Məhkəmə qərarları › İş №2(3-6)-1165/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1165/2026

20.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1165/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İbrahimov Valeh İdris oğlunun, Cavabdeh cavabdeh1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyəti və cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçının idarə etdiyi “BYD” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh cavabdeh1 tərəfindən idarə olunan “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilinə ziyan dəymişdir. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər Inzibati Xətalarla bağlı çıxarılan X3 Haqqında TP******* saylı qərardan görünür ki, cavabdeh1 Inzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində göstərilən xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan "BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdehlər “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyəti və cavabdeh1 qarşı-cavabdehlərdən iddiaçının mülkiyyətində olan "BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5.370 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İbrahimov Valeh İdris oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbrahimov Valeh İdris oğlu məhkəməyə daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəməyə iddia üçün ödədiyi 74 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödədiyi 200 manat həmçinin dəymiş ziyana görə işləmədiyi 4 ay nəzərə alınaraq 1.600 manat cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “BYD” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun tərəfindən idarə edilirdi. ##.##.2025-ci il tarixdə saat 17:51 radələrində həmin avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ilə 28 May küçəsinin kəsişməsində sola işıq yandırıb işıqforun qırmızı işığında dayanıb, arxadan gələn “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlaya bilməyərək ona məxsus avtomobilin arxa hissəsi iə toqquşmuşdur. Nəticədə zərbənin gücündən o həm maddi həm də fiziki xəsarət almışdır. Hadisədən dərhal sonra məlum oldu ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb məhz “xxxx” MMC-yə məxsus olan və müqavilə əsasında götürülmüş “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin surətlə hərəkət etməsi olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən - cavabdeh cavabdeh1 vurulmuş ziyana 4.710 (dörd min yeddi yüz on) manat maddi ziyan, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 200 (iki yüz) manat və 67,10 (altmış yeddi manat, on qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4977,10 (dörd min doqquz yüz yetmiş yeddi manat, on qəpik) manat məbləğində pulun alınaraq iddiaçı İbrahimov Valeh İdris oğlunun xeyrinə ödənilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, qanuni əsaslarla onu idarə etmiş olan cavabdeh1 daşımalıdır. “BYD” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdeh cavabdeh1 tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin cavabdeh1 səhvi ucbatından vurulduğundan, iddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh cavabdeh1 bildirmişdir ki, “Azərenerji Tikinti Quraşdırılma” Səhmdar Cəmiyyəti ilə bağladığı icarə müqaviləsinə əsasən “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmişdir. ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh1 idarə etdiyi “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” şirkətindən müqavilə əsasında götürmüşdür. Məhkəmə həmçinin iddia tələbinin “dəymiş ziyana görə işləmədiyi 4 ay nəzərə alınaraq 1.600 manat məbləğin cavabdehlərdən tutulmasına” dair hissəsini də əsassız hesab etmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, iddiaçı İbrahimov Valeh İdris oğlunun rəsmi iş yeri mövcud deyildir, yaşa görə pensiya alır. Habelə iddiaçı tərəf işləməsinə dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Lakin məhkəmə hesab etmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. “xxxx” MMC-nin 02 ***/** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, **-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” minik markalı avtomobilinə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq, ehtiyat hissələri üzrə 2.610 manat, nəqliyyat vasitəsinin təmiri üçün 2.100 manat olmaqla, ümumilikdə 4.710 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh cavabdeh1 dəymiş ziyana görə 4.710 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İbrahimov Valeh İdris oğluna ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “200 manat mütəxəssis rəyinin alınmasına görə ödənilmiş pulun cavabdehdən tutulmasına dair” hissəsini əsaslı hesab edərək, qeyd etmişdir ki, mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli cavabdehdən 67,10 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Həmin qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İbrahimov Valeh İdris oğlu yol nəqliyyat hadisəsi zamanı "BYD" markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyidiyini, nəticədə onun maddi ziyan çəkdiyini qeyd etmişdir. Lakin məhkəmə maddi ziyan dəyildiyi iddia edilən “BYD” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimin mülkiyyətində olmasını, avtomobilin hüquqi statusunu, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı Valeh İbrahimov sözügedən avtomobilin mülkiyyətçisi deyildir, həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Etibarnamə isə mülkiyyət hüququ verən sənəd deyildir. Bildiyi qədəri ilə avtomobilin mülkiyyətçisi Yasin İbrahimovdur. Başqa sözlə, iddiaçı Valeh İbrahimov iddiada göstərilən sözügedən avtomobilə dəymiş ziyanı tələb etmək kimi subyektiv hüquqa malik deyildir. Belə bir subyektiv hüquqa malik olmadığından, yəni avtomobilin mülkiyyətçisi olmadığından, iddiaçının həmin avtomobilə dəymiş ziyanı da tələb etmək hüququ və ya bu hüququn məhkəmə tərəfindən bərpa edilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə isə bunu araşdırmadan, iddiaçıya məxsus olmayan avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün mötbərliyi şübhə altında olan mütəxəssis rəyi də almışdır. Bundan başqa, avtomobilə dəymiş ziyan şişirdilmişdir, işə baxan məhkəmə ekspert rəyi almaq əvəzinə mütəxəssis rəyi almışdır. Foto şəkildən görünür ki, avtomobilin arxa “podpressi” zədə almamış, “arxa stoplardan” biri salamatdır, “arxa bamperi” və “arxa kopotu” əzilsə də onun təmiri mümkündür. Lakin mütəxəssis rəyinə görə isə “arxa podpress”, “arxa stopların” ikisi, “arxa bamper”, “arxa kopot”, avtomobilin arxa hissəsinin yarısı (bu ümumiyyətlə başa düşülmür) və “arxa hafka” dəyişdirilməlidir. Usta pulu isə bunlara görə 2.100 manat hesablanmışdır. Digər tərəfdən rəydə ehtiyat hissələrinin qiymətlərinin yeniləri üçün və ya işlənmiş ehtiyat hissələri üçün müəyyən edildiyi aydın deyildir. Həmçinin ekspert bilə-bilə düzgün olmayan rəy verməyə görə qanunvericiliklə məsuliyyət daşısa da qanunvericilikdə mütəxəssisin belə bir məsuliyyəti olduğu təsbit edilməmişdir. Göründüyü kimi, mütəxəssis rəyi ümumi sözlərdən istifadə edilməklə tərtib edilmiş, konkret hansı detalların yenisi və ya işlənmiş ilə dəyişdirilməli olduğunu, həmin detalların dəyişdirilmədən təmir edilməsinin mümkün olubolmaması göstərilməmişdir. Habelə rəydə ziyan dəyməyən detalların da qiymətləri müəyyən edilmişdir. Eyni zamanda sözügedən avtomobil 12-13 il bundan əvvəl istehsal olunmuşdur, dəymiş ziyanın məbləği isə rəyə görə 4.710 manatdır. Bu o anlama gəlir ki, avtomobilin 60-70 faizi tamamilə məhv olmuşdur. Lakin şəkillərdən də aydın görsənir ki, avtomobilin bir hissəsinə, daha dəqiq arxa sol tərəfində bir neçə detala zərər dəymişdir. Bunun isə bərpa edilməsi mümkün olan haldır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, avtomobilə dəymiş zərərin, ehtiyyat hissələrinin həm yenisinin, həm də işlənmişinin real bazar dəyərinin, bu ehtiyyat hissələrinin dəyişdirilmədən təmirinin mümkün olub-olmamasını, bu zaman təmir xərcinin nə qədər təşkil edəcəyi, eləcə də işçilik haqqının və avtomobilin özünün dəyərinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zəruri idi. Bu növ işlərə baxılarkən hansı halların, məsələlərin araşdırılmalı olduğuna, qiymət verilməli olduğuna, bu növ işlərdə nələrə dair sübutların verilməli olduğuna məhkəmə tərəfindən qətnamədə düzgün hüquqi münasibət bildirilməmişdir. Məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən subyektiv hüququ olmayan iddiaçının haqsız mövqeyini əsas götürmüşdür. Yuxarıda qeyd edilənlərin nəzərə alınmaması məhkəmənin bu işə birtərəfli yanaşmasının göstəricisidir. Göründüyü kimi birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuş, ədalətsiz, obyektiv olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının idarə etdiyi “BYD” markalı **- HU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh cavabdeh1 tərəfindən idarə olunan “Mercedes-Benz Actross yük” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilə ziyan dəymişdir. Cavabdeh təqsirli bilinmişdir. Göründüyü kimi hazırda cavabdeh tərəfin təqsirindən iddiaçının idarəetdiyi avtomobilə ziyan dəyməsi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən də həmin hal mübahisələndirilməmişdir. Məhkəmə Kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi iddiaçının avtomobilin mülkiyyətçisi olmamasına düzgün qiymət verməməsinə dair dəlili ilə bağlı ilk olaraq qeyd edir ki, iddiaçı **-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” minik markalı avtomobilinin mülkiyyətçisi olmamaqla, həmin avtomobili ## ###### 2023-cü il tarixli etibarnamə əsasından idarə etmişdir. Yəni, həmin avtomobilin mülkiyyətçisi İbrahimov Yasin Valeh oğlu nəqliyyat vasitəsinin idarə edilməsi üçün nəzərdə tutulmuş etibarnamə ilə birlikdə iddiaçıya “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” özündə əks etdirən ## ###### 2023-cü il tarixli digər bir etibarnamə vermişdir. Yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Bundan başqa daşınar əşyanın mülkiyyətçisinin kim olması ilə bağlı qanuni prezumpsiya (ehtimal) vardır. Belə ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (MM-in 166.1-ci maddəsinin birinci cümləsi). İşin faktiki hallarından göründüyü kimi də **-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” minik markalı avtomobil iddiaçının sahibliyində olmaqla iddiaçı həmin avtomobili qanuni əsaslarla idarə etmişdir. Qeyd edilənlərə əsaəsn Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının avtomobili etibarnamə ilə idarə etməsi mülkiyyət hüququ yaratmasa da, sahiblik və istifadə hüququndan ibarət subyektiv hüququ doğurur. Bu hüquqların konkret şəxsə verilməsi, artıq fərdi-hüquqi status yaradır. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Göstərilənlərə əsaəsn Məhkəmə Kollegiyası hesab edir ki, **-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” minik markalı avtomobil iddiaçının sahibliyində olmaqla iddiaçı həmin avtomobili qanuni əsaslarla idarə etdiyindən iddiaçı mülkiyyətçi olmasa da, avtomobilin sahibi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəymiş ziyanın həcminin və məbləğinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinə və həqiqi faktlara birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan “Avto klub” Servisi tərəfindən verilən ##.##.2025-ci il tarixli rəydən görünür ki, buraxılış ili 2014 olan, ağ rəngli, **-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” markalı avtomobilə 5.370 manat ziyan dəymişdir. Eyni zamanda iş materiallarında olan “xxxx” MMC-nin 02 ***/** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, **-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” minik markalı avtomobilinə dəymiş zərərin məbləği orta bazar qiymətinə uyğun olaraq, ehtiyat hissələri üzrə 2.610 manat, nəqliyyat vasitəsinin təmiri üçün 2.100 manat olmaqla, ümumilikdə 4.710 manat təşkil edir. Cavabdeh isə apellyasiya şikayətində mütəxəssis tərəfindən rəyin düzgün verilmədiyini və avtomobilə dəymiş ziyanın şişirdilməsini göstərsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, həmçinin “xxxx” MMC tərəfindən verilmiş rəyi şübhə altına alan hal müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası həmçinin “**-HU-*** dövlət qeydiyyat nişanlı, “BYD GF3” minik markalı avtomobilinə dəymiş ziyanın müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər-hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan vurulmuş zərərin məbləğinin müəyyən edilməsi zamanı məhz birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəyə istinad edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin fotoşəkildən avtomobilin arxa “podpressi” zədə almaması, “arxa stoplardan” birinin salamat olması, “arxa bamperi” və “arxa kopotu” əzilsə də onun təmirinin də mümkün olması kimi dəlilləri il bağlı qeyd edir ki, kollegiyanın iclasında tərəflərin işirakı ilə iddiaçıya məxsus mobil telefona baxış keçirilmiş və cavabdehin göstərdiklərini əksi müəyyən edilmişdir. Belə ki, avtomobilin arxa “podpresi”, “arxa stoplardan biri “arxa bamperi zədələnmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar