Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1166/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi və pul tələbinə dair mülki iş üzrə (açar sözlər: qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ƏIX seriyalı ******** nömrəli lombard girov biletindən görünür ki, ##.##.2023-cü il tarixdə cavabdeh2 tərəfindən qiyməti 6032 manat olan 3 cüt sırğa, 1 üzük, 1 qolbağı, 3 sep (585 əyar, 92.3),1 üzük (750 əyar) adda qızıl-zinyət əşyaları girov qoyulmaqla, lombard tərəfindən ona 4% ilə 5800 manat məbləğində kredit verilmişdir.
2. ƏIX seriyalı ******** nömrəli lombard girov biletindən görünür ki, ##.##.2023-cü il tarixdə cavabdeh2 tərəfindən qiyməti 2912 manat olan 4 sep, 6 üzük, 5 cüt sırğa, 3 klon (585 əyar) adda qızıl-zinyət əşyaları girov qoyulmaqla, lombard tərəfindən ona 4% ilə 2800 manat məbləğində kredit verilmişdir.
3. cavabdeh1 və cavabdeh2 tərəfindən yazılmış əlyazmasından görünür ki, onlar İddiaçı olan 80000 manat məbləğində borclarını ##.##.2023-cü ildə - 5000 manat, ##.##.2023-cü ildə - 15000 manat, ##.##.2023-cü ildə 10000 manat, ##.##.2023-cü ildə - 10000 manat, ##.##.2023-cü ildə 10000 manat, ##.##.2023-cü ildə 10000 manat, ##.##.2023-cü ildə 10000 manat, ##.##.2023-cü ildə 10000 manat olmaqla, cədvəldə yazılan kimi ödəməyi üzərlərinə götürmüş, cədvəlin aşağısında imzaları ilə təsdiq etmişdilər.
4. cavabdeh1 və cavabdeh2 tərəfindən ##.##.2023- cü il tarixdə verilmiş iltizamın surətindən görünür ki, cavabdeh1 və cavabdeh2 həmin iltizamı istintaq şöbəsinə verirlər ondan ötrü ki, ##.##.2023-cü il tarixədək İddiaçı məxsus və onlar tərəfindən lombarda girov qoyulmuş və 10000 manat pul götürülmüş qızıl zinyət əşyalarını girovdan çıxararaq tam şəkildə Zaura qaytaracaqlarına söz verirlər. Həmçinin qızıllar qaytarıldıqdan sonra söz verirlər ki, yerdə qalan həmin dövrdən imzaladıqları məbləği hissə-hissə qaytarma məsələsi ilə bağlı əldə olunacaq razılıq üçün bütün imkanlarından istifadə edəcəklər. Verdikləri iltizama əməl etmədikləri halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunacaqları onlara aydındır. Iltizamı öz imzaları ilə təsdiq etmişdilər.
5. “X4” ASC-yə məxsus “Leobank” tətbiqindən əldə olunmuş qəbzlərdən müəyyən edilir ki, cavabdeh1 tərəfindən “Kapital” Banka məxsus 416973******** nömrəli kart hesabına ##.##.2022-ci il tarixdə 400 manat, ##.##.2023-cü il tarixdə 1000 manat, ##.##.2023-cü il tarixdə 1400 manat, ##.##.2023-cü il tarixdə 400 manat, ##.##.2023-cü il tarixdə 400 manat, ##.##.2023-cü il tarixdə 600 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. cavabdeh1 tərəfindən Ələskər M. adlı şəxsin “Leobank” kart hesabına ##.##.2022-##.##.2023-cü il tarixləri aralığında cəmi 202,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür. cavabdeh1 tərəfindən Nuridə Ə. adlı şəxsin “Leobank” kart hesabına ##.##.2022-##.##.2023-cü il tarixləri aralığında cəmi 1429,90 manat məbləində pul vəsaiti köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 80000 manat məbləğində pulun və 30000 manat dəyərində qızıl zinət əşyalarının, qızıl zinət əşyaları olmadıqda onların dəyərinin, həmçinin məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2022-ci ilin dekabr ayında cavabdehlər cavabdeh2 və cavabdeh1 80000 manat pul və 30000 manat dəyərində qızıl zinət əşyalarını borca vermiş və cavabdehlər borca götürdükləri pulu və qızıl zinət əşyalarını meyvətərəvəz mağazası açıb qazandığı puldan hissə-hissə ödəyəcəyini bildirmiş, lakin indiyədək pulu qaytarmamışdır. Iddiaçı cavabdehlərə pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət etsə də, bu bir nəticə verməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(004)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər cavabdeh2 və cavabdeh1 80000 manat məbləğində borc pulun və qızıl-zinət əşyalarının dəyəri olaraq 8944 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 356,83 manat hissəsinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
9. Qətnamənin əsaslarına görə, cavabdehlər 2025-ci ilin may ayında yazdıqları əlyazısında iddiaçıdan 80000 manat məbləğində pul aldıqlarını və 2023-cü ilin dekabr ayının 30-na kimi, birinci ay 5000 manat, ikinci ay 15000 manat, qalan aylar isə 10000 manat olmaqla qaytaracaqlarını üzərlərinə götürərək, öz imzaları ilə təsdiq etmişdirlər. Eyni zamanda cavabdehlər ##.##.2023-cü il tarixli iltizamla İddiaçı məxsus qızıl-zinyət əşyalarını lombarda girov qoymaqla 10000 manat kredit götürmələrini təsdiq etməklə, qızıl-zinyət əşyalarını girovdan çıxarmaqla tam şəkildə Zaura qaytaracaqlarına söz vermiş, iltizama əməl etmədikləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqlarının onlara aydın olduğunu bildirmişdirlər. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin məhz borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 80000 manat məbləğində borc və qızıl-zinyət əşyaları verməsi faktı iş materialları ilə, tərəflərin izahatları ilə öz təsdiqini tapır. Verilən qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı iddiaçı sübut təqdim etməmiş, lombard biletləri ilə girov qoyulan qızıl-zinyət əşyalarının ümumilikdə dəyərinin 8944 manat olması müəyyən olunmuşdur. Bundan başqa, cavabdeh məhkəməyə “X4” ASC-yə məxsus “Leobank” tətbiqindən əldə olunmuş qəbzlər təqdim edərək, onun tərəfindən köçürülən vəsaitlərin borcun əvəzi kimi ödənildiyini qeyd etsə də, həmin vəsaitlərin təyinatını müəyyən etmək mümkün olmamışdır. Bununla belə qəbzlərdəki pul köçürmə tarixlərindən köçürmələrin borcun etirafı barədə əlyazmadan və iltizamdan əvvəlki tarixlərdə həyata keçirildiyi açıq-aydın görünür. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, cavabdehlər cavabdeh2 və cavabdeh1 80000 manat məbləğində borc pul və qızılzinət əşyalarının dəyəri olaraq 8944 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 356,83 manat hissəsi tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 448.1, 448.2, 739.1, 739.2, 742.1, 882.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin – iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə işə baxan birinci instansiya məhkəməsi iddiaçının öz tələbini əsaslandırmaq üçün sübutları olmadığı halda cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 80000 manat məbləğində pulun tutulmasını qət etmişdir. Halbuki, iddiaçı həmin məbləği ona və digər cavabdehə borc verdiyini sübuta yetirə bilməmişdir. Onun istinad etdiyi iltizam ərizələri və əlyazmalar isə mötəbər yeganə sübut kimi nəzərə alınmamalı idi. Çünki əlyazmalar mənzildə zorla imzalatdırılmış, iltizamlar isə cavabdeh cavabdeh1 və yaşlı xanım olan cavabdeh2 təsir altında alınmış, həmin iltizamları verməyə məcbur edilmişlər və onlar etibarlı sayıla bilməz. Məhkəmə tərəflərin həqiqi münasibətlərini araşdırmamış, borc məbləği tam formada araşdırılmamış, ədalət mühakiməsi qeyri-obyektiv, iddiaçı tərəfin mənafeyinə uyğun aparılmışdır. Məhkəmə onun verdiyi izahatı da təhrif edilmiş formada qətnamədə göstərmişdir. Məhkəmə tərəfindən cavabdeh cavabdeh1 müxtəlif vaxtlarda iddiaçının göndərdiyi bank kartlarına ödənişləri nəzərə alınmamışdır. Bundan əlavə uzun müddət o, iddiaçıya faiz ödəmişdir ki, həmin məbləğlər borca silinməmişidir. Nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Onun məhkəmə iclasında verdiyi izahatı da cavabdehin xeyrinə təhrif edilmişdir. Qeyd olunan maddi hüquq normaları iş üzrə tətbiq olunmamışdır. Çünki məhkəmə qətnaməsində istinad olunan əyazmalar hədə təsiri altında yazılmışdır. Həmin əlyazmada qeyd olunan borc məbləğləri yalan olmaqla şişirdilmiş məbləğdə iddia tərəfindən zorakılıqla yazılmışdır. Əlyazmanı cavabdeh cavabdeh1 və digər cavabdeh yaşlı qadın cavabdeh2 ona məxsus mənzildə zorla imzalatdırmışlar. Həmin əlyazmalar məhkəmə tərəfindən borcu etirafı kimi qəbul edilməməli idi. Çünki, həmin əlyazma etibarsız olmaqla cavabdehlərin iradəsini ifadə etməmişdir. Işin hallarından da göründüyü kimi, cavabdehlə iddiaçı arasında heç bir yazılı borc müqaviləsi bağlanılmamışdır, baxmayaraq ki, o, cavabdeh cavabdeh1 və digər cavabdeh cavabdeh2 80000 manat borc pul verdiyini iddia edir. Hətta mütəmadi olaraq cavabdehdən faiz adı altında məbləğlər əldə edən iddiaçı qanunsuzluq etmiş, onun bu əməlinə hüquqi qiymət verilməmişdir. Baxmayaraq ki, Mülki Məcəllənin 740.10-cu maddəsində qeyd olunur ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyriməhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Iddiaçının borcla bağlı mötəbər heç bir sübutu olmadığı halda məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi nəticəsinə gəlinmişdir. Cavabdeh cavabdeh1 izahatında da bildirdiyi kimi əlyazma mətnin hansı şəraitdə imzalanmasını məhkəmə araşdırmamışdır. Cavabdeh cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı konteksindən çıxarılaraq təhrif olunmaqla nəzərə alınmışdır. Halbuki, o, izahatında əlyazmaları zorakılıq və hədə təsiri altında imzalandığını bildirmişdir. Lakin məhkəmə əyazmaları mötəbər sübut kimi nəzərə almış, oradakı yazının və imzaların ona aid olub-olmadığı ekspertiza yolu ilə müəyyən edilməmişdir. Məhkəmə iddianın qismən təmin edilməklə bağlı qeyd etdiyi 80000 manat borc məbləğini əsaslandıra bilməmişdir. Məhkəmə iddianı qismən təmin etməklə işin hallarına çox səthi yanaşmış, obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
15. Cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı: “... sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. ... fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamə yalnız cavabdeh cavabdeh1 tərəfindən qismən iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, işdə iştirak edən digər şəxslər isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə həmin hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Işin halları və işdə olan sübutlar əsasında məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
22. Apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, sübut kimi istinad olunan əlyazmalar mənzildə zorla imzalatdırılmış, iltizamlar isə cavabdeh cavabdeh1 və yaşlı xanım olan cavabdeh2 təsir altında alınmış, həmin iltizamları verməyə məcbur edilmişlər və onlar etibarlı sayıla bilməz. Məhkəmə tərəfindən cavabdeh cavabdeh1 müxtəlif vaxtlarda iddiaçının göndərdiyi bank kartlarına ödənişləri nəzərə alınmamışdır. Bundan əlavə uzun müddət o, iddiaçıya faiz ödəmişdir ki, həmin məbləğlər borca silinməmişidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsində də irəli sürülsə də, bu halları təsdiq edən hər hansı bir sübut nə birinci instansiya məhkəməsinə verilmiş, nə də apellyasiya şikayətinə əlavə olunmuşdur. Halbuki, həmin iltizam və qəbzlər şikayətdə qeyd olunduğu kimi təsir altında imzalatdırılsa idi, bu zaman həmin şəxslərin bununla bağlı hər hansı bir orqana müraciətləri olmalı idi. Apellyasiya instansiyasında bu xüsusatla bağlı cavabdehlərə sual ünvanlansa da, onlar hal – hazıra kimi bununla bağlı müraciət etmədiklərini bildirmişlər.
24. Şikayətin digər dəlili kimi cavabdeh cavabdeh1 müxtəlif vaxtlarda iddiaçının göndərdiyi bank kartlarına ödənişləri nəzərə alınmadığına istinad olunsa da, bu hala birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilərək qeyd edilmişdir ki, cavabdeh məhkəməyə “X4” ASC-yə məxsus “Leobank” tətbiqindən əldə olunmuş qəbzlər təqdim edərək, onun tərəfindən köçürülən vəsaitlərin borcun əvəzi kimi ödənildiyini qeyd etsə də, həmin vəsaitlərin təyinatını müəyyən etmək mümkün olmamışdır. Bununla belə qəbzlərdəki pul köçürmə tarixlərindən köçürmələrin borcun etirafı barədə əlyazmadan və iltizamdan əvvəlki tarixlərdə həyata keçirildiyi açıq-aydın görünür.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisləndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.