Məhkəmə qərarları › İş №2(3-6)-1234/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1234/2026

31.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1234/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı Səfərov Emin Asif oğlunun cavabdeh Əsgərov Məhəmməd Bəşir oğluna qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 25.02.2026-cı il tarixli 2(011)-6550/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsin və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardadın iş üzrə icraatın dayandırılmasına aid hissəsi ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, mübahisə maddi zərərin əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi hesab edib ki, mübahisənin düzgün həlli üçün bir sıra suallara ekspert tərəfindən cavab verilməsi zəruridir. Hazırda bu mövqeni qanunsuz hesab etmək üçün apellyasiya instansiyası məhkəməsinin istinad edə biləcəyi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə görə, ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququdur. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən qanunvericiliyin tələbini pozmayıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 25.02.2026-cı il tarixli 2(011)-6550/2025 nömrəli qərardadı iş üzrə icraatın dayandırılmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar