Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1262/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh Hacıqurbanlı Tural Isaq oğluna qarşı işi üzrə Açar sözlər:( “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair") hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Əliyev Xanlar Kamil oğlu və cavabdehin iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3013/2025 saylı işi üzrə 15.01.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) 28.03.2012-ci il tarixli 159 saylı kredit müqaviləsi üzrə cəmi 294168,87 manat, bundan 131028,05 manat əsas, 163140,82 manat faiz borcu və 585 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1ci yaşayış binanın B blokunda 4-cü mərtəbəsində 53 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlak ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 159 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 133000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK ilə Cavabdeh arasında bağlanmış 195/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 4-cü mərtəbəsində 53 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 4-cü mərtəbəsində 53 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında 28.03.2012-ci il tarixli 159/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-B-21-1012/2025 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Cavabdeh 08.01.2025-ci il tarixə 28.03.2012-ci il tarixli 159 saylı kredit müqaviləsi üzrə cəmi borcu 294168,87 manat təşkil edir. Bundan 131028,05 manat əsas, 163140,82 manat faiz borcu təşkil edir
2. Işin icraatı zamanı müəyyən edilmişdir ki: - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK ilə Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 195/R saylı müqaviləyə əsasən, Icraçı ilə Alıcı ilə tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 4 mərtəbəsində 53 saylı mənzilində yerləşməklə ümumi sahəsi 138 kv.m olmaqla 3 otaqdan ibarətdir. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1000 manat, cəmi 138000 manat məbləğində müəyyən edilir; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 159 nömrəli kredit müqaviləsinin surətinə əsasən, kreditor Borcalana Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məh., ev 1 ünvanında yerləşən binanın B blokunda 53 saylı mənzilin alınması üçün 180 ay müddətinə 133000 manat məbləğində kredit vermişdir; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 159/1 nömrəli Ipoteka Müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130- cu məh., ev 1 ünvanında yerləşən binanın B blokunda 53 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilmiş 14.03.2014-cü il tarixli arayışına əsasən, Cavabdeh 28.03.2012-ci il tarixdə 133.000 manat ipoteka kreditini bağlamışdır. Hal-hazırda banka heç bir borcu yuxdur; - Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 005922 nömrəli “adın, ata adının və soyadının dəyişdirilməsi” haqqında şəhadətnaməyə əsasən, Cavabdeh soyadını “Hacıqurbanlı”-ya dəyişdirdi; - Əmanətlərin Sığotalanması Fondu tərəfindən (Bağırzadə) Hacıqurbanlı Tural Isaq oğluna ünvanlanmış 22.01.2025-ci il tarixli pretenziyadan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi Idarəsinin 3-21-3-30/2- 1634/2026 saylı, 12 yanvar 2026-cı il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə B blokunun 4- cü mərtəbəsində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3013/2025 saylı işi üzrə 15.01.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 385.1, 386.1, 399.1, 442, 445, 445.2.1, 445.2.2, 445.7, 739; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119, 217.1, 220.4-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 28.03.2012-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh Hacıqurbanlı Tural Isaq oğluna 133000 manat məbləğində kredit verilmiş, həmin öhdəliyin təminatı kimi müvafiq mənzil ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda iş materiallarında Bank tərəfindən cavabdehə verilmiş 14.03.2014-cü il tarixli arayış mövcuddur. Həmin arayışdan açıq şəkildə görünür ki, cavabdeh 28.03.2012-ci il tarixli ipoteka kreditini bağlamış və banka hər hansı borcu qalmamışdır. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin arayışın qanunsuz verildiyini, sənəddə olan möhür və imzanın kim tərəfindən və hansı əsasla vurulduğunu bilmədiklərini bildirsə də, məhkəmə qeyd edir ki, arayış Bankın rəsmi blankında tərtib edilmiş, Bankın möhürü ilə təsdiq olunmuş və cavabdehə təqdim edilmiş rəsmi sənəddir. Iddiaçı həmin sənədin saxtalığını təsdiq edən hər hansı ekspertiza rəyi, daxili araşdırma nəticəsi, cinayət işi materialı və ya digər mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sənədin verilmə mexanizminin izah edilə bilməməsi və ya onun necə təqdim edildiyinin bilinməməsi həmin sənədin hüquqi qüvvəsini aradan qaldırmır. Hüquqi şəxs tərəfindən verilmiş və rəsmi qaydada təsdiqlənmiş sənəd onun özünün daxili fəaliyyətində yol verilmiş mümkün pozuntulara görə üçüncü şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. Bankın daxili nəzarət mexanizmlərində mövcud olmuş ola biləcək çatışmazlıqlar cavabdehin üzərinə mənfi nəticə kimi yüklənə bilməz. Məhkəmə hesab edir ki, kredit öhdəliyinin davam etməsi və ya borcun qalması faktı məhz kreditor tərəfindən sübuta yetirilməlidir. Iş materiallarında isə 2014-cü ildən sonra borcun mövcudluğunu təsdiq edən, öhdəliyin bərpa edildiyini və ya yenidən hesablandığını göstərən hər hansı ilkin maliyyə sənədi, hesab çıxarışı və ya müqavilə dəyişiklikləri təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş 14.03.2014-cü il tarixli arayış cavabdehin kredit öhdəliyini tam icra etməsini təsdiq edən mühüm və birbaşa sübutdur. Həmin sənədin etibarsızlığını və ya saxtalığını təsdiq edən mötəbər sübutlar olmadığı halda, onun hüquqi nəticələri nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə nəzərə alır ki, 14.03.2014-cü il tarixli arayışdan sonra uzun müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı tələb irəli sürülməməsi, borcun ödənilməsi ilə bağlı iddia qaldırılmaması və ya rəsmi xəbərdarlıq edilməməsi də iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Kredit münasibətlərində kreditorun uzun illər ərzində passiv davranışı və guya mövcud olan borcun tələb olunmaması, iş materiallarında borcun tam ödənildiyini təsdiq edən rəsmi arayışın mövcudluğu ilə birlikdə qiymətləndirildikdə, borc öhdəliyinin icra edildiyi barədə qənaəti daha da gücləndirir. Məhkəmə hesab edir ki, əgər iddiaçının göstərdiyi kimi borc həqiqətən mövcud olsaydı, kreditor tərəfindən həmin borcun vaxtında tələb edilməsi üçün zəruri tədbirlər görülərdi. Uzun müddət ərzində hər hansı tələb irəli sürülməməsi iddiaçının hazırkı mövqeyinin inandırıcılığını azaldan əlavə hal kimi qiymətləndirilir. Məhkəmə həmçinin iddianın digər hissələri olan tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi hissələri isə iddia tələbinin əsasını təşkil edən borcun ödənilmsəi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh Hacıqurbanlı Tural Isaq oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.01.2026-cı il tarixli, e-2(006)-3013/2025 saylı qətnaməsini ləğv edilməsini və Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 529.1; Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qeyd edir ki, “hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.” Qeyd etmək istəyir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK ilə Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 195/R saylı müqavilədən görünür ki, icraçı ilə alıcı tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1- ci yaşayış binasının B blokunda 4 mərtəbəsində 53 saylı mənzilində yerləşməklə ümumi sahəsi 138 kv.m olmaqla 3 otaqdan ibarətdir. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1000 manat, cəmi 138000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 159 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalana Bakı şəhəri, Xətai rayonu,Ə.Quliyev küçəsi, 1130-cu məh., ev 1 ünvanında yerləşən binanın B blokunda 53 saylı mənzilin alınması üçün 180 ay müddətinə 133.000 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.03.2012-ci il tarixli 159/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məh., ev 1 ünvanında yerləşən binanın B blokunda 53 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. 28.03.2012-ci il tarixli 159 saylı kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən Cavabdeh cəmi 294.168,87 manat, bundan 131.028,05 manat əsas, 163.140,82 manat faiz borcu mövcuddur. Tərəflərindən bütün sübutlar, tərəflər arasında bağlanmış müqavilələr, cavabdeh tərəfindən kreditin alınması üçün yazılmış ərizələr, maliyyə arayışı, hesabdan çıxarış, Mərkəzi Kredit Reysterindən çıxarış məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi əsassızdır. Məhkəmə qətnamədə “İddiaçıASC-nin Idarə Heyətinin sədri tərəfindən cavabdehə verilmiş 14.03.2014-cü il tarixli arayış mövcuddur. Həmin arayışdan açıq şəkildə görünür ki, cavabdeh 28.03.2012-ci il tarixli ipoteka kreditini bağlamış və banka hər hansı borcu qalmamışdır.” qeyd etmişdir. Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri – bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlərdir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Eyni zamanda həmin Qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Tərəflər arasındakı borc münasibətlərində yuxarıda göstərilən bəndlərdə qeyd edilmiş borcun icrasını təsdiq edən bank sənədlərinin tərifindən də göründüyü kimi cavabdeh tərəfindən verilən qeyd edilən arayış borcun icrasını təsdiq edə bilməz, çünki həmin məlumatlar mühasibat uçotunda əks olunmamışdır. Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra "nağd pulun mədaxili üçün elan"ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Lakin hesabdan çıxarışda borcun tam şəkildə icrası barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədləridir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənəddə göstərilən ödəniş bank sənədi hesab olunmur və şəxs tərəfindən təqdim edilən sənəd bank sənədi hesab olunmadığından öhdəliyin icra olunmasını təsdiq edən sənəd qüvvəsinə malik deyildir. Işə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Əliyev Xanlar Kamil oğlu apellyasiya şikayətini müdafiə etmiş və şikayətin dəlillərinə uyğun izahat verməklə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 317. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
10. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 28.03.2012-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh Hacıqurbanlı Tural Isaq oğluna 133000 manat məbləğində kredit verilmiş, həmin öhdəliyin təminatı kimi müvafiq mənzil ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda iş materiallarında Bank tərəfindən cavabdehə verilmiş 14.03.2014-cü il tarixli arayış mövcuddur. Həmin arayışdan açıq şəkildə görünür ki, cavabdeh 28.03.2012-ci il tarixli ipoteka kreditini bağlamış və banka hər hansı borcu qalmamışdır və arayış Bankın rəsmi blankında tərtib edilmiş, Bankın möhürü ilə təsdiq olunmuşdur. Iddiaçı həmin sənədin saxtalığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən uzun müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı tələb irəli sürülməmiş və bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, 14.03.2014-cü il tarixli arayışdan sonra uzun müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı tələb irəli sürülməməsi, borcun ödənilməsi ilə bağlı iddia qaldırılmaması və ya rəsmi xəbərdarlıq edilməməsi də iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Kredit münasibətlərində kreditorun uzun illər ərzində passiv davranışı və guya mövcud olan borcun tələb olunmaması, iş materiallarında borcun tam ödənildiyini təsdiq edən rəsmi arayışın mövcudluğu ilə birlikdə qiymətləndirildikdə, borc öhdəliyinin icra edildiyi barədə qənaəti daha da gücləndirir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəməyə kollegiyası qeyd edir ki, borcun mövcudluğunu kredit dosyesində təsbit edən təşkilatlar sübut etməlidirlər. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.
12. Beləliklə də, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3013/2025 saylı işi üzrə 15.01.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” Informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.