Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1195/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” X3 cavabdehlər cavabdeh1 və cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı mülki iş (Açar sözlər: «maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “xxxx” X3 nümayəndəsi X2, cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1, cavabdeh cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ##.##.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, cavabdeh1 ##.##.2024-cü il tarixdə “Daevo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
2. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti “xxxx” Elektrik şəbəkə müəssisənin direktoru Eldar Eldarova ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda göstərilib ki, Müşviqabad qəsəbəsində Daevo markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “xxxx” X3 maddi ziyan yetirmişdir.
3. Qaradağ rayon MKTB-nin baş mühəndisi N.İsmayılov, Mənzil Fondu İstismarı şöbəsinin müdiri K.Mirzəyev, digər tərəfdən “xxxx” EŞM-nin baş mühəndisi T.Məmmədov, Qaradağ TİRnin rəisi M.Novruzov, baş mühasib S.R.Böyükzadə və Texniki İstismar Xidmətinin rəisi K.Zeynalov tərəfindən tərtib edilmiş aktda göstərilib ki, işıqlandırma sistemi (38 ədəd sink örtüklü dirək 2 çıraqlı, 76 ədəd çıraq “Pelsan” 250 və s. cəmi 64.705 manat) əvəzsiz olaraq “xxxx” EŞMnin balansına təhvil verilmişdir.
4. “xxxx” X3 tərəfindən cavabdeh2 Sığorta Şirkəti ASC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda göstərilib ki, ##.##.2024-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Dairəvi yolda naməlum sürücü idarə etdiyi “xxxx” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müəssisənin balansında olan 1 ədəd işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəsinə 1029,60 manat məbləğində maddi ziyan dəymişdir. “xxxx” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh2 Sığorta Şirkətində sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq müəssisəsinə dəymiş maddi ziyana görə sığorta ödənişini aşağıda qeyd olunan bank hesabına köçürülməsini xahiş edilmişdir.
5. “xxxx” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2 Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı “xxxx” X3 vurulmuş 1029,60 manat maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, ##.##.2024-cü il tarixdə Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində cavabdeh1 idarə etdiyi “Daewoo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol- nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” X3 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəsinə 1029,60 manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə zamanı “Daevo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq “xxxx” X8 balansına verilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilərək, cavabdeh2 Sığorta Şirkəti ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi “xxxx” X3 xeyrinə 1.029,60 (bir min iyirmi doqquz manat, altmış qəpik) manat məbləğində pul tutulması və cavabdeh2 Sığorta Şirkəti ASCdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30,29 (otuz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutulması, o cümlədən iddia tələbi cavabdeh cavabdeh1 münasibətdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh1 cavabdeh2 SŞ ASC-də sığortalanmış “xxxx” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən zaman Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” X3 balansında olan işıq dirəyinə ziyan dəymişdir. Həmin hadisə nəticəsində cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ##.##.2024-cü il tarixdə Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində cavabdeh1 idarə etdiyi “Daewoo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol- nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” X3 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəsinə 1029,60 manat məbləğində maddi ziyan vurulmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Qaradağ RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən ##.##.2024-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Daewoo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh1 tanınmışdır. Hadisə zamanı “Daevo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq “xxxx” X8 balansına verilmişdir. Bu səbəbdən iddiaçı “xxxx” X3 vurulmuş 1029,60 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə hazırkı tələb üzrə cavabdeh2 Sığorta Şirkəti ASC ilə cavabdeh1 birgə cavabdehlik daşıması ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Məhkəmə iclasında müəyyən edilərək qeyd edilmişdir ki, hadisənin baş verdiyi ##.##.2024cü il tarixdə hadisəni törədən “Daewoo” BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi bağlanılmışdır. Belə olan halda hadisənin baş verdiyi ##.##.2024-cü il tarixdə həmin nəqliyyat vasitəsi üzrə sığorta şirkəti ilə sığorta münasibətləri yaranmışdır. Bu səbəbdən, qaldırılan tələb üzrə yalnız cavabdeh2 Sığorta Şirkəti ASC cavabdehlik daşımalıdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh cavabdeh1 təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Mülki hüquq pozuntusu törətmiş cavabdeh cavabdeh1 baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, eyni zamanda hadisə baş verən vaxt həmin nəqliyyat vasitəsi sığortalı olduğundan vurulmuş ziyan məbləğinin eyni zamanda cavabdeh1 də tutulması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. “İcbari sığortaları haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsindən sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-nin (nümayəndəsi X1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib göstərir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə cavabdeh2 Sığorta Şirkətində sığorta olunan avtomobilin törətdiyi hadisə nəticəsində iddiaçıya məxsus işıq dirəyinə ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və əmlakın təmir-bərpa xərcləri 200 AZN təşkil edir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmadığına görə, sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Baxılan iş üzrə də zərər məbləği cavabdeh tərəfindən müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etmişdir. Mülki Məcəllənin 927.1-ci maddəsinin məzmunundan da aydın olur ki, sığorta ödənişinin miqdarı nəqliyyat vasitəsinə dəyən real zərərin miqdarından çox ola bilməz. Sığortaçı əmlaka baxış keçirməklə ona dəymiş zərəri müəyyən etdiyi halda, məhkəmə zərər dəymiş əmlakın təmirini və ya bərpasını mümkün hesab etməyərək əmlakı tam məhv olmuş hesab etmiş və iddia tərəfin təqdim etdiyi smetanı mötəbər sübut hesab edərək işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyərinin 1029.60 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə əmlakı tam məhv olmuş hesab edərək sığortaçıdan 1029.60 manat məbləğində tam zərərin tutulması nəticəsinə gəlmişdirsə, bu halda sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq zərər dəymiş əmlakın qalıqları sığortaçıya keçməli idi. Lakin nə qalıqların mövcudluğu məsələsi araşdırılmış, nə də onların sığortaçıya verilməsi barədə hər hansı qərar qəbul edilmişdir. Əmlakın tam məhv olması faktı yalnız müvafiq ləğvetmə (silinmə) aktı ilə sübut edilə bilər. Belə bir sənədin iş materiallarında mövcud olmaması məhkəmənin əmlakı tam məhv olmuş hesab etməsi üçün hüquqi əsas yaratmır. Məbləğ mübahisəsi ilə bağlı məhkəməyə yazılı vəsatət təqdim edilərək, iddiaçıdan işıq dirəyinin məhv olması halında silinmə aktının, təmir edilməsi halında təmir aktının, saxlanılması halında isə əmlakın mövcud vəziyyəti barədə məlumatların, əmlakın məhz 1029.60 manata alınmasına dair alğı-satqı müqaviləsi, gömrük sənədləri, hesab- faktura və digər təsdiqedici sənədlərin tələb edilməsi, əlavə olaraq iş üzrə əmlaka dəymiş zərərin real və obyektiv müəyyən edilməsi məqsədilə müstəqil ekspertizasının təyin edilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçı “xxxx” X3 nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 da apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə iübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları sığortaçıya aid hissədə yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik sığortaçının etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.
24. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mübahisələndirilən hissədə mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
27. Əvvəla, cavabdeh sığorta şirkətinə qarşı iddia tələbi təmin edildiyindən, sığorta şirkətinin isə apellyasiya şikayətində yalnız zərərin həqiqi məbləğinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini xahiş etməsi ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin ona münasibətdə gəldiyi qənaət düzgün olub. Ancaq yalnız sığorta şirkətinə münasibətdə iddianın təmin edilməsini iddiaçı mübahisələndirmədiyindən, qətnamə yalnız cavabdeh sığortaçının mübahisələndirdiyi, yəni təmin edilən hissədə yoxlanılır. Demək ki, apellyasiya şikayəti üzrə qətnamənin yalnız iddianın təmin edilən hissəsi üzrə qərar qəbul edilə bilər.
28. Cavabdeh sığorta şirkəti apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etsə də bunun üçün qanuni əsas mövcud deyil. Çünki digər cavabdeh sürücünün idarə etdiyi avtobusla yol nəqliyyat hadisəsi törədərək iddiaçıya zərər vurması işin mübahisəsiz halıdır. Əslində şikayətin məzmunundan da bəll olur ki, sığorta şirkəti də yalnız zərərin məbləği hissəsini mübahisələndirir və dəlilləri ancaq bunlarla bağlıdır. Lakin bu cür dəlillər də qətnamənin ləğv edilməsi yaxud dəyişdirilməsi üçün əsas deyildir.
29. Əvvəla ona görə ki, sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərərin qiymətləndirilməsinə və təmir-bərpa xərclərinin 200 manat təşkil etdiyinə dair məhkəməyə və apellyasiya şikayətinə hər hansı bir mötəbər sübut təqdim etməyib. Əksinə birinci instansiya məhkəməsində nümayəndəsi iddiaçının onlara qarşı 50-yə yaxın iddiasının oduğunu, ziyan məbləği ilə bağlı tərəflərin razılığa gəldiyini, lakin iddiaçı tərəf ziyan məbləğinin nağd şəkildə ödənilməsini tələb etdiyi üçün həmin məbləğlərini ödəmədiyini göstərmişdir. İkincisi, iddiaçının təqdim etdiyi sübutlardan, eləcə də apellyasiya baxışı zamanı nümayəndəsinin izahatından bəlli oldu ki, zərərin məbləği işıq dirəyinin istismarda olduğu müddət(illər) nəzərə alınaraq hesablanır və hazırkı iş üzrə olan zərər məbləği də bu qaydada hesablanıb.
30. Göründüyü kimi, sığortaçının birinci instansiya məhkəməsində ziyanın məbləği ilə bağlı razılığa gəldiyini bəyan edərək sonradan isə apellyasiya şikayətində bu cür dəlillər göstərməsi anlaşılan olmamışdır. Ona görə iş üzrə hər hansı bir ekspertizanın keçirilməsinə də əsas və zərurət müəyyən edilmir.
31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh sığortaçı üçün üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın sığortaçıya aid hissədə təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.