Məhkəmə qərarları › İş №2(3-6)-1769/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1769/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1769/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından caavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2010-cu il tarixli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin edilərək, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2464 (iki min dörd yüz altmış dörd) manat borcu, və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması və.s qət edilmişdir. Cavabdeh cavabdeh1 ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə müddətin bərpasına dair ərizə və elektron formada olmayan kağız daşıyıcıda apellyasiya şikayəti verərək həmin qətnamənin ona aid hissədə ləğv edilərək iddia tələbinin ona aid hissədə rədd olunmasını və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsini üzrlü hesab edilərək bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim Firuzə Mirzəyeva) cavabdeh cavabdeh1 apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi tələbinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə iclasında cavabdeh cavabdeh1 ərizəyə uyğun izahat verərək müddətin bərpasını və şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh1 bildirmişdir ki, ##.##.2010-cu il tarixli *(***)-****/**** saylı qətnamənin alınması barədə xəbərnamədəki imza anasına məxsusdur. İddiaçı İddiaçı ASC-yə, cavabdeh cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş matetriallarına əlavə edilmiş ##.##.2012-ci tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh3 ##.##.2012-cü ildə vəfat etmişdir. Məhkəmə işin materiallarını, müddətin bərpasına dair ərizəni və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, ##.##.2010-cu il tarixli *(***)-****/**** saylı qətnamədən şikayətin verilmə müddətinin cavabdeh cavabdeh1 tərəfindən üzrlü səbəblərə görə buraxılması müəyyən edilmədiyindən, həmin qətnamədən şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş formada verilmədikdən geri qaytarılmalıdır. Qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, bərpa edir. Sadalanan xüsusatlara əsasən qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, ##.##.2010-cu il tarixli *(***)-****/**** saylı qətnamə rəsmi olaraq cavabdeh cavabdeh1 həmin vaxt qeydiyyat olduğu ünvan 2 ünvanına ## ###### 2011-ci il tarixdə çatdırılmışdır və cavabdehin anası tərəfindən qəbul edilmişdir. Belə olan halda, qətnamə ##.##.2011-ci il tarixində cavabdehə verilmiş hesab edilir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay ərzində şikayət verildiyi üçün ##.##.2011-ci il tarixində şikayət verilməsi müddəti bitmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdeh cavabdeh1 həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilib müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmiş, şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2010-cu il tarixli qətnaməsi cavabdeh cavabdeh1 ünvan 1 ünvanına (iş materialları: səhifə 54) xəbərnaməli poçtla göndərilmiş və həmin ünvanda xəbərnmədəki “şəxsən” sətrində əl imzası və “Zamanov” soyadı qeyd edilməklə ## ###### 2011-ci il tarixdə qəbul edilmişdir. Cavabdehin dəlili isə həmin ünvanda qətnamənin onun tərəfindən qəbul edilməməsidir. Sözügedən qəbərnamədəki imzanın isə anasına məxsus olduğunu bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Düzdü, iş materiallarında qətnamənin cavabdeh tərəfindən qəbul edildiyi görünür. Lakin cavabdehin anası tərəfindən qəbul edilmiş olsa belə, yuxarıdakı maddənin məzmunundan görünür ki, cavabdehin anası imkan olan kimi qətnaməni cavabdehə, yəni ünvan sahibinə verməli idi. Bu cür vəziyyətdə məhkəmə qətnamənin ## ###### 2011-ci il tarixdə cavabdeh tərəfindən qəbul edildiyini və 16 ildən çox müddətdə şikayət verməklə bağlı heç bir addım atmayaraq apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürdüyünü hesab edir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar