Məhkəmə qərarları › İş №2(3-6)-1414/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1414/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1414/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Yusifli İqbal İlham oğlunun cavabdeh Musayev İsa Vahid oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2021-ci il tarixli qətnamədən cavabdeh Musayev İsa Vahid oğlunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, “borcverən” olaraq onunla “borcalan” olaraq cavabdeh arasında ##.##.2018-ci il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsinə” əsasən yaranmış borcun ödənilməsi məqsədi ilə 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış ##.##.2018-ci il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçıdan faizsiz aldığı və ##.##.2018-ci il tarixədək qaytarmalı olan borcu bugünədək qaytarmamışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

3. İşə cavabdehin iştirakı olmadan baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında ##.##.2018-ci il tarixdə notariat qaydasında bağlanmış “Kredit müqaviləsindən” görünür ki, cavabdeh, ##.##.2018-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 10.000 manat məbləğində borc almışdır. Cavabdeh, məhkəmə iclaslarının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, iclaslara gəlməmiş, iddia tələbinə qarşı etirazlarını, müqavilədə qeyd edilən borcun onun tərəfindən iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icra etməsi sübuta yetmədiyindən iddia əsaslı hesab edilərək, təmin edilməlidir. c) apellyasiya şikayəti haqqında məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin hallarını tam araşdırmamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh iddiaçını ümumiyyətlə tanımır və iddiaçı tərəfindən cavabdehə borc pul verilməmişdir. Rayon Məhkəməsi “Kredit müqaviləsində” göstərilən məbləğin iddiaçı tərəfindən cavabdehə faktiki olaraq verilib-verilməməsi, həmin vəsaitin notariusun hesabına qoyulub-qoyulmaması və ya başqa qaydada cavabdehə təqdim olunub-olunmaması araşdırılmamışdır. İddiaçı da pulun faktiki verilməsini təsdiq edən hər hansı əlavə sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsi məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxaraq cavabdehin müdafiə hüququnu pozmuşdur. Belə ki, cavabdehin qeydiyyat ünvanı ünvan 2 lakin məhkəmə bildirişi ünvan 1 ünvanına göndərilmiş, zərf, onun üzərinə poçt xidməti tərəfindən “ünvan tam deyil” qeydi ilə geri qaytarılsa da, Rayon Məhkəməsi cavabdehin ünvanının müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı haqqında məlumat

7. Cavabdehin vəkili (nümayəndəsi) Əliyev İlqar Kamil oğlu apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir.

8. Cavabdeh və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışının növbəti iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

9. İddiaçı isə ərizələr ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə, qeyd edilənlərin işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iddiaçı ilə cavabdehin arasında * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanması qeyd edilən ##.##.2018-ci il tarixli “Kredit müqaviləsində” qeyd edilmişdir ki, cavabdeh, ##.##.2018-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 10.000 manat məbləğində pulu borc almışdır.

13. Apellyasiya şikayətində cavabdeh ona iddiaçı tərəfindən hər hansı məbləğdə borcun verilməməsini, hətta iddiaçı ilə onun bir-birini tanımadıqlarını qeyd etsə də, həmin “Kredit müqaviləsinin” tərkib hissəsi olan fotoşəkillərdən və fotoşəkillərdə əks olunan “saat qeydiyyatından” görünür ki, onların hər ikisi eyni anda həmin Notariat Ofisindən olmuş və müqavilənin bağlanmasında, imzalanmasında şəxsən iştirak etmişlər.

14. Odur ki, göstərilənləri və həmin müqavilədə əks olunmuş “10.000 manatı borc verir” və “10.000 manatı borc olaraq alır” ifadələrin mövcudluğunu nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri əsassızdır; cavabdeh həmin müqavilə əsasında iddiaçıdan 10.000 manat məbləğində borcu iddiaçıdan almışdır.

15. Bundan başqa Məhkəmə nəzərə alır ki, cavabdeh həmin müqavilənin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia verməmiş, müqavilənin bağlanması zamanı iradəsinin pozulmasına, aldadılmasına, zor tətbiq edilməsinə və ya müqavilənin saxtalaşdırılmasına istinad etməmişdir.

16. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə görə bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, digər şəxs isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

17. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən müqavilədə nəzərdə tutulmuş borcun iddiaçı tərəfindən cavabdehə verilməsi müəyyən edildiyindən, borcun iddiaçıya qaytarılmasının sübuta yetirilməsi “borcalan” olan cavabdehin üzərinə düşür, lakin o bu kimi halı sübuta yetirə bilmir. Baxmayaraq ki, apellyasiya baxışı icraatında cavabdehin sübutlar təqdim etmək imkanı olmuş, lakin o, onunla iddiaçı arasında ##.##.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinin” etibarsızlığını, saxtalaşdırıldığını və ya həmin müqavilədən irəli gələn öhdəliyin icra edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

19. Odur ki, işin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.

20. Apellyasiya şikayətinin “cavabdehin müdafiə hüququnun pozulması haqqında” dəlili ilə bağlı qeyd edilməlidir ki, həqiqətən də, iş üzrə cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Fətəli Ağayev küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, lakin işə baxmış Rayon Məhkəməsi iddiaçıya kağız daşıyıcıda ünvanlandığı məhkəmə bildirişlərini həmin ünvan üzrə deyil, ünvan 1 ünvanına göndərmiş və həmin bildirişlər, onların üzərinə poçt xidməti tərəfindən “ünvan tam deyil” qeydi ilə Rayon Məhkəməsinə geri qaytarılmışdır.

21. Lakin buna baxmayaraq iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya elektron daşıyıcıda ünvanlandığı sms məhkəmə bildirişlərini cavabdehin adına olan mobil telefon nömrəsinə göndərmişdir.

22. MPM-in tələblərinə görə, məhkəmə bildirişləri və bu maddədə qeyd edilən digər məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verməlidir (maddə 134.1.4.). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır (maddə 135.6.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.).

23. Qeyd edilən prosessual normaların tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi MPM-in 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızıdır. f) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Musayev İsa Vahid oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Cavabdeh Musayev İsa Vahid oğlu hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı Yusifli İqbal İlham oğlu hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar