Məhkəmə qərarları › İş №2(3-6)-1228/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1228/2026

01.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1228/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “ödənilmiş mənəvi ziyan məbləğinin reqres qaydada" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC tərəfindən X1 mənəvi ziyana görə ödənilmiş 20150 manat pul məbləğinin, 150.45 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 20300.85 manat məbləğində pul vəsaitinin reqres qaydada cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “ödənilmiş mənəvi ziyan məbləğinin reqres qaydada” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı MMC ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, iş üzrə Suraxanı rayon məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(*-***)-***/**** saylı qərardadının ləğv və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdikləri iddia tələbi deliktdən doğuran tələb olmaqla buna bundan öncə cəmiyyətə qarşı qaldırılmış və məhkəmənin məlum qətnaməsi ilə təmin edilmiş və icrası həyata keçirilmiş iddia tələbi məhz deliktdən irəli gələn tələbdir və bu da eyni qaydada cəmiyyətin delikt törətmiş şəxsə qarşı reqres qaydada iddia tələbi irəli sürməsinə əsaslı zəmin yaradır. Yəni, məhkəmənin qeyd etdiyi kimi, heç də əmək münasibətlərindən doğuran tələb deyil. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Kollegiya qeyd edir ki, tərəflər arasında münasibətlər əmək hüquq münasibətlərindən irəli gəlir. Bu kateqoriya işlər üçün mediasiya mərhələsi məcburidir. Lakin məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edilmədən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar