Məhkəmə qərarları › İş №2(3-6)-2075/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2075/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2075/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh Cavabdeh İnqilab oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzinin cavabdeh Cavabdeh İnqilab oğluna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) “icarə müqaviləsinin ləğv edilərək ərazinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzi cavabdeh Cavabdeh İnqilab oğluna qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzi ilə vətəndaş Cavabdeh İnqilab oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, ** nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin * saylı X5 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat pul iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh İnqilab oğlu apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o, fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmışdır, sahibkarlıq fəaliyyətinin istiqaməti bağçılıqdır. İcarə müqaviləsini də məhz bu məqsədlə bağlamışdır. Lakin iddiaçı onun icarəsinə verilmiş torpağı ondan almaq istəyir, bu məqsədlə müxtəlif bəhanələr gətirir, heç bir ağacın əkilmədiyini bildirir. Halbuki, icarəyə götürdüyü meşə fondu torpağında gəlir əldə etmək məqsədi ilə əvvəlcə fındıq və tut ağacları əkmişdir. Lakin onlar bütün ağacları məhv etmişdirlər. İddiaçının qanunsuz müdaxilələrindən müxtəlif dövlət qurumlarına şikayətlər etmişdir. Sonradan gəlir götürmək üçün iydə ağacları əkmiş, həmin ağaclar hələki bar verməyibdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının və üçüncü şəxsin nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli qərarın: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 28-ci bəndinə əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, ** saylı “X4 İcarəyə verilməsi barədə” müqaviləyə əsasən X1 X8 meşəbəyliyinin 31 və 32 kvartalının bölməsində ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü 83 ha və örtülü olmayan 40 ha meşə və qeyri-meşə torpaqlarından ümumilikdə 123 ha sahə 15 il müddətinə cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin 2-ci bəndində icarəçinin öhdəlikləri (meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək və s.) göstərilmişdir. İş materiallarına əlavə edilmiş * saylı RMTM-nin direktoru, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi, Mərkəzin meşə uçotu və kadastr üzrə baş mühəndisi, Xaçmaz meşəbəyliyinin * saylı dolayının meşə gözətçisinin iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli akta əsasən 123 ha ərazinin 40 ha sahəsində meyvə bağı salınması üçün tərəflər arasında 15 il müddətinə bağlanmış ##.##.2019-cu il tarixli, ** saylı müqavilə Meşələrin İnkişafı Xidmətində təsdiq edilmiş, sözügedən əraziyə baxış keçirilən zaman 25 ha sahədə torpaq hazırlığı işlərinin aparılmadığı, damcılı suvarma sisteminin çəkilmədiyi, ərazinin mühafizə məqsədilə çəpərə alınmadığı, meyvə ağaclarının əkilməsi üçün hazırlanmış 25 ha ərazidə arpa bitkisinin əkildiyi, qalan 98 ha isə meşə cinsli ağaclar və yolğun kolları ilə örtülü ərazi olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı ##.##.2024-cü ildə cavabdehə xəbərdarlıq göndərək, ##.##.2025-ci il tarixədək icarəyə verilmiş sahədə meşə əmələ gətirən cinslərdən istifadə etməklə əkin işlərinin aparılması tələb edilmiş, əks halda müqaviləyə birtərəfli xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş icarə müqaviləsinə əsasən cavabdeh Cavabdeh İnqilab oğluna icarəyə verilmiş X1 X8 meşəbəyliyinin 31 və 32-ci kvartallarında yerləşən 4,0 ha torpaq sahəsində əkin üçün hazırlıq getdiyi, ümumilikdə 32,5 ha torpaq sahəsində arpa əkildiyi müəyyən edilmişdir. Bununla belə, iddiaçı hüquqi şəxsdir. Cavabdeh isə (VÖEN **********, fəaliyyət növü –bağçılıq) vergi odəyicisi kimi qeydiyyatda olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hazırda tərəflər arasında yaranmış mübahisə icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş torpaq sahəsində ağac və kol bitkilərinin əkilməsi və həmin sahəyə xidmət göstərilməsi ilə bağlı öhdəliklərin icra edilməməsi səbəbi ilə icarə müqaviləsinin ləğv edilərək, torpaq sahəsinin geri qaytarılması ilə bağlıdır. Cavabdeh ona icarəyə verilmiş torpaq sahəsinin bir hissəsində əkin aparmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Başqa sözlə, hazırki mübahisə dövlət orqanı olan iddiaçı ilə fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmış cavabdeh arasında yaranmış və cavabdehin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bununla da, məhkəmə kollegiyası iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olmaqla bilavasitə kommersiya məhkəməsinin baxış predmetini təşkil edir və bu baxımdan iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə aiddir. Bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, hazırki iddia ərizəsinə məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi zamanı məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri yoxlamamış və nəticədə ərizəni məhkəmə aidiyyəti ilə bağlı qaydaları pozmaqla icraata qəbul edərək, işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24-cü, 26-cı, 31-ci, 263- 264-cü, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 Mərkəzinin cavabdeh Cavabdeh İnqilab oğluna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) “icarə müqaviləsinin ləğv edilərək ərazinin təhvil verilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar