Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1891/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı «xxxx» ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Birinci instansiya məhkəməsində icraat:
1. Iddiaçı «xxxx» ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “SSANG YONG” markalı, **–SR–*** dövlət nömrə nişanlı avtomobil ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək “xxxx” ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə ##.##.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il ######un ##-də cavabdeh Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “SSANG YONG” markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobilə Xırdalan-Binəqədi yolunda “KIA RIO” markalı, **–HA–*** dövlət nömrə nişanlı avtomobilə toqquşmuşdur. Binəqədi RPI-nin, 6-cı PB-nin baş təhqiqatçısı, R X6 tərəfindən ##.##.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh IXM-nin 332.4-cü (bu Məcələnin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Binəqədi RPŞ-nin DYPŞ-nə göndərilmişdir. Binəqədi RPŞ-nin DYPŞ-in ##.##.2021-ci il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən cavabdeh Cavabdeh IXM-nin 332.4-cü (bu Məcələnin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehlərin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “xxxx” MMC tərəfindən ##.##.2021-ci il tarixində verilmiş **** nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “KIA RIO” markalı, **–HA–*** dövlət nömrə nişanlı avtomobilə 7200 manat məbləğində ziyan dəymişdir. “Icbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə, 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. Iddiaçı ##.##.2021-ci il tarixində 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 5000 manat sığorta ödəniş, ödənilmiş 70 manat dövlət rüsumu cəmi 5070 manatın tutularaq «xxxx» ASC-yə ödənilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehin sürücülük hüququnu müəyyən edən qərarın artıq ləğv edilməklə mövcud olmadığını məhkəmə nəzərə almamış, sübut etmə hüququnu təmin etməyərək üçüncü şəxs kimi məhkəməyə çağırmaq istədiyi şəxsin dindirilməsini təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.09.202-ci il tarixli qərarından görünür ki, guya cavabdeh **-KV-*** nömrəli avtomaşını idarə edərək inzibati xəta törətmiş, buna görə də Sumqayıt şəhər Polis Idarəsinin naməlum nömrəli və naməlum tarixli protokolu ilə tərtib olunmuş hansısa cəriməni ödəmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə qanunsuz olaraq 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Belə olduğu halda qətnamə qəbul edərkən məhkəmə yanlışlığa yol vermişdir. Məhkəmə bu kimi məsələləri araşdırmamış ədalətsiz qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmə iclaslarından xəbəri olmamış, ona məlumat verilməmişdir. Belə olduğu halda məhkəmə qətnaməsi əsassızdır. Qətnamə tam və hərtərəfli araşdırılmadan çıxarılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Fuad Abdıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyasında icraat:
6. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X7 və X4) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması müəyyən edilmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərk və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsində baxılmış iş barədə və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı olmayıb. Hadisə zamanı sürücülük vəsiqəsi özündə olub.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
10. Icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsindən görünür ki, “SSANG YONG” markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobil ##.##.2020-ci ildən ##.##.2021ci ilədək “xxxx” ASC-də icbari sığorta növündə sığortalanmışdır.
11. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, ##.##.2021-ci il tarixdə saat 16:00-da Binəqədi-Xırdalan yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxsin yol-nəqliyyat hadisəsi baş verdiyi anda sürücülük hüququ olmamışdır.
12. PXA***** nömrəli sığorta aktından görünür ki, sığortalanmış “SSANG YONG” markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobil “Kia Rio” markalı **NA*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 7200 (yeddi min iki yüz) manat təşkil edir, sığorta ödənişinin məbləği 5000 (beş min) manatdır.
13. Binəqədi RPI-nin, 6-cı PB-nin baş təhqiqatçısı, R X6 tərəfindən ##.##.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Cavabdeh IXM-nin 332.4-cü (bu Məcələnin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədiylə toplanmış materiallar Binəqədi RPŞ-nin DYPŞ-nə göndərilmişdir.
14. Binəqədi RPŞ-nin DYPŞ-in ##.##.2021-ci il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh IXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
15. “xxxx” ASC-nin ##.##.2021-ci il tarixli № **/**-1354 Cavabdeh məktubundan müəyyən olur ki, ##.##.2021-ci il saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi-Xırdalan yolu ərazisində idarə etdiyiniz və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "X1" markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil Kia Rio" markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən avtomobilə dəymiş zərərə görə tərəfimizdən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, yuxarıda qeyd olunanları və hadisə zamanı sizin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməyinizi nəzərə alaraq ilkin mərhələdə 5000 (beş min) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından (Xalq Bank/Hüquqi şəxslər/Cari hesaba mədaxil/Müştəri kodu: 154830/VÖEN:**********/Təyinata ad, soyad, PXA2001597403 yazmaqla) 7 (yeddi) iş günü ərzində könüllü ödəməyi təklif edilmişdir. Əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də ondan tutulacağı bildirilmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərarı ilə Cavabdeh IXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır.
17. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı iş materiallarında olan poçt zərflərindən müəyyən olur ki, ##.##.2021-ci il tarixli iclasın yeri və vaxtı barədə məhkəmə bildirişi və ##.##.2021-ci il tarixli qərar Cavabdeh çatmamışdır.
18. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarına xitam verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Cavabdeh IXP ******* saylı inzibati xəta haqqında protokol üzrə ona yazılmış 80 manat cəriməni ödəmişdir.
19. “xxxx” MMC tərəfindən ##.##.2021-ci il tarixində verilmiş **** nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “KIA RIO” markalı, **–HA–*** dövlət nömrə nişanlı avtomobilə 7200 manat məbləğində ziyan dəymişdir. Iddiaçı ##.##.2021-ci il tarixində 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
22. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
23. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
24. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
25. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
27. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Inzibati Xətalar Məcəlləsi.
28. 1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.
29. 1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.
30. 1.3. Inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.
31. 1.4. Ələt azad iqtisadi zonasında inzibati məsuliyyətə səbəb olan əməllər (hərəkət və ya hərəkətsizlik) və bu əməllərə görə inzibati xəta törətmiş şəxsin tənbeh edilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
32. 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
33. 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
34. 6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.
35. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
36. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın
37. 13. Inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.
38. 27.1. Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
39. 152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir.
40. 152.5. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.
41. 333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
42. “Icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu. Maddə 37.1 Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
43. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.
44. Keçmiş SSRI nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
55. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
56. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
57. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
58. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
59. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
61. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
62. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
64. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
65. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki kollegiyasının) Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, Məhkəmə həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
66. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilir:
67. Cavabdehin etirazına əsasən işin mübahisəli halı hadisə baş verdiyi an onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlı olub-olmamasıdır.
68. Iddiaçı isə subroqasiya hüququnun yaranmasını hadisə baş verən anda cavabdehin sürücülük hüququnun məhdudlaşdırılmış olması ilə əsaslandırmışdır. Əks halda, yəni hadisə baş verən anda cavabdehin sürücülük hüququ mövcud olduğu halda, subroqasiya hüququ istisna olunur.
69. “Icbari sığortalar haqqında” Qanunun 25.1.3.-cü maddəsinə görə də sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ o halda yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs istismar etmiş olsun.
70. Subroqasiya qaydasında cavabdehdən qeyd edilən norma əsasında pul tutulması üçün cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs olması müəyyən edilməlidir.
71. Cavabdeh hadisə baş verən an sürücülük hüququnun məhdudlaşdırılmasından xəbərsiz olmasını, hətta sürücülük vəsiqəsinin də üzərində olmasını, bu hüququnun məhdudlaşdırlımış olması barədə məlumatı isə sonradan iddiaçıdan aldığını demişdir. Cavabdehin dəlillərinə görə o, hadisə baş verən an nəqliyyat vasitəsini sürücülük hüququ olan şəxs kimi idarə etmişdir. Başqa sözlə, cavabdeh subyektiv dərk baxımından icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili hadisə baş verən an idarə etməyə hüququ olan şəxs kimi istismar etdiyini bildirmişdir
72. Müəyyən edilmişdir ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (IXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
73. Eyni zamanda cavabdeh IXP ******* saylı inzibati xəta haqqında protokol üzrə ona yazılmış 80 manat cəriməni ödədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarına xitam verilmişdir.
74. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarından, ümumiyyətlə xəbərsiz olmasını, hadisə baş verən an sürücülük vəsiqəsinin üstündə olmasını, bu səbəbdən sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı da iddiaçıdan aldığını desə də və onun bu dəlilləri iddiaçının subroqasiya hüququnun yaranıb-yaranmaması məsələsinə təsir etsə də, apellyasiya instansiyası məhkəməsi bu dəlillərə əhəmiyyət verməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı qəbul edilərkən cavabdehin iştirakının təmin edilib-edilməməsinə, həmin qərarın sonradan icraya yönəldilib yönəldilməməsinə, bunun nəticəsi olaraq cavabdehin sürücülük vəsiqəsinin təhvil alınıbalınmamasına aydınlıq gətirməmişdir.
75. IXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.
76. Başqa sözlə, hadisə baş verən sürücülük hüququnun olmamasını bilə-bilə cavabdehin nəqliyyat vasitəsini idarə edib-etməməsi halı hazırkı işdən görünmür. Halbuki iddiaçı cavabdehdən subroqasiya qaydasında pul məbləğini cavabdehin məhz nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə tələb edir və iddianın düzgün həlli də bundan asılı olmuşdur.
77. ... Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlara aydınlıq gətirmədən, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə cavabdehin sürücülük hüququnun məhdudlaşdırılmasına və sonradan onun barəsində həmin fakta əsaslanan inzibati xəta qərarına istinadən iddianı təmin etmişdir ki, bu da sonda həmçinin maddi hüququn tətbiqində də səhv nəticəyə gətirib çıxarmışdır.
78. Məhkəmə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq qeyd edir ki, mülki işin tam, hərtərəfli araşdırılmasının təmin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsindən *(***)- ***/**** saylı iş materialları sorğu edilmiş, həmin iş materialları öyrənilmişdir. Həmin iş materiallarında olan poçt zərflərindən müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixli iclasın yeri və vaxtı barədə məhkəmə bildirişi və ##.##.2021-ci il tarixli qərar Cavabdeh çatmamışdır.
79. Cavabdeh həm rayon məhkəməsinin iclaslarında, həm apellyasiya baxışı zamanı sürücülük hüququnun məhdudlaşdıırlması barədə məlumatının olmadığını, hadisə baş verən sürücülük vəsiqəsinin özündə olduğunu, ümumiyyətlə Sumqayıt Şəhər Məhkəməsində ##.##.2021-ci il tarixdə onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması barədə qərar çıxarılmasından məlumatı olmadığını bildirmişdir.
80. Məhkəmə qeyd edir ki, “Icbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
81. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” ## ######## 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.
82. Məhkəmə qeyd edir ki, IXM-nin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Hazırkı işin hallarından isə müəyyən olur ki, cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsa da, onun bundan məlumatı olmamış və sürücülük vəsiqəsi də özündə olmuşdur.
83. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarından müəyyən edilir ki, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs də nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. “Icbari Sığortalar haqqında” Qanunun 25.1.3cü maddəsinin tələblərində isə müəyyən olur ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ o halda yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istismar etmiş olsun.
84. Hazırkı halda isə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdeh sürücülük hüququnun məhdudlaşdıırlmasından xəbərsiz olmuş, eləcə də hadisə baş verən zaman sürücülük vəsiqəsi cavabdehin üzərində olmuşdur.
85. IXM-in yuxarıda istinad olunan 3, 12 və 13-cü maddələrinin təhlilindən də bəlli olur ki, həmin Məcəllənin 322-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta qəsdən törədilən xəta hesab olunur. Başqa sözlə desək, şəxs törədilmiş əməlin (hazırkı halda idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinin) hüquqazidd olduğunu bilir (dərk edir) və şüurlu surətdə buna yol verməklə hərəkət edir.
86. “Icbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin tələblərində isə müəyyən olur ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ o halda yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu... idarə etməyə.... hüququ olmadan istismar etmiş olsun.
87. Istinad olunan maddi hüquq normalarının sistematik və əlaqəli təhilindən də aydın olur ki, sığorta şirkətinin hazırkı halda subroqasiya hüququnun yaranması üçün iddiaçının hadisənin baş verdiyi vaxt nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasını bilməsi və buna rəğmən nəqliyyat vasitəsini (avtomobilini) idarə etməsi mütləq şərtdir.
88. Yuxarıda da qeyd olunduğu ki, iddiaçının hadisənin baş verdiyi vaxt nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasından məlumatsız olması müəyyən olunmuşdur. Nə qədər ki, həmin əməl - xəta qəsdən törədilən əməldir, onda, şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya həmin hüquqdan məhrum edilməsindən məlumatsız olması IXM-in 3, 12 və 13-cü maddələrinin imperativ tələbləri baxımından şəxsin həmin əsasa, yəni xüsusi hüququnun məhdudlaşdırılması və ya həmin hüququndan məhrum edilməsinə görə təqsirini və müvafiq olaraq da inzibati məsuliyyətini istisna edir.
89. Demək ki, hazırkı halda şığorta şirkətinin iddiaçıya qarşı “Icbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən subroqasiya hüququnu yaradan əsas şərt mövcud deyildir. Bu isə öz növbəsində şığorta şirkətinin iddiasının təminini mümkünsüz edir.
90. Beləliklə, şərh edilənlərə əsasən müəyyən olunur ki, hazırkı halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmadığından, onun iddia tələbi təmin edilə bilməz.
91. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
92. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
93. Beləliklə, Məhkəmə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, rayon məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol veridyindən və gəldiyi nəticə üçün mühüm faktiki əhəmiyyəti olan halları araşdırmadığından qətnamə ləğv edilməli, yeni qətnamə qəul edilərək, iddia tələbi təmin edilməməlidir.
94. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
95. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları:
96. 1.1. Bu Qaydalar vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyət kəsb edən məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və qaydalarını müəyyən edir.
97. 1.5. Bu Qaydalara uyğun olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin baxdıqları işlər üzrə məhkəmə təcrübəsinin müəyyən edilməsi, inkişaf etdirilməsi və ya dəyişdirilməsi baxımından əhəmiyyətli hesab etdikləri hüquqi məsələlərin həll edildiyi məhkəmə aktları indeksləşdirilir. Bu məhkəmələr tərəfindən məhkəmə aktlarının indeksləşdirilməsinin məqsədi həmin hüquqi məsələlər üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə, inkişaf etdirilməsinə və ya dəyişdirilməsinə olan ehtiyacın Azərbaycan Respublikası Ali Məhkəməsinin diqqətinə çatdırılmasıdır.
98. 2.1. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir:
99. 2.1.2. ** (iki ulduz) – məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan hüquqi məsələnin həll edildiyi apellyasiya instansiyası məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır;
100. 3.2. Apellyasiya instansiyası məhkəməsi baxdığı iş üzrə birinci instansiya məhkəməsinin həll etdiyi hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi məhkəmə aktına ** nişanını təyin edir.
101. Məhkəmə hazırkı işə istinad edilən Qaydaların 2.1.2-ci bəndini tətbiq edir. Nəticə:
102. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmadığından cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
103. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
104. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.
106. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.