Məhkəmə qərarları › İş №2(3-6)-1180/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1180/2026

15.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1180/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı X5 cavabdehlər X1 və cavabdeh1 Sığorta Şirkəti ASC-nə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi nümayəndə1 Əhliman oğlunun, Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları, iş üzrə məhkəmə icraatı:

1. Iddiaçı İddiaçı X5 cavabdehlər X1 və cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsində X1 idarə etdiyi “Volkswagen” yük markalı, 90- BY-237 dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı X5 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəyə 1560,29 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş Pirallahı RPI DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən ##.##.2023-cü il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 tanınmışdır. Hadisə zamanı “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh1 Sığorta Şirkəti ASCdə sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq İddiaçı X10 balansına verilmişdir. Hesab edirlər ki, müəssisəyə vurulmuş 1560,29 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və X1 tutularaq İddiaçı X5 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün cavabdeh1 Sığorta Şirkəti ASC-nə ##.##.2023cü il tarixdə məktub ilə rəsmi qaydada müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı İddiaçı X5 vurulmuş 1560,29 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və X1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddianın qismən təmin edilməsi, cavabdeh1 Sığorta Şirkəti ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı X5 xeyrinə 1.560,29 (bir min beş yüz altmış manat, iyirmi doqquz qəpik) manat məbləğində pulun tutulması, cavabdeh1 Sığorta Şirkəti ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 35,60 (otuz beş manat, altmış qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin cavabdeh X1 münasibətdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baş vermiş hadisə nəticəsində işıq dirəyinin yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın 1560,29 manat olması müəyyən edildiyindən, həmin ziyanın ödənilməsinə cavabdehlik daşıyan şəxs cavabdeh1 Sığorta Şirkəti ASC olduğundan, iddia tələbi cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-yə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Mülki hüquq pozuntusu törətmiş cavabdeh Famil Zöhrabov baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, eyni zamanda hadisə baş verən vaxt həmin nəqliyyat vasitəsi sığortalı olduğundan, vurulmuş ziyan məbləğinin eyni zamanda cavabdeh2 da tutulması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və əmlakın təmir-bərpa xərcləri 200 AZN təşkil edir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmadığına görə, sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş, amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir. Iddiaçı tərəfindən təqdim olunan "xxxx" qeyd edilən məbləğ, sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi sığortaçı tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. Məbləğ mübahisəsi ilə bağlı tərəflərindən məhkəməyə yazılı vəsatət təqdim edilərək, iddiaçıdan işıq dirəyinin məhv olması halında silinmə aktının, təmir edilməsi halında təmir aktının, saxlanılması halında isə əmlakın mövcud vəziyyəti barədə məlumatların, əmlakın məhz 1560,29 manata alınmasına dair alqı-satqı müqaviləsi, gömrük sənədləri, hesab-faktura və digər təsdiqedici sənədlərin tələb edilməsi, əlavə olaraq iş üzrə əmlaka dəymiş zərərin real və obyektiv müəyyən edilməsi məqsədilə müstəqil ekspertizasının təyin edilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Beləliklə, məhkəmə bir tərəfdən əmlakın tam məhv olmasını sübuta yetirən sənədləri tələb etmədən, digər tərəfdən isə tam məhvolma halının hüquqi nəticələrini nəzərə almadan əsassız nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Iddiaçının nümayəndəsi nümayəndə1 Əhliman oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1096-cı maddəsinə (Mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

12. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:

- 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. - 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. - 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsindən sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. - 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1.fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətindən göründüyü kimi qətnamə cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən iddia tələbinin təmin olunmuş məbləğ hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Iş materiallarında olan Pirallahı rayon DYPŞ YNH əməkdaşı tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, X1 ##.##.2023-cü il tarixdə “Volkswagen” yük markalı, 90- BY-237 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 AR IXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

18. Iş materiallarında olan İddiaçı X5 tərəfindən Pirallahı rayon Polis Idarəsinə ünvanlanmış ##.##.2023-cü il tarixl məktubun surətindən görünür ki, ##.##.2023-cü il tarixdə Pirallahı rayonu, Səməd Vurğun küçəsində İddiaçı EŞM-nə məxsus 1 ədəd işıq dirəyini naməlum sürücü idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış və nəticədə müəssisəsinə 1560,29 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə müraciət etmək və müəssisəyə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə qəzanı törədən şəxs barəsində ətraflı məlumatı (adı, soyadı, ata adı və yaşadığı ünvan) və hadisə ilə bağlı toplanmış bütün materialları təsdiq olunmuş qaydada göndərilməsi xahiş edilmişdir.

19. Iş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə Idarəsi tərəfindən Bakı şəhəri Icra Hakimiyyəti İddiaçı X5 direktoru Eldar Eldarova ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri üzrə Baş Maliyyə Idarəsi İddiaçı X5 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024-cü il ## ###### tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirirlər ki, bu məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların müəyyənləşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X13 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirilmişdir ki, Idarənin xərc smetası, müəssisə və təşkilatların titul siyahısı müvafiq qaydada tərtib edilməli və 2025-ci il ## ###### tarixinədək Baş Maliyyə Idarəsinə təqdim edilməlidir.

20. Iş materiallarında olan İddiaçı X5 tərəfindən cavabdeh1 Sığorta Şirkəti ASC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubun surətindən görünür ki, ##.##.2023-cü il tarixdə Pirallahı rayonu, Səməd Vurğun küçəsində naməlum sürücü idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müəssisənin balansında olan işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 1560,29 manat məbləğində maddi ziyan dəymişdir. Bildirirlər ki, “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh1 Sığorta Şirkətində sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq müəssisəyə dəymiş maddi ziyana görə sığorta ödənişini bank hesabına köçürülməsini xahiş edilmişdir.

21. Iş materiallarında olan İddiaçı EŞM tərəfindən tərtib edilmiş smetasının surətindən görünür ki, Pirallahı rayonu, Səməd Vurğun küçəsində naməlum sürücü idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyinin bərpasına sərf olunan xərcləri: 1 ədəd Türkiyə istehsalı 10 m-lik işıq dirəyi – 778,33 manat, 2 ədəd işıqlandırıcı lampa – 597,49 manat, 1 ədəd özül hissənin bərpası – 119,04 manat, 1 ədəd Anker O20 – 65,59 manat, cəmi 1560,29 manat təşkil etmişdir.

22. Iş üzrə portaldan çıxarışının surətindən görünür ki, “Volkswagen” yük markalı, **- BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh1 Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır.

23. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsində X1 idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı X5 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəyə 1560,29 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş Pirallahı RPI DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən ##.##.2023-cü il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 tanınmışdır. Hadisə zamanı “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh1 Sığorta Şirkəti ASCdə sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq İddiaçı X10 balansına verilmişdir. Iddiaçı məhkəməyə müraciət edərək müəssisəyə vurulmuş 1560,29 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və X1 tutularaq İddiaçı X5 ödənilməsini tələb edir.

24. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş hadisə nəticəsində işıq dirəyinin yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın 1560,29 manat olması müəyyən edildiyindən, həmin ziyanın ödənilməsinə cavabdehlik daşıyan şəxs cavabdeh1 Sığorta Şirkəti ASC olduğundan, iddia tələbi cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-yə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Həmçinin, mülki hüquq pozuntusu törətmiş cavabdeh Famil Zöhrabov baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, eyni zamanda hadisə baş verən vaxt həmin nəqliyyat vasitəsi sığortalı olduğundan, vurulmuş ziyan məbləğinin eyni zamanda cavabdeh2 da tutulması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz.

25. Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayətində göstərdiyi əsas dəlil ondan ibarətdir ki, hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və əmlakın təmir-bərpa xərcləri 200 AZN təşkil edir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmadığına görə, sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Həmçinin, qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş, amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ##.##.2023-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsində X1 idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı X5 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəyə maddi ziyan vurmuşdur.

28. Həmçinin iş materialları ilə sübut olunur ki, X1 idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh1 Sığorta Şirkəti ASC-də sığortalanmışdır.

29. Qanunvericiliyin tələbinə əsasən sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsindən sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

30. Iş materiallarından görünür ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya vurulmuş ziyanı 200 manat məbləğində qiymətləndirilmiş və bu barədə ##.##.2023-cü il tarixdə zərərin qiymətləndirilməsi barədə hesabat tərtib edilmişdir.

31. Lakin, iddiaçı sığorta şirkətinin təklif etdiyi məbləğ ilə razılaşmadığından məhkəməyə müraciət etmiş və dəymiş zərərin məbləğini təsdiq edən İddiaçı EŞM tərəfindən tərtib edilmiş smetasını sübut kimi məhkəməyə təqdim etmişdir. Həmin smetaya əsasən iddiaçıya dəymiş ziyanın həcmi cəmi 1560,29 manat təşkil etmişdir.

32. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə təqdim edilən iddiaçıya vurulmuş ziyanın 200 manat məbləğində qiymətləndirilməsi barədə hesabatı əsaslı sübut kimi qəbul etmir. Belə ki, həmin məbləğin hansı meyarlara əsasən hesablandığını müəyyən etmək mümkün olmur.

33. Bunun əksi olaraq məhkəmə kollegiyası iddiaçının məhkəməyə təqdim etdiyi dəymiş ziyanın məbləğini təsdiq edən Smetanı mötəbər sübut kimi qəbul edir.

34. Belə ki, iş materiallarında olan Podratçı “xxxx” MMC ilə Bakı Icra Hakimiyyətinin İddiaçı X5 arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, Pirallahı rayonu, Səməd Vurğun küçəsinin işıqlandırılması üçün yeni işıqlandırma sisteminin quraşdırılması üçün 1 ədəd Türkiyə istehsalı 10 m-lik işıq dirəyi – 778,33 manat, 2 ədəd işıqlandırıcı lampa – 597,49 manat, 1 ədəd özül hissənin bərpası – 119,04 manat, 1 ədəd Anker O20 – 65,59 manat, cəmi 1560,29 manat təşkil etmişdir.

35. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi dəymiş ziyanın məbləğini təsdiq edən xxxx göstərilən məbləğ yuxarıda qeyd edilən ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə ilə də öz təsdiqini tapmışdır.

36. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayətində qeyd etdiyi - dəymiş zərərin real və obyektiv müəyyən edilməsi məqsədilə müstəqil ekspertizasının təyin edilməsi zərurətinin olduğu barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar işin faktiki halları ilə öz təsdiqini tapdığından iş üzrə əlavə ekspertizanın keçirilməsinə zərurət yoxdur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov

Hakimlər, imzalar: Xumar Mərdanova

Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar