Məhkəmə qərarları › İş №2(3-6)-2042/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2042/2026

16.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2042/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh öz xeyrinə 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat pulun, 2 il üçün 10 faiz olmaqla 1900 (min) doqquz yüz) manat penyanın və ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə iş görmək üçün ona 2023-cü ildə təxminən yay aylarında 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul vermişdir. Iş birliyi RENT A CAR işlətmək olmalı idi və şərik kimi 40/60-a işləməli idilər. Ancaq həmin dövrdən etibarən bu şəxs müxtəlif bəhanələr gətirərək nə iş birliyi qurdu, nə də pulunu geri qaytardı. Dəfələrlə həm özü ilə, həmçinin anası (Təranə adlı) ilə dəfələrlə əlaqə yaradaraq pulunu geri tələb etsə də, ona qarşı hədə-qorxu gəlinmişdir. Nəhayət hazırda Nərimanov rayon Polis Idarəsinə müraciət etdikdən sonra cavabdeh ona borcunun olmasını etiraf etmiş və bu zaman da hətta borcunun cəmi 6000 manat olmasını bildirmişdir. Halbuki borc manat məzənnəsi ilə 19.000 (on doqquz min) manatdır.

3. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, mübahisə predmeti olan pulun necə, nə vaxt və hansı şəkildə verilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir, iddia tələbi yalnız iddiaçının formal mülahizələrinə uyğun əsaslandırılmışdır. Həmçinin, DIN Nərimanov RPI-nin 17-ci Polis Şöbəsinin ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı sübut kimi ümumiyyətlə qiymətləndirilməməlidir. Belə ki, sözügedən qərarda birgə iş görüb qazanc əldə etmək məqsədilə İddiaçı tərəfindən Cavabdeh 19000 (on doqquz min) manat pulun 2023-cü il tarixdə verilməsi qeyd olunmuşdur, halbuki hüquqmühafizə orqanına başqa hər hansı sübut təqdim edilməmiş və ya müəyyən edilməmiş, verilmiş ifadələrdə isə kifayət qədər bir birinə zidd məqamlar mövcuddur. Lakin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilməsi cavabdehə hər hansı öhdəlik yaratmadığından sözügedən qərardan şikayət verilməmişdir. Eyni zamanda bildirir ki, cavabdeh Cavabdehlə 2023-cü ilin yay aylarında hər hansı iş birliyi baş tutmamış, adına ümumiyyətlə hər hansı şirkət mövcud deyil və heç vaxtı da olmamışdır. Bundan əlavə bildirir ki, cavabdehin sanki onunla iş görmək adı ilə pulun məhz 2023-cü ilin yay aylarında verilməsi tamamilə cəfəngiyyat xarakterli bir məlumatdır və sözügedən tarixin qeyd edilməsi sırf iddia müddətinin ötürülməməsinə yönəlmiş bir cəhddən başqa bir şey deyil. Belə ki, iddiaçı ilə “WhatsApp” mobil tətbiqi üzərindən aparılmış danışıqlardan görünür ki, o ən azından # ###### 2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilirdi (əlavə olunur). Sözügedən danışıqlarda iddiaçı cavabdehdən 2017-ci ilin iyun ayından başlayaraq pul tələb edir. 2020-ci ilin mart ayının 29-da iddiaçı ilə cavabdeh arasında baş tutan yazışmaların mətninə nəzər yetirsək görərik ki, iddiaçı bu vəziyyətin altı ildir davam etdiyini etiraf edir.

4. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini belə əsaslandırmışdır ki, istənilən halda iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının mübahisə etdiyi əsas məqam cavabdehin sanki onunla iş görmək adı ilə verilmiş pulun cavabdehdən alınaraq qaytarılması barədə tələbi təşkil edir. Etiraz ərizəsinə qoşma şəklində əlavə edilmiş iddiaçı ilə WhatsApp" mobil tətbiqi üzərindən aparılmış danışıqlardan görünür ki, o ən azından # ###### 2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilirdi. MM-nin 373-cü maddəsinin 2-ci hissəsinə əsasən, həmin tələb məhkəməyə ən son tarixi belə götürsək ##.##.2020-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı onun tərəfindən verilmiş pulun cavabdeh tərəfindən qaytarılmamasını qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Lakin iş materiallarından göründüyü kimi, bu barədə tələb məhkəməyə iddia müddəti ötürüldükdən sonra verilmişdir. Halbuki, AR Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

5. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Səbinə Nuriyeva) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu kimi 134 (yüz otuz dörd) manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh qətnamədən apllyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmiş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, həm maddi, həm də prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən pul vəsaitinin verilməsini təsdiq edən hər hansı yazılı sübut, bank əməliyyatı, qəbz, müqavilə, şahid ifadələri və ya digər mötəbər sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq, rayon məhkəməsi heç bir sübuta əsaslanmadan “pulun verilməsi” faktını müəyyən edilmiş hal kimi qəbul etmişdir. Rayon məhkəməsi təqdim edilən “Whatsapp” yazışmalarına hüquqi qiymət verməmiş, iddiaçının ən azı 2017-ci ildən pul tələb etdiyini, 2020-ci ildə isə bu münasibətin uzun müddətdir davam etdiyini etiraf etdiyini nəzərə almamış, beləliklə də, iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Rayon məhkəməsi heç bir sübuta əsaslanmadan tərəflər arasındakı münasibətlərin 2023-cü ilin yay aylarından başlanması qənaətinə gəlmişdir. “WhatsApp” yazışmalarından açıq-aşkar görünür ki, iddiaçı ən azı 2017-ci ildən etibarən cavabdehdən pul tələb etməyə başlamışdır. Iddiaçı məhkəmə iclaslarında həmin yazışmaların məhz onun tərəfindən aparıldığını da etiraf etmişdir. Bu isə onu göstərir ki, iddiaçı hüquqlarının guya pozulduğunu ən gec 2017-ci ildə bilmiş və ya bilməli olmuşdur. Buna baxmayaraq, o, məhkəməyə yalnız 2025-ci ildə müraciət etmişdir. Beləliklə, Mülki Məcəllənin 377.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iddia müddətinin başlanma anını düzgün müəyyən etməmiş, təqdim olunmuş sübutlara hüquqi qiymət verməmiş və nəticədə qanunu səhv tətbiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı R X1 ## ##### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından” görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış hazırkı iş üzrə cavabdüeh Cavabdeh (##.##.1984-cü ildə Bakı şəhərində anadan olan. ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan) bildirmişdir ki, İddiaçılə aralarında ailəvi dostluq münasibəti vardır. 2011-ci ildə Asif ona iş görmək üçün 5.000 ABŞ dolları pul vermişdir. 2012-ci ildə maşın bankda kredit olduğu üçün 5.000 manat kassaya ödəniş etmişlər və birlikdə maşını bankdan çıxarmışlar. Həmin puldan isə 2700 manat. 500 manat və 300 manat olmaqla Asifə qaytarmışdır. Hal hazırda onun Asifə 6000 manat borcu qalmışdır. Ən qısa zamanda həmin pulu qaytacağına söz vermişdir. Qərarla tərəflər arasında olan münasibətlər mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

11. “Whatsapp” mobil tətbiqindən sms-çıxarışlarından müəyyən olunur ki, iddiaçı İddiaçı məxsus olan 050-712-77-72 mobil nömrəsi və cavabdeh Cavabdeh arasındakı yazışmalarda – ##.##.2017-ci il tarixdə iddiaçı pulunu tələb etmiş, ##.##.2017, ##.##.2017, ##.##.2017, ##.##.2017, ##.##.2017, ##.##.2017, ##.##.2020, ##.##.2023-cü il və s. mütxəlif tarixli yazışmalarda pul məsələsi barədə soruşmuş, pulunun qaytarılmasını tələb etmiş, ##.##.2020-ci il tarixli yazışmada isə iddiaçı “Amma çoxdan bağlamalıydın sən bu haqq-hesabı, 6-cı ildir” qeyd etmişdir. ##.##.2023-cü il tarixli yazışmalarda isə iddiaçı cavabdehə “Neynədin pulumu? Nə fikirləşirsən? Neçə ildi uje?” kimi mesajlar yazmışdır.

12. Iddiaçı tərəfindən təqdim edilən CD disk. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları:

13. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. v372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissələrində ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbləri həmin hissədə də təmin edilməməlidir.

17. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi və rayon məhkəməsinin iddia tələblərini qismən təmin edərək işin faktiki hallarını düzgün müəyyən edə bilməməsi, eləcə də maddi hüquq normalarının tətbiqində səhvə yol verməsindən ibarətdir.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı halda iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.

19. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

20. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).

21. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

22. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür.

23. Belə olduqda, növbəti mərhələ iddiaçının istinad etdiyi hallara dair sübutların yoxlanılmasıdır.

24. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə pulu qaytarmalı olduğunu sübut etməlidir.

25. Iddiaçı isə iddia tələbinin əsası kimi özünün izahatlarına, Nərimanov RPI-nin 17-ci Polis Şöbəsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına və rayon məhkəməsinə təqdim etdiyi CD diskdəki səs yazılarına əsaslanmışdır.

26. Iddiaçı yazılı iddia ərizəsində, rayon məhkəməsindəki izahatlarında və polis şöbəsindəki izahatlarında şərik iş üçün 2023-cü ilin yay aylarında 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat olmaqla, hazırkı məzənnə ilə cəmi 19000 (on doqquz min) manat cavabdehə pul verdiyini, cavabdehin isə aralarındakı razılığa uyğun hərəkətləri icra etmədiyini və onun pulunu qaytarmadığını qeyd etmişdir.

27. Cavabdeh rayon məhkəməsində icraat zamanı iddia müddətinin ötürülməsi barədə ərizə vermiş və təqdim etdiyi “Whatsapp” yazışmalarına əsaslanaraq, bildirmişdir ki, iddiaçı ilə aralarındakı iş birliyinə dair münasibətlər 2011-2012-ci illərdə olmuş, sonra işlərin alınmadığını, iddiaçının ondan 2017-ci ildən pul tələb etdiyini, demək ki, hüquqlarının pozulduğunu həmin tarixdən bildiyini qeyd etmişdir.

28. Rayon məhkəməsi cavabdehin həmin ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 2023-cü ilin yay aylarında cavabdeh ilə aralarında olan “birgə iş qurmaq barədə” razılığa əsasən sonuncuya pul vermişdir. Tərəflər arasında olan hazırki mübahisə 2023-cü ilin yay aylarında yaranmış münasibətlərlə bağlıdır. Bununla belə, tərəflər arasında olan razılıq baş tutmamış, iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Nərimanov RPI-nin 17-ci PŞ-nə, ##.##.2025-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan iddia müddəti ötürülməmişdir.

29. Məhkəmə rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, rayon məhkəməsi hazırkı mübahisənin faktiki hallarının müəyyən edilməsi və müddətlə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

30. Belə ki, mülki iş materiallarındakı cavabdeh tərəfindən təqdim edilmiş “Whatsapp” mobil tətbiqində olan yazışmalardan müəyyən olur ki, iddiaçı 2017-ci ilin # #### tarixindən cavabdehdən pulunu tələb etmiş, 2020-ci ilin ## #### tarixli yazışmalarda isə iddiaçı artıq 6-cı ildir pulun qaytarılmadığını bəyan edən mesajlar yazmışdır. Bu isə onu göstərir ki, tərəflər arasındakı mübahisənin 2011-2012-ci illərdə yaranmış münasibətlərlə bağlı olmasına dair cavabdehin bildirdikləri doğrudur, hər bir halda bu münasibətlərin 2017-ci ildən əvvəlki illərdə yaranması şəksizdir. Iddiaçı tərəflər arasındakı münasibətlərin 2023-cü ilin, həm də mücərrəd olaraq yay aylarında yarandığını iddia etsə də, buna dair məhkəməyə hər hansı sübut verməmişdir. Iddiaçı rayon məhkəməsinə cavabdehin tərəflər arasındakı münasibətlərin 2011-2012-ci illərə aid olması barədə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, aralarında əvvəllər də başqa borc-pul münasibətləri olub. Belə olan halda cavabdehlə aralarında başqa borc - pul münasibətlərinin olmasını iddiaçı sübut etməlidir. Buna baxmayaraq “Whatsapp” mobil tətbiqində olan yazışmalara əsasən iddiaçının ##.##.2017-ci il tarixdən cavabdehdən pulunu tələb etməsi, cavabdehdən pulnun qaytarmasını altı ildir ki, tələb etdiyini bildirməsi bu münasibətlərin daha əvvəldən yarandığını, eləcə də həmin tarixə tərəflər arasındakı münasibətlərin pozulduğunu təsdiq edir. Belə bir vəziyyətdə iddiaçının cavabdehə 2023-cü ilin, həm də qeyri müəyyən olaraq qeyd etdiyi yay aylarında yenidən pul verməsi inandırıcı da deyildir. Bundan başqa, iddiaçı cavabdehdən 2017-ci ildən tələb etdiyi pulun hazırkı iddia ərizəsi ilə tələb etdiyi pul olmamasına dair sübutlar da təqdim etməmişdir, halbuki bunu sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən onun üzrəinə düşür.

31. Məhkəmə onu da qeyd edir ki, rayon məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan (i\v səh. 56-58) müəyyən olduğu kimi iddiaçı cavabdehin nümayəndəsi və vəkili vəkil2 suallarına cavabında 7-8 il əvvəl cavabdehə pul verdiyini, cavabdehin həmin pulu qaytardığını qeyd etmişdir. 2023-cü ilin yay aylarında cavabdehə verdiyini iddia etdiyi pulu 2024-cü ilin sonlarından tələb etməyə başladığını bildirmişdir. Vəkilin “ona qədər pul tələb etməmisiniz?” sualına iddiaçı “xeyr, tələb etməmişəm, çünki əvvəlki borclarını qaytarıb” deyə qeyd etmişdir.

32. Məhkəmə iddiaçının həmin izahatlarına münasibətdə qeyd edir ki, “Whatsapp” yazışmalarında iddiaçının ##.##.2023-cü ildə pulunu tələb edərək, “neçə ildi uje?” qeyd etməsi də iddiaçının daha əvvəlki illərdə verdiyi pulu tələb etdiyini göstərir. Belə olan halda isə Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 2017-ci ildən üzü bəri israrla pulunu tələb etdiyi, ##.##.2020-ci ildə 6 ildir pulunun qaytarılmadığını bəyan etdiyi və cavabdehin həmin pulu ona qaytarmadığı halda, yenidən 2023-cü ilin yay aylarında, həm də yüksək məbləğdə - 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul verməsi ağlabatan olmamaqla, inandırıcı da görünmür. Beləliklə də, iddiaçının cavabdehdən tələb etdiyi pulu ona 2023-cü ildə verməsi barədə bildirdiklərinin əsassız olduğu müəyyən olur.

33. Eyni zamanda rayon məhkəməsi iddiaçının 2023-cü ilin yay aylarında cavabdehə pul verdiyini qeyd etsə də, buna dair iş materiallarında hər hansı sübut mövcud deyil, rayon məhkəməsi sadəcə iddiaçının şifahi mülahizələrinə əsaslanaraq, tərəflər arasında hazırkı mübahisə üzrə münasibətlərin 2023-cü ilin yay aylarında yarandığını qeyd etmiş, lakin nədənsə “Whatsapp” mobil tətbiqində olan yazışmaları nəzərə almayaraq, mülki iş materiallarındakı həmin sübutlara lazımi hüquqi qiymət verməmişdir.

34. Məhkəmə iddiaçının rayon məhkəməsində təqdim etdiyi CD diskdəki səs yazılarına baxış keçirmiş və həmin səs yazılarından da 2023-cü ilin yay aylarından borcun verilməsi təsdiqini tapmamışdır. Beləliklə də, müəyyən olur ki, iddiaçı tərəfindən cavabdehə qeyd edilən tarixdə həmin məbləğdə pul verilməsini təsdiq edən heç bir mötəbər sübut iş materiallarında mövcud deyil.

35. Beləliklə də müəyyən olur ki, tərəflər arasında mübahisəyə səbəb olan münasibətlər rayon məhkəməsinin qeyd etdiyi kimi 2023-cü ilin yay aylarında yox, 2011-2012-ci illərdə yaranmışdır. Odur ki, “Whatsapp” yazışmalarına əsasən iddiaçının ən azından # #### 2017-ci ildən hüquqlarının pozulduğunu bildiyi və belə olan halda isə müddətinin axımının həmin tarixdən başladığı müəyyən olunur.

36. Bununla da müəyyən olur ki, rayon məhkəməsi hazırkı işin faktiki hallarına düzgün qiymət verməyərək, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, rayon məhkəməsi cavabdehin ərizəsinə əsasən müddətin ötürülməsi məsələsinə iddia müddəti kimi yanaşaraq səhv etmiş və iddia müddəti ilə əsassız varlanmaya görə müəyyən edilmiş iki illik kəsici müddəti ayırd edə bilməmişdir.

37. Bundan başqa, rayon məhkəməsi borcun məbləğini müəyyən edərkən də işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərardan müəyyən olur ki, cavabdeh Nərimanov RPI-nin 17-ci Polis Şöbəsindəki izahatında iddiaçı ilə aralarında ailəvi dostluq münasibəti olduğunu, 2011-ci ildə Asifin ona iş görmək üçün 5.000 ABŞ dolları pul verdiyini, 2012-ci ildə maşını bankda kreditdə olduğu üçün 5.000 manat kassaya ödəniş etdiklərini və birlikdə maşını bankdan çıxardıqlarını qeyd edərək,həmin puldan isə 2700 manat, 500 manat və 300 manat olmaqla qaytardığını, hal hazırda onun Asifə 6000 manat borcu olduğunu bildirmişdir.

38. Rayon məhkəməsi iddianı təmin edərkən Nərimanov RPI-nin 17-ci Polis Şöbəsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına istinad etsə də, həmin qərarda cavabdehin izahatından da müəyyən olur ki, cavabdeh 2011-2012-ci illərdə iddiaçıdan pul aldığını, bir hissəsini qaytardığını və hazırda cəmi 6000 (altı min) manat borcunun qalmasını etiraf etmişdir. Iddiaçı da rayon məhkəməsində izahatlarında cavabdehə bir neçə il əvvəl dəfələrlə pul verdiyini, cavabdehin həmin pulu geri qaytardığını bildirmişdir. Buna baxmayaraq, rayon məhkəməsi cavabdehin həmin izahatını hazırkı iddia ərizəsində tələb edilən pulun həqiqətən cavabdehə verilməsi kimi qiymətləndirərək səhv nəticəyə gəlmiş, yəni cavabdehin 6000 (altı min) manat borcunun olmasına dair etirafını təhrif edərək, 19000 (on doqquz min) manat borcun etirafı kimi qiymət vermişdir.

39. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iddia ərizəsində də iddia tələblərinin qanuni əsasını MM-in əsassız varlanmaya dair müddəaları təşkil edir. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir və iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Məhkəmə xüsusi olaraq qeyd edir ki, istinad edilən normadakı müddət iddia müddəti olmayıb, kəsici müddətdir və müəyyən olunmuş həmin müddətin keçməsi hüququn qüvvədən düşməsinə səbəb olur. Bu baxımdan da tərəfin ərizə verməsindən asılı olmayaraq məhkəmə xidməti vəzifəsinə görə maddi hüquq normasını özü tətbiq etməlidir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsait”ində qeyd edilmişdir ki, kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

41. ... Iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2), kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Iddia müddəti dayandırıla (Mülki Məcəllə, maddə 379), kəsilə (Mülki Məcəllə, maddə 380) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllə, maddə 382) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

42. Belə olan halda məlum olur ki, hazırkı münasibətlərə tətbiq edilməli olan MM-in 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət kəsici müddətdir. Başqa sözlə desək, həmin müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırkı işdə də iddiaçının pulunu ##.##.2017-ci il tarixindən tələb etməsi müəyyən olur, həmin dövrə qədərki münasibətlərə dair tərəflər hər hansı sübut verməmişlər, bena görə də müddətin başlanma tarixini ##.##.2017-ci il tarixdən hesablasaq, iki illik kəsici müddətin ##.##.2019-cü ildə bitdiyi müəyyən edilir.

43. Məhkəmə qeyd edir ki, “Whatsapp” yazışmalarından cavabdehin borcunu etiraf etməsi görünmür, iddiaçının təqdim etdiyi CD diskdəki səs yazılarında cavabdehin “pulum olanda verəcəm” dediyi müəyyən edilsə də, həmin səs yazısının hansı tarixə aid olduğunu müəyyən etmək olmur. Eləcə də, rayon məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan (i\v səh. 56-58) müəyyən olur ki, cavabdehin nümayəndəsi və vəkili vəkil2 “texniki pasportun əlavə edilməsi nə məqsəd daşıyır” sualına iddiaçı “mənə girov kimi verdi ki, sat bunu və sənin pulunu verim. Etibarnamə verməyib, lakin bildirib ki, alıcı tap” deyə qeyd etmişdir (iddiaçı avtomobilin texniki pasportunun hansı tarixdə ona verildiyini bildirməmişdir). Iddiaçının təqdim etdiyi CD diskdəki “Whatsapp” yazışmalarından çıxarışda cavabdehin ##.##.2024-cü ildə LADA (VAZ) Niva markalı avtomobilin satış elanı ilə bağlı keçidi – linki iddiaçıya göndərdiyi müəyyən olur. Əgər hesab etsək ki, iddiaçının ##.##.2025-ci il tarixli rayon məhkəməsinin iclasında cavabdehin ondan avtomobilini satmasını istəməsi barədə bildirdikləri doğrudur, cavabdehin ##.##.2024-cü ildə avtomobilin satış elanını iddiaçıya göndərməsini cavabdehin borcunun etirafı kimi qəbul etsək belə, artıq həmin vaxt iki illik kəsici müddət keçmişdir və həmin iki il – ##.##.2017- ##.##.2019-cu illər ərzində cavabdeh tərəfindən borcunu etiraf etməsini göstərən hər hansı hərəkətlər etməsi müəyyən olunmamışdır. Iddiaçı tərəf buna dair məhkəmələrə hər hansı sübut verə bilməmişdir. Iş materiallarının 1-ci səhifəsindən müəyyən olur ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur.

44. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Müddətin axımının kəsilməsinin ancaq iddia müddətinə münasibətdə keçərli olmasına dair möcud yanaşmalardan fərqli olaraq, hesab olunsa ki, bu hal kəsici müddətlərə də şamil oluna bilər, onda hazırkı işdə bunun özü də iddiaçının vəziyyətinə təsir etmiyəcəkdir, çünki yuxarıda da qeyd edildiyi kimi, iddiaçının hüququnu pozulduğunu bildiyi andan keçən iki il ərzində belə bir hal baş verməmişdir. Digər məsələ isə, yəni müəyyən edilmiş müddətin keçməsindən sonra edilmiş hərəkətlər isə müddət məsələsi baxımından əhəmiyyətsizdir.

45. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, MM-in 1095-ci maddəsində təsbit olunmuş iki illik kəsici müddətin bitməsi əsasına görə iddia tələbləri təmin edilməməlidir.

46. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

48. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

50. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

51. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

52. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən – “cavabdeh Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin hissədə iddia tələbləri təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə

54. əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 74 (yetmiş dörd) manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi qismən – “cavabdeh Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbləri həmin hissədə də təmin edilməsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 74 (yetmiş dörd) manat iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar