Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2424/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qurbanova Aynur Sahib qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla, iddiaçı barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon prokurorunun “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin ##.##.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş, iddiaçının təqsirləndirilən şəxs statusundan çıxmış hesab edilməklə saxlandığı Bakı İstintaq Təcridxanasından azad olunması qərar alınmışdır. Bakı Istintaq Təcridaxanasının məlumatına əsasən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində CM-nin 234.4.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə saxlanılıb və Binəqədi rayon prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar ləğv edilərək, ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdən azad olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 5.000 manat və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, onun barəsində ## ###### 2025-ci il tarixdə Binəqədi RPİ-nin müstəntiqi, R Tahir Rəcəbli tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmim tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ##.##.2025-ci il tarixdə Bakı şəhər prokuroru, 3-cü dərəcəli R Elşən Abbasov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti ##.##.2025-ci tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır. ##.##.2025-ci il tarixli Binəqədi Rayon prokuroru, R X2 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi haqqında” Qərarı ilə müəyyən edilmişdir ki, cinayət işinin ibtidai istintaqı və ilkin təhqiqat yoxlaması zamanı AR CPM-nin tələbləri pozulmaqla ciddi qanun pozuntularına yol verilmişdir və ##.##.2025-ci il tarixli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Nəticədə o, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək 5 ay 2 gün müddətində azadlığı qanunsuz məhdudlaşdırılmaqla Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Hesab etmişdir ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Belə ki, o, gəlir əldə etmək imkanından məhrum olunmuş, sağlamlığında bir sıra mənfi dəyişikliklər baş vermiş, immuniteti olduqca zəifləmişdir. Həmin müddət ərzində nəinki o, eləcə də himayəsində olan ailəsi maddi çətinliklər çəkmiş, həmçinin mənəvi iztirablara məruz qalmış, yaşadığı ərazidə və əvvəllər işlədiyi kollektivdə haqsız yerə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətmiş şəxs kimi tanınmışdır. Qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə və həbsdə saxlanılma ilə əlaqədar vəkilə ödənilmiş pul, 5 ay 2 gün müddətində həbsdə qanunsuz saxılanıldığı vaxtda ailə üzvlərinin onun üçün çəkdikləri yemək və yol xərcləri 3.000 manat təşkil etmiş, həmin vaxt işləyə biləcəyi halda, evini dolandıra biləcək halda 2025-ci il fevral-iyul ayları üçün hər ay 400 manat minimum əmək haqqı olmaqla, həbsdə saxlandığı müddətdə ümumilikdə minimum 2.000 manat əmək haqqından məhrum olmuşdur. Bundan başqa, həbsdə saxlanıldığı müddətdə keçirdiyi istirablar, mənəvi sarsıntı, etmədiyi əmələ görə qanunsuz məsuliyyətə cəlb edilərək öz yoldaşlarının yanında utanması, ailə üzvlərini olmayan iztirablara məruz qoyması ilə əlaqədar ona 20.000 manat mənəvi ziyan vurulmuşdur. Ona görə də hesab etmişdir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
4. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçı İddiaçı xeyrinə 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X4)
6. Məhkəmə mülki qanunvericiliyin müddəalarına istinad edərək qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin sonradan aparılmış cinayət təqibi üzrə icraat bəraətverici əsaslarla xitam olunmuşdur. Bununla da iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsinin və azadlıqdan məhrum edilməsinin hüquqi əsasının mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallara əsasən iddiaçı faktiki olaraq ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək, yəni təxminən 5 ay 2 gün müddətində azadlıqdan məhrum edilmişdir. Bu müddət ərzində iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri nəticəsində onun hərəkət azadlığı tam şəkildə məhdudlaşdırılmış, nəticədə o, qanunsuz olaraq azadlıq hüququndan məhrum edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının pozulmuş əsas hüququ məhz azadlıq hüququ olmuşdur və bu pozuntu öz mahiyyətinə görə şəxsin şəxsiyyət hüquqlarına ciddi müdaxilə təşkil edir.
8. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, şəxsiyyət hüquqlarının, xüsusilə də azadlıq hüququ kimi fundamental hüququn pozulması hallarında mənəvi zərərin mövcudluğu ayrıca sübuta ehtiyac duymur. Belə ki, hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul edilmiş yanaşmaya görə, əgər şəxsin şəxsiyyət hüquqlarına müdaxilə faktı müəyyən edilirsə, bu müdaxilənin həmin şəxs üçün mənəvi iztirab və psixoloji sarsıntı yaratdığı prezumpsiya olunur. Başqa sözlə, belə hallarda mənəvi zərərin mövcudluğu hüquq pozuntusunun özündən irəli gəlir.
9. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi faktı onun mənəvi sarsıntı keçirməsinə, şəxsi təhlükəsizlik və ədalət duyğusunun zədələnməsinə, eyni zamanda cəmiyyətdəki nüfuzuna və sosial münasibətlərinə mənfi təsir göstərməsinə səbəb olmuşdur. Azadlıqdan məhrum edilmə kimi ağır müdaxilə şəxs üçün yalnız fiziki məhdudiyyətlərlə kifayətlənmir, həm də onun psixoloji vəziyyətinə, ictimai həyatına və gələcək sosial münasibətlərinə təsir göstərən dərin mənəvi izlər buraxır. Mənəvi zərərin kompensasiyasının müəyyən edilməsi zamanı məhkəmə kompensasiyanın formasını və məbləğini müəyyən etməlidir. Hazırkı iş üzrə iddiaçının tələbi mənəvi zərərin pul ilə kompensasiyası şəklində ödənilməsindən ibarətdir. Məhkəmə kompensasiyanın məbləğini müəyyən edərkən zərərçəkənin şəxsiyyətini, hüquq pozuntusunun xarakterini və ağırlığını, azadlıq hüququnun məhdudlaşdırılmasının müddətini, baş vermə şəraitini, eləcə də ədalət və ağlabatanlıq meyarlarını nəzərə almalıdır. Bu zaman kompensasiyanın məbləği bir tərəfdən hüquq pozuntusunun ağırlığına adekvat olmalı, digər tərəfdən isə nə həddən artıq cüzi müəyyən edilməli, nə də əsassız şəkildə şişirdilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, mənəvi zərərin kompensasiyası real və hiss edilə bilən səviyyədə müəyyən edilməlidir. Çünki belə kompensasiya yalnız zərərçəkmiş şəxsin pozulmuş mənəvi tarazlığının müəyyən dərəcədə bərpasına xidmət etməməli, eyni zamanda gələcəkdə bu cür hüquq pozuntularının qarşısının alınması baxımından çəkindirici hüquqi təsirə də malik olmalıdır. Bununla yanaşı, kompensasiyanın məbləği cavabdeh üzərinə həddindən artıq maliyyə yükü qoymaqla əsassız varlanma vasitəsinə çevrilməməlidir.
11. Məhkəmə iş üzrə bütün halları, xüsusilə iddiaçının təqsiri olmadan təxminən 5 ay müddətində azadlıqdan məhrum edilməsini, bunun onun psixoloji vəziyyətinə və sosial nüfuzuna təsirini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hər ay üçün 1.000 manat məbləğində kompensasiya müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilə bilər. Beləliklə, məhkəmə 5 aylıq müddət üzrə hər ay üçün 1.000 manat olmaqla (5 × 1.000 = 5.000 manat) iddiaçıya ümumilikdə, 5.000 manat məbləğində mənəvi zərərin pul ilə kompensasiyasının ödənilməsini hüquq pozuntusunun xarakterinə uyğun, ədalətli və ağlabatan hesab etmişdir. Bu məbləğ bir tərəfdən iddiaçının qanunsuz olaraq məhdudlaşdırılmış azadlıq hüququnun nəticələrinin müəyyən dərəcədə kompensasiyasına xidmət edir, digər tərəfdən isə hüquqi dövlət prinsiplərinə uyğun olaraq şəxsin fundamental hüquqlarına müdaxilənin yolverilməzliyini bir daha təsdiq edir.
12. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin qətnamədə göstərilən normalarının məzmunundan aydın olur ki, hüquq-mühafizə orqanlarının bu kimi hallarda yol verdiyi qanunsuz hərəkətlər nəticəsində şəxslərə dəymiş zərərə görə məsuliyyəti bilavasitə Azərbaycan Respublikası daşıyır. Belə məsuliyyət hüquqi mahiyyətinə görə təqsirdən asılı olmayan (təqsirsiz) məsuliyyət növüdür. Bu yanaşma hüquqi dövlət prinsipindən və şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən effektiv müdafiəsi zərurətindən irəli gəlir. Çünki dövlət adından fəaliyyət göstərən hüquq-mühafizə və istintaq orqanlarının qanunsuz qərar və hərəkətlərinin nəticələrinə görə riskin və məsuliyyətin də məhz dövlət tərəfindən daşınması hüquqi ədalətin və hüquqi müəyyənliyin təmin edilməsinin vacib elementidir.
13. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, belə hallarda zərərin ödənilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Dövlət büdcəsinin icrası və idarə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği dövlət büdcəsindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü, 1096-1097-ci, 1101.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 121.1-ci, 217-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Plenum qərarına və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.), ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də, dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 1.000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Azərbaycan Respublikasında zərər çəkmiş şəxsə verilən kompensasiyanın miqdarı Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə kompensasiyanın məbləği həmin miqdardan yüksək müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin qeyd edilir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
21. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
24. Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
26. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının: 2.5.1-ci bəndinə əsasən azadlıq hüququ – şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququdur; 2.5.2-ci bəndinə əsasən bu hüquq Konstitusiyanın 28-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi, habelə Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur və yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər; 2.5.3-cü bəndinə əsasən cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur; 4.10-cu bəndinə əsasən şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması; 4.12-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır; 4.16-cı bəndinə əsasən kompensasiya tələbləri mülki hüquq pozuntusundan (delikt) irəli gəldiyi halda, həmin tələbin hüquqi əsasını Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin və (və ya) digər aidiyyəti normativ hüquqi aktların müddəaları (məsələn, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Media haqqında” və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və Mülki Məcəllənin 9-cu bölməsinin müvafiq normaları təşkil edir; 4.18-ci bəndinə əsasən hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Məsələn, şəxsiyyətin alçaldılması, razılıq 24 olmadan ailə və şəxsi həyat sirrinin ictimailəşdirilməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, tibbi müdaxilənin vaxtında və keyfiyyətli edilməməsi, qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, qanunsuz olaraq ölkədən çıxışa qadağa qoyma, qüsurlu malın satılması və ya xidmətin göstərilməsi, fərdi yaşayış evinin söküntüsünə dair inzibati orqanın qanunsuz inzibati aktı nəticəsində şəxsin yeganə yaşayış yerindən məhrum edilməsi və s; 4.33-cü bəndinə əsasən lazımi diqqət və etinaya əsaslanan məsuliyyət növünə hüquqi və ya fiziki şəxsin öz işçisinin, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının, yetkinlik yaşına çatmayanların, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış, yaxud öz hərəkətlərinin mənasını başa düşə bilməyən fiziki şəxslərin, heyvanın, tibb müəssisəsinin vurduğu, habelə binanın uçması nəticəsində vurulmuş zərərə görə məsuliyyət aiddir. Təhlükə məsuliyyəti növünə isə ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət aiddir; 4.34-cü bəndinə əsasən növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır; 4.35-ci bəndinə əsasən bundan fərqli olaraq, həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır; 4.43-cü bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır; 4.46-cı bəndinə əsasən ilk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət); 4.47-ci bəndinə əsasən dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır; 4.51-ci bəndinə əsasən bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir; 4.52-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır; 4.57-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən zərərin həcminin müəyyənləşdirilməsi üzrə ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan digər xüsusiyyətlər də nəzərə alınmalıdır; 4.58-ci bəndinə əsasən bu xüsusiyyətlərə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti və digər əlamətləri aiddir. Belə ki, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin, inzibati tənbehin və cəzanın növü, azadlıqdan məhrum etmə cəzasını hansı tipli cəzaçəkmə müəssisəsində çəkməsi, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından fərqləndirilməlidir; 4.59-cu bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz əməlləri nəticəsində mənəvi zərərin yaranması ümumi əsaslarla yanaşı, xəstəliyin yaranmasında, iddiaçının vicdanlı və qanunlara tabe olan şəxs olduğu halda, şərəf və ləyaqətinin alçaldılmasında, sərbəst hərəkət edilməsi, olduğu yerin seçilməsi, adi həyat tərzinin dəyişdirilməsi, qohumları ilə ünsiyyət qurmaq və onlara köməklik göstərmək imkanlarından məhrum olması nəticəsində rahatsız vəziyyətdə olması şəxsin cinayət və inzibati məsuliyyətə cəlb olunması barədə informasiyaların yayılmasında, işin itirilməsi və barəsində cinayət işinin qaldırılması faktının olması ilə əlaqədər işə düzəlməsində çətinliklərin yaranmasında, iddiaçının ictimai-siyasi həyatda iştirakının məhdudlaşdırılmasından doğan mənfi emosional vəziyyətlə də ifadə edilə bilər; 7.1-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır; 7.4-cü bəndinə əsasən təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsinin xahiş edildiyini, o cümlədən irəli sürülmüş dəlilləri nəzərə alıb, iddia qismən təmin edilsə də, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilə bilməz.
31. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericiliyin müddəalarına istinad edərək, ilk növbədə qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətə salır. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəsin azadlıq hüququ qanunla qorunur və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla, onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon prokurorunun “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin ##.##.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş, iddiaçının təqsirləndirilən şəxs statusundan çıxmış hesab edilməklə saxlandığı Bakı İstintaq Təcridxanasından azad olunması qərar alınmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdən azad olunmuşdur.
33. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu iddia edir və vurulmuş zərərin əvəzi olaraq cavabdeh qurum tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinin ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, eyni zamanda, məhkəmə tərəfindən həddindən artıq yüksək məbləğdə mənəvi zərərin müəyyən edildiyini qeyd edir.
34. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçının həbs altında olduğu ümumilikdə 5 ay 2 gün üçün onun xeyrinə dövlət büdcəsinin vəsaiti hesabına 5.000 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, bu məbləğdə pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir və bu qəbildən olan iddia tələbləri üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alınaraq mənəvi zərərin 5.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.
36. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.
37. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulmalı olması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.
38. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini və apelyasiya şikayətinin məzmununu nəzərə alaraq onu da qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi də məhkəmənin vəzifəsi deyildir.
39. Cavabdeh apellyasiya şikayətində, həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Qeyd olunmalıdır ki, həmin maddənin hazırkı işlə heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə deyil, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində mənəvi ziyan çəkmişdir. Hər bir halda, iddiaçı həyatının iddiaçı həyatının 5 ay 2 gününü azadlıqdan məhrum edilmiş şəraitdə keçirməyi arzulamamışdır. İnsanın vərdiş etdiyi adi həyat tərzindən köklü surətdə fərqlənən və özündə bir çox məhrumiyyətləri birləşdirən bu şəraitdə yaşamaq məcburiyyətində qalan şəxs, həmçinin mənəvi sarsıntı və iztirab keçirməyə, inamsızlıq narahatlıq, məyyusluq hissləri yaşamağa məhkumdur. Qeyd edilənlər də öz növbəsində cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir.
40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.