Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2765/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçının barəsində 8 il ərizəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət təqibi həyata keçirilib, lakin onun əməlində cinayət tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası DIN Baş Istintaq və Təhqiqat Idarəsi Ağır Cinayətlərin istintaqı şöbəsinin müstəntiqinin ##.##.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilib. Cinayət təqibi həyata keçirilərkən iddiaçının barəsində 1 il 4 ay müddətində həbs qətimkan tədbiri, 4 il 8 ay müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilib. Bundan başqa, 7 il 6 ay müddətində iddiaçının ölkdən çıxışına mədudiyyət tətbiq edilib. Məhkəmə icraatı 2.Iddia ərizəsində maddi zərərin əvəzi kimi 488.000 manat, mənəvi zərərin əvəzi kimi 320.000 manat tələb olunub. 3.Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 37.500 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. 4.Iddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 5.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin mövqeyi 7.Iddia ərizəsində maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb olunduğundan məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Maddi zərər barədə 8.Maddi zərərin əvəzi kimi 488.000 manat ödənilməsi barədə tələb öz əsasına görə iki hissədən ibarətdir: 1) 288.000 manat tutulması barədə tələb; 2) 200.000 manat tutulması barədə tələb. Birinci tələb barədə 9.Iddia ərizəsində 288.000 manat tutulması barədə tələb onunla əsaslandırılıb ki, iddiaçı azadlıqda olduğu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ayda 3.000 manat qazanc əldə edirdi, lakin cinayət təqibinin həyata keçirildiyi müddətdə həmin qazancı əldə etmək imkanından məhrum olub, 96 ay ərzində bu məbləğ 288.000 manat təşkil edir. 10.Birinci instansiya məhkəməsi tələbi ona görə rədd edib ki, iddiaçı hər ay 3.000 manat məbləğində qazanc əldə etdiyini təsdiq edən sübut təqdim etməyib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qazanc barədə sübutun təqdim edilməməsi tələbin tam rədd edilməsi üçün əsas deyil. Qazanc barədə sübut olmadıqda həbsdə saxlanılmış şəxsin xeyrinə əldən çıxmış qazancın əvəzi kimi ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumu həddində pul tutulmalıdır. Çünki ağlabatan mühakiməyə görə, əgər əmək qabiliyyətli şəxs azadlıqda olsayıdı ən azı özünün minimum ehtiyaclarını ödəmək üçün həmin məbləğdə qazanc əldə edə bilərdi, lakin azadlıqdan məhrum edilməklə bu imkandan məhrum edilib. Odur ki, qətnamə 288.000 manat ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli, həmin tələb qismən təmin edilməli, əldən çıxmış qazancın əvəzi kimi 2.960 manat tutulmalı, bu tələbin qalan hissəsi rədd edilməlidir. 11.Həmin 2.960 manat göstərilən qaydada hesablanmalıdır: Iddiaçı 1 il 4 ay, yəni ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək həbsdə saxlanılıb. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu ölkə üzrə 2018-ci ildə 183 manat, 2019-cü ildə 191 manat müəyyən edilib. Iddiaçı 2018-ci ildə 12 ay həbsdə olub, bu müddət üçün yaşayış minimumunun cəmi 2.196 manat təşkil edib (12 ay x 183 manat). Iddiaçı 2019-cu ildə 4 ay həbsdə olub, bu müddət üçün yaşayış minimumunun cəmi 764 manat təşkil edib (4 ay x 191 manat). Göstərilən məbləğlərin cəmi 2.960 manat təşkil edir (2.196 manat + 764 manat). Əldən çıxmış qazanc formasında maddi zərərin əvəzi kimi 2.960 manat tutulması barədə nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 6-ci maddələrinin göstərişlərinə uyğundur. Ikinci tələb barədə 12.Iddia ərizəsində 200.000 manat tutulması barədə tələb onunla əsaslandırılıb ki, iddiaçı mənzili ipoteka ilə yüklü edərək kredit götürüb, barəsində əsassız cinayət təqibi həyata keçirildiyinə görə krediti vaxtından ödəyə bilməyib, ona görə mənzilə tutma yönəldilib və mənzil bazar dəyərindən 200.000 manat aşağı qiymətə satılıb. 13.Qətnamə bu tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı poteka predemetinin satışı nəticəsində zərər çəkdiyini təsdiq edən sübut təqdim etməyib. Mənəvi zərər barədə 14.Qətnamə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 15.Belə ki, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, barəsində qətimkan tədbiri seçilib, ölkədən çıxışına məhdudiyyət tətbiq edilib, nəticədə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Birinci instansiya məhkəməsi iddiaçının barəsində həbs qətimkan tədbirinin tətbiq edildiyi 1 il 4 ayın (16 ayın) hər ayına görə 1.000 manat olmaqla 16.000 manat, polisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiq edildiyi 4 il 8 ayın (56 ayın) hər ayına görə 250 manat olmaqla 14.000 manat, ölkədən çıxışa məhdudiyyətin tətbiq edildiyi 7 il 6 ayın hər ilinə görə 1.000 manat olmaqla 7.500 manat, cəmi 37.500 manat (16.000 manat + 14.000 manat + 7.500 manat) pulun mənəvi zərərin əvəzi kimi ödənilməli olduğunu müəyyən edib. Bu nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə uyğundur. 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddiaçının qazanc əldə etmək imkanından məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb qismən təmin olunsun. Maddi zərərin əvəzi kimi 2.960 (iki min doqquz yüz altmış) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçı İddiaçı ödənilsin. Həmin tələbin qalan hissəsi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2765/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2765/2026
07.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver