Məhkəmə qərarları › İş №2(3-6)-2131/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2131/2026

09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2131/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Kia K3” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, həmin avtomobilin icarəyə verilməsi məqsədilə etibarnamə əsasında idarə edilməsi və istifadəsini cavabdeh cavabdeh2 MMC-yə həvalə etmişdir. cavabdeh2 MMC isə öz növbəsində mübahisə predmeti olan nəqliyyat vasitəsini digər cavabdeh cavabdeh1 gündəlik icarə əsasında vermişdir. Bu barədə cavabdeh2 MMC ilə cavabdeh1 arasında # ###### 2024-cü il tarixli, ** nömrəli avtonəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.

2. ## ###### 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” protokoldan görünür ki, cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, ## ###### 2024- cü il tarixdə saat 01:30 radələrində Masazır kəndində, Ə.Vahid küçəsinda baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh1 təqsirli bilinir. Həmçinin “Kia K3” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi İddiaçı qeyd edilmişdir.

4. “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, “Kia K3” markalı nəqliyyat vasitəsinə 1.580 manat maddi ziyan dəymişdir. “Avtoklub” Servis tərəfindən təqdim edilmiş qüsur aktından müəyyən olunur ki, avtomobilə 1.730 manat məbləğində maddi ziyan dəymişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KİA КЗ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1.730 manat maddi zərər qismində pulun və 37,30 manat dövlət rusumu olmaqla, cəmi 1.767,30 manat məbləğində pulun cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KİA КЗ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı axtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. O, həmin avtomobili icarəyə verilməsi üçün cavabdeh etibarnamə əsasında cavabdeh2 MMC-yə vermişdir. cavabdeh2 MMC-də mübahisə predmeti olan avtomobili öz növbəsində iddia üzrə digər cavabdeh cavabdeh1 günlük icarəyə vermişdir. Buna dair cavabdeh2 MMC ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixli ** №-li avtonəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh1 ona icarəyə verilmiş “KİA КЗ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən ##.##.2024-cü il tarixdə idarə edərkən, yolun kənarındakı başqa avtomobilə vurmaqla avtoqəza törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ciddi maddi ziyan dəymişdir. Daha sonra cavabdehlər tərəfindən vurulmuş zərər guya təmir (ona təmir demək olarsa) edilərək aradan qaldırılmağa çalışılsa da edilmiş təmir keyfiyyətsiz edilmişdir. Belə ki, avtomobilin zərər vurulmuş və keyfiyyətsiz şəkildə təmir edilmiş detallarının yenisi ilə əvəz edilməsinə ehtiyac vardır. Ona görə təmirə ehtiyac vardır ki, həmin detallarda yaranmış qüsurlar təmir aradan qaldırılması mümkün olmayan qüsurlardır. Odur ki, avtomobilin zərər dəyən hissələrinin yenisi ilə əvəz edilməsi zəruridir. Zərər dəymiş detalların yenisi ilə əvəz edilməməsi eyni zamanda avtomobilin bazar dəyərini itirməsinə səbəb olur. Vurulmuş zərərin aradan qaldırılması ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra, o, “KİA КЗ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün çəkilməli olan təmir xərcinin müəyyən edilməsi məqsədi ilə avtomobili servisə təqdim etdi. Servis tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1.730 manat maddi vəsait lazımdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh1 1.580 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Kia K3" markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı İddiaçı mülkiyyətindədir. Masazır kəndi, Ə.Vahid küçəsində hərəkətdə olarkən X1 idarə etdiyi “Toyota Corolla” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Toplanmış material Abşeron RPİ-nin DYPŞ vasitəsi ilə cavabdeh1 İXM-nin 327.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Qiymətləndirmə və Consulting” Mərkəzinin ## ###### 2025-ci il tarixli, QCM/D **-***/** nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “KİA K3” markalı nəqliyyat vasitəsinə 1.580 manat maddi ziyan dəymişdir. Təqdim edilmiş iş materiallarında olan “Avtoklub” Servis tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqda 150 manat fərq yaranır. Beləliklə, “Kia K3” markalı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 1.580 manat müəyyən edilir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1, 1096, 1097.1, 1108.1 və 1115-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, işin bütün hallarının yenidən araşdırılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş sübutlarla kifayətlənmiş, “xxxx” MMC-nin ekspert rəyi 1.580 manat zərər dəyməsi və “Avto klub” Servis tərəfindən təqdim edilmiş qüsur aktından 1.730 manat ziyan dəyməsi, hələ həmin ziyanın ödənmiş hesab edilməsinə əsas deyil. Məhkəmə iddiaçının dəymiş ziyanın hesablanmasına dair sübutları sadalasa da müvafiq ödəməsinə dair heç bir sübut növü təqdim edilməyib. Məhkəmə dəyən ziyanın aradan qaldırılması üçün görüləcək işləri və ehtiyyat hissələrinin faktiki icra olunmasına dair heç bir sübut təqdim edilmədən, tələb edilən işlərə və hissələrə görə pul vəsaitinin ödənilməsinə dair heç bir mədaxil qəbzi və ya digər ödəniş qəbzi olmadan ziyanı müəyyənləşdirib, qətnamə qəbul etməklə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb. Sübutların araşdırılması hissəsində də məhkəmə iddiaçının “keyfiyyətsiz” adlandırdığı təmirin nədən ibarət olmasını sübutlarla əsaslandırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 25.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 26.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 27.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 33.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 34.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 35.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyəti təqsirindən asılı olmayaq yaranır. 36.İşə baxan birinci instansiya məhkəməsi tərəfindən də qanunvericiliyin yuxarıda qeyd olunan normalara uyğun olaraq, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirli olması müəyyən edilmişdir. Əksini, yəni onun yuxarıda qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşımadığını, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini, həmçinin dəymiş zərərin daha az məbləğdə olduğunu təsdiq etmək üçün hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 37.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında daşıdığı mülki məsuliyyət həddi, yəni müəyyən edilmiş zərərin məbləği barədə gəldiyi qənaət ilə də razılaşır. Avtomobilin əvvəlki vəziyyətini bərpa etmək üçün iddiaçının məhkəmənin müəyyən etdiyi məbləğdə xərc çəkməli olduğu ağlabatandır və cavabdeh bu məbləğin daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 38.Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına pozulmuş hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

42. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 1.580 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar