Məhkəmə qərarları › İş №2(3-6)-1634/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1634/2026

12.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1634/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «podratın qüsurlu icra edilməsi, maddi ziyan») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin təhqiqatçısı R İsmayılov Rəhman Rüstəm oğlunun İddiaçıın DİN-102 “Xidməti- Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında HK-*/**** nömrəli toplanmış material üzrə ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib və ərizəçiyə mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilib.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6410 (altı min dörd yüz on) manat alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.

3. İddiada göstərilb ki, Cavabdeh uzun müddətdir tanıyır, ofisində xadimə işləmiş, aralarında münasibətlər tabeli-işgüzar rəsmi və etibaredici xarakter daşımışdır. Bakı şəhəri Suraxanı rayonun Bahar qəsəbəsində mülkiyyətində 3 sot torpaq sahəsində fərdi ev tikmək qərarına gəlmişdir. Bu ilin, yəni 2024- cü ilin əvvəllərində Cavabdeh mülkiyyətində olan torpaq sahəsində fərdi ev inşa etmək barədə niyyətini bildirdi. Fərdi evlərin inşaası ilə məşğul olduğunu bildirməklə yanaşı iddiaçı üçün də ev tikəcəyini bildirib. Aralarında olan razılaşmaya əsasən ona verdiyi sifarişə və verdiyi pul müqabilində yardımçı sahələri olan 3 otaqlı evi təxminən 1 (bir) ay müddətində tikib təhvil verməli idi. Bu ilin yəni 2024-cü ilin may ayında ona 4 dəfəyə hissə-hissə 10.000(on min) manat verib. Cavabdeh qısa zamanda əvvəllər tanımadığı Tural adlı və bir neçə şəxsdən ibarət tikinti briqadasını toplayaraq tikinti materiallarını alıb gətirərək mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başladı. Bir neçə gün işləyəndən sonra tikinti işləri dayandırıldı, gətirdiyi fəhlələr bir-bir yoxa çıxdı, özünü telefonla arayıb tapdı və hansı səbəbdən tikinti işlərinin dayandırılmasının səbəbini soruşanda "sizlik deyil" tikinti tərəfindən davam etdiriləcək deyərək iddiaçının arxayın edib. Lakin bir neçə müddət keçməsinə baxmayaraq cavabdeh tikintinin davamına başlamadı, əlaqəsi onunla kəsildi, yəni ona etdiyi telefon zənglərinə cavab vermədi. Məcbur olub öz vəsaitləri hesabına başqa şəxsləri evin tikintisinə cəlb elədim. İlkin adlı şəxslə tanış olub, usta kimi tikinti işlərinin davamını üzərinə götürdü, bu ilin yəni 2024-cü ilin Qurban bayramı ərəfəsində işə başlayıb, iyun ayının 14-16-da 3 gün işlədikdən sonra Qurban bayramına rayona gedəcəyini bildirdi və iddiaçıdan pul istəyib. Cavabdeh Cavabdeh zəng etdi və tikinti yerinə gəlməsini xahiş edib. Cavabdeh gəlib pulunun hamısını sizə vermişəm, 400 (dörd yüz) manat ustaya ver, qurban bayramına gedir, həqiqətən də cavabdeh usta İlkinə iddiaçının yanında 400 manatı verib. İlkin usta isə iyun ayının 19-da gəlib tikintinin davamına başladı, evi tikib tam şəkildə iddiaçıya təhvil verəndan sonra onunla halalaşıb getdi. Cavabdeh isə təxminən bu ilin avqust ayında iddiaçıya zəng edərək öz ustası olan Tural adlı şəxsdən polisə şikayət etməsini bildirdi. İlkin usta tikinti işlərini başa vurduqdan sonra cavabdeh Elmanın ustası olan Tural adlı şəxs həyət divarını aşaraq evinə tanımadığı bir şəxsi göndərmişdi, həmin tanımadığı adamın dediyinə görə aldıqları pulun əvəzinə guya iddiaçıya iş görəcəklər. Qorxduğundan onun sözünü qəbul etdi, çünki tanımadığı bir adam icazəsi olmadan evinə gizli gəlib ona bu sözü deyir. O, da çıxdı getdi bir daha gəlmədi. Lakin cavabdeh Elmanın adamı olan Turalın bu hərəkətindən polisə şikayət edib, polis 700 manatını ondan alıb iddiaçıya qaytardı. Bu zaman cavabdeh Elman iddiaçıya zəng edib söylədi ki, Turaldan etdiyi şikayəti geri götür, onun qaytarmalı olduğu sementin pulunu özü qaytaracaq, elədiyi şikayəti geri götürüdü, lakin cavabdeh sözünü üstündə durmadı və iddiaçıya elə söz deməmişdir deyərək məsuliyyəti boynundan atdı. Beləliklə cavabdeh 10.000 (on min) manat müqabilində fərdi yardımçı sahələri ilə birlikdə bir mərtəbəli ev tikmək barədə sifarişini yerinə yetirməmişdir. Ev inşa etmək məqsədi ilə ona verdiyi 10.000(on min) manat mişardaşı üçün 1000(min) manat +80(səksən kisə sement üçün 600(altı yüz) manat + dəyəri 440 manat olan 2 KAMAZ markalı maşın qum, + qiyməti 1150 manat olan 4metrəlik taxta 35ədəd + 2 əd.dik taxta 12manat + 100 manat dəyərində 100 ədəd xamut, + 10 manat dəyərində 10 kq yanmış məftil, 5 manat dəyərində 2kq mismar, 336 manat dəyərində armatur + 20 manat dəyərində kabel, 400 manat usta İlkinə verdiyi 400(dörd yüz) və 70 manat taksi pulu cəmi 3590 manat pul xərcləmişdir. Beləliklə cavabdeh ev inşa etmək üçün ona verdiyim 10.000 manat puldan 3590(üç min beş yüz doxsan) manat evinin tikintisinə xərcləmiş 6410 manatı isə mənimsəmişdir. Cavabdehin bu əməl hüquq və qanuni maraqlarını pozub, yəni maddi ziyan vurmuşdur, odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə qaydasında xeyrinə xərclənməmiş 6410 (altı min on manat) geri tələb edir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-cı il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilərək, cavabdeh Cavabdeh 6410 (altı min dörd yüz on) manat, ödənilmiş 84,60 manat dövlət rüsumu və 300 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında yazılı müqavilə bağlanmasa da, yaranmış münasibətlər mahiyyət etibarı ilə podrat müqaviləsindən irəli gəlir. Bu səbəbdən də hazırki münasibətlərin tənzimlənməsi həmin müqaviləyə və bu hüquqi fakta əsasən yaranmış hüquq münasibətlərinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquq normaları ilə tətbiq edilməklə həyata keçirilməlidir. Cavabdeh şifahi razılaşma üzrə fərdi evin inşa edilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı 3 otaqlı evin tikillməsini sifariş vermiş, bunun müqabilində cavabdehə hisə-hissə 10.000 manat məbləğində pul ödəmişdir. İddia ərizəsində qeyd edilən bu hal cavabdeh tərəfindən də etiraf edilmişdir. Daha sonra evin tikintisi üçün materialların alındığı, fərdi yaşayış evinin tikintisinin başladığı da tərəflərin izahatları ilə təsdiqini tapır. Mübahisəli məsələ, eyni zamanda cavabdehin etirazının əsasını da təşkil edən hal - cavabdehin iddiaçı tərəfindən ona ödənilən məbləğin bütövlükdə evin tikintisi üçün xərclənməsidir. Beləliklə, hər iki tərəf iddiaçı tərəfindən cavabdehə 10000 (on min) manat məbləğində pul vəsaitinin verildiyini qəbul edir. Mübahisələndirilən hal bundan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən cəmi 3590 manat məbləğində işlərin görüldüyünü, mal-mateialın alındığını bildirir; cavabdeh isə 10 min manat məbləğdə əlavə vəsaitin də xərcləndiyinə və nəticədə əksinə iddiaçının cavabdehə borclu olduğunu bildirir. İddiaçı öz tələblərinin həqiqiliyini təsdiq etmək üçün şahid ifadələrinə və mülki işin materiallarında olan qiymətləndirmə rəyinə istinad edir. Digər tərəfdən mülki işin materiallarında olan, cavabdeh tərəfindən təqdim edilən qaimə fakturalarda da əks edilmiş məbləğlərin cəmi də ümumilikdə 3272 manat təşkil edir ki, bu dəlil də cavabdehin deyil, iddiaçının mövqeyinin həqiqəti əks etdirdiyini təsdiq etmiş olur. Cavabdehin təqdim etdiyi, xərclərlə bağlı əlyazı onun tərəfindən təqdim edilməklə, iddiaçı tərəfindən imzalanmamış, mülki işin materialları ilə təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə həmin sübutu mötəbər hesab etmir. Cavabdeh verilmiş pul məbləğinin bir hissəsinin fərdi yaşayış evinin sənədləşmə məsələlərinin həll edilməsi istiqamətində xərcləndiyini bildirsə də, bu faktı təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Mülki işin materiallarında olan “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə hesabatından görünür ki, 5 daş hündürlüyündə hissənin tikintisinə xərclənmiş vəsaitin məbləği 2133,75 manat təşkil edir. Məhkəmə, “xxxx”MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edib ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edib ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə şahid ifadələrinin mülki işin materialları, iddiaçının izahatları ilə təkzib edilmədiyini nəzərə alaraq hesab edir ki, mötəbər sübut qismində qiymətləndirilməlidirlər. Məhkəmə iddiaçının izahatı və şahidlərin ifadəsi ilə cavabdeh tərəfindən məhz 5 daş hündürlüyündə hissənin tikintisinin aparıldığının müəyyən edildiyi, cavabdeh tərəfindən bunu təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, eyni zamanda qiymətləndirmə rəyi mülki işinin materialları ilə təkzib edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilə bilər. İddiaçı öz izahatında və iddia ərizəsində cavabdeh tətərəfindən 3590 manat məbləğində işlər görüldüyünü, nəzərə alaraq hesab edir ki, iddia ərizəsi iddia tələbi həcmində təmin edilməli və cavabdehdən 6410 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcləri barədə məsələ həl edilməlidir. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 84,60 manat dövlət rüsumu və qiymətləndirmə ekspertizasının aparılması üçün “xxxx”MMC-yə 300 manat məbləğində pul ödənilmişdir. İddia tam təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 84,60 manat məbləğində pul və ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili vəkil1) verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edib göstərir ki, iddiaçı cavabdehə evin tikinti üçün 10 min manat pul verib. Həmin vəsaiti evin tikintisinə, sənədləşmə işlərinə və s. əlavə olaraq da həmin pulun üzərinə cavabdeh 11443 manat qoyaraq xərclənmişdir. Əksinə iddiaçının cavabdehə borcu qalmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və mülki iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyini qeyd edib, lakin buna dair sübut təqdim etməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

18. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

20. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

21. Əvvəla, cavabdeh iddiaçınan ona razılaşdıqları işin görülməsi üçün 10000 manat verildiyini təsdiq edir. Demək bu işin mübahisəli halı deyil. Mübahisəli hal həmin məbləğin həqiqətən tikintiyə sərf olunub-olunmaması ilə bağlıdır. İddiaçı sərf olunmadığını bəyan edib əvvəlcə cinayət təqibi qaydasında araşdırılması üçün hüquq-mühafizə orqanlarına müracit edib, bu icraat çərçivəsində araşdırılması üçün əsas olmadığı barədə qərar qəbul olunduqdan sonra mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edir. Məhkəmə də bu icraat çərçivəsində baxaraq qeyd olunan qətnaməni qəbul edib.

22. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətində dəlillərini göstərib. Başqa sözlə, iddiaya etiraz edir, ancaq etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə möətəbər sübut təqdim etmir yaxud təqdim etdiyi sübutlar həmin halları mübahisəsiz təsdiq etmir. Demək ki, cavabdeh yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşür, ancaq iddiaçının ona verdiyi vəsaitin tam olaraq evin tikintisinə, sənədləşmə işlərinə və s. sərf etdiyinə, üstəlik özünün də həmin vəsaitin üzərnə əlavə öz vəsaitini qoyaraq ümumilikdə tikintiyə 11443 manat xərcləməsini, buna görə də iddiaçının ona borcu qaldığını sübut edə bilmir. Əksinə birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunan sübutlarla, o cümlədən qiymətləndirmə(mütəxəssis, ekspert) rəyi ilə də cavabdehin bəyan etdikləri təkzib olunur. Bu cür vəziyyətdə məhkəmə də cavabdehin istəyinə və arzusuna uyğun qərar qəbul edə bilməz.

23. Bundan başqa, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (MM.m.762.2). Podratçının... podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur(MM.m.762.3). Podrat müqaviləsinin yazılı formada bağlanmasına dair mülki qanunvericilikdə məcburi bir tələb nəzərdə tutulmayıb. Başqa sözlə, bu cür müqavilə şifahi də bağlana bilər, hansı ki, bu formada da bağlanıb. Tərəflər bunu xüsusi olaraq mübahisələndirmir. Bu cür vəziyyətdə keyfiyyətə dair xüsusi şərtin nəzərdə tutululubtutulmaması da heç nəyi dəyişmir. Çünki Mülki Məcəllənin 762.2-ci və 762.3 maddəsi bu halları tənzimləyir. Deməli göstərilən hallar, iddiaçıya əsas verib ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri kəmiyyətcə qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə görülmüş işlərdən artıq ödədiyini geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra olunmamış, yəni podratı kəmiyyətcə qüsurlu icra etmiş, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək görülməmiş işlərə görə ödədiyini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır.

24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar