Məhkəmə qərarları › İş №2(3-6)-1669/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1669/2026

10.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1669/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin artırılması” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(005)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2020-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılması və iddiaçı Cavabdeh ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir;

2. Nikahın pozulması haqqında AZ-İ seriyalı, ****** nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha ##.##.2023-cü il tarixdə xitam verilmişdir;

3. ##.##.2021-ci il tarixli iştirak serifikatından və ##.##.2021-ci il tarixli transkriptdən görünür ki, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”-də (Psixiatriya və Psixoterapiya Klinikasında) həkim-assistent kimi işləmişdir;

4. ##.##.2025-ci il tarixli X7 Sığorta Fondunun məlumatından görünür ki, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”-də (Psixiatriya və Psixoterapiya Klinikasında) işləyir;

5. ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixə qədər keçərli olan həkimlərin əmək haqqı cədvəlindən görünür ki, həkim-assistent stajın 1-ci ilində 5626,91 euro, 2ci ilində 5945,86 euro, 3-cü ilində 6173,67 euro..., həkim-mütəxəssis stajın 1-ci ilində 7426,63 euro, 4-cü ilində 8049,32 euro, 7-ci ilində 8596,06 euro-ya yaxın maaş almaqdadır.

6. Doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X9 və Cavabdeh ##.##.2025-ci il tarixdə Darmştadt şəhərində Alimetov Narin adlı uşaqları dünyaya gəlmişdir;

7. Avtomobil qəzasından sonra xəstəxana və əlavə xərclər üçün ##.##.2025-ci ildə 700 manat, ##.##.2025-ci ildə 300 manat və 115 manat olmaqla, ümumilikdə 1115 manat məbləğində pul Cavabdeh tərəfindən ödənilmişdi.

8. Cavabdeh tərəfindən İddiaçı kartına 2024-cü ilin aprel ayından 2026-cı ilin yanvar ayına kimi 3444 manat, bağça, gimnastika, rəsm dərnəkləri üçün 6365+1950 manat, Aylaya alınan əşyalar üçün 4831,97 manat göndərilərək əlavə xərclər çəkilmişdir.

9. Iş materiallarına əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları arası Kapital Bank vasitəsilə Pərvanə Alimetovaya göndərilən pullara dair qəbzlərə əsasən 1350 manat və WhatsApp tətbiqi ilə uşağın baxça və sair xərclər üçün göndərilən qəbzlərə əsasən 2995 manat vəsait xərclənmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş ##.##.2020-ci il təvəllüdlü X1 üçün Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(005)-2670/2023 sayılı qətnaməsinə əsasən, təyin edilmiş 220 manat alimentin tutulma qaydasının dəyişdirilərək hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması, və ya 400 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 61 manat pulun cavabdeh Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdeh X3 övladları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2000 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, Cavabdeh ilə aralarında olan ##.##.2014-cü il tarixli, *** nömrəli akt qeydi ilə olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş ##.##.2020-ci il təvəllüdlü X1 iddiaçının himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki iqtisadi çətinliklər dövründə cavabdehin ödədiyi 220 manat aliment yetərincə deyildir. Uşağın bütün maddi xərcləri iddiaçı tərəfindən ödənilir, lakin maddi imkanı zəif olduğundan uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh Almaniya Federativ Respublikası, Dortmund şəhərində yerləşən “Agaplesion Elisabethenstift GmbH” Klinikasında həkim-Assistant vəzifəsində işləyir və aylıq sabit maaşı 8039,94 euro təşkil etməkdədir. Cavabdehin xeyli dərəcədə gəliri olmasına baxmayaraq, övladının qeydinə qalmır, onun təhsili, səhhəti və digər xərcləri ilə maraqlanmır. Uşağının ehtiyacları üçün pul tələb etdikdə, cavabdeh daima iddiaçını təhqir edir, bir ata kimi üzərinə düşən öhdəliklərdən müxtəlif bəhanələrlə yayınmağa çalışır.

13. Cavabdeh Cavabdeh vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin 600-700 manat sabit pul məbləğində tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 220 manat aliment pulunu vaxtlı-vaxtında iddiaçı İddiaçı Əlizakir qızının hesabına ödədiyini, hətta bundan başqa qızı Alimetova Aylanın bağçası üçün 400 manat, rəqs qrupunda iştirakı üçün hər ay 40 manat, gimnastika və rəqs qrupunda da iştirakı üçün hər ay 90 manat əlavə pul ödədiyini, əksər hallarda bayram və ad günlərində əlavə olaraq 200-250 manat pul xərclədiyini, bundan əlavə sirk, teatr, tibbi və geyim xərclərini də iddiaçı tərəfə ödədiyini təsdiq etmişdir. Hazırda Cavabdeh Almaniyada rezidentura təhsili alır, eyni zamanda Almaniya vətəndaşıdır və onun Almaniya vətəndaşı kimi hər hansı formada aylıq gəlirlərindən tutulmalar onun hər ay 600-700 manat məbləğindən artıq aliment pulu ödəməsini istisna edir. Bundan başqa cavabdeh Cavabdeh 2024-cü ildə X9 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir və bir övladları dünyaya gəlmişdir. Bu halın onun ümumi maddi vəziyyətinə və öhdəliklərin yerinə yetirməsinə təsir etdiyi məlumdur.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi ilə ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi, ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində alimentin (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi nəzərə alınmaqla) tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)

15. Məhkəmə iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehin gəlirlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tapşırığı verilmiş, lakin almaniya qanunvericiliyinin tələblərinə uyğun olaraq, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”də (Psixiatriya və Psixoterapiya Klinikasında) hansı ixtisas dərəcəli həkim vəzifəsində çalışması və əldə etdiyi gəlirlər barədə birbaşa məlumatın əldə olunması mümkün olmasa da, ##.##.2021-ci il tarixli iştirak sertifikatı və ##.##.2021-ci il tarixli transkript onun 2021-ci ildə həmin klinikada həkim-assistent kimi fəaliyyət göstərdiyini, ##.##.2025-ci il tarixli X7 Sığorta Fondunun məlumatı isə hazırda da həmin tibb müəssisəsində çalışmaqda davam etdiyini təsdiq edir. Həkimlərin əmək haqqı üzrə nümunəvi göstəricilər nəzərdən keçirildikdə, Almaniyada ixtisas dərəcəsi və ya iş stajı artdıqca həkimin əmək haqqının da mütənasib şəkildə yüksəldiyi müəyyən olunur. Bu baxımdan, Cavabdeh 2021-ci ildən etibarən ya həkim ixtisas səviyyəsinin yüksəlməsi, ya da eyni vəzifədə iş stajının artması onun maddi vəziyyətində dəyişiklik baş verdiyini göstərir. Eyni zamanda, göstərilən cədvəlin məzmunundan həkimlərin aylıq əmək haqqının 5000 avrodan az olmadığı da aşikardır. Məhkəmə qeyd etmişdir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalıdır. Bu baxımdan hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Məhkəmə qeyd edilən halları və cavabdeh Cavabdeh xarici ölkədə təxmini gəlirlərini, uşağın əvvəlki təminat səviyyəsinin maksimum qorunub saxlannmasının zəruriliyini nəzərə alaraq, hazırkı vəziyyətdə alimentin məbləğinin artırılaraq X1 üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində müəyyən edilməsini işin hallarına uyğun hesab etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci, 85ci, 112-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-*/**** saylı qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, təqdim etdikləri qəbzlərdən göründüyü kimi Ayla Alimetova “Nord kids” uşaq bağçasına aprel 2024- cü ildən iyul 2024-cü ilə qədər, “Bilik Açarı” uşaq bağçasına iyul 2024-cü ildən mart 2025-ci ilədək, və avqust 2025-ci ildən bu günə qədər,yəni mart 2026-cı ilədək bağçaya gedir,bütün ödənişlər olmuşdur,qəbzlər də cavabdeh tərfindən e-məhkəməyə yüklənmişdir. Ayla Alimetovanı mart 2025-ci ildə anası özü bağçadan çıxarmış və atası ilə əlaqəni kəsmişdir. Təqdim edilmiş sənədlərdən açıq aydın görünür ki, məhkəmə baxışları yaxınlaşdıqca cavabdehin uşağa maddi dəstək olduğunu məhkəməyə bildirmişdir. Lakin təqdim etdikləri sənədlərdən də görünür ki, cavabdeh-Cavabdeh davamlı olaraq uşağı ilə maraqlanır və maddi təminatını ödəyir. Məhkəmə qətnamədə qeyd edir ki,uşaq geyimləri və digr ehtiyaclar iddiaçının razılığı olmadan alınmışdır. Lakin qeyd edir ki, iddiaçının dəfələrlə iddiaçıya bu barədə siyahı yazması ünvanlanmış və bunlar təqdim edilmişdir. Cavabdeh tərəf olaraq iddia tələbində 400 manat aliment pulu tələb edilməsinə baxmayaraq cavab deh tərəf bunun müqabilində uşağın saxlanılması üçün hər ay könüllü olaraq 600-700 manat ödə mək iqtidarında olduğunu bildirsə də məhkəmə qətnamədə buna münasibət bildirməmişdir. Iddiaçı Pərvanə Əmrahova tərəfindən məhkəməyə təqdim edilmiş fotoşop vasitəsilə hazırlanmış və düzəldilmiş sənədlər A4 formatında və başqa dildə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, xaricdən göndərilən sənədlər apostil olunaraq tərcümə olunmuş formada olmalıdır. Almaniyada həkimlərin əmək haqqında cədvəli sadəcə internetdən götürülmüş bir məlumatdır və əsası olmadığından cübut kimi qəbul edilə bilməz. Dəfələrlə bildirmişlər ki, cavabdeh A.Alimentov həkim mütəxəssis deyil, rezudentura təhsili alır. Almaniya Federativ Respublikasından Cavabdeh hansı vəzifədə çalışması və əmək haqqı barədə məhkəmə tərəfindən göndərilmiş qərardada əsasən heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmənin iddiaçı tərəfindən fotoşop əsasında tərtib edilmiş sənədləri sübut kimi qəbul etməsi tamamilə əsassızdır. Iddiaçı məhkəməyə iddia tələbi həcminin atrırılması barədə ərizə verməmişdir və mülki prosessual qanunvericiliyin tələbinə əsasən vəsatətlə alimentin məbləğinin artırılması tamamilə əsassızdır. Cavabdeh yeni ailə qurmuş və birgə nigahlarından bir uşaqları vardır. Cavabdeh ailəsi ilə Almaniyada kommunal xərcləri ödəməklə kirayədə yaşayır və digər xərcləri də müəyyən çətinliklər olsa da qarşılayır. Lakin buna baxmayaraq Cavabdeh məhkəmə qərarı olmadan belə iddiaçıya və uşağına əlavə maddi köməklik göstərmiş dir. Məhkəmə isə Cavabdeh maddi dururumunu nəzərə almadan yüksək məbləğdə aliment tutulması barədə qərar qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;

25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-*/**** saylı qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, təyin edilən alimentin məbləği mübahisələndirildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilməlidir.

31. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

32. Hazırki işin faktiki hallarına əsasən iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahlarından ##.##.2020-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq ananın himayəsinə verilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Iddiaçı ödənilən alimentin uşağın saxlanması üçün kifayət etmədiyini və cavabdehin gəlirlərinin yüksək olduğunu əsas gətirərək alimentin 2000 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh isə həmin məbləğin yüksək olduğunu bildirərək, iddianın 600-700 manat aliment tutulması hissəsində təmin edilməsini xahiş edir.

33. Iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi, habelə aliment ödəyən şəxsin gəlirlərinin artması tərəflərin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

34. Birinci instansiya məhkəməsi zamanı cavabdehin gəlirlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tapşırığı verilmiş, lakin Almaniya qanunvericiliyinin tələblərinə uyğun olaraq, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”də (Psixiatriya və Psixoterapiya Klinikasında) hansı ixtisas dərəcəli həkim vəzifəsində çalışması və əldə etdiyi gəlirlər barədə birbaşa məlumatın əldə olunması mümkün olmasa da, ##.##.2021-ci il tarixli iştirak sertifikatı və ##.##.2021-ci il tarixli transkript onun 2021-ci ildə həmin klinikada həkim-assistent kimi fəaliyyət göstərdiyini, ##.##.2025-ci il tarixli X7 Sığorta Fondunun məlumatı isə hazırda da həmin tibb müəssisəsində çalışmaqda davam etdiyini təsdiq edir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarını nəzərə alaraq kollegiya qeyd edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası təyin edilən alimentin miqdarı ilə razılaşmır.

36. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh xarici ölkədə təxmini gəlirlərini, uşağın əvvəlki təminat səviyyəsinin maksimum qorunub saxlannmasının zəruriliyini nəzərə alaraq, hazırkı vəziyyətdə alimentin məbləğinin artırılaraq X1 üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində müəyyən edilməsini işin hallarına uyğun hesab etmişdir. Eyni zamanda məhkəm qeyd etmişdir ki, həkimlərin əmək haqqı üzrə nümunəvi göstəricilər nəzərdən keçirildikdə, Almaniyada ixtisas dərəcəsi və ya iş stajı artdıqca həkimin əmək haqqının da mütənasib şəkildə yüksəldiyi müəyyən olunur. Bu baxımdan, Cavabdeh 2021-ci ildən etibarən ya həkim ixtisas səviyyəsinin yüksəlməsi, ya da eyni vəzifədə iş stajının artması onun maddi vəziyyətində dəyişiklik baş verdiyini göstərir. Eyni zamanda, göstərilən cədvəlin məzmunundan həkimlərin aylıq əmək haqqının 5000 avrodan az olmadığı da aşkardır.

37. Göründüyü kimi birinci instansiya məhkəməsinin istinad etdiyi əmək haqqı cədvəli sadəcə internetdən əldə olunmuş məlumatdır. Lakin məhkəmə kollegiyasının iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş “Agaplesion Elisabethenstift GmbH”-də Frankfurt am Main Goete Universitetinin X4 Psixiatriya, Psixosomatika və Psixoterapiya Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ##.##.2028-ci il tarixinədək müəssisədə Psixiatriya və Psixoterapiya üzrə mütəxəssis hazırlığı (rezidentura) keçən həkim vəzifəsində çalışır. Cavabdeh ##.##.2026- ##.##.2026-cı il tarixlər arası 2779,32 avro məbləğində vergi tutulmamış ümumi əmək haqqı əldə etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədə əsasən onun ##.##.2026-##.##.2026-cı il tarixlər arası 2779,32 avro məbləğində vergi tutulmamış ümumi əmək haqqı əldə etməsi görünməklə məhz həmin əmək haqqı məbləğinə münasibətdə hər ay cavabdehdən bir uşağın saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli miqdarında (1500 manat civarında) alimentin tutulması əsaslı və əldə edilən qazanca mütənasib hesab edilə bilməz. Buna baxmayaraq kollegiya hesab edir ki, cavabdeh tərəfin özünün 600-700 manat arası alimet verməyə razı olduğuda nəzərə alınmaqla alimentin məbləğinin ölkə üzrə müyyən edilmiş minimum əmək haqqı məbləğinin 2 misli miqdarnda (hazırki halda 800 manat) müəyyən edilməlidir. Kollegiya həmin məbləğin ##.##.2020-ci il təvəllüdlü uşağın normal şəraitdə ehtiyaclarının qarşılanması baxımından ədalətli və ağlabatan hesab edir.

39. Eyni zamanda kollegiya qeyd edir ki, uşağın saxlamaq vəzifəsi qanunla yalnız uşaqdan ayrı yaşayan valideynin (hazırki halda cavabdehin) deyil, valideynlərin hər ikisinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı kollegiyanın sualına cavab olaraq həm həkim-dermatoloq işlədiyini, həm də tələbə qızlara avtomobil sürməyi öyrətməklə dərs verdiyini, aylıq qazancının təxmini 2000 manat olmasını bildirmişdir. Bu baxımdan da kollegiya qeyd edir ki, iddiaçının özünündə qazancı olmaqla uşağın saxlanmasında iştirakı istisna edilməməlidir. Belə olan halda da kollegiyanın müəyyən etdiyi alimentin uşağın mənafeyi baxımından ağlabatan hesab edilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehin qazancının daha çox olması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, alimentlə bağlı münasibətlər davam edən xarakterli olmaqla iddiaçı tərəfindən gələcəkdə cavabdehin qazancının daha çox olması barədə sənəd təqdim edildiyi halda məhkəməyə müraciət edilməklə yenidən alimentin miqdarının artan istiqamətdə müəyən edilməsi istisna edilmir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməli, ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 2 misli həddində aliment tutularaq iddiaçı İddiaçı ödənilsin.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə hissəsində dəyişdirilsin. ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 2 misli həddində aliment tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar