Məhkəmə qərarları › İş №2(3-6)-1850/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1850/2026

25.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1850/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması Hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2023-##.##.2024-cü il tarixləri əhatə edən ödəniş qəbzlərinin surətlərinə əsasən iddiaçı İddiaçı (bundan sonra iddiaçı) tərəfindən cavabdeh Cavabdeh (bundan sonra cavabdehə) ümumilikdə 11.940 manat pul köçürülmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İştintaq Şöbəsinin müstəntiqi Kamal Hüseynovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli Qərarına əsasən iddiaçının müraciəti əsasında araşdırılma başlanmış və toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı ümumi 28.020 manat puldan 4.000 manat ödənildiyini nəzərə alaraq cavabdehdən 24.020 manat borcun 5 gün müddətində qaytarılmasın tələb etmiş, əks halda pulun qaytarılması, məhkəmə xərclərinin tutulması barədə məhkəməyə müraciət edəcəyi barədə onu xəbərdar etmişdir.

4. İş materiallarına əlavə edilmiş səs yazıları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə məbləği qeyri-müəyyən olan pul vəsaiti göndərilmiş, cavabdeh isə buna münasibətdə təşəkkürünü bildirməklə, özündə müvafiq qeydlər etdiyini, lazım olarsa avtomobilini sataraq, iddiaçının pis vəziyyətdə qoymacağını bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə 24.020 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 163 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən Cavabdeh 2023-cü ildə müxtəlif vaxtlarda ondan müalicə olunmaq, müəyyən işlər görmək və lotoreya oynayaraq yığım kimi ona pul qaytaracağı barədə yalan vədlər verərək 28.020 manat pulunu ələ keçirərək onu aldatması və dələduzluq etməsi barədə ərizə ilə Nəsimi rayon Polis İdarəsinə müraciət edilmişdir. Bununla bağlı, Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və həmin Şöbənin müstəntiqi Kamal Hüseynov tərəfindən ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda Cavabdeh izahatı ətraflı əks olunmuş, mövcud sübutlara ətraflı qiymət verilməmişdir. Belə ki, cavabdeh şəxslə whatsapp tətbiqi vasitəsilə aralarında olan yazışma və səs yazılarından cavabdehin qaytaracağı adı ilə aldığı pul məbləği ilə bağlı etirafları olsa da, müstəntiq tərəfindən bu halın məhkəmədə mülki iddia qaldırılması üçün əsas olduğu, cinayət tərkibi yaratmadığı qeyd edilmişdir. Lakin həmin səs yazılarında Cavabdeh "Lotoreyada hamısını qaytaracam, hamısını yazıram (yəni borcu)", növbəti səs yazısında da eyni məzmunlu səs göndərərək, "maşınımı satacam, borcu qaytaracam" deyərək bildirir. Eyni zamanda 11.940 manat pul vəsaiti tərəfindən müxtəlif vaxtlarda cavabdehə məxsus kartlara köçürülmüş, qalan məbləğ isə əlbəəl verilmişdir. Cavabdeh şəxs özü də Nəsimi RPİ-də vermiş olduğu izahatda ondan təxminən 28.020 manat pul aldığını bildirmiş, lakin bu pulları ona borc olaraq deyil, xərclik üçün verildiyini göstərmiş olsa da, pulun xərclik olaraq verildiyi ilə bağlı hər hansı sübut təqdim etməmişdir ki, bu hal da özlüyündə onu sübutetmə yükündən azad edir. Cavabdeh Nəsimi RPİ-də ona qaytarmalı olduğu puldan 4.000 manat qaytarmışdır. Hazırda cavabdehin ona 24.020 manat borcu qalmışdır. 24.020 manat pulun ödənilməsinə dair ##.##.2025-ci il tarixdə pretenziya göndərilmiş, lakin cavabdeh bu günə qədər öhdəliyini icra etməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X2)

8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh qeyri-rəsmi münasibətlərdə olmuşlar. İddiaçı həmin münasibətlər dövründə cavabdehin kart hesabına müəyyən xərclərin ödənilməsi, lotareya oynanılması və digər səbəblərdən müxtəlif vaxtlarda pul vəsaitləri köçürmüşdür. Hazırda iddiaçı münasibətləri olduğu dövrdə ödənilmiş həmin pulların geri qaytarılmasını xahiş edir. Cavabdeh isə iddiaçının ona verdiyini mübahisələndirməsə də, həmin pulun borc olaraq deyil, birgə ailə kimi yaşamaq məqsədilə (yəni, əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini bildirmişdir. İddiaçı İddiaçı rəsmi nikah münasibətləri olmadan bir yerdə yaşadığı cavabdehə müəyyən pul vəsaitlərini verdiyi işin mübahisələndirilməyən halıdır. Cavabdeh məhkəmə iclasında da bu faktı etiraf etmişdir. Bu o deməkdir ki, adı çəkilən iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azaddır və mövcud vəziyyətdə onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşmazlıq həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı cavabdehə müalicə və digər məqsədlərlə borc olaraq verdiyini iddia etsə də, cavabdehin mövqeyi birgə yaşadıqları dövrdə həmin pulu ailə münasibətləri çərçivəsində ona verməsinə dairdir.

9. İddiaçının cavabdehə müxtəlif məbləğlərdə pul verdiyi mübahisə mövzusu deyil, lakin alınan vəsaitin geri qaytarılacağı öhdəliyinin yaranması (və ya cavabdehin bunu üzərinə götürməsi) sübuta yetirilməmiş, habelə həmin öhdəliyin mövcudluğunu cavabdeh etiraf etməmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar da onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

10. Beləliklə, iddiaçının cavabdeh ilə borc müqaviləsi bağlaması, pulun həqiqətən borc olaraq verilməsi məhkəmə iclasında təsdiq edilməmiş və buna dair sübut əhəmiyyətinə malik olan məlumatlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının istinad etdiyi dəlillər məhkəmə iclasında təsdiqini tapmamaqla iş materialları ilə təkzib olunduğundan, məhkəmə hesab etmişdir ki, iddiaçının hansısa səbəblərdən cavabdehin maddi xərclərinin təmin edilməsində iştirak etməsi, aralarında olan yaxınlıq münasibətləri nəzərə alınarsa qeyd edilən məbləğdə vəsaiti əvəzsiz olaraq verməsi və həmin vəsaitin cavabdeh tərəfindən hədiyyə kimi (əvəzsiz) qəbul edilməsi qənaətinə gəlmək daha məntiqlidir. İddiaçının cavabdehlə rəsmi nikah münasibətləri olmasa da, onlar müəyyən müddət faktiki nikah münasibətlərində yaşamış, birgə məişət aparmış, gündəlik xərcləri və sosial ehtiyacları birlikdə qarşılamışlar.

11. İş materiallarından, tərəflərin ciayət işi üzrə verdiyi izahatlardan və cavabdeh tərəfin məhkəmədə verdiyi izahatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaitləri məhz həmin birgə yaşayış dövründə və yaxınlıq münasibətlərindən irəli gələn qarşılıqlı etimad şəraitində verilmişdir. Bu isə maddi yardım göstərmək niyyətinin realizə olunması kimi qiymətləndirilməlidir. Sadalanan hallar borc münasibətindən daha çox faktiki ailə münasibətlərinə xas olan maddi dəstək xarakteri daşıyır. Qeyd edilməlidir ki, hədiyyə verən tərəf bağışladığı əmlakın müqabilində hədiyyə alandan heç bir əvəz almadığından, bağışlama əvəzsiz müqaviləyə aid edilir. Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq pul məbləği hədiyyə alana verildiyi andan bağlanmış sayılır. Real bağışlama müqaviləsi kimi qəbul edilən ikitərəfli əqd sayılan müqavilənin bağlanması üçün hər iki tərəfin qarşılıqlı iradə ifadəsi olması mübahisə doğurmur və işin faktiki hallarından göründüyü kimi bir tərəf (İddiaçı) pul vəsaitini vermiş, digər tərəf isə (Cavabdeh) həmin vəsaiti qəbul etmişdir. Real bağışlama müqaviləsi, bir qaydada olaraq, heç bir öhdəlik hüquq münasibəti yaratmır, əşyanın hədiyyə alana təhvil verilməsi, onun sərəncamına verilməsini ehtiva edir.

12. Məhkəmə qeyd etmişdir ki, hüquq baxımından hədiyyə verən hədiyyəni qəbul edən şəxsə sözügedən vəsaiti müəyyən vəzifələri icra etmək şərti ilə də verdiyi təqdirdə, əvəzsiz verilmiş pul məbləğinin mülki qanunvericiliyin müddəalarına zidd qaydada sonradan geri tələb etməsinə səbəb olmamalıdır. Həmçinin, hazırki işin hallarına əsasən iddiaçı lotoreya oynamaq üçün də cavabdehə pul vermiş, həmin pul isə materialın araşdırılması zamanı cavabdeh tərəfindən ödənilmişdir.

13. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazısına münasibətdə qeyd etmişdir ki, həmin səs yazısında cavabdeh həkimə getmək, dərman almaq üçün iddiaçıya verdiyi pula görə ona minnətdarlıq edir, borclu qalmayacağını, maşınını satıb pulu verəcəyini bildirir. Cavabdeh məhkəmə iclasında həmin gün iddiaçının dərmanlara görə ona 270 manat pul verdiyini bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, yalnız həmin səs yazısına əsaslanmaqla göndərilmiş bütün pulların borc olduğunu qəbul etmək hüquqi müəyyənlik prinsipinə uyğun olmazdı. Belə ki, tərəflər arasında olan münasibətlər nəzərə alınarsa təqdim edilmiş qəbzlərdə əks olunan məbləğlərin hamısın borc kimi verildiyi qənaətinə gəlinməsi mümkün deyildir. Bu baxımdan məhkəmə təqdim edilmiş səs yazısını tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edən yetərli sübut kimi qəbul etmir. Həmçinin məhkəmə nəzərə alır ki, tərəflər arasında lotoreyaya görə borc yaranmış, həmin pul isə iddiaçıya ödənilmişdir. Borc kimi verilmiş pulun qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci, 739cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını, işdə olan dəlilləri düzgün araşdırmamış, mövcud sübutlara düzgün qiymət verməmiş və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edərək izahat verməyinə baxmayaraq prosesdə iştirak etmədiyini bildirərək, tərəfindən təqdim edilmiş sübuta səthi yanaşmışdır. Belə ki, məhkəmə iclasında onun tərəfindən təqdim edilmiş səs yazısında cavabdeh açıq-aşkar qəbul etdiyi pul kütləsini geri qaytaracağını bildirsə də, məhkəmə mötəbər olan bu sübuta əvvəzsiz verilmiş əşya kimi yanaşmış, onun həmin məbləğin borc kimi verildiyini sübut edə bilmədiyi qənaətinə gəlmişdir. Sübutetmə yükünün bölgüsü baxımdan təqdim edilmiş səs yazısında cavabdehin borclarını qaytaracağı barədə bildirdikləri iddia tələbi həcmində onu sübutetmə vəzifəsindən azad edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aid olduğundan, tələbdə göstərilən zərərin olmamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iddia tələbini rədd edərkən tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh məhkəmədə bildirmişdir ki, “həmin pulun borc kimi verilməsindən söhbət gedə bilməz. Səs yazısında da pulun borc kimi verildiyindən söhbət getmir, cavabdeh minnətdarlıq kimi borclu qalmayacağını bildirmişdir.” Məhkəmənin qeyd edilən mövqeyi ilə bağlı ilk öncə bildirir ki, onlar ailə və nikah münasibətlərində olmamışdırlar. Cavabdehlə münasibətləri ara-sıra görüşməkdən ibarət olmuşdur. Hər biri ayrı-ayrılıqda özlərinə məxsus evdə qalmış, birgə təsərrüfat idarə etməmişlər. Cavabdehə iddia tələbində göstərilən məbləğdə pul vəsaitini əvəzsiz verməsi ağlabatan deyildir (onun maddi vəziyyəti buna imkan verən həddə deyil). Cavabdeh şəxs özü də məhkəməyə tərəflərindən təqdim edilmiş flaş kartda olan səs yazılarında açıq-aydın bildirir ki, “aldıqlarımı geri qaytaracam, maşınımı satacam, borcu qaytaracam”. Lakin məhkəmə qaytarılması etiraf edilən pul vəsaitini cavabdeh şəxsin əvəzsiz qəbul etməsi kimi qiymətləndirərək, onların arasındakı münasibətlərə düzgün maddi hüquq norması tətbiq etməmişdir. Eyni zamanda məhkəmə tərəflərin Nəsimi RPİ-nin İŞ-də vermiş olduqları izahatı və materialları tədqiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, iddiaçı polis orqanına verdiyi şikayətdə cavabdehlə qeyri-rəsmi nikah münasibətlərində olduğunu bildirib. Tərəflər təxminən 2-3 il birlikdə yaşayıblar. Tərəflərin münasibəti 2022-ci ilin sonlarından başlayıb, münasibətləri pisləşənədək davam edib. Bildiyinə görə tərəflərin dini nikahı olub. Onlar cavabdehin evində yaşayıb. İddiaçı tərəfindən verilən pullar tərəflərin birgə yaşayış xərcləri üçün verilib. Əgər borc niyyəti olsa idi ödənişlər mütəmadi olmazdı və məbləğlər az olmazdı. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-сi maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; 668.1-ci maddəsinə əsasən bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlıdır; əvvəlki redaksiyasında 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.

26. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi münasibətlərdə olmuş, həmin münasibətlər çərçivəsində iddiaçı müəyyən xərclərin ödənilməsi, lotareya oynanılması və digər səbəblərdən cavabdehə ardıcıl olaraq müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitləri vermişdir.

27. Hazırda iddiaçı aralarında yaranmış münasibətlər çərçivəsində müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla, 11.940 manat kart hesabına köçürülməklə, qalan məbləği isə əlbəəl verməklə ümumilikdə 28.020 manat məbləğində pul vəsaitinin sonradan qaytarmaq şərti ilə, yəni borc qismində cavabdehə verdiyini, lakin borc kimi verdiyi pul vəsaitindən cəmi 4.000 manat qaytarılmaqla, qalan hissəsinin bugünədək cavabdeh tərəfindən ona qaytarılmadığını bildirir və 24.020 manat məbləğində pul vəsaitinin və bu məbləğə uyğun olaraq ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Başqa sözlə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü pul tələbi ilə bağlı mövqeyinin əsasını cavabdehlə aralarında borc münasibətlərinin olması təşkil edir. Cavabdeh isə iddianı qəbul etmir və iddiaçının pulu ona verdiyini mübahisələndirməsə də, həmin pulun borc olaraq deyil, aralarında həmin vaxt mövcud olan qeyri-rəsmi münasibətlər çərçivəsində (həmin vaxt onun evində bir ailə kimi birgə yaşadıqları səbəbindən) əvəzsiz olaraq, hədiyyə kimi verildiyini vurğulayır.

28. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin halları ilə iddiaçının cavabdehə müxtəlif məbləğlərdə bank köçürməsi ilə pul vəsaiti verdiyi öz təsdiqini tapır. İddiaçının müraciətinə əsasən Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsində aparılmış araşdırma zamanı cavabdeh öz izahatlarında bu halı inkar etmir və həmin məbləğlərin ona borc qismində verilmədiyini, ailə münasibətlərində olduqları və birgə yaşadıqları üçün iddiaçının ona pul xərclədiyini göstərir.

29. Qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində cavabdehlə ailə və nikah münasibətlərində olmadığını, faktiki olaraq birgə təsərrüfat idarə etmədiklərini, cavabdehin hesabına köçürülmüş və ona əlbəəl verdiyi pulları borc məqsədi ilə verdiyini və cavabdehin polis idarəsində verdiyi izahatda və məhkəməyə təqdim etdiyi səs yazısında borcu qaytaracağı ilə bağlı vədlər verdiyini qeyd etsə də, özü polis idarəsində verdiyi izahatında mübahisələndirdiyi pulları qeyri-rəsmi münasibətdə olduğu cavabdehə münasibətdə olduğu vaxt ərzində verdiyini bildirərək, aralarında məhz qeyri-rəsmi münasibətlərin olduğunu etiraf etmişdir.

30. Bununla belə, iddiaçı tərəfindən müxtəlif məbləğlərdə və tarixlərdə pul vəsaitləri nəticə etibarı ilə cavabdehə göndərilmişdir. Lakin verilən pul vəsaitlərinin məbləğləri və tarix etibarı ilə intensivliyi tərəflər arasında hər hansı məbləğlə bağlı borc münasibətlərinin yaranmasını istisna edir. Hər bir halda, borc qismində tələb olunan pul vəsaitinə borc alanın az və ya çox, bu və ya digər formada ehtiyacı olmalı, habelə ehtiyacın yaranma səbəbi (əsası) olmalı və səbəbdən (əsasdan) irəli gələrək ehtiyac duyulan məbləğ formalaşmalı, ən əsası da bununla bağlı borcalanın borcverənə bu barədə müraciəti olmalı, habelə borc kimi alınan məbləğin qaytarılması şərtləndirilməlidir. Belə ki, borc münasibətləri özündə məhz pul vəsaitinin alınması səbəblərinin mövcud olmasını və nəticə etibarı ilə alınan məbləğin qaytarılmasını şərtləndirir. Hazırki münasibətlərdə isə qeyd edilən hallardan hər hansı biri, xüsusilə də cavabdehin iddiaçıya bununla bağlı müraciətinin olduğu müəyyən edilmir.

31. Borc münasibətlərində borc verən borc alana pul vəsaiti verdiyindən müəyyən müddətə olsa da həmin vaxt sahib olduğu ümumi pul kütləsində borc verilən məbləğ həddində azalma baş verir və münasibətlərin xarakterinə uyğun olaraq, borc verən həmin məbləğin qaytarılmasını gözləyir və buna inanır. Belə ki, borc verən verdiyi məbləğin ona qaytarılacağına sadəcə ümid etmir, əksinə borc alanın bununla bağlı maddi imkanlarına inanır və qüvənir. Lakin iddiaçının istinad etdiyi səs yazılarından və verilən məbləğlərin istifadə olunması təyinatından da (dərman almaq və sair) açıq-aydın görünür ki, həmin məbləğlər hesabına gündəlik şəxsi və ya ümumi ehtiyaclar ödənilir. Eyni zamanda, hər əvvəlki məbləğ qaytarılmadan yeni məbləğ verilir və bu hal mütəmadi olaraq təkrarlanır. Qeyd edilənlər öz növbəsində bu münasibətlərin borc münasibəti olmasını istisna edir. Əks halda, iddiaçı hər dəfə, bundan əvvəl alınan məbləğ qaytarılmadan təkrar-təkrar intensiv şəkildə cavabdehə pul verməzdi. Ümumiyyətlə borcun istənildiyini, habelə verilmiş pulun borc olmaqla qaytarılmasının tələb edildiyini (polis orqanlarına müraciətdən və ondan sonra göndərilən pretenziyadan başqa) təsdiq edən bir sübut mövcud deyil. İddiaçının pulun tələb edilməsi ilə bağlı hərəkətləri də artıq onların arasında münasibətlərin kəsildiyi dövrə təsadüf edir. İş materiallarında olan pretenziya isə iddiaçı polis orqanını müraciət etdikdən sonra cavabdehə göndərilmiş və tərəflər arasında olan münasibətlər borc münasibətləri kimi təqdim edilmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi səs yazıları ilə bağlı qeyd edir ki (iddiaçı tələbini əsaslandırarkən səs yazılarına istinad edərək, cavabdeh ona göndərdiyi pul vəsaiti ilə bağlı özündə müvafiq qeydlər etdiyini, lazım olarsa avtomobilini sataraq, onu pis vəziyyətdə qoymacağını bildirdiyini qeyd etmişdir), həmin səs yazısı tam tətqiq edilən zaman müəyyən edilir ki, iddiaçı cavabdehə pul göndərdiyindən cavabdeh ona öz təşəkkürünü bildirib, ona “allah səni ömrümdən, canımdan, yanımdan əskik etməsin” kimi dualar edərək, “həyatım, ömrüm, hərşeyim, ürəyim” sözlərindən istifadə edərək, müraciət etmişdir. Cavabdeh iddiaçıya narahat olmamasını bildirmiş və məhsulların aptekdən alınması prosesi barədə, tibbi bacısının gəldiyi haqqında məlumat vermişdir. Bu ünsiyyətdə cavabdeh borc verən deyil, daha çox iddiaçıya dayaq olan şəxs qismində çıxış edir. Halbuki, hazırda aralarında münasibətlərin olmasını inkar edən bir şəxs olaraq, ünvanına işlədilən və məhz aralarında olan yaxın münasibətləri ehtiva edən bu sözlərə fərqli məzmunda cavab verməli, ən azı ona belə müraciət etməməsini tövsiyə etməli idi. Bu da tərəflər arasında faktiki olaraq yaxın münasibətlərin olduğunu və iddiaçının hazırda (artıq aralarında münasibətlər kəsildikdən sonra) borc kimi verildiyi təəssüratını yaratmaq istədiyi (cəhd etdiyi) məbləğlərin həmin vaxt həqiqətdə əvəzsiz olaraq cavabdehə verildiyini təsdiq edir.

33. Başqa sözlə, hər iki tərəfin razılığı ilə nikahdan kənar münasibətlər zamanı tərəflər arasında borc münasibətləri yarana bilməz. Ən azından bu cür vəziyyətdə onları birləşdirən hissləri və bu hislərdən yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda baş verən hallara uyğun gəlmir. Belə olduğu təqdirdə də, cavabdehin iddiaçının hesabına əsassız varlanması halı da istisna edilir.

34. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçı iddia etdiyi məbləği aralarında yaranmış münasibətlər çərçivəsində və öz iradəsinə uyğun şəkildə, könüllü olaraq bu cavabdehə xərcləmiş, o cümlədən onun ehtiyaclarını ödəmişdir. Hər bir halda, iddiaçını cavabdehlə bu münasibətlərdə olmağa hər hansı şəxs məcbur etməmiş, tərəflər könüllü olaraq bu münasibətlərə daxil olmuş və müəyyən müddət həmin münasibətləri davam etdirmişdilər. Bu da öz növbəsində iddiaçının bu münasibətləri arzulamasını, həmin münasibətlərin yaranması və davam etməsi ilə arzusuna və məqsədinə çatmasını təsdiq edir. Bu da öz növbəsində iddiaçı tərəfindən verilən məbləğin hədiyyə kimi qiymətləndirilməsini şərtləndirir. Bu baxımdan həmin məbləğin, onun hər hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması da artıq onun tərəfindən borcun qaytarılması kimi qiymətləndirilə bilməz və bu hal da cavabdehin könüllü istəyinə və sərbəst iradəsinə bağlı olan bir hərəkət kimi qiymətləndirilməlidir.

35. Məhkəmə kollegiyası iddiaçının cavabdehə könüllü olaraq, öz sərbəst iradəsinə və istəyinə uyğun qaydada pul köçürməsini, bu halın onların arasında yaxın münasibətlər olan ərəfədə baş verməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən bu cavabdehə verilən pul vəsaitləri məhz hədiyyə kimi qiymətləndirilməlidir. Qeyd edilənlər apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.

36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar