Məhkəmə qərarları › İş №2(3-6)-141/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-141/2026

27.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-141/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 İxtiyar oğluna qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi) Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullyayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 İxtiyar oğluna qarşı “kredit müqaviləsi üzrə pul tələbi” barədə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2024-cü il tarixli BF-****-**** saylı kredit müqaviləsindən (birdəfəlik kredit) görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh1 İxtiyar oğluna 48 ay müddətinə illik 18 % ödənilməsi şərti ilə 12.000 manat mikro istehlak krediti verilmişdir.

2. ##.##.2024-cü il tarixli kredit müqaviləsinə Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən ##.##.2024 - ##.##.2027-ci il tarixlərində hər ay 352,5 manat olmaqla, ##.##.2028-ci il tarixdə 352,48 manat pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur.

3. ##.##.2024-cü il tarixli BF-****-**** saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Bank”la “Borcalan” arasında bağlanmış şərtlər daxilində verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borcalan”ın öhdəliklərinin yerinə yetirilməsinə görə “Bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

4. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X2 9.754,69 manat əsas borc, 143,35 manat faiz borcu, 97,52 manat cərimə borcu olmaqla, cəmi 9.995,56 məbləğində vəsaitinin xəbərdarlıq alındığı günün növbəti iş günündən başlayaraq 3 iş günü müddətindən gec olmayaraq Banka ödənilməsi tələb edilmişdir. Bununla əlaqədar həmin borcu ödəmədiyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. ##.##.2025-ci il tarixinə təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh1 ##.##.2024-cü il tarixli BF-****-**** saylı kredit müqaviləsi (birdəfəlik kredit) üzrə İddiaçı ASCnə 9.754,69 manat əsas borc, 117,22 manat faiz, 5,33 manat cərimə borcu, cəmi 9.877,24 manat borcu vardır.

6. ##.##.2025-ci il tarixinə təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh1 İxtiyar oğlunun ##.##.2024-cü il tarixli BF-****-**** saylı kredit müqaviləsi (birdəfəlik kredit) üzrə İddiaçı ASC-nə 9.532,5 manat əsas borc, 0 manat faiz, 0 manat cərimə borcu, borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesablanmaqla 13,23 manat faiz borcu, cəmi 9.545,73 manat borcu vardır.

7. ##.##.2025-ci il tarixli **/**** saylı pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə ona məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ##.##.2024-cü il tarixli, BF-****-**** saylı kredit müqaviləsi üzrə 9.754,69 əsas, 117,22 manat faiz, 5,33 manat cərimə borcu olmaqla, cəmi 9.877,24 manat borcun və 118,78 manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanmış ##.##.2024-cü il tarixli, BF-****-**** saylı kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 12.000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. ##.##.2024-cü il tarixli, BF-****-**** saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 352,50 (üç yüz əlli iki manat əlli qəpik) manat təşkil edir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC, cavabdeh2 və cavabdeh1 İxtiyar oğlu arasında ##.##.2024-cü il tarixində BF-****-**** saylı üçtərəfli Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərdə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “cavabdehlər” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, BF-****-**** saylı Kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən “Bank Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank" tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, kredit müqaviləsi üzrə borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. ##.##.2025-ci il tarixinə hesablanmaqla ##.##.2024-cü il tarixli, BF-****-**** saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 9.877,24 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 9.754,69 manat əsas borcu, 117,22 manat faiz borcunu, 5,33 manat cərimə borcunu ehtiva edir.

10. Sonradan, iddiaçı İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 İxtiyar oğlundan və cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ##.##.2024cü il tarixli, BF-****-**** saylı kredit müqaviləsi üzrə 9.532,50 manat əsas və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Plenum qərarına əsasən illik 5% həddində hesablanmış 13,23 manat məbləğində gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 9.545,73 manat borcun və 118,78 manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 9.532,50 manat əsas borc, ##.##.2025-##.##.2025-ci il tarixləri üçün borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesablanmaqla, 12,23 faiz borcu, cəmi 9.545,73 manat borc məbləği və 118,78 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. (hakim Aynur Abdullayeva)

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Buna görə də ona qarşı irəli sürülmüş iddia tələbləri təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdeh cavabdeh2 aid hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər cavabdeh cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 386cı, 442-ci, 445-ci, 448-ci, 470-ci, 472-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 İxtiyar oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müəyyən edilmiş əsas borc, cərimə və faiz borcunun dəqiq hesablanması üçün məhkəmə bu barədə ekspertiza keçirməmişdir. Halbuki, bu miqdar düzgün hesablanmamışdır və məhkəmə ədalətli qətnamə qət etmək üçün ekspertiza keçirilməsi və faiz borcunun ekspertiza vasitəsilə hesablanması barədə qərardad qəbul etməli idi. Buna baxmayaraq, ədalət mühakiməsini həyata keçirən məhkəmə işi yetəri qədər araşdırmamış, həmçinin ekspertiza təyin etməyərək yalnızca iddiaçı İddiaçı ASC-nin təqdim etdiyi məlumatlara əsaslanaraq onun və digər cavabdehin hüquqlarını kobud şəkildə pozaraq ədalətsiz qətnamə qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

18. Cavabdehlər qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etmirlər, səbəbləri barədə məlumat daxil olmamışdır. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması ilə bağlı hissələrində dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

26. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin şişirdilmiş olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir.

27. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının ## #### 2026-cı il tarixli **/*** nömrəli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2024-cü il tarixli, BF-****-**** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 ## #### 2025-ci il tarixinə (sual üzrə tarixinə) İddiaçı ASCyə olan borcu 9444,33 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 9336,29 manat, faiz borcu üzrə 112.04 manat. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh1 İxtiyar oğlu tərəfindən ##.##.2025-ci il tarixdən sonra 200 manat məbləğində ödəniş aparılması müəyyən edilir.

23. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə qətnamə ilə qət edilən əsas məbləğ borcdan daha az borcunun olduğunu sübuta yetirə bilmir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi. Məhkəmə kollegiyası isə faiz məbləği ilə bağlı ## #### 2026-cı il tarixli **/*** nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, işin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə faiz borcuna aid hissədə də öhdəliyini lazımi qaydada icra etməmişdir. Lakin hesablanma ilə müəyyən edilmişdir ki, faiz borcunun məbləği iddiada qeyd ediləndən azdır. Bu baxımdan kollegiya hesab edir ki, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki cavabdeh cavabdeh1 İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi əsas və faiz borcu məbləğinə dair hissələrdə dəyişdirilsin, cavabdehlər cavabdeh2 və cavabdeh1 9336,29 manat əsas və 112.04 manat faiz borcu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 300 manat məbləğində pul cavabdeh cavabdeh1 İxtiyar oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi əsas və faiz borcu məbləğinə dair hissələrdə dəyişdirilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 İxtiyar oğlundan 9336,29 manat əsas və 112.04 manat faiz borcu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 300 manat məbləğində pul cavabdeh cavabdeh1 İxtiyar oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar