Məhkəmə qərarları › İş №2(3-6)-1263/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1263/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1263/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə gecikdirilmiş borc öhdəliyinə görə pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) hakimlər: X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə gecikdirilmiş borc öhdəliyinə görə pul vəsaitinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 27923,66 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 8235,90 manat borcun və ödənilmiş dövlət rüsumu 102,35 manat məbləğində pulun iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2016-cı il tarixdə İddiaçı QSC və Cavabdeh arasında *** nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 25 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İddiaçı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədənkənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi İddiaçı QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə cəmi 27923,66 manat pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh ## #### 2019-cu ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkərar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 8235,90 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla: 1) ##.##.2019 tarixindən ##.##.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 47 gün – 182.28 manat; 2) ##.##.2019 tarixindən ##.##.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1538 gün – 5906.94 manat; 3) ##.##.2023 tarixindən ##.##.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 30 gün – 114.49 manat; 4) ##.##.2023 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 61 gün – 231.30 manat; 5) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 30 gün – 113.02 manat; 6) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 34 gün – 127.16 manat); 7) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 35 gün – 129.95 manat: 8) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 20 gün – 73.71 manat; 9) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 109.75 manat; 10) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 34 gün – 123.46 manat; 11) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 108.12 manat; 12) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 32 gün – 114.46 manat; 13) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 24 gün – 85.19 manat; 14) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 8 gün – 28.39 manat; 15) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 27 gün – 95.10 manat; 16) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 33 gün – 115.34 manat; 17) ##.##.2024 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 104.04 manat; 18) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 26 gün – 89.79 manat; 19) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 31 gün – 106.60 manat; 20) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 42 gün – 143.80 manat; 21) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 19 gün – 65.05 manat; 22) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 19 gün – 67.96 manat olmaqla, ümumilikdə cəmi 8235,90 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim H.Miriyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh gecikdirilmiş əsas borc öhdəliyinə görə 6527,06 (altı min beş yüz iyirmi yeddi manat, altı qəpik) manat məbləğində faiz və ödənilmiş dövlət rüsumunun 81 (səksən bir) manat hissəsinin iddiaçı «xxxx» QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. İddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında ##.##.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin məhkəmə qətnaməsinə əsasən həmin tarixə 21.501,61 (iyirmi bir min beş yüz bir manat, altmış bir qəpik) manat əsas borc öhdəliyinin olması və məhkəmə qətnaməsi çıxarıldığı vaxtdan sonra da öhdəliyini tam şəkildə icra etməməsi işin mübahisəsiz hallarını təşkil etdiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsi tələbinin irəli sürülməsi əsas borc öhdəliyinə münasibətdə əsaslıdır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən irəli sürülən gecikdirilmiş vaxt üçün hesablanmış 8235,9 manat məbləğində pul vəsaiti məhkəmə qətnaməsi üzrə cavabdehdən tutulmalı olan 21.501,61 (iyirmi bir min beş yüz bir manat, altmış bir qəpik) manat əsas, 4134,19 (dörd min yüz otuz dörd manat, on doqquz qəpik) manat faiz borcu, 2256,96 (iki min iki yüz əlli altı manat, doxsan altı qəpik) manat cərimə borcu, 0,90 (doxsan qəpik) manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27.923,66 (iyirmi yeddi min doqquz yüz iyirmi üç manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinə münasibətdə hesablanmışdır. Borclu pul öhdəliyinin icrasını gecikdirdiyi halda faizdən faiz ödənilməsinin yolverilməzliyi qaydası tətbiq olunur (bu qayda Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tutulmuşdur). Qanunverici hər iki normada mürəkkəb faiz tətbiqini qadağan edərək, gecikdirmə faizlərinin məhz əsas borc qalığına, özü də əsas borcun qaytarıldığı günədək hesablandığını nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin “borcun onun təqaüdündən hissə-hissə tutulmasının nəzərə alınması” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, işdə olan hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdehin pensiyasından hər ay tutulmalar həyata keçirilməklə, ##.##.2025-ci il tarixə qalıq borcun məbləği 24.543,38 manat təşkil edir. Cavabdehin pensiyasından müvafiq tutulmalar qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllığa əsasən, qətnamə ilə müəyyən edilmiş cərimə və faiz borclarının silinməsinə yönəldilmiş, qət edilən 21.501,61 manat əsas borc hələ də ödənilməmiş qalmışdır. Odur ki, borcun cavabdehin pensiyasından hissə-hissə tutulmuş olması fərqli nəticəyə gəlinməsinə səbəb olmamalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi MM-nin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər-hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Qeyd olunmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinad etsə də, burada önəmli olan məsələlərdən biri olaraq əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesində cavabdeh tərəfindən hər-hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, yəni, icranın ləngiməsində cavabdehin hərhansı təqsirinin olub-olmamasını araşdırmamış və bu hissədə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunmalıdır ki, istinad olunan qərarlarda formalaşdırılmış hüquqi mövqelərə əsasən ümumiyyətlə məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmasına maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini MM-in müvafiq olaraq 21.3-və 425-ci maddəsinin tələbləri kontekstindən də qiymətləndirməlidir. Beləliklə, hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törədilibtörədilməməsi barədə yekun qənaətə məhkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər. Məhkəmə iclasında cavabdeh tərəfindən verilən izahatda əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını bir dəfəyə ödəməyə imkanının olmaması səbəbindən icra məmuruna müraciət etdiyini və borcun onun pensiyasından tutulduğunu və başqa gəlirinin olmadığını bildirsə də, məhkəmə cavabdehin bu dəlilini nəzərə almamış, ümumiyyətlə icra işini araşdırmamışdır. Əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı borclunun bank hesabında olan 17.600 manat məbləğə ##.##.2022-ci il il tarixli inkasso sərəncamı qoyulmuşdur. Bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

9. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (## ###### 2023cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya)

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarında olan «X1» QSC ilə Cavabdeh arasında bağlanmış ##.##.2016cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25% olmaqla, 27800 manat məbləğində kredit verilmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 21.501,61 (iyirmi bir min beş yüz bir manat, altmış bir qəpik) manat əsas, 4134,19 (dörd min yüz otuz dörd manat, on doqquz qəpik) manat faiz borcu, 2256,96 (iki min iki yüz əlli altı manat, doxsan altı qəpik) manat cərimə borcu, 0,90 (doxsan qəpik) manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27.923,66 (iyirmi yeddi min doqquz yüz iyirmi üç manat, altmış altı qəpik) manat məbləğində pulun alınaraq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın cavabdeh Cavabdeh tutulub Az.MEM, VÖEN 1700326621 hesabına köçürülməsi qət edilmişdir.

17. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli bildirişə əsasən məhkəmə qətnaməsi bu günə kimi icra olunmadığından ##.##.2025-ci il tarixinə ümumilikdə, cəmi 8235,90 manat məbləğində Banka maddi zərər dəymişdir. Odur ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə tələb olunur - Banka dəymiş cəmi 8235,90 manat məbləğində maddi zərərin 3 füc) gün müddəti ərzində təmin edilməsi və əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə Banka dəymiş maddi zərərin ödənilməsi tələbi ilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı QSC-nin maliyyə arayışına əsasən Cavabdeh ##.##.2025-ci il tarixə 5 faizlə hesablanmış ümumilikdə 8235,90 manat borcu vardır.

19. ##.##.2025-ci il tarixli, ************ nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 102,35 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir.

20. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə ödənilməsi müəyyən edilmiş 21.501,61 manat əsas, 4134,19 manat faiz borcu, 2256,96 manat cərimə borcu, 0,90 manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27.923,66 manat məbləğində ödənişinin gecikdirilməsinə görə 8235,90 manat borcun tutulmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən edilərək - əsas borc öhdəliyinin gecikdirilməsinə görə 6527,06 manat məbləğində pulun tutulması qət edilmişdir.

22. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndilir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsnə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya – tərəflər arasında olan hüquq münasibəti yaranan zaman qüvvədə olan)

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında göstərilir ki, “...Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.”

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında qeyd edilir ki, “...Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir.”

26. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Hazırkı iş üzrə borclu tərəfindən ##.##.2019-cu il tarixindən ##.##.2025-ci il tarixləri arasında icranın gecikdirilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən bunun əksini sübut edəcək hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi gecikdirilmiş vaxt üçün illik beş faiz pulun tutulmasını Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş bütün borc məbləğinə deyil, 21.501,61 manat əsas borc məbləğinə tətbiq edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

28. Belə ki, Mülki Məcəllənin tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyasında qeyd olunan 445.7-ci maddəsinin tələbinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir.

29. Bu tələb Mülki Məcəllənin 740.4-cü maddəsində də öz əksini tapır. Normanın tələbinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

30. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədi üzrə icra işi araşdırılmamış, icra məmuru tərəfindən cavabdehə məxsus bank hesablarına inkasso sərəncamı qoyulmasına hüquqi qiymət verilməmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırda cavabdehin şikayətin dəlili olaraq göstərildiyi hallar hazırkı mübahisə üzrə qiymət verilməli olan hallar deyil. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun həyata keçirdiyi hüquqi hərəkətlərdən narazı olduğu halda bunu ayrıca icra icraatı çərçivəsində mübahisələndirmək hüququna malikdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar