Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1045/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmran oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulma qaydasının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdeh Cavabdeh İmran oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmran oğluna qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmran oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- ***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, cavabdeh Cavabdeh İmran oğlu ilə birgə nikahdan olan övladları ##.##.2017-cı il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh İmran oğlundan hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimetin tutulması, mediasiyaya ödədiyi 60 manat rüsumu və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021 -ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh İmran oğlundan birgə nikahdan olan övladları - ##.##.2017-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, həmin qətnamədə müəyyən edilmiş aliment məbləği hazırkı sosialiqtisadi şəraitə, yaşayış xərclərinin artmasına və uşaqların real tələbatına uyğun deyil. Aliment məbləği yaşayış minimumundan dəfələrlə az olduğundan uşaqların maddi təminatını və onların qanunvericilikdə təsbit olunmuş layiqli həyat səviyyəsində yaşamaq hüququnu təmin etmir. İddiaçı qeyd edir ki, qızı Jasmin və oğlu Cihan böyüdükcə onların bütün sahələr üzrə - təhsil, geyim, qida, sağlamlıq, inkişaf və digər gündəlik ehtiyacları əhəmiyyətli dərəcədə artmışdır. Uşaqların artan tələbatı fonunda müəyyən olunmuş 340 manatlıq aliment onların minimal ehtiyaclarını belə qarşılamır. Bununla yanaşı, cavabdeh hazırda özəl sektorda yüksək vəzifədə çalışır və aylıq gəlirlərinin 3000 manat və daha artıq olduğu barədə etibarlı məlumat əldə etmişdir. Cavabdehin faktiki maddi vəziyyəti yüksək olmasına baxmayaraq, müəyyən olunmuş alimentin məbləği onun gəlirləri ilə heç bir mütənasiblik təşkil etmir və ailə qanunvericiliyində nəzərdə tutulmuş prinsiplərə uyğun deyil.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh İmran oğlundan İddiaçı xeyrinə tutulan alimentin tutulma qaydası dəyişdirilmiş, Cavabdeh İmran oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq ##.##.2017-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay cavabdehin əmək haqqısı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci, 75.4cü, 78.1-ci, 78.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin alimentin tutulması hissəsində ləğv edilərək, cavabdeh Cavabdeh İmran oğlundan hər ay hər uşağa 300 manat olmaqla, cəmi hər ay 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Bəhmən qızına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İmran oğlu İpoteka Müqaviləsi əsasında Xətai rayonu Babək prosekti 94 ünvanında, ev 4, ** saylı mənzili 25 il müddətinə alınmışdır, aylıq 866 manat təşkil edir. Bu barədə müvafiq sənədləri məhkəmə prosesi zamanı hakimə təqdim olunsa da, həmin sənədləri qərəzli olaraq qəbul etməkdən imtina etmişdir. Eyni zamanda Cavabdeh İmran oğlu dini nikah əsasında ailə qurmuşdur. İpoteka kreditinin xərci və ailənin dolanışı üçün nəzərdə tutulan xərci çıxdıqda 1000 manat alimentin tutulması müflis olma vəziyyətiə gətirib çıxarır. Həmçinin məhkəmə qətnamə qəbul edərkən, iddiaçının gəlirlərini nəzərə almamışdır. Belə ki, iddiaçı İddiaçı Bəhmən qızı sahibkarlıq fəaliyyəti ilə məşğuldur, şəxsi gözəllik salonu işlədir və aylıq gəliri onun gəlirindən çoxdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
7. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, cavabdeh Cavabdeh İmran oğlundan ##.##.2017-ci il təvəllüdlü X7 və ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət olunmuşdur.
9. ##.##.2025-ci il tarixli Quba * saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
10. İş materiallarına əlavə edilən, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, cavabdeh Cavabdeh İmran oğlu “xxxx" MMC-də “idarə qulluqçusu, qiymətləndirmə” vəzifəsində işləyir, 3605,7 manat əmək haqqı alır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin olunan hissədə ləğv olunması və həmin hissədə qətnamənin dəyişdirilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
13. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
14. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
15. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. İş materiallarından müəyyən edilir ki, tərəflər ##.##.2016-cı il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından ##.##.2017-ci il tarixdə X6 və ##.##.2019-cu il tarixdə isə X2 anadan olmuşlar. Quba Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli qətnaməsi ilə tərfələr arasındakı nikah pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Abullayev Tərxan İmran oğlundan ##.##.2017-ci il təvəllüdül X6 və ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi, ##.##.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh İmran oğlundan tutulması qət edilmişdir.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndini, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2-maddələrini, «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsini, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarlarını nəzərə alaraq hesab edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin tutulma qaydasını dəyişdirməklə düzgün nəticəyə gəlmişdir.
18. Belə ki, qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2025cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir)(iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə verilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini və cavabdehin gəlir məlumatlarına əsasən cavabdehin aylıq pul təminatının 2478,21 (iki min dörd yüz yetmiş səkkiz manat iyirmi bir qəpik) manat məbləğində olduğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün cavabdehdən uşaqlara görə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi (1/3) miqdarında aliment tutulmalıdır. 20.Məhkəmə kollegiyası uşaqların maraqlarını (mənafeyini) nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh İmran oğlundan İddiaçı xeyrinə tutulan alimentin tutulma qaydasını dəyişdirməklə, Cavabdeh İmran oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq ##.##.2017-ci il təvəllüdlü X6 və ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay cavabdehin əmək haqqısı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
22. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
23. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
24. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov