Məhkəmə qərarları › İş №2(3-6)-1176/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1176/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1176/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Bədəlova İlhamə Xudabala qızının cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisinə və BOKT cavabdeh1 MMC-yə qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İbrahimov Qanqa Cavanşir oğlunun, Cavabdeh BOKT cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh BOKT cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili İmamverdiyev Anar Niyaz oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən iddiaçı Bədəlova İlhamə Xudabala qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Bədəlova İlhamə Xudabala qızı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu Xəlilov İkram Mehrab oğlu tərəfindən aparılmış *i-**** saylı və *i-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydlərinin ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı ərizə verərək “xxxx” MMC-nin də cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 0059/2024-İP saylı ipoteka müqaviləsinə əsasən “ipoteka qoyan” və №****/**** saylı, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən isə “borclu”dur. ##.##.2025-ci il tarixli, *i-**** saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydinə əsasən, İlhamə Bədəlovadan 28389,76 manat əsas borc, 3665,67 manat faiz borcu, 10890 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 42945,43 manat tələb edilmişdir. ##.##.2025-ci il tarixli, *i-**** saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydində də 63565,55 manat əsas borc, 8104,57 manat faiz borcu, 18750 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 90420,12 manat müəyyən edilmişdir. Onun barəsində Bakı şəhəri ** saylı Notariusu Xəlilov İkram Mehrab oğlu tərəfindən aparılmış istər *i-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydi, istərsə də, *i-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydi qanunsuz və əsassızdır. Belə ki, icra sənədinin icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmalıdır. Lakin işin faktiki hallarına nəzər yetirdikdə, məlum olur ki, tərəflər arasında mövcud vəziyyətlə əlaqədar mübahisə vardır. Mübahisə predmeti isə ilkin olaraq ondan ibarətdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Halbuki, belə bildiriş almamış və onun qanunla qorunan hüquqları əsassız şəkildə pozulmuşdur. Notarius da icra qeydi apararkən tələbkar tərəfindən bildirişin göndərilib-göndərilmədiyini yoxlamamışdır. Qanunvericiliyə əsasən, notarius icra qeydi aparmazdan əvvəl tərəflərə xəbərdarlıq etməli və mübahisəli məqamlar yoxdursa icra qeydi apara bilər. Eyni zamanda, icra qeydi aparılmamışdan öncə borcluya yazılı bildiriş göndərilməlidir. Nəinki qanunvericiliklə nəzərdə tutulmuş normaya məhəl qoyulmamış, eyni zamanda da Konstitusiyanın imperativ normasını pozmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddiaçı Bədəlova İlhamə Xudabala qızının cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisinə və “xxxx” MMC-yə qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən Bədəlova İlhamə Xudabala qızının ünvanına bildirişlərin çatdırılması və anası tərəfindən qəbul edilməsi “xxxx” MMC-nin məktubu, ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınması isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X1 * saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə öz təsdiqini tapır. İcra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Hazırki iş üzrə borcun 3 aydan çox müddətə gecikdirilməsi, borc 90 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişlərin ipoteka qoyana göndərilməsi və onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməməsi işin mübahisələndirilməyən hallarıdır. Eləcə də, MMC tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Tələbkar (ipoteka saxlayan) Bank tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də ipoteka qoyana ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin onlara göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İcra qeydləri aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı Bədəlova İlhamə Xudabala qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru kimi öncə ipoteka saxlayan tərəfindən ipoteka qoyana bildirişin iki üsulla göndərilməsini müəyyən edir: sifarişli poçt göndəriş (məktub) üsulu və elektron üsulla. Özü də qanunvericilik bu iki üsuldan biri ilə deyil, hər ikisi ilə bildirişin göndərilməsini müəyyən edir. Başqa sözlə, iki üsuldan ancaq birinin seçilməsi istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Hazırki mülki işin materiallarında olan notariat işlərində cavabdeh BOKT “xxxx” MMC tərəfindən ancaq poçt üsulu ilə bildirişin göndərilməsinə dair sənəd vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya elektron üsulla bildiriş göndərilməmişdir. Beləliklə, cavabdeh BOKT “xxxx” MMC ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasını müəyyən edən qanunvericiliyin bildirişin elektron üsulla göndərilməsi tələbini pozmuşdur. Belə olan halda, tutmanın yönəldilməsi proseduru davam etdirilə bilməzdi, çünki, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edilməmişdir. Bildirişin göndərilməsi məhz onun ünvanlandığı şəxsə çatdırılması və həmin şəxs tərəfindən alınması üçün edilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi prosedurunda əhəmiyyətli olan məhz bildirişin çatdırılması və təqdim olunmasıdır. Ümumiyyətlə, əgər göndərilən məktubun çatdırılması əhəmiyyətli deyilsə, o zaman, həmin məktubu göndərməyin hansı hüquqi əhəmiyyəti ola bilər ki?! Əlbəttə, əgər çatdırılma əhəmiyyətli olmasaydı, qanunvericilik də göndərilməni zəruri qayda kimi müəyyən etməzdi. İstinad olunan normalardan müəyyən olunur ki, notariusun ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi verə bilməsi üçün o, bildirişin ipoteka qoyan tərəfindən nə zaman alındığını bilməlidir. Bunun üçün isə həmin sübut ipoteka saxlayan (tələbkar) tərəfindən notariusa təqdim olunmalıdır. Notarius bildirişin ipoteka qoyana verildiyi tarixi müəyyən etməsə, o zaman, bildirişi aldıqdan sonra ipoteka qoyanın məhkəmə müdafiə tədbiri və əsas öhdəliyi ödəmək üçün müəyyən olunmuş 21 günlük müddətin keçməsini də müəyyən edə bilməz. Əgər notarius bunları müəyyən edə bilmirsə, yaxud ümumiyyətlə müəyyən etmirsə (yoxlamırsa), o zaman, hər iki halda icra qeydi apara bilməz. Hazırkı işin elektron icraat materiallarında olan notariat işlərindən görünür ki, notariat işlərində ##.##.2025-ci il tarixli cəmi bir bildiriş vardır. Bu bildiriş isə ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqaviləsi və həmin tarixli 0089/2024-SİP saylı sonrakı ipoteka müqaviləsi barəsindədir və bu bildirişin yuxarı sağ küncünə tikilmiş poçt qəbzində SX047630976AZ ştrix kodu yazılmışdır. Lakin, notariat işlərində cəmi bir ədəd olan poçt xəbərnaməsinin üzərində başqa SX047630959AZ ştrix kodu yazılmışdır (əlavə qeyd: xəbərnamədə məktubun göndərildiyi şəxs olaraq nəinki ipoteka qoyanın, ümumiyyətlə heç kimin adı yazılmamışdır, eləcə də, xəbərnamədə “Şəxsən” qrafasındakı imzanın sahibinin də adı və soyadı yazılmamışdır, iddiaçı isə həmin imzanın ona aid olmadığını bildirir). Beləliklə, müəyyən olunur ki, notariusa yalnız ##.##.2024-cü il tarixli kredit və sonrakı ipoteka müqavilələrinə dair olan bildirişin surəti verilmişdir, lakin, həmin bildirişin ipoteka qoyana çatdırılmasına dair notariusa heç bir sənəd verilməmişdir. Eləcə də, ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit və həmin tarixli 0059/2024-İP saylı ipoteka müqavilələrinə dair olan bildiriş, həmin bildirişin ipoteka qoyana göndərilməsinə və onun tərəfindən alınmasına dair olan sənədlər notariusa təqdim olunmamışdır. Belə olan halda icra qeydlərinin aparılması qanunsuz olmuşdur. Digər tərəfdən, iddiaçının bildiriş(lər)in ona verilmədiyini dediyi, məhkəmənin isə bu verilmənin sübutu kimi istinad etdiyi “xxxx” MMC-nin məktublarında ziddiyyətli hal vardır: elektron icraat materiallarında olan “xxxx” MMC-nin cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda AZ**** saylı poçt şöbəsi vasitəsilə Bədəlova İlhamə Xudabala qızına ünvanlanmış ##.##.2025-ci il tarixli SX047630976AZ və SX047630959AZ ştrix kodlu məktubların ##.##.2024-cü il tarixdə alıcıya təhvil verildiyi yazılıb. Lakin, “xxxx” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktublarında həmin məktubların alıcının anasına təhvil verildiyi yazılıb. Eləcə də, notariat işində olan SX047630959AZ ştrix kodlu xəbərnamədə poçtun ##.##.2024-cü il tarixdə verildiyi, qəbul edən şəxsin “Etibarnamə ilə” qrafasında deyil, “Şəxsən” qrafasında imzası vardır. Azerpost.az saytından əldə etdiyi və hazırkı şikayətə əlavə etdiyi məlumatlardan isə görünür ki, SX047630976AZ və SX047630959AZ ştrix kodlu məktublar ##.##.2024-cü il tarixdə alıcıya çatdırılıb. Beləliklə, hətta hər kredit müqaviləsinə aid bildiriş iddiaçıya göndərilibsə və onun tərəfindən ##.##.2024-cü il tarixdə alınıbsa belə, 21 günlük müddət tamam olmadan, ##.##.2025-ci il tarixdə icra qeydlərinin verilməsi həm də bu əsasla qanunsuz olmuşdur. Elektron icraat materiallarından müəyyən olunur ki, icra qeydinin aparılması üçün müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış notariusa təqdim olunmamışdır. Həmçinin, notariat işlərində olan maliyyə arayışı adlı sənədlər “alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışları” deyildir, həmin sənədlərdə alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri təfsilatı ilə göstərilməmişdir. Belə olan halda, notarisun apardığı icra qeydləri həm də bu əsasla qanunsuz olmuşdur.

8. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı cavabdeh “xxxx” MMC BOKT cavabdeh1 MMC ilə əvəz edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. İddiaçının nümayəndəsi və vəkili İbrahimov Qanqa Cavanşir oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh BOKT cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Cavabdeh BOKT cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili İmamverdiyev Anar Niyaz oğlu apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin olunmamasının səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.

15. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

Bənd. 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”: Bənd. 1-1 İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

21. İş materiallarında olan RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında Bədəlova İlhamə Xudabala qızının adına ##.##.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

22. BOKT “xxxx” MMC ilə Bədəlova İlhamə Xudabala qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 75.000 manat kredit verməyi, “Müştəri” isə istifadə etdiyi krediti müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.

23. BOKT “xxxx” MMC ilə Bədəlova İlhamə Xudabala qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 30.000 manat kredit verməyi, “Müştəri” isə istifadə etdiyi krediti müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.

24. 0059/2024 İP saylı, ##.##.2024-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Bədəlova İlhamə Xudabala qızı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisəni ##.##.2024-cü il tarixli, ****/**** №-li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan BOKT “xxxx” MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

25. 0089/2024 SİP saylı, ##.##.2024-cü il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Bədəlova İlhamə Xudabala qızı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisəni ##.##.2024-cü il tarixli, ****/**** №-li kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan BOKT “xxxx” MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bədəlova İlhamə Xudabala qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi BOKT “xxxx” MMC-nin xeyrinə ##.##.2025-ci il tarixdə yüklü edilmişdir.

27. BOKT “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Bədəlova İlhamə Xudabala qızının ##.##.2024-cü il tarixli, ****/**** nömrəli kredit müqaviləsi üzrə MMC-yə 28389,76 manat əsas, 3665,67 manat faiz, 10890 manat cərimə borcu, ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqaviləsi üzrə 63565,55 manat əsas, 8104,57 manat faiz, 18750 manat cərimə borcu vardır.

28. BOKT “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli bildirişlərindən görünür ki, Bədəlova İlhamə Xudabala qızı ##.##.2024-cü il tarixli, ****/**** nömrəli və ##.##.2024- cü il tarixli ****/**** nömrəli kredit müqavilələri üzrə olan öhdəliklərini yerinə yetirmədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X1 * saylı Abşeron Ərazi İdarəsindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X1 * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublarından görünür ki, BOKT “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli elektron müraciətinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır.

30. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixli, *i-**** saylı icra qeydindən görünür ki, ipoteka saxlayan BOKT “xxxx” MMC-nin tələbi ilə ipoteka qoyan - Bədəlova İlhamə Xudabala qızına məxsus ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən torpaq sahəsinin 0,04 ha və daşınmaz əmlakın ümumi sahəsi 440,9 kv.m-dən ibarət Əmlak kompleksi kimi müəssisə ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 0059/2024-İP müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 63565,55 əsas borc, 8104,57 manat faiz borcu, 18750 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 90420,23 manat təşkil edir).

31. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixli, *i-**** saylı icra qeydindən görünür ki, ipoteka saxlayan BOKT “xxxx” MMC-nin tələbi ilə ipoteka qoyan - Bədəlova İlhamə Xudabala qızına məxsus ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən torpaq sahəsinin 0,04 ha və daşınmaz əmlakın ümumi sahəsi 440,9 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisə ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 0089/2024 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 28389,76 manat əsas borc, 3665,67 manat faiz borcu, 10890 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 42945,43 manat təşkil edir).

32. İşin halları ilə müəyyən edilir ki, borclu Bədəlova İlhamə Xudabala qızı ilə borc verən BOKT “xxxx” MMC (hazırda BOKT cavabdeh1 MMC) arasında ##.##.2024-cü il tarixli, ****/**** nömrəli və ##.##.2024-cü il tarixli, ****/**** nömrəli kredit müqavilələri bağlanmış və həmin müqavilələrin təminatı olaraq bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrinə əsasən borclu (ipoteka qoyan) Bədəlova İlhamə Xudabala qızına məxsus olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisə borc verən qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan BOKT “xxxx” MMC-nin (hazırda BOKT cavabdeh1 MMC) müraciəti əsasında ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydləri verilmişdir.

33. Hazırkı iddia tələbində iddiaçı icra qeydi verilməmişdən əvvəl göndərilməli olan bildirişlərin ona göndərilməməsi və borc məbləğlərinin şişirdildiyinə istinad edərək icra qeydlərinin ləğv edilməsini xahiş edir.

34. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qanunvericilikdə icra qeydinin verilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi qaydaları nəzərdə tutulmuşdur.

35. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

36. Azərbaycan Respublikasıı “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

37. Qanunvericiliyin tələbindən göründüyü kimi, icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildiriş 2 formada - sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməli, bildiriş müvafiq reyestrdə qeydə alınmalıdır.

38. Hazırkı işin hallarından görünür ki, BOKT cavabdeh1 MMC tərəfindən Bədəlova İlhamə Xudabala qızına “İpoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” ##.##.2025-ci il tarixli bildirişlər Bədəlova İlhamə Xudabala qızına göndərilmiş, 5 gün ərzində ##.##.2024-cü il tarixli, ****/** saylı və ##.##.2024-cü il tarixli, ****/**** saylı kredit müqavilələri üzrə borcunun ödənilməli olması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

39. Hər iki ipoteka müqaviləsi üzrə bildirişin göndərilməməsi, göndərilmiş olsa belə iddiaçının məhkəmə müdafiə hüququndan istifadə müddətinin itirilməməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MMC-nin məhkəmə sorğusuna cavab məktubunda göstərilir ki, AZ**** saylı poçt şöbəsi vasitəsilə “xxxx” MMC tərəfindən Bədəlova İlhamə Xudabala qızına ünvanlanan məktublar AZ**** saylı poçt şöbəsi tərəfindən müvafiq F-8 çatdırma vərəqinə imza etdirilməklə, alıcının anası Şövkət Bədəlovaya təhvil verilmişdir. Belə ki, BOKT “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, SS925080208AZ və SS25080199AZ ştrix kodlu sifarişli məktubları ##.##.2025-ci il tarixdə, ##.##.2025-ci il tarixli, SX047630976AZ və SX047630959AZ ştrix kodlu sifarişli məktubları ##.##.2024-cü il tarixdə ünvanı üzrə çatdırılmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından BOKT cavabdeh1 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələbinə əməl edilərək həm sifarişli poçt göndərişi, həm də elektron qaydada göndərilməsi ilə bağlı tələbə əməl edilməmişdir, bununla bağlı BOKT cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

42. Qanunvericilikdə həmçinin bildirişin əslinin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilməsi nəzərdə tutulur.

43. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, “İpoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” bildirişin məqsədi ipoteka saxlayanı müəyyən edilmiş müddət ərzində borcun ödənilmədiyi təqdirdə həyata keçiriləcək tədbirlər haqqında məlumatlandırmaqdır.

44. Hazırkı işin hallarından göründüyü kimi ##.##.2025-ci il tarixli bildirişlərin ipoteka saxlayan - Bədəlova İlhamə Xudabala qızı tərəfindən alınması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda icra qeydi almaq üçün sənədlər qeyd edilmişdir.

46. Siyahının 2-ci bəndində qeyd edilir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

47. İş materiallarının araşdırılması zamanı siyahıda göstərilən sənədlərin təqdim edilməklə icra qeyd qeydinin həyata keçirilməsi müəyyən edilmir. Belə ki, icra qeydi ilə bağlı materiallarda müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışın, təfsilatlı maliyyə arayışı olması müəyyən edilmir.

48. Göründüyü kimi, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” ##.##.2025-ci il tarixli, *i-**** saylı və Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixli, *i-**** saylı icra qeydlərinin verilməsi üçün tələb edilən bütün hüquqi hərəkətlər edilməmiş, bu hərəkətlərin edilməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi üçün “İpoteka saxlayan” - Bədəlova İlhamə Xudabala qızının iddia tələbi əsaslıdır.

49. Buna görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu Xəlilov İkram Mehrab oğlu tərəfindən aparılmış *i-**** saylı və *i-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydləri ləğv edilməli və başlanılmış icraata xitam verilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Bədəlova İlhamə Xudabala qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu Xəlilov İkram Mehrab oğlu tərəfindən aparılmış *i-**** saylı və *i-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydləri ləğv edilsin və icra qeydləri əsasında başlanılmış icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar