Məhkəmə qərarları › İş №2(3-6)-1592/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1592/2026

01.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1592/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardadından iddiaçının vəkili (nümayəndəsi) vəkil1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 95.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzi olaraq 375 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. O, eyni zamanda Rayon Məhkəməsinə ərizə verərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürülməsinin nəzərə alınmasını və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının səhhətində müəyyən problemlər olmuş, bu səbəbdən o, apellyasiya şikayətini vaxtında verə bilməmişdir. “Ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında” ərizədə qeyd edilən hal prosessual müddətinin məhz üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. İddiaçı, həmin qərardaddan da Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, onun tərəfindən verilmiş “ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən iddiaçının pozulmuş hüquqlarının bərpasını məhdudlaşdırmış, habelə iddiaçının xəstəliyi səbəbindən prosessual müddəti ötürməsini nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 233.1 və 360-cı maddələrinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsi rəsmi qaydada verildikdən sonra 1 ay müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-in 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamənin bir nüsxəsi ##.##.2024-cü il tarixdə iddiaçının vəkili (nümayəndəsi) vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və bu barədə ona elektron qaydada məlumat verilmişdir. Bundan başqa müəyyən edilir ki, iddiaçı, həmin qətnaməni ##.##.2025-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəf sözügedən qətnamədən əvvəllər də apellyasiya şikayəti vermiş, həmin şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Hazırkı halda iddiaçının vəkili (nümayəndəsi) prosessual müddətin buraxılmasının səbəbi kimi iddiaçının səhhətində müəyyən problemlərin olmasına istinad etmişdir. Lakin iddiaçının səhhətində yaranmış problemlərin nədən ibarət olması, həmin problemlərin hansı dövrdə mövcud olması və prosessual hərəkətin edilməsinə hansı formada maneə yaratması barədə hər hansı konkret məlumat göstərilməmişdir. Eyni zamanda həmin halları təsdiq edən mötəbər və təkzibolunmaz sübutlar da Məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblər prosessual hüquqlara malik şəxsin iradəsindən asılı olmasın, onun tərəfindən aradan qaldırıla bilməsin və müvafiq prosessual hərəkətin yerinə yetirilməsinə obyektiv maneə yaratsın. Hətta iddiaçının səhhətində müəyyən problemlərin mövcudluğu ehtimal edilsə belə, həmin hallar vəkil (nümayəndə) vasitəsilə prosessual hərəkətlərin həyata keçirilməsini mümkünsüz edən vəziyyət kimi sübuta yetirilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı həmin dövrdə nümayəndə (vəkil) ilə təmsil olunmuş və iddiaçı tərəfindən ona ##.##.2024-cü il tarixdə 5 il müddətinə verilmiş etibarnamədə məhkəmə aktlarından iddiaçının adından şikayətin verilməsi hüququnun etibar edilməsi nəzərdə tutulmuşdur. MPM-in 363.1-ci maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddiaçının verdiyi “ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında” ərizəni təmin edilməməsi və apellyasiya şikayətinin qaytarılması barədə qərardadı qəbul etməkdə haqlı olmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayətin dəlilləri əsassızıdır və formal mülahizə xarakteri daşıyır. Odur ki, qeyd olunanları nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-in 397, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı vəkili (nümayəndəsi) vəkil1 verdiyi şikayət təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar