxdıqdan sonra 450.000 manata razılaşdıqdan sonra bildirmişdir ki, Nardaranda bağ evi var, həmin evi 330.000 manata satacaq, yerdə qalan 120.000 manatı isə 6 ay müddətində verəcəkdir. Ev sahibi Etibar adlı şəxs 055-***-77-47 mobil nömrəsi olan şəxsə bir həftədən sonra zəng edib avans verilməsini istəmişdir ki, evin elanını saytdan çıxarsın. Etibara 2000 manat avans versə də, elanı saytdan çıxarmamışdır. 7 gün sonra oğluna zəng edərək bildirmişdir ki, 50.000 manat pul lazımdır. Oğlu ona zəng edib pulu qaytarmasını istəmiş, Etibar isə pulunun olmadığını bildirərək, ev satıldıqdan sonra qaytaracağını demişdir. Hal-hazırda Etibar pulu qaytarmır və bildirir ki, əgər evi almırsansa, 2000 manat beh kimi batır. O isə bildirmişdir ki, heç bir müqavilə bağlanmamışdır, o, yalnız avans vermişdir.

2. Cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə verdiyi izahatında bildirmişdir ki, 2024-cü ilin fevral ayında İddiaçı övladları – İlham və digər oğlu ilə Yavər Əliyev küçəsi 10A ünvanında ona məxsus evi 460.000 manat məbləğində satmağa razılaşmışlar. Təxminən 2 həftə sonra 2000 manat beh vermişlər. O, şifahi formada bildirmişdir ki, almadıqları halda, beh batır, çünki o da başqa şəxsə beh verəcək. Razılaşmışlar. Təxminən 9 ay sonra, yəni noyabr ayında özünü həmin şəxslərin atası kimi təqdim edən İddiaçı onunla əlaqə saxlayaraq behin qaytarılmasını istəmişdir. O da behin verilməsindən 9 ay vaxt keçdiyini, oğlu Nərimanla 2 dəfə görüşdüklərini, 4000 manat beh verdiyi evin sahibi ilə yemək yedikləri vaxt Nəriman alınmadığını deyərək üzrxahlıq etdiyini bildirmişdir. Nəriman ona həmin ev üçün şifahi razılaşma ilə 2000 manat beh vermişdir. Həmin pul avans olmamışdır. Həmin şəxs sözügedən evi 2000 manat behi çıxmaqla, 458.000 manat ödəməklə yenidən müraciət etsə, satmağa hazırdır.

3. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə şöbənin rəhbərliyinə ünvanlanan müraciətdə aparılan araşdırma zamanı müraciətə göstərilən xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də, mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 2000 manat və əldən çıxmış faydanın əvəzi olaraq 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyul ayında Nizami rayonunda yerləşən “Ayla” şadlıq sarayının yanında özü üçün ev almaq istəmişdir. Almaq istədiyi evin sahibi olan Cavabdeh ilə 450.000 manata razılaşdıqdan sonra cavabdehə bildirmişdir ki, Nardaranda bağ evi vardır, həmin evi 330.000 manata sataraq pulu ona ödəyəcək, qalan 120.000 manatı isə altı ay müddətində ödəyəcək. Cavabdeh bir həftədən sonra zəng edərək evin satılması haqqında elanı “bina.az” saytından çıxarması üçün avans istəmişdir. Buna görə də, müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinətları yığmaqla topladığı 2000 manat pulu cavabdehə çatdırması üçün oğlu Nərimana vermişdir. Oğlu da həmin 2000 manat pulu aparıb cavabdehə avans olaraq vermişdir. Lakin cavabdeh evin satılması barədə elanı “bina.az” saytından çıxarmamışdır. Bundan yeddi gün keçdikdən sonra cavabdeh zəng edərək, təcili 50.000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdehin təcili 50.000 manat pul istəməsi onu təəccübləndirmiş və təkrar “bina.az” saytına girib baxdıqda evin satılması barədə elanın çıxarılmadığını görmüşdür. Belə olduqda oğlu Nəriman cavabdehə zəng edərək evin satılması barədə elanın saytdan çıxarılmadığını, həmin evin artıq lazım olmadığını bildirərək, ondan pulun qaytarmasını tələb etmişdir. Cavabdeh isə pulunun olmadığını, evi satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Hal-hazırda Cavabdeh pulunu qaytarmır və bildirir ki, “əgər evi almırsansa, 2000 manat beh kimi verildiyindən batır.” Cavabdehə bildirmişdir ki, onunla beh müqaviləsi bağlamamışdır. Ona avans vermişdir ki, evini satsın, sonradan cavabdehin evini alsın. Bundan sonra Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nə müraciət etmiş, xx.xx.2024 tarixli məktuba əsasən, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində, maddi ziyan vurulması səbəbindən 2000 manat, bu müddət ərzində həmin məbləği müəyyən yerə sərmayə qoymaqla gəlir əldə edə bilərdi ki, buna görə də əldən çıxmış faydanın əvəzi kimi 1000 manat cavabdeh tərəfindən ödənilməlidir.

6. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) iddia tələbinə yazılı qaydada etiraz təqdim etmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3829/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddianın qismən təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1, 491.2, 491.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 227, 233, 360-cı maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.20, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya və onun oğluna zəng vuraraq heç bir beh və ya avans istəməmişdir. Cavabdeh sadəcə evini makler vasitəsi ilə satışa çıxartmışdır. Makler evi “Bina.az” saytında yerləşdirmişdir. Daha sonra alıcı kimi Nəriman adlı şəxs və yaxınları gələrək evə baxmış, bəyənmiş, daha sonra 2000 manat beh verərərək, qalan məbləğin əsas hissəsini evlərini satıb, qalan hissəsini isə 6 ay ərzində ödəyəcəyi barədə öhdəlik götürmüşlər. Bir müddət sonra cavabdehdə özü üçün ev tapmış və həmin ev üçün 4000 (dörd min) manat beh vermişdir. Lakin bir müddət sonra Nəriman cavabdehə zəng edərək, evi almaq istəmədiyini bildirmiş, cavabdeh isə Nərimana ona arxayın olub başqa bir ev üçün beh verdiyini bildirmişdir. Nəriman isə öz növbəsində evi almayacağını və qəti fikri olduğunu bildirmiş, səbəb olaraq isə Nardaranda olan bağ evinin satılmamasını göstərmişdir. Həmçinin Nəriman behin qaytarılmadığını anlayaraq həmin cavabdehə verdiyi 2000 manat behdən imtina etmişdir və tərəflər mehriban şəkildə sağollaşmışdır. Həmçinin cavabdeh Nərimanla görüşərək, ev üçün verilmiş beh barədə aydın şəkildə danışmış və həmin behin qaytarılmayacağı barədə razılaşmışdırlar. Digər tərəfdən cavabdeh özü üçün bəyəndiyi və 4000 manat məbləğində beh verdiyi evin sahibi ilə əlaqə saxlayaraq, evini sata bilmədiyi üçün, bu evi də ala bilməyəcəyini bildirmiş və əvəzində satıcı da ona verilən behi qaytarmaqdan imtina etmişdir. İddiaçının ərizəsində iddia etdiyi 2000 manat behin avans olaraq verildiyini sübut edən heç bir tutarlı dəlil təqdim edilməmiş və ya ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı, avansın hər hansı bir öhdəliyi yerinə yetirmək üçün ödənilən pul olduğunu nəzərə alaraq bildirir ki, cavabdeh evi almaq istəyən Nəriman adlı şəxsə qarşısında heç bir öhdəlik götürməmiş, əksinə iddiaçı cavabdehə qarşı öhdəlik götürərək qalan pulu vaxtında verəcəyinin vədini vermişdir. Belə ki, avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. Belə ki, Avans-iki əks öhdəliyin olması halında tərəflərdən birinin qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəridir. Beh isə müqavilənin bağlanılmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla,zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Hazırki işdə, iddiaçının özü ilə deyil, oğlu Nərimanla cavabdeh evin qiymətini razılaşmış, 2000 manat şifahi razılaşma ilə beh vermiş, həmin behə arxayın olaraq cavabdeh də özünə başqa bir ev taparaq ona beh vermişdir. Daha sonra Nəriman evi almaq istəmədiyini bildirmiş, cavabdeh də behin qaytarılmayacağını, hətta özünün də 4000 manat başqa evə görə beh verdiyi üçün əlavə ziyana düşdüyümü bildirmişdir. Bununla da Nəriman onunla razılaşmışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçının izahatı əsasında məhkəmənin heç bir araşdırma aparmadan çıxardığı qətnamə tam əsassızdır.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

17. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

18. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etsə də, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3829/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

36. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh məxsus evin alqı-satqısı barədə razılığa gəlmiş, gələcək alqı-satqının təminatı kimi oğlu Nəriman vasitəsilə cavabdehə 2000 manat pul vermişdir. Daha sonra alqı-satqı baş tutmadığından, cavabdehə verdiyi pulu geri istəmiş, cavabdeh isə həmin pulun beh kimi verildiyini bildirməklə, pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı Nizami Rayon Polis İdarəsinə yazılı qaydada müraciət etmiş, mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.

37. Mülki Məcəllənin 491.2-ci maddəsinin tələbinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

38. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

39. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, cavabdehin həmin pulun beh kimi verildiyini qeyd etsə də, qanunun tələbindən göründüyü kimi, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Hazırki halda isə ümumiyyətlə beh müqaviləsinin yazılı formada bağlanmasına dair tələbə riayət edilməmişdir.

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı 2000 manatı cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

41. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

42. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya məhkəmə xərclərinə münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3829/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar