Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1235/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İskəndərova Gülçimən Mirzəhüseyn qızının cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İskəndərova Gülçimən Mirzəhüseyn qızının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və onun hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına təyin edilmiş vəkil Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, 583 əyarlı, çəkisi 213 qram olan qızıl-zinət əşyalarının, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyərinin – 6.500 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, qohumları tərəfindən ona verilmiş qızıl-zinət əşyalarını və özünə məxsus qızıl-zinət əşyalarını lombard fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-yə girov qoyaraq MMC-dən 6.500 manat məbləğində bor almışdır və bununla bağlı aralarında müvafiq müqavilələr bağlanmışdır. İddiaçı, müqavilədə nəzərdə tutulan müddətdə hər ay vaxtı-vaxtında 200-300 manat civarında pulu ödəməklə, 6 ay ərzində MMC-yə ümumilikdə 1.690 manat məbləğində pul ödəmişdir. İddiaçı bir müddət sonra MMC-yə yanaşdıqda özünü MMC-nin rəhbəri kimi təqdim etmiş cavabdeh bildirmişdir ki, ödənişlərdə gecikmə olduğu üçün iddiaçı tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları əridilərək, lom kimi satışa çıxarılacaq. İddiaçı ona məxsus əşyaların qaytarılması məqsədi ilə MMC-nin özünə və hətta polis orqanına müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi lombard sənədlərindən görünür ki, müvafiq kredit və girov müqavilələri iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış, iddiaçının bildirdiyi ödənişlər də onun tərəfindən MMC-yə ödənilmişdir. İddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl “xxxx” ilə məhz həmin MMC-yə müraciət etmişdir. İş üzrə cavabdeh isə həmin MMC-də qiymətləndirici vəzifəsində işləyir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh maddi hüquqi məsuliyyətin subyekti deyil, mülki hüququn əsas prinsiplərinə görə müqavilədən irəli gələn hüquq və vəzifələr yalnız müqavilə tərəflər üçün hüquqi nəticə doğurur. Cavabdeh qeyd edilən müqavilələr üzrə tərəf olmadığından və MMC-nin işçisi olduğundan, o, hazırkı iddiaya cavab verməli olan şəxs deyil. Buna görə və məhkəmə baxışı zamanı iddiaçı cavabdehi əsl cavabdeh ilə əvəz etmədiyi üçün iddia təmin edilməməlidir. c) apellyasiya şikayəti haqqında məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. İddiaçı və onun hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına təyin edilmiş vəkil Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, həmçinin iddia tələbinin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili əlavə olaraq bildirdi ki, iddiaçı hesab edir ki, iddiaya cavab verməli olan şəxs cavabdeh Cavabdehdir və qızıl-zinət əşyalarını və ya onların dəyərini də məhz Cavabdeh alınmalıdır.
8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (maddə 269.1.). Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (maddə 269.2.). Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (maddə 269.3.). Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (maddə 269.5.). Girov və ipoteka müqavilə üzrə əmələ gəlir (maddə 270.1.). Tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak açıq hərracdan satıldıqda girova xitam verilir (maddə 294.1.4.). Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (maddə 295.). Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir (maddə 302.7.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.).
11. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş lombard sənədlərindən görünür ki, müvafiq kredit və girov müqavilələri iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış, iddiaçının bildirdiyi ödənişlər də onun tərəfindən MMC-yə ödənilmişdir. İş üzrə cavabdeh isə həmin MMC-də qiymətləndirici vəzifəsində işləyir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı “xxxx” ilə həmin MMC-yə müraciət etmişdir.
12. Göründüyü kimi, hüquq münasibəti iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə “xxxx” MMC arasında yaranmışdır. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı cavabdehi əsl cavabdeh ilə əvəz etməmişdir.
13. Apellyasiya baxışı zamanı da, iddiaçı tərəf cavabdehi əsl cavabdeh ilə əvəz etməmişdir.
14. Bunları və cavabdehin iddiaçı qarşısında üzərinə hər hansı öhdəlik götürməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbini yuxarıda qeyd edilən əsasla təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəliləri formal mülahizə xarakteri daşıyır. f) apelyasiya baxışının nəticəsi
15. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır.
16. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPMin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
18. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İskəndərova Gülçimən Mirzəhüseyn qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı İskəndərova Gülçimən Mirzəhüseyn qızı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.