Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1519/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1519/2026 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən ona vurulmuş 1000 manat maddi və 10.000 manat mənəvi zərərə görə pulun və ödənilmiş dövlət rüsumununun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2025-ci il tarixdə saat 14:08 radələrində Şirvan şəhəri İsmayılov küçəsində yerləşən xxxxə daxil olaraq, özünə saç boyası almaq istəmiş və bu səbəbdən də rəfləri gəzməyə başlamışdır. Hər zaman "Palette" markalı saç boyasından istifadə etdiyi üçün yenə də piştaxtadakı rəfləri gəzərək, özünə həmin saç boyasından seçərək, kassaya yaxınlaşmış və saç boyası üçün kassaya 6,79 manat pul ödəmişdir. Evə gedib həmin boyanı saçına qoymuş, bir neçə dəqiqə keçdikdən sonra baş dərisində və gözlərində göynəmə başlamış, özünü pis hiss etmiş və dərhal nəyinsə düzgün olmadığını anlamışdır. Bu səbəbdən də saç boyasının üzərində yazılmış istifadə müddətinə baxan zaman ona məlum olmuşdur ki,saç boyasının istifadə müddəti 2024-cü ilin iyul ayında, yəni 6 ay bundan əvvəl artıq bitmişdir. Bu səbəbdən də o saçını dərhal yumuş və yenidən xxxxa getmiş, piştaxtada olan digər məhsullara da baxmış və həmin məhsulların da istifadə müddətinin çoxdan keçdiyini görmüş və marketin məsul işçisi Günay adlı xanımdan nəyə görə vaxtı keçmiş məhsulları alıcılara satdıqlarını soruşduqda o, heç bir cavab verməmişdir. O bundan sonra oranı tərk etmiş və bundan sonra Ülkər Rəşid qızı adlı xanım zəng edərək, onunla danışaraq, onun haqlı olduğunu və ona sağlamlığı ilə bağlı dəymiş ziyana görə ona təzminat ödəyəcəklərini bildirmişdir. Bundan sonra keçən müddət ərzində cavabdeh tərəfindən heç bir xəbər çıxmadığı üçün artıq o özü ## ###### 2025-ci il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanada işləyən dəri həkimi olan X5 müraciət etmiş və həkimə başdərisində yaranmış allergik səpkiləri göstərmiş və o da müəyyən dərman reseptləri yazmış və həmin dərmanların təsir etməyəcəyi təqdirdə ona stasionar müşahidə altında müalicə olmağı təklif etmişdir. O hesab edir ki, cavabdehin təqsiri üzündən maddi və mənəvi ziyan çəkmiş və ən əsası da odur ki, cavabdeh könüllü şəkildə ona heç bir ziyan ödəmək istəmir. Onun sağlamlığına vurulmuş ziyanla əlaqədar həkim tərəfindən ona yazılmış reseptlərlə almış olduğu dərmanlara da nəqliyyat xərcləri ilə birlikdə 1000 manatdan çox pul xərcləmişdir. Hələ Bakıya həkimlərə gedərkən özəl klinikalarda da məsləhət və müalicə almağı ilə əlaqədar və orada qalarkən otellərə də pul ödəmişdir. Lakin harada olmağı ilə əlaqədar sənədləri olsa da nə qədər pul ödəməyi barədə qəbzləri yoxdur.Belə bir vəziyyətin yarana biləcəyini, yəni cavabdehin ona könüllü şəkildə təzminat ödəməyəcəyini bilsə idi, o zaman işini ehtiyatla görərdi. Bu cəhətdən də cavabdeh onu aldadaraq bu günə qədər ona bir manat da olsun könüllü şəkildə təzminat ödəmədiyi üçün o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Digər tərəfdən hadisədən sonra keçirmiş olduğu stressləri, ağrıları o, mənəvi zərər kimi qiymətləndirir, hazırda keçirmiş olduğu stresslər nəticəsində sol qolun da da hərəkət məhdudluğu yaranmışdır və hesab edir ki, ona dəymiş mənəvi zərərin məbləği 10000 manat civarında qiymətləndirilməlidir. Lakin cavabdehin ona heç bir formada köməklik göstərməməsi səbəbindən də o, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi qismində 1000 manat, mənəvi ziyanın əvəzi qismində 5000 manat, ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və ödənilmiş 250 manat ekspertiza xərci tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir.
4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115, 1128.1, 1128.3, 1129.1, 1129.4, 1130.1, 1131, 1132-ci maddələrinə, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6, 10, 12, 21-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının əldə etdiyi məhsula görə səhhətində yaranmış problemlərlə bağlı cavabdehin bilavasitə təqsirli olması, hazırki işin halları ilə müəyyən olunmur. Belə ki, iş üzrə məhkəmə tədqiqatının nəticəsindən məlum olur ki, iddiaçı səhhətində yaranmış problem boya məhsullarının zərərli təsirlərindən formalaşan dermatit xəstəliyidir. Göründüyü kimi, xəstəliyin bilavasitə necə yaranması ilə əlaqədar mülahizələr əsaslandırılmadan, formal ehtimallara istinad olunmaqla rəy çıxarılmışdır. Həmçinin məhkəmə araşdırmamışdır ki, birbaşa olaraq niyə məhz 9 ay sonra ekspert yoxlanışı keçirilmişdir, səhhətə dəymiş ziyan bu müddət ərzində digər bir boya məhsulunun istehlakından da yarana bilərdi. Bu barədə vəsatət vermələrinə baxmayaraq, vəsatətləri təmin olunmamış, əlavə ekspertiza keçirilməmişdir.
b) Proses iştirakçılarının izahatı
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, boya, həqiqətən də vaxtı keçmiş olub və təşkilat bununla əlaqədar inzibati tənbehlə cəzalandırılmış və cərimə olunmuşdur. Lakin savayı ekspert rəyi faktiki olaraq məhsulun cavabdehdən alınmasından 9 ay sonra baş vermiş “zərərə” istinadən tərtib olunmuşdur ki, burada zərərin məhz həmin boyadan qaynaqlanmasını cari rəylə müəyyən etmək mümkün deyildir. Tərəflərindən müvafiq məsələnin həlli istiqamətində mülahizələrin aydınlaşdırılması üçün ekspertiza keçirilməsinə dair vəsatət verilməsinə baxmayaraq, məhkəmə tərəfindən təmin olunmamışdır. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını Kollegiyadan xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, boyanı almış, sonra evə gəlib istifadə etdikdən sonra dərisində yanma baş vermiş, səhhətində ciddi narahatlıqlar yaranmışdır. Bununla əlaqədar cavabdehlə əlaqə saxlamış, sonuncunun nümayəndəsi Ülkər Rəşid qızı adlı xanım onunla əlaqə saxlayaraq, problemin aradan qalxacağını və kompensasiya ediləcəyini bildirmişdir. Dəri-zöhrəvi həkimə getmiş və diaqnoz belə olmuşdur ki, yaranmış problemlər boya ilə əlaqədar olmuşdur. O, ağır şəkər xəstəsidir, bu hadisədən sonra kəskin əsəb, stress keçirmişdir. Lakin buna baxmayaraq mənəvi ziyanın 4.000 manata azaldılmasına etiraz etmir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
16. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (xxxx), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
18. Maddə 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır.
19. Maddə 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.
20. Maddə 1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir.
21. Maddə 1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir.
22. Maddə 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin xxxxsı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
23. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
“İstehlakçı hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanunu
24. Maddə 6.2. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən qida məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir.
25. Maddə 10. İstehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz olmasına hüquqları. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara (işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir. İstehsalçı (xxxx) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə borcludur.
26. Maddə 12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (xxxx, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
27. Maddə 21. Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı
28. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
29. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
30. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı
31. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci il ## ###### tarixli qərarı
32. Qərarın 3.3.2-ci bəndinə əsasən, Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur.
33. Həmin Qərarın 3.3.3-cü bəndinə əsasən, istehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15ci bəndində göstərilən qayda nəzərə alınmalıdır.
34. Qərarın 3.3.4-cü bəndinə əsasən, İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (xxxx, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “xxxx” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir.
35. Qərarın 3.3.5-ci bəndinə əsasən, istehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki iş üzrə cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya ilk növbədə apelyasiya şikayətinin maddi ziyanın tutulmasına dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
44. Belə ki, apelyator öz mövqeyində iddiaçının istifadə etdiyi saç boyasının, həqiqətən, saxlama müddətinin ötdüyünü qəbul etsə də, bu barədə tibbi ekspertizanın hadisənin baş verməsindən uzun müddət sonra aparıldığını, bu aralıqda iddiaçının başqa saç boyasından da istifadə etmək ehtimalının mövcud olduğunu, bu halda iddiaçının saç dərisinə dəymiş ziyanla cavabdehin təqsiri arasında səbəbli əlaqənin müəyyən olunmadığını bildirmişdir.
45. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Cavabdeh MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanlanan ## #### 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də inzibati-təsərrüfat funksiyasını həyata keçirən, vəzifəli şəxs X4 barəsində Şirvan Şəhər Prokurorluğu tərəfindən, onun müraciəti əsasında təqdim edilən inzibati xəta haqqında iş üzrə qərar və materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır, təqdim olunan materiallara baxış zamanı Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən "OBA" marketdə saxlama müddəti ötmüş "Palette" markalı saç boyasının satıldığı müəyyən olunmuş və bununla əlaqədar vəzifəli şəxs G.Hüseynova İnzibati Xətalar Məcəlləsinin 447.0.2ci maddəsinə əsasən Agentliyin ##.##.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir.
46. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
47. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
48. Yuxarıda göstərilən iş materiallarından, həmçinin cavabdehin nümayəndəsinin izahatında da aydın olduğu kimi, Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən "OBA" marketdə saxlama müddəti ötmüş "Palette" markalı saç boyasının satıldığı müəyyən edilmiş, İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək iki fərqli orqan tərəfindən barəsində 4000 manat və 1500 manat məbləğində olmaqla inzibati cərimə tətbiq edilmişdir.
49. Həmçinin birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsi mübahisə üzrə verdiyi ***/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyində göstərmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda "Boyacı maddələrin təsirindən törəyən dəqiqləşdirilməmiş təmas dermatiti"nin olduğu müəyyən edilmişdir ki, bu da saç boyasının istifadəsi ilə əlaqədar yaranmışdır, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi, iş materiallarına əlavə edilmiş resept blanklarında qeyd olunan dərman preparatları saç boyasının istifadəsi nəticəsində İddiaçı vəziyyətində yaranmış şikayətlərlə əlaqədar nəzərdə tutulmuşdur.
50. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Mərkəzi Ekspertiza Bürosunun mübahisə üzrə verdiyi MEB-***-**** saylı, ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərmişdir ki, iş materiallarında olan 8, 9, 10, 12, 34, 35 və 36-cı səhifələrdə yerləşən reseptlərdə göstərilən dərman vasitələrinin qiyməti 1.048,94 manat, iş materiallarında olan 13,14,15 və 16-cı səhifələrdə yerləşən analizlərin həmin tibb müəssisələrində qiyməti 93 manat, reseptlər və analizlər üzrə ümumi xərclərin məbləği 1.141,94 manat təşkil edir.
51. Beləliklə, iş materiallarındakı dəlillərlə təsdiq olunur ki, iddiaçıya saxlanma müddəti keçmiş boyanın istifadəsi nəticəsində ziyan dəymiş, cavabdeh orqana eyni əsasla inzibati tənbeh verilmiş və cavabdehin əməli təqsirli hesab edilmişdir. Apelyator dəymiş ziyanla cavabdehin təqsiri arasında səbəbli əlaqənin mövcudluğuna dair dəlil olmadığını qeyd etsə də, əvvəla, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma məhz iddiaçının adıçəkilən quruma müraciəti əsasında aparılmış və həmin araşdırmanın nəticəsində cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmişdir. O cümlədən bu cür səbəbli əlaqənin istisna edilməsi, yaxud ziyanın hadisənin baş verməsi ilə ekspertizanın keçirildiyi aralıqda istifadə olunan başqa boyadan yaranması ehtimalını nəzərə keçirmək üçün hər hansı mötəbər əsas olmamış, bu mülahizə sadəcə ehtimallara söykənmişdir.
52. Odur ki, kollegiya maddi ziyanın tutulması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
53. Mənəvi ziyanın tutulması ilə bağlı hissəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Plenumunun ## ###### 2025-ci il tarixli ** saylı Qərarının 3.3.2ci bəndinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur.
54. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır.
55. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir.
56. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
57. Məhkəmə kollegiyası cavabdehin iddianın mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin alıcıya (istehlakçıya) qüsurlu malı təqdim etməsini qəbul etməsi işin mübahisəsiz halıdır. Bu fakt müvafiq olaraq, inzibati xətalara dair cavabdeh barəsində tətbiq olunmuş tənbeh tədbirlərində də sübut olunmuşdur. Beləliklə, cavabdehin qüsurlu malı təqdim etməsi iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, istehlakçının qüsurlu malın təsirləri nəticəsində səhhətində baş verən neqativ dəyişikliklər və bu dəyişikliklərin bilavasitə məhz qüsurlu malın istifadə olunmasından sonra yaranması və bütün bunların əhatəsində iddiaçının şüurunda, həqiqətən də, mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır.
58. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və xxxx arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin dövlətin başlıca öhdəliklərindəndir. Dövlət bu sahədə müvafiq tənzimlənmə həyata keçirilməklə, istehlakçı və istehsalçı arasında birbaşa etimadın təşkilini və bu tənzimləmədən irəli gələn iqtisadi inkişafı hədəfləyir.
59. Bu istiqamətdə istehlakçıların hüquqlarının pozulması gələcəkdə bazar münasibətlərinin inkişafına zərbə vurulmaqla bərabər, hüquqi müdafiənin nəticəsiz qalması vətəndaşların dövlətə olan etimadını sarsıda bilər.
60. Hazırda işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıya qüsurlu mal təqdim olunmuş, lakin bu istiqamətdə istehlakçı yaranmış zərərin aradan qaldırılması istiqamətində hər hansı tədbir görməmişdir. BMT-nin 1985-ci il tarixli “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” “Rəhbər Pinsiplər” adlanan beynəlxalq sənəddə müvafiq sahədə ən başlıca prinsip kimi “fiziki təhlükəsizlik” prinsipinə istinad olunmuşdur.
61. Müvafiq prinsipə əsasən, istehsal olunan mallar birbaşa və ya bilavasitə təyinatı zamanı istehlak olunarsa, onların təhlükəsizliyinə dair dövlətlər tərəfindən qəbul olunan normativ hüquqi aktlar beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Dövlətlər mal istehsal edərkən burada istehlak şəraiti təhlükəsiz olmalıdır. Malların təhlükəli olmasına səbəb olan amillər aradan qaldırılmalıdır. Malın istehlakına dair bütün məlumatlar istehlakçıya verilməlidir.Dövlətlər satış dövriyyəsində olan malın aşağı keyfiyyətliyini təcili aradan qaldırmalı, satışdan götürməli və istehlakçıya dəyən ziyanı ödəməlidirlər.
62. Göründüyü kimi, bu sahədə fiziki təhlükəsizlik prinsipinin əhəmiyyəti, istehlakçının qüsursuz məhsula əlçatanlılığının təmin olunması, bu mümkün olmadığı təqdirdə yaranmış qüsurların aradan qaldırılmasının təmini həyata keçirilməsində özünü göstərir. Bu zaman yaranmış qüsur nəticəsində istehlakçıya birbaşa fiziki zərər dəyib-dəyməməsindən asılı olmayaraq, qüsurlu məhsulun istehsalçısı məsuliyyət daşıyır.
63. İşin hallarından da məlum olur ki, iddiaçıya qüsurlu məhsul cavabdeh tərəfindən təqdim edilmişdir. İddiaçının keçirdiyi sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.
64. Lakin burada cavabdehin qüsurlu malın təqdim olunmasından sonrakı hərəkətləri də nəzərə alınmalıdır. Belə ki, cavabdeh barəsində tərəfin şikayəti əsasında tənbeh tətbiq edilməsi, həmçinin inzibati qaydada cərimə olunması, həmçinin iddiaçının tələbin güzəştinə dair izahatları da nəzərə alınmalıdır. Mənəvi ziyana dair məbləğ müəyyənləşdirilməsi zamanı birmənalı bu hal göz önündə olmalıdır ki, müvafiq kompensasiya şəxsin təkrarən “cəzalandırılması” ilə nəticələnməməlidir.
65. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipi də buna dəlalət edərək, şəxs barəsində təkrarən cəzalanmanın qarşısını alır. Qeyd olunanlara əsasən və iddiaçının öz izahatında mənəvi ziyanın 4.000 manat həcmində müəyyən olunmasına etiraz etmədiyini rəhbər tutaraq, kompensasiya həcminin bu məbləğdə təmin olunması Kollegiya tərəfindən ağlabatan hesab edilir.
66. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 4.000 (dörd min) manat həcmində müəyyənləşdirməyi, qətnaməni qalan hissədə dəyişdirməməyi məqsədəuyğun hesab edir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri onu ödəmiş şəxsin özünə aid olunmalıdır.
72. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi qismində 4000 (dörd min) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev