Məhkəmə qərarları › İş №2(3-6)-2043/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2043/2026

01.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2043/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Sədaqət Cənnətəli qızının cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: həyətə girişin bərpası və vurulmuş maddi zərərin əvəzinin tutulması Hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı İsmayılova Sədaqət Cənnətəli qızının cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “həyətə girişin bərpası və vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılova Sədaqət Cənnətəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 4 ünvanında 0,03148 ha torpaq sahəsindən və 2 otaqdan ibarət hissə ##.##.2019-cu il tarixdə iddiaçı İsmayılova Sədaqət Cənnətəli qızı (bundan sonra iddiaçı), İsmayılov Mürvət İsmayıl oğlu, İsmayılov Həsrət Mürvət oğlu və İsmayılov Namiq Mürvət oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı, İsmayılov Mürvət İsmayıl oğlu, İsmayılov Həsrət Mürvət oğlu və İsmayılov Namiq Mürvət oğlu ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsindən paylı mülkiyyət üzrə onlara məxsus hissədən hər biri 60,25 kv.m olmaqla, ümumlikdə 241 kv.m sahəni X5 7.000 manata satmışlar. Həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə qeydə alınmışdır. ##.##.2024-cü il tarixdə həmin torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. Bundan sonra onun tərəfindən sahə üzərində fərdi yaşayış evi inşa edilmişdir. Bu əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) ##.##.2024-cü il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir.

3. ünvan 4 ünvanında 0,0074 ha torpaq sahəsindən və 2 otaqdan ibarət bir hissə ##.##.2021-ci il tarixdən iddiaçı, İsmayılov Mürvət İsmayıl oğlu, İsmayılov Həsrət Mürvət oğlu və İsmayılov Namiq Mürvət oğlunun mülkiyyətlərindədir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İsmayılova Sədaqət Cənnətəli qızı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona darvazanın götürülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 500 manat pulun ödənilməsi, onun və ailə üzvlərinin yaşadığı ünvan 1 ünvanına girişin təmin edilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi * saylı ünvanda yerləşən 0,0241 ha ölçüdə torpaq sahəsini X5 41.000 manata satmışdır. Həyətə giriş hissəsini isə birgə istifadə etməli idilər. Belə ki, o, öz həyətinə həmin qapıdan keçirdi. ##.##.2024-cü il tarixdə cavabdeh ailə üzvlərinin evdə olmadığı vaxt yaşadıqları ünvana gələrək, 500 manat dəyərində həyətə giriş qapısı, yəni küçə darvazasını oğurlamış, onlar həyətə girməsinlər deyə başqa bir darvaza qoymuşdur. Bununla da onların həyətə girmələrini mümkünsüz etmişdir. O, ##.##.2024-cü il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bugünki günə kimi ona heç bir cavab verilməmiş, nədə ki, cavabdeh barəsində hər hansı bir tədbir görülməmişdir. Odur ki, o məcbur olaraq məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə araşdırması zamanı iddiaçının ərizəsinə əsasən cavabdeh X5 əsl cavabdeh Cavabdeh ilə əvəz olunmuşdur.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X3).

8. Məhkəmə tərəfindən yerində müayinədə müəyyən olunmuşdur ki, sözügedən ünvanda iddiaçının və cavabdehin ayrı-ayrı evləri var və həyətə girişləri ayrıdır. İddiaçı istəyir ki, köhnə yol bərpa olunsun və o, öz həyətinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan həyətindən istifadə etsin və girib-çıxsın.

9. Məhkəmədə müəyyən olunmuşdur ki, sözügedən ünvanda iddiaçının və cavabdehin ayrı-ayrı evləri var və həyətə girişləri ayrıdır. Buna görə də məhkəmə hesab etmişdir ki, evə girişin təmin edilməsi tələbi əsassızdır və təmin oluna bilməz.

10. Həmçinin, iddiaçının cavabdehin darvazanı oğurlaması və ya darvazaya zərər verməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır.

11. Məhkəmə cavabdehdən mənəvi zərərə görə 500 manat məbləğində pulun tutulmasına münasibətdə hesab etmişdir ki, iddiaçı ona dəymiş hər hansısa mənəvi zərərlə bağlı sübut təqdim etməmişdir. Buna görə də, bu tələb əsassızdır və təmin olunmamalıdır.

12. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən, iddiaçının ödənilmiş 100 manat dövlət rüsumu tələbi əsassızdır və təmin olunmamalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı İsmayılova Sədaqət Cənnətəli qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh darvazanı sökərək yerinə başqasını qoyduğunu, yeni darvazanı qoyarkən həyətində olan ağacları da qırdığını dolayı yolla bildirmişdir. Buna baxmayaraq, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun tərəfindən satılmış, cavabdeh yaranmış vəziyyətlə əlaqədar torpaq sahəsini başqasına satmıqla yaranmış vəziyyətdən yayınmağa çalışmışdır. Məhkəmə işdə olan sübutlara baxarkən və onlara hüquqi qiymət verərkən tərəflərin faktiki olaraq ayrı-ayrı girişlərdən istifadə etdiyini qeyd etsə də, cavabdehin həyətinə gedən yolun onun sahəsindən keçməsini ümumiyyətlə araşdırmamış, halbuki onun iddiasının əsasını cavabdehin onun torpaq sahəni qanunsuz olaraq zəbt etməsi olmuşdur. Məhkəmə isə torpaq sahəsinin məhz onun tərəfindən satılmasını, aralarındakı mübahisənin də faktiki olaraq onun mülkiyyətində olan torpaq sahəsini cavabdehin qanunsuz istifadəsində olmasını ümumiyyətlə araşdırmamışdır. Məhkəmə qətnamədə guya onun evinə gedən yolun olduğunu, ayrıca girişin olduğunu qeyd etmişdir. Bu tamamilə əsassızdır, həmçının iş üzrə heç bir ekspertiza təyin edilməmiş, evlərin ayrıca girişinin olması araşdırılmamışdır. Qаnunun digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan etməsinə, şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoymаsınа bахmаyаrаq, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək, cavabdehin ona ayrılmış hissədən əlavə onun torpaq sahəni də qanunsuz olaraq zəbt etməsini araşdırmalı olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq onların izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Cavabdehin onun darvazanı sökməsini etiraf etməsinə baxmayaraq məhkəmə iddianı təmin etməmişdir. Onun torpaq sahəinin faktiki olaraq özgəsinin istifadəsində olması halını araşdırmalı olduğunu, həmçinin mülkiyyət hüququnun həyata keçirməsinə maneə törədilməsi halı təsdiq edilsə də, məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. Məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara, torpaq sahəsinə gedən yolun faktiki onun mülkiyyətində olmasını nəzərə almamış, onların qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Cavabdehin darvazanı sökməsini etiraf etməsi, lakin guya onun pulunun ona verilməsi halı məhkəmədə sübut edilməmişdir. Faktiki olaraq cavabdehin məhkəmədə etiraf etməsi qətnamədə qeyd edilsə də, məhkəmə səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “həyətə girişin bərpası edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ünvan 4 ünvanında yerləşən 0,03148 ha torpaq sahəsi və 2 otaqdan ibarət tikili ##.##.2019-cu il tarixdən iddiaçı, İsmayılov Mürvət İsmayıl oğlu, İsmayılov Həsrət Mürvət oğlu və İsmayılov Namiq Mürvət oğlunun paylı mülkiyyətində olmuşdur. ##.##.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən onlar ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsindən paylı mülkiyyət üzrə onlara məxsus hissədən hər biri 60,25 kv.m olmaqla, ümumlikdə 241 kv.m sahəni X5 7.000 manata satmışlar və həmin torpaq sahəsi ##.##.2020-ci il tarixdə sonuncunun mülkiyyətinə keçmişdir. ##.##.2024-cü il tarixdə torpaq sahəsi cavabdeh Cavabdeh mülkiyyətinə keçmiş, bundan sonra cavabdeh onun üzərində fərdi yaşayış evi inşa etmişdir. ##.##.2024-cü il tarixdən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir.

25. Hazırda iddiaçı 500 manat dəyərində həyətə dəmir giriş qapısının (darvazanın) cavabdeh tərəfindən sökülərək oğurlandığını, yerində başqa bir darvaza quraşdırıldığını, bu səbəbdən həmin sahəyə daxil ola bilmədiyini, giriş tələb etdiyi sahədən birgə istifadə etmələri barədə razılaşdıqlarını və oradan öz yaşayış sahəsinə keçdiyini, lakin cavabdehin onun həmin sahəyə daxil olmasına maneə yaratdığını bildirərək, həmin darvazanın sökülməsi nəticəsində ona vurulmuş 500 manat məbləğində zərərin ödənilməsini və ailə üzvləri ilə birlikdə yaşadığı sahəyə cavabdehin sahəsindən girişin təmin (bərpa) edilməsini tələb edir.

26. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, *F saylı sahə ünvanında yerləşən torpaq sahəsini və üzərində olan yarımtikilini X5 aldığını, o cümlədən darvazanın dəyərinin ödənildiyini, sonradan evin inşasını başa çatdırdığını, köhnə olması səbəbindən giriş qapısını da yenisi ilə dəyişdiyini, köhnəsini isə satılması üçün ustalara verdiyini, torpaq sahəsini X5 almaqla, torpaq sahəsində yerləşən darvazanı satmaq hüququnun olduğunu, torpaq sahəsini, habelə evi artıq Aynurə Kazomova adlı şəxsə (üçüncü şəxs) satdığını, iddiaçının ümumiyyətlə öz sahəsinə daxil olması üçün ayrıca girişinin olduğunu bildiririr və həmin əsaslarla iddianın rədd edilməsini tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə iddianın “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsinə münasibətdə vurğulayır ki, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən cavabdehin darvazanı oğurlaması və ya darvazaya zərər verməsi barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməməsinə istinad etmişdir. Halbuki, cavabdehin darvazaya zərər vurub-vurmamasının müəyyən edilməsindən əvvəl bu darvazanın ümumiyyətlə iddiaçıya məxsus olub-olmaması müəyyən edilməlidir. Belə ki, həmin darvazanın iddiaçıya məxsus olmaması onun belə bir tələb irəli sürmək hüququnu istisna edir.

28. Bununla bağlı qeyd edilməlidir ki, mübahisəli darvaza Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, *F saylı sahə ünvanında yerləşən torpaq sahəsinin girişində quraşdırılmış, həmin torpaq sahəsi isə iddiaçı və digər paylı mülkiyyətçilər tərəfindən ilkin olaraq X5, daha sonra sonuncu tərəfindən isə cavabdehə satılmışdır. Hər iki alqı-satqı zamanı darvaza həmin sahənin üzərində olmuş, iddiaçı tərəfindən torpaq sahəsindən ayrılaraq götürülməmiş və ayrıca olaraq özündə saxlanılmamışdır. Alqı-satqı müqavilələrinin hər hansı birində bununla bağlı hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır. Həmin darvaza məhz cavabdehin mülkiyyətində olmuş sahəyə və onun üzərində yerləşən fərdi yaşayış evinə xidmət etmişdir. Belə olan və hər hansı mötəbər sübutun olmadığı bir halda, torpaq sahəsinin və həmin vaxt bu sahənin üzərində olan yarımtikilinin cavabdehə satılması, lakin bu əmlaka daxil olmaq üçün giriş qapısı kimi istifadə edilən darvazanın iddiaçının mülkiyyətində saxlanılması qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur.

29. Hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi ilə birlikdə həmin sahəyə xidmət edən darvaza da iddiaçının mülkiyyətindən çıxmışdır. Cavabdeh alqısatqı müqaviləsinə əsasən mülkiyyətinə əldə etdiyi torpaq sahəsinə giriş kimi istifadə edilən və bu baxımdan ona məxsus olan darvazaya münasibətdə yuxarıda göstərilən qaydada sərəncam vermişdir. Göstərilənlər, o cümlədən torpaq sahəsinin özgəninkiləşdirilməsinə baxmayaraq, bu əmlaka aid darvazanın iddiaçının mülkiyyətində qalmaqda davam etməsinin sübuta yetirilməməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı həmin darvazaya cavabdeh tərəfindən hər hansı formada zərər vurulduğu təqdirdə belə onun dəyərini cavabdehdən tələb edə bilməz. Bu da iddianın həmin hissədə əsassız olduğunu təsdiq edir.

30. Məhkəmə kollegiyası iddia tələbinin “həyətə girişin bərpası” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ümumiyyətlə hazırki iddianı ilk öncə X5 qarşı irəli sürmüş, sonradan iddiaçı tərəfin bu barədə yazılı razılığına əsasən həmin cavabdeh hazırki cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Bundan sonra mübahisəli sahənin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə keçməsini təsdiq edən sənədlər təqdim edilsə də, iddiaçı tərəf ##.##.2025-ci il tarixdə bu barədə yazılı ərizə təqdim edərək, hazırki cavabdehi bu şəxslə (həmin vaxt mülkiyyətçi olan) əvəz edilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi işə irəli sürülmüş tələblər üzrə baxmış və iddiaçı və cavabdehin ayrıayrı evlərinin və həyətlərinə girişlərinin olması əsası ilə bu hissədə iddianı rədd etmişdir.

31. Halbuki, mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi ##.##.2024cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu baxımdan iddiaçı hazırki iddia ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən, girişinin bərpasını tələb edilən torpaq sahəsi cavabdehin deyil, artıq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olmuşdur. Bu baxımdan cavabdehin hazırki iddianı bu hissədə etiraf etməsi belə, onun təmin edilməsi ilə nəticələnə bilməzdi. Belə ki, iddia hüquqi nəticə etibarı ilə bu iddiaya cavab verməli olmayan (hazırda keçid tələb edilən sahənin mülkiyyətçisi olmayan) cavabdeh Cavabdeh qarşı verilmişdir ki, bu halın mövcudluğu da qətnamənin həmin hissədə ləğv edilməklə, həmin tələbin məhz bu əsasla rədd edilməsini şərtləndirir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi 500 manat mənəvi ziyanın əvəzinin ödənilməsi tələbini də əsassız hesab etmişdir. Halbuki, iddiaçının ümumiyyətlə belə bir tələbi olmamışdır. Bu səbəbdən həmin hissə texniki yanlışlıq kimi qiymətləndirilir.

33. Məhkəmə kollegiyası iddianı əsassız hesab etdiyindən, ödənilmiş dövlət rüsumunun da iddiaçıya aid edilməsi qənaətinə gəlir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “həyətə girişin bərpa edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İsmayılova Sədaqət Cənnətəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi “həyətə girişin bərpa edilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İsmayılova Sədaqət Cənnətəli qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tərəflər Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar