Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1173/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin e-2(5-104)-604/2026 saylı, 04.02.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əhmədov İlqar Əhməd oğlu cavabdehlər Vəzirova Təranə Ənvər qızı, Vəzirova Ləman Əkbər qızı, Vəzirov Əkbər Böyükkişi oğlu və Vəzirov Böyükbəy Əkbər oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(5-104)-604/2026 saylı, 04.02.2026-cı il tarixli qərardadı ilə ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya ərazi aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia cavabdehlərdən vurulmuş maddi ziyana görə pul kompensasiyasının tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı olsa da, iddia tələbinə dair faktiki hallar və iddianın xarakteri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iddia tələbi iddiaçının xüsusi mülkiyyətində olmuş mənzilin qanunsuz zəbti və zəbt etmiş cavabdehlərin həmin mənzildən çıxarılması barədə Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktının olmasına baxmayaraq həmin şəxslərin uzun illər ərzində mənzildən çıxmamaları nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi ilə bağlıdır. Belə olan halda hazırkı iddia tərəflər arasında hər hansı maliyyə öhdəliklərinin pozulması nəticəsində yaranmış pul mübahisəsini deyil, iddiaçının mülkiyyətçi olaraq hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlik pul tələbi ilə bağlı hərəkətlərin edilməsini əhatə edir. Qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin 23-cü bəndində göstərilən normaya istinad edilmişdir. Beləliklə, hazırkı iddia tələbinin spesifikliyi və bilavasitə mülkiyyətçinin MPM-nin 39.1-ci maddəsi ilə istisna edilən hallarla (daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın qeyriqanuni sahiblikdən götürülməsi və mülkiyyət hüququndan məhrum etmə) əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddia olması nəzərə alınaraq müstəsna ərazi aidiyyəti qaydaları tətbiq edilməli idi. Cavabdehlər iddiaçının mülkiyyət hüquqularını uzun müddət ərzində pozduğundan iddiaçı tərəfindən cavabdehlərdən maddi kompensasiyanın tələb edilməsi mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulmasını aradan qaldırılmasına yönəlmiş tələbdir. Rayon məhkəməsinin eyni saylı, 18.02.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehlərin qeydiyyat ünvanı Şuşa rayonu, Şuşa şəhəridir. MPM-in 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə iddiaçının şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi mülki prosessual qanunvericiliyə uyğun olaraq daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olmayıb, zərərin əvəzinin ödənilməsi barədə pul tələbidir. Odur ki, iddia müstəsna aidiyyət qaydalarına uyğun deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Belə olan halda isə Məhkəmə hesab edir ki, rayon məhkəməsi düzgün nəticəyə gələrək ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən iddia ərizəsini geri qaytarmış və iddiaçıya ərazi aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasını izah etmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Əhmədov İlqar Əhməd oğlu tərəfindən verilən şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin e-2(5-104)-604/2026 saylı, 04.02.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(3-6)-1173/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1173/2026
07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver