Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1801/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 20.000 manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini ##.##.2024-cü ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir.
3. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 20.000 (iyirmi min) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci apellyasiya icraatı:
5. Cavabdeh apelyasiya şikayəti verərək, göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul eidlmişdir. Belə ki, aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Əslində onların arasında işlə bağlı müqavilə bağlanmalı idi. Lakin iddiaçı onu aldadaraq onunla borc müqaviləsi bağlayıb. Bu onların arasında olan səs yazıları ilə də öz təsdiqini tapır. Həmin səs yazısında iddiaçı bunu etiraf edir. Birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından səs yazısını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə zamanı o, həmin səs yazısını məhkəməyə təqdim edəcək. Rayon məhkəməsi bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmişdir. Müqavilədə göstərilən məbləğ iddiaçı tərəfindən ona verilməmişdir. Aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən iddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 20.000 manat məbləğində pul vəsaitininin ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakı təmin olunmadığından o, iddia tələbinə etirazını vermək hüququndan da məhrum olmuşdur. Müqavilə üzrə borc verən müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin oluna bilməz. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. Ona pul verilmədiyi halda ondan pul tələb olunması qanunsuz və əsassızdır. Məhkəmənin isə işi araşdırmadan, məhkəmədə onun iştirakını təmin etmədən belə nəticəyə gəlməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, həmin müqavilə formal olaraq bağlanmışdır. Əgər hazırkı qətnamə qüvvədə qalarsa, o zaman iddiaçı hüquqdan sui-istifadə edərək, əsassız olaraq varlanmış olacaq. Ona görə də qətnamə ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi qət edilmişdir. Kassasiya instansiyasında icraat:
7. Iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X2 və X1) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh Türkiyə vətəndaşıdır və saç ustasıdır. Müəyyən edildiyi kimi tərəflər arasında borc müqaviləsi bağlanmış olsa da, əslində tərəflərin niyyəti transfer müqaviləsinin bağlanması olmuşdur, 20000 (iyirmi min) manat pul cavabdehə əvəzsiz qaydada verilmişdir, cavabdeh həmin pulun qarşılığında 1 il müddətində iddiaçı ilə işləyib öz gəlirini 50/50 iddiaçı ilə bölməli idi. Cavabdeh 9 ay 15 gün iddiaçıya məxsus gözəllik salonunda bu qaydada işləmişdir, işlədiyi həmin müddət ərzində iddiaçıya 26000 (iyirmi altı min) manata yaxın pul qazandırmışdır.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə, tərəflərin iştirakının təmin edilməsi məqsədi ilə əvvəlki məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, yayınmış, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
11. Belə olan halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Notarial qaydada təsdiq olunmuş ##.##.2023-cü il tarixli borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh ##.##.2024-cü il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc pul vermişdir.
13. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh pretenziya məktubundan müəyyən olur ki, iddiaçı cavabdehə borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyini bildirmiş, 5 gün müddətində Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli borc müqaviləsi üzrə 20.000 (səksən min) manat pulun qaytarılması tələb olunmuşdur.
14. Mülki iş materiallarında olan “GQ” Expressin qəbzindən müəyyən olur ki, pretenziya məktubu ##.##.2024-cü il tarixdə çatdırılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 16.1.fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir.
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
19. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
21. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
22. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
25. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
26. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
27. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
37. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
51. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
53. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
55. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
56. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
59. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
61. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
62. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki kollegiyasının) Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, Məhkəmə həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
63. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilir:
64. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış müqavilənin borc müqaviləsi olmadığına, borc müqaviləsinin yalan əqd olduğuna, əslində tərəflər arasında birgə fəaliyyətlə bağlı razılaşma olduğuna düzgün hüquqi qiymət verilmişdir.
65. Mülki Məcəllənin 340.2-ci maddəsində qeyd edilir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq iddiaçının tələbinə hüquqi qiymət vermək üçün ilk öncə pərdələnən əqdin, yəni birgə fəaliyyətlə bağlı razılaşmanın etibarlı əqd olub-olmadığına hüquqi qiymət verməli, bundan sonra həmin əqdə dair qaydaları tətbiq edərək cavabdehin öz üzərinə götürdüyü öhdəliyi pozub-pozmadığını araşdırmalı idi. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış birgə fəaliyyətlə bağlı müqavilənin şərtlərinə əsasən icra edilməmiş öhdəliyin icrasını tələb etmək hüququna malik olsa da işdə olan sübutlara əsasən cavabdeh tərəfindən öhdəliyin pozulubpozulmadığını
66. müəyyənləşdirmək mümkün deyil.
67. Məhkəmə bu qənaətə gələrkən MPM-nin 106.3-cü maddəsinin tələbini nəzərə almamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Həmin normaya əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
68. Məhkəmə iclas protokollarında öz əksini tapmış izahatlardan görünür ki, cavabdeh məhkəməyə verdiyi izahatlarda aralarında olan razılaşmaya əsasən iddiaçıya məxsus gözəllik salonunda bir il işləməli olduğunu, lakin aralarında mübahisə yarandığı üçün doqquz ay on beş gün işlədikdən sonra salondan getdiyini göstərmişdir. Cavabdeh aralarındakı müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edildiyini təsdiq etdiyindən iddiaçı MPM-nin 106.3-cü maddəsinə əsasən bu faktı sübut etmək vəzifəsindən azad edilməli və bu hal mübahisəsiz hal kimi qəbul edilməli idi. Belə olan halda məhkəmə müqavilənin vaxtından əvvəl ləğv edilməsində hansı tərəfin təqsirli olduğuna, müqavilənin ləğv edilməsi nəticəsində iddiaçının cavabdehdən birgə fəaliyyət göstərmələri üçün ödənilmiş 20.000 manat pulun tam və ya qismən geri qaytarılmasını tələb etmək hüququ olub-olmadığına hüquqi qiymət verməlidir.
69. Məhkəmə Ali Məhkəmənin göstərişləri ilə razılaşaraq qeyd edir ki, hazırkı halda tərəflər arasında bağlanmış borc müqaviləsinin başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış yalan əqd olması mülki işin mübahisəsiz halıdır.
70. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar).
71. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
72. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
73. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
74. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
75. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
76. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.
77. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
78. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
79. Beləliklə də Məhkəmə tərəfindən aparılmış araşdırmalarla təsdiq olunan hazırkı mülki işin faktiki hallarını yuxarıda istinad olunan maddi hüquq normaları, Konstitusiya Məhkəməsinin, eləcə də Ali Məhkəmənin qərarındakı hüquqi mövqeləri əsas götürülərək, tərəflərin əvvəlki apellyasiya baxışı zamanı izahatları və cavabdehin nümayəndəsi və vəkilinin hazırkı apellyasiya baxışındakı izahatları, rayon məhkəməsində dinlənilən şahid ifadələri, habelə iddiaçının məhkəmə iclasından yayınması, MPM-in 88-ci maddəsinin tələbləri baxımından ümumilikdə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Belə ki, müəyyən olunur ki, iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanmış borc müqaviləsi, əslində tərəflər arasında birgə fəaliyyətlə bağlı razılaşmaya əsasən transfer müqaviləsi olmaqla, yalan əqddir. Demək ki, tərəflər arasında bağlanmış və iddiaçının da tələbin əsası kimi istinad etdiyi borc müqaviləsi Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir.
80. Belə olan halda isə mülki qanunvericiliyin tələbinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
81. Müəyyən edildiyi kimi cavabdehin 1 il ərzində iddiaçıya məxsus gözəllik salonunda işləməsi tərəflər arasında razılaşdırılmış, cavabdeh isə 9 ay 15 gün ərzində orada işləmiş, razılaşmaya tam əməl etməmiş, qalan 2 ay 15 günü işləməmişdir. Iddiaçı tərəfindən 20000 (iyirmi min) manatın 1 il ərzində işləməsi, iddiaçıya gəlir gətirməsi üçün cavabdehə verildiyini nəzərə alsaq, cavabdehin öhdəliyini tam yerinə yetirməməsi və işləmədiyi 2 ay 15 günə görə ödənilmiş məbləğin müvafiq hissəsinə münasibətdə onun əsassız varlanmasına gətirib çıxarır.
82. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
83. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
84. Beləliklə, 20000 manat/12 gün=1666,67 manat (bir aya görə); 1666,67 manat/30 gün=55.56 manat (bir günə görə); 2 ay+15 gün=2x1666,67+15x55.56=4166,74 (dörd min yüz altmış altı manat, yetmiş dörd qəpik) manat müəyyən olur.
85. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh əsassız varlanmaya görə 4125 (dörd min yüz iyirmi beş) manat tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir.
86. Cavabdehin apellyasiya şikayətinin digər, yəni birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə dəlilinə əsasən Məhkəmə qeyd edir ki, mülki işin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişləri zərfin üzərində “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qayıtmışdır (iş/v. 23, 31). Iş materiallarında səhifə 21, 28-də olan SMS bildirişlərdən görünür ki, cavabdehin ********** mobil telefon nömrəsinə SMS bildiriş çatdırılmışdır, lakin “AZEMIS” elektron məhkəmə sistemində cavabdeh Cavabdeh əlaqə məlumatlarında həmin mobil nömrə yoxdur, cavabdehin mobil nömrələri kimi **********, **********, **********, ********** qeyd edilmişdir. Belə olan halda ********** mobil nömrəsinə SMS-lərin çatmasını cavabdehin məhkəmə iclasları barədə məlumatlı olması kimi hesab etmək olmaz. Eyni zamanda iş materiallarında səhifə 41-dəki poçt zərfindən görünür ki, rayon məhkəməsinin qətnaməsi da məhkəmə bildirişlərinin göndərildiyi ünvana göndərilmiş və cavabdehə çatmamışdır. Göründüyü kimi rayon məhkəməsi cavabdehin iştirakının təmin olunması üçün zəruri tədbirləri görməmiş, onun məhkəmədə dinlənilməsini təmin etməmiş, nəticədə də rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan, o dinlənilmədən işə baxılmış, bununla da qətnamənin qeyd-şərtsiz ləğvinə əsas olan prosessual pozuntuya yol verilmişdir.
87. Beləliklə də, rayon məhkəməsinin işə onların iştirakını təmin etmədən baxmasına dair cavabdehin apellyasiya şikayətlərinin dəlilinin də əsaslı olduğu aydın olur.
88. MPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
89. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
90. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).
91. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015ci il ## ###### tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarları).
92. Hazırkı halda isə rayon məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, onun iddiaya öz etirazını bildirmək, sübutlarını təqdim etmək, öz müdafiəsini təşkil etmək imkanı olmamışdır. Rayon məhkəməsi isə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə çıxaraq, aşkar əsassız nəticəyə gəlmişdir.
93. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəticə:
94. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin iştirakı və dinlənilməsi təmin olunmamış, işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tərəflər arasındakı həqiqi münasibət araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməyərək düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh başqaəsassız varlanmaya görə cəmi 4166,74 (dörd min yüz altmış altı manat, yetmiş dörd qəpik) manat tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin eidlməməlidir.
95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
96. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
97. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə iddianın təmin edilən hissəsində qiyməti 4166,74 (dörd min yüz altmış altı manat, yetmiş dörd qəpik) manat olduğuna görə qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulur.
98. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.
99. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 4166,74 (dörd min yüz altmış altı manat, yetmiş dörd qəpik) manat tutularaq iddiaçı İddiaçı ödənilsin, iddia tələbləri qalan hissədə təmin edilməsin. Iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə yalnız iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.