Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2148/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə iddiaçı İddiaçı özünün və vəkili (nümayəndəsi) vəkil2 və cavabdehin vəkili (nümayəndəsi) vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı və qaytarmadığı borcun qaytarılması məqsədi ilə 280.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 manat məbləğində pulun cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh, 2022-ci ilin əvvəllərində iddiaçıdan 130.000 manat məbləğində pulu götürərək, işlətdiyi broyler fabriki üçün toyuqlar almışdır. Cavabdeh iddiaçıya söz vermişdir ki, borcunu qaytaran zaman iddiaçıya mükafat da verəcək. Daha sonra, cavabdeh, 2022-2024-cü illər ərzində iddiaçıdan avtomobil yuyulma məntəqəsinin aşmaq məqsədi ilə 40.000 manat, Türkiyədən Rusiyaya mal aparıb, gəlir əldə etmək məqsədi ilə 110.000 manat məbləğində pulu da borc almış və bu borcu da qaytaran zaman iddiaçıya mükafat verəcəyini bildirmişdir. Bu qaydada cavabdeh iddiaçıdan hissə-hissə cəmi 280.000 manat məbləğində borc götürmüşdür. Borcun qaytarılmamasını görən iddiaçı 2024-cü ilin sonlarından borcun qaytarılmasını və borcun verilməsinə görə mükafatın verilməsini cavabdehdən tələb etməyə başlamışdır. Elə həmin dövrdə də əsas borc məbləğin iddiaçıya qaytarılması barədə aralarında razılıq əldə edilmiş (bu hal cavabdehlə iddiaçının və atasının apardıqları danışıqların səs yazısı ilə təsdiqini tapır), lakin bu vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən bu günədək borcun qaytarılması ilə bağlı heç bir hərəkət edilməmişdir. İddiaçı, hüquqlarının müdafiəsi məqsədi ilə ##.##.2025-ci il tarixdə prokurorluğa müraciət etmiş, lakin ona izah edilmişdir ki, müraciətdə qeyd edilən məsələ mülki mübahisə xarakterli olduğundan o, “pul tələbi barədə” iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməlidir. Buna görə də, bunu və borcun qaytarılmamsını nəzərə almış iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 570 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdeh tərəfin iddia tələbinə etirazı haqqında məlumat
3. İş üzrə cavabdeh iddiaya qarşı yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında iddia ərizəsində qeyd etdiyi məbləğ və iş birliyinin heç biri olmamışdır. O, ümumiyyətlə toyuq məhsullarının satışı ilə 2017-2019-cu illərdə məşğul olmuşdur və orada onun dövriyyəsi 15.000 manat civarında olub. Bu işin isə iddiaçıya heç bir aidiyyatı olmayıb. Onun Rusiya ilə bağlı heç bir iş fəaliyyəti olmayıb. Sonuncu dəfə Rusiyada 2009-cu ildə olmuşdur. Həmin dövrdə iddiaçı ilə heç bir tanışlığı olmayıb. Onlar 2016-cı ildən bir-birilərini tanımışlar. Avtomobil yuma məntəqəsinə ümumilikdə 150.000 manat xərc çəkmişdir və bunu da özü etmişdir. İddiaçının ona verdiyi məbləğlər 2019-cu ildən başlayıb və həmişə ona 10.000-35.000 manat arası pullar verib. Həmin pulları ona sələm kimi ayda 5-10 % hesabı ilə verib. O, isə verilən pulları hissə-hissə geri qaytarmışdır. İddiaçıdan aldığı pulları, qayınatasına, tanışı Elnura, iş yoldaşı Cahangirə və onun tanımadığı ailə tanışı dediyi bir qadına faiz ödədiyini bildirib və ondan əlavə pul tələb etdikdə o, iddiaçıya pul verə bilməyəciyini bildirmişdir. Ötən illər ərzində iddiaçı özünü sığortalamaq üçün onun adında olan torpaq sahəsini və bir mənzili onun adına keçirməsini istəyib və aralarında olan yaxınlığa görə o, inanaraq bununla razılaşmışdır. Torpaq və mənzili müxtəlif dövrlərdə iddiaçının adına keçirmişdir. Sonradan yüksək faiz tələbləri qoyduğuna görə öz yaxınlarına muraciət edərək Fəridin pullarını geri qaytararaq əmlakları geri almışdır. Bundan əlavə iddiaçının bank hesablarına müxtəlif dövrlərdə ödənişlər etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazısı ilə bağlı isə bildirir ki, yaranmış vəziyyətlə əlaqədar iddiaçı öz ailəsində problem yaranmaması üçün ondan xahiş etmişdir ki, sələmə pul verdiyi barədə heç kimə məlumat verməsin. Çünki iddiaçı, atasının səhhətində və qayınatası ilə münasibətlərdə problemin olmasını istəmirdi və həmin səs yazısından qısa müddət əvvəl zəng vuraraq atası ilə bu formada danışmasını xahiş etmişdir. Onun külli miqdarda ziyana düşdüyünü bilərək, yenidən ona faizsiz pul verəcəyini və kömək olacağını bildirmişdir. Hətta bunu onun yaxın qohumlarına da dəfələrlə özü də bildirmişdir. Bunun üçün qayınatası ilə danışığa girərək Bank Respublikadan 300.000 manat kredit götürülməsini istəmişdir. Kredit təsdiqləndikdən sonra girovların onun tərəfindən qoyulmasını istəmişdir. İddiaçı pulun qayınatasında qalacağını və sonuncunun onlar üçün parfümeriya biznesi quracağına, onlara dəstək olacağını ona vəd vermişdir və sonda kredit ödənişlərinin onun tərəfindən ödənilməsi tələbini qoymuşdur. Onun bu ödənişi ödəmək gücü olmadığını və İddiaçının onu yenidən əmlakları qayınatasının adına keçirərək asılı vəziyyətə salacağını düşünərək bu işdən imtina etmişdir. Və onunla heç bir iş görməyəcəyini bildirmişdir. Qeyd edir ki, bu hadisələr 2025-ci il aprel-may ayında baş vermişdir. Bunun təsdiqi kimi məhkəməyə vəsatət verərək vəsatətinin təmin edilməsi, Bank Respublikaya sorğu göndərilməsini və qiymətləndirmənin onun əmlaklarına baxış keçirildiyi sənədlərin tələb edilməsini xahiş etmişdir. Çünki mövcud mülki qanunvericiliyə əsasən banklar yalnız məhkəmə sorğularına cavab verərək müvafiq sənədləri məhkəməyə göndərirlər. İddiaçının bu formada işlə məşğul olduğunun, sələmlə ondan başqa da bir nəfəri də pis vəziyyətə saldığını bilir. Bu məsələlər aydınlığa çıxdıqdan sonra həmin adam özü ona zəng vurub bu barədə məlumat verib. Lazım olduğu təqdirdə məhkəməyə şahid qismində gəlməyə hazırdır. Sonda qeyd etmək istəyir ki, onların iddiaçı ilə normal münasibətləri olub, uzun illər bir yerdə işləmişlər və aralarında olan telefon yazışmaları dost münasibətlər formasında olub. O, WhatsApp yazışmalarını telefonunda saxlamamışdır. Məhkəməyə təqdim etdiyi yazışmaların nə üçün olduğunu tam xatırlamır. Onsuz da mütəmadi olaraq yazışmaları və danışıqları olub. Belə başa düşür ki, iddiaçının telefonunda yazışmalar var və məhkəmədən xahiş edir ki, 2021-ci ildən 2024-cü ilin sonuna kimi onun istifadəsində olan mobil telefon üzrə bütün yazışmaları təqdim etməsi tələb olunsun. Onun iddiaçıya ödədiyi pulların hamısının WhatsApp yazışmaları var. Ona görə də, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün etirazda qeyd etdiklərinin nəzərə alınmasını və etirazda banka sorğu verilməsi barədə vəsatətinin təmin edilməsini xahiş edir.
4. Daha sonra cavabdeh iddiaya qarşı verdiyi etiraza əlavə ilə Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, iddia ərizəsinə etiraza əlavə bir daha bildirmək istəyir ki, iddiaçının ona qarşı iddiası tamamilə əsassızdır. İddia ərizəsində də qeyd olunan məbləğlər və həmin məbləğlərin ona verilməsi tarixləri ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bildirmək istəyir ki, iddiaçının iddia ərizəsində onunla guya iş birliyi qurmaq üçün verdiyi pul məbləğləri ilə bağlı şəxsi mülühizələri tamamilə yalandır. İddiaçı ona həmişə faizə pul verib, o isə pulu faizi ilə birlikdə qaytarmışdır. İddiaçı ilə 2019-cu ildən 2024-cü ilə qədər faiz formasında pul verilməsi ilə bağlı münasibətləri olmuşdur. 2024-cü ilin sonunda iddiaçı ondan əlavə faiz istədiyi zaman o, ödəməyəcəyini bildirmişdir. İddiaçı ona faizə verdiyi məbləğ 65.000 manat civarinda olduğunu qəbul edir və o məbləği də qaytarması barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Əlavə olaraq bildirir ki, qalan hissədə iddia əsassızıdır və sübuta yetmir. Belə ki, iddiaçının özünün də məhkəmədə etiraf etdiyi kimi onların arasında yaxın münasibətləri olub. Hətta 2024-cü ilin sonundan sonra iddiaçı ona bir yerdə yeni iş görmələri barədə təkliflər verib. Həm onun, həm də iddiaçının maliyyə vəziyyətləri yaxşı olmadığı üçün bir yerdə fəaliyyət göstərib vəziyyətdən çıxmaları barədə qərar qəbul etmişlər. Bununla əlaqədar iki aydan demək olar ki, hər gün görüşmüşlər. Sonradan o, iddiaçının təkliflərinin də yalan olduğunu və iddiaçının əsas məqsədinin onun əmlaklarını girov qoyaraq yenə də özündən asılı vəziyyətə salmalı olduğunu hiss etmiş və bundan sonra iddiaçıdan uzaqlaşmaq qərarı almışdır. Həmin dövrdə iddiaçı ona qayınatasına 100.000 manat, Elnur adlı dostuna 65.000 manat, Cahangir adlı dostuna 35.000 manat və bacısına 40.000 manat borcu olduğunu bildirirdi. Bu pulları ona və başqa adamlara faizə verdiyini və bunların pul sahiblərinin və ailəsinin xəbəri olmadan etdiyini demişdir və dəfələrlə ona qayınatasının və atasının yanına gedərək bu pulların onda olduğunu, guya onların iddiaçı ilə ortaq işlərinin olduğunu və bu pulların geri qaytarılması öhdəliyini öz üzərinə göturməsini istəsə də, o, bununla razılaşmamışdır. Bundan qısa müddət sonra heç olmasa atası ilə telefonda danışmasını və iddiaçının dediklərini təsdiq etməsini xahiş etmişdir. O, iddiaçı ilə olan münasibətə görə onunla razılaşmış və hətta öz ailəsinə də bu barədə məlumat vermişdir ki, hər hansı bir anda onlara belə bir xəbər gəlsə məlumatlı olsunlar. Sonra iddiaçı evə gedərək ona zəng vurmuş və atasının onunla danışmaq istədiyini demiş və o, telefonda atasının ona dediklərini təsdiq etmişdir. Bu gün anlayır ki, iddiaçının əsas niyyəti ailə üzvlərindən xəbərsiz müxtəlif şəxslərə faizə verdiyi pullarla bağlı özünü ailə üzvləri yanında onun etibarından sui-istifadə edərək özünü sığortalamaq üçün onu atası ilə telefonla danışdırmaq və sonradan onları daha da inandırmaq üçün ona qarşı əsası olmayan məbləğdə məhkəmədə iddia qaldırmaq olmuşdur. Hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir və buna görə də, iddia rədd edilməlidir. c) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat
5. İddiaçının vəkili (nümayəndəsi) vəkil2 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
6. Cavabdeh iş üzrə Rayon Məhkəməsinə iddia tələbinə qarşı verilmiş etirazın əsaslarına uyğun izahat vermişdir. O, iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı məhkəməyə ondan aldığı pulları etiraf etməyib. İddiaçının qaynatasının 100.000 manat, dostunun yeznəsinin 65.000 manat, iş yoldaşının 35.000 manat, bacısının 40.000 manat, özünün də 40.000 manat pulu olub. İddiaçı ona evdəkiləri inandırmaq üçün zəng edəcəyini bildirmiş, cavabdehdən iddiaçının ailə üzvlərinə guya pulun cavabdehdə olduğunu etiraf etməsini xahiş etmişdir.
7. Cavabdehin vəkili (nümayəndəsi) vəkil1 da Rayon Məhkəməsinə verdiyi izahatda təmsil etdiyi cavabdehin mövqeyinə uyğun izahat vermişdir. d) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə haqqında məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 31.000 manat məbləğində pul vəsaitin və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 183 manat olmaqla, cəmi 31.183 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
9. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında pul münasibətlərinin mövcudluğu iş materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Cavabdeh iddiaçıdan pul vəsaitləri aldığını inkar etməmiş, ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazına əlavədə iddiaçıdan təxminən 65.000 manat məbləğində pul aldığını qəbul etmişdir. Eyni zamanda, cavabdeh aldığı pul vəsaitlərini geri qaytardığını bildirmiş və bunun təsdiqi kimi ödəniş sənədləri təqdim etmişdir. Məhkəmə təqdim edilmiş ödəniş sənədlərini araşdıraraq onlardan 12-si üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 34.000 manat məbləğində pul vəsaitinin ödənildiyini müəyyən etmiş, digər ödəniş sənədləri üzrə isə pul vəsaitinin kim tərəfindən kimə köçürüldiyini müəyyən etməyin mümkün olmadığı qənaətinə gəlmişdir. Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi səs yazısına və tərəflər arasındakı WhatsApp yazışmalarına da qiymət verərək hesab etmişdir ki, həmin sübutlar iddia tələbinin 280.000 manat məbləğində əsaslı olduğunu birmənalı şəkildə təsdiq etmir. Belə ki, səs yazısında 280.000 manat məbləği səsləndirilsə də, cavabdeh həmin məbləğdə borcunun olduğunu açıq şəkildə təsdiq etməmiş, WhatsApp yazışmasında isə iddiaçının “294000 – 15.000 = 279.000 borcun qalıb” məzmunlu məlumatına cavabdehin “O.K.” yazması məhkəmə tərəfindən özlüyündə 279.000 manat məbləğində borcun etirafı üçün kifayət edən sübut kimi qiymətləndirilməmişdir. Bu səbəbdən Rayon Məhkəməsi cavabdehin özünün iddiaçıdan aldığını qəbul etdiyi təxminən 65.000 manat məbləğini əsas götürmüş, həmin məbləğdən cavabdehin iddiaçıya qaytardığı təsdiq olunan 34.000 manatı çıxmaqla cavabdehin iddiaçı qarşısında 31.000 manat məbləğində icra edilməmiş pul öhdəliyinin qaldığı nəticəsinə gəlmişdir. e) apellyasiya şikayətləri haqqında məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Əsasları iddia tələbinin və iddiaçı tərəfin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi cavabdehin iddiaçıdan təxminən 65.000 manat pul aldığını göstərən sonrakı izahatını əsas götürməklə işdə olan digər sübutların, xüsusilə tərəflər arasındakı WhatsApp yazışmalarının və səs yazısının məzmununa onların qarşılıqlı əlaqəsində lazımi hüquqi qiymət verməmişdir. İş materiallarında olan WhatsApp yazışmasında iddiaçı tərəfindən cavabdehə “294000 – 15000 = 279000 borcun qalıb” məzmunlu konkret hesablamanın göndərilməsinə cavabdeh “O.K.” cavabı vermişdir. Həmin cavab qeyri-müəyyən məzmunlu yazışmaya deyil, ilkin borcun məbləğinin 294.000 manat, ödənilmiş hissəsinin 15.000 manat və qalıq borcun 279.000 manat göstərildiyi konkret hesablamaya təsdiq kimi verilmiş cavabdır. Cavabdeh həmin yazışmada göstərilən hesablamanın düzgün olmadığını bildirməmiş, qalıq borcun başqa məbləğdə olduğunu göstərməmiş və hesablamaya etiraz etməmişdir. Buna görə həmin yazışmanın yalnız “O.K.” sözünün ayrılıqda mənası əsasında deyil, yazışmanın bütöv məzmunu və tərəflər arasında mövcud olmuş pul münasibətləri ilə birlikdə qiymətləndirilməsi tələb olunurdu. İddiaçı həmçinin iş materiallarında olan səs yazısına istinad edərək bildirmişdir ki, həmin danışıqda 280.000 manat məbləği səsləndirilmiş, cavabdeh söhbətin gedişində “Fərid dediyi kimi” ifadəsini işlətmiş və tərəflər arasında pul münasibətlərinin mövcudluğu danışığın ümumi məzmunundan da müəyyən edilmişdir. Apellyatorun qənaətinə görə, səs yazısı ayrılıqda deyil, WhatsApp yazışması, tərəflər arasında faktiki pul hərəkəti və digər sübutlarla birlikdə qiymətləndirilməli idi. İddiaçı həmçinin Rayon Məhkəməsinin cavabdehin 65.000 manat pul alması barədə izahatına üstün sübutetmə əhəmiyyəti verməsini düzgün hesab etməmiş, cavabdehin mübahisə yarandıqdan sonra verdiyi həmin izahatın digər sübutlardan qabaqcadan üstün qüvvəyə malik olmadığını göstərmişdir. Onun qənaətinə görə, işdə olan sübutlar məcmu şəkildə qiymətləndirildikdə cavabdehin iddiaçı qarşısında Rayon Məhkəməsinin müəyyən etdiyi 31.000 manat deyil, daha artıq məbləğdə icra edilməmiş pul öhdəliyinin olduğu təsdiq edilir. Bu əsaslarla iddiaçı qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh də öz növbəsində Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Əsasları iddia tələbinə etiraz və etiraza əlavə ilə, eləcə də cavabdeh tərəfin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində də əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 280.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini, həmin vəsaitlərin verilmə tarixlərini və iddia ərizəsində göstərilən məqsədlərlə istifadə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Tərəflər arasında iddiaçının göstərdiyi formada birgə sahibkarlıq münasibətləri olmamış, iddiaçı ona 2019–2024-cü illərdə müxtəlif vaxtlarda faizlə pul vermiş və həmin vəsaitlər sonradan geri qaytarılmışdır. Cavabdeh iddiaçıdan aldığı pulun ümumi məbləğinin təxminən 65.000 manat olduğunu qəbul etmiş, həmin vəsaitin qaytarılmasını təsdiq etmək məqsədilə məhkəməyə ödəniş sənədləri təqdim etdiyini göstərmişdir. Cavabdeh iddiaçının istinad etdiyi səs yazısına münasibətdə bildirmişdir ki, həmin danışıq onun 280.000 manat məbləğində borcu etiraf etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı ailə üzvləri qarşısında yaranmış vəziyyətlə əlaqədar ondan həmin formada danışmasını əvvəlcədən xahiş etmiş, bu səbəbdən səs yazısında işlədilən ifadələr real borc məbləğinin etirafını əks etdirməmişdir. Cavabdeh WhatsApp yazışmalarına münasibətdə də göstərmişdir ki, tərəflər uzun müddət ərzində mütəmadi olaraq müxtəlif məsələlərlə bağlı yazışmış, təqdim edilmiş ayrı-ayrı yazışmalar həmin münasibətlərin tam məzmununu əks etdirməmişdir. Bu baxımdan iddiaçının “294000 – 15000 = 279000 borcun qalıb” məzmunlu məlumatına verilmiş “ok” cavabının özlüyündə 279.000 manat məbləğində borcun etirafı kimi qiymətləndirilməsi düzgün deyildir. Cavabdeh həmçinin borcun qaytarılmasına dair məhkəməyə çoxsaylı ödəniş sənədlərinin təqdim edildiyini, lakin Rayon Məhkəməsi tərəfindən yalnız 12 ödəniş sənədi üzrə cəmi 34.000 manat ödənişin nəzərə alındığını, digər ödəniş sənədlərinin isə lazımi qaydada araşdırılmadığını bildirmişdir. Onun qənaətinə görə, zəruri olduğu halda həmin ödənişlərlə bağlı banklardan müvafiq məlumatlar tələb edilməklə pul vəsaitlərinin hərəkəti tam müəyyən edilməli idi. Cavabdeh, onunla iddiaçı arasında daşınmaz əmlakla bağlı münasibətlərin də mövcud olduğunu, onun adına olmuş torpaq sahəsi və mənzilin müəyyən dövrlərdə iddiaçının adına keçirildiyini, sonradan isə həmin əmlakların geri qaytarılması ilə bağlı əməliyyatlar aparıldığını göstərərək, bu halların tərəflər arasındakı münasibətlərin iddia ərizəsində təsvir ediləndən fərqli xarakter daşıdığını təsdiq etdiyini bildirmişdir. Bu əsaslarla cavabdeh Rayon Məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam həcmdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar haqqında məlumat
14. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, özləri tərəfindən verilmiş apellyasiya şikayətini isə müdafiə edərək, bu şikayətin, eləcə də iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
15. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətini isə müdafiə edərək, bu şikayətin, eləcə də iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. g) işdə olan sənədlər haqqında məlumat
16. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** saylı məktubundan görünür ki, hazırkı iş üzrə cavabdehin qanunsuz əməlləri ilə bağlı iddiaçının ##.##.2025-ci il tarixli müraciətinə baxılmış, müraciətdə göstərilən xüsusatlar ətraflı araşdırılmış və iş üzrə hər-hansı əməliyyataxtarış tədbirlərinin keçirilməsi perspektivi olmadığından müraciət baxılmadan saxlanılmışdır. Müraciətdə göstərilən xüsusatların mülki mübahisə xarakterli olduğu müəyyən edildiyindən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
17. İddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək, sonuncudan ondan hissə-hissə götürdüyü borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını nəzərinə çatdırmışdır.
18. İş üzrə tərəflər arasında ##.##.2021-ci il tarixdə bağlanmış və Bakı Şəhəri ** saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-2271 nömrə altında qeydə alınmış “Alğı-satqı müqaviləsindən” görünür ki, hazırkı iş üzrə cavabdeh özünə məxsus və Abşeron rayonu, Fatmayı kəndində yerləşən, ümumi sahəsi 0,1974 ha torpaq sahəsini 34.000 manata iddiaçıya satmışdır.
19. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “çıxarışdan” görünür ki, həmin torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə iddiaçının adına ##.##.2022-ci il tarixində qeydiyyata alınmışdır.
20. İş üzrə tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış və Bakı Şəhəri ** saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-1755 nömrə altında qeydə alınmış “Alğı-satqı müqaviləsindən” görünür ki, hazırkı iş üzrə cavabdeh özünə məxsus və Abşeron rayonu, Fatmayı kəndində yerləşən, ümumi sahəsi 0,1974 ha torpaq sahəsini 100.000 manata iddiaçıya satmışdır.
21. “Daşınmaz əmlakın dövlət reyestrindən” sonradan verilmiş “çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən həmin torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə X1 adına ##.##.2025-ci il tarixində qeydiyyata alınmışdır.
22. İş üzrə tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış və Bakı Şəhəri ** saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-411 nömrə altında qeydə alınmış “Alğısatqı müqaviləsindən” görünür ki, hazırkı iş üzrə cavabdeh özünə məxsus və Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr Qara Qarayev prospekti b. 82a ünvanda yerləşən *** saylı mənzili 110.000 manata iddiaçıya satmışdır.
23. İş üzrə iddiaçı ilə X1 arasında ##.##.2025-cü il tarixdə bağlanmış və Bakı Şəhəri ** saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-100 nömrə altında qeydə alınmış “Alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı həmin mənzili 180.000 manata Sevil Quliyevaya satmışdır.
24. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “çıxarışdan” görünür ki, həmin mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə Sevil Quliyevanın adına ##.##.2025-ci il tarixində qeydiyyata alınmışdır.
25. WhatsApp tətbiqindən istifadə edilməklə aparılmış yazışmalardan görünür ki, tərəflər arasında bank, torpaq, digər işlər barədə və pulun alınıb verilməsi ilə bağlı danışıqlar aparılmış, iddiaçı cavabdehə 294.000 – 15.000 = 279.000 borcunun qaldığını bildirmiş, cavab olaraq cavabdeh “O.K.” yazmışdır.
26. İş materiallarında olan səs yazısından görünür ki, danışıq zamanı iddiaçı tərəfindən 280.000 manat məbləğdən, həmin məbləğin bir hissəsinin bacısına aid olmasından bəhs edilmiş, 03:40-04:30-cu dəqiqələr aralığında cavabdeh Samir tərəfindən ümumi xarakterli cavablar verilmiş, 07:00-08:00-ci dəqiqələr aralığında iddiaçının atası tərəfindən 280.000 manat məbləğ səsləndirilmiş, cavabdeh “Fərid dediyi kimi” ifadəsini işlətmiş, 280 manat borcu açıq şəkildə nə təsdiq, nə də inkar etməmiş, 09:50-ci dəqiqədən etibarən isə cavabdeh ilkin olaraq məsələnin sələm münasibətləri ilə bağlı olduğunu bildirmiş, daha sonra iddiaçının pulunu qaytarmasından danışmışdır.
27. İşdə olan və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək dövrü əhatə edən pul vəsaitlərinin köçürülməsinə dair elektron qəbzlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 34.000 manat pul vəsaiti ödənilmişdir.
28. İş materiallarında olan digər ödəniş qəbzlərindən isə pul vəsaitinin kim tərəfindən kimə köçürüldüyünü müəyyən etmək mümkün deyil. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi haqqında məlumat
29. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, işdə olan yazılı və elektron sübutları, səs yazısını, ödəniş sənədlərini və hər iki tərəfin apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iddiaçı İddiaçı apellyasiya şikayəti isə qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
30. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 167.1.2.). Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
31. Belə ki, hazırkı işdə tərəflər arasında pul münasibətlərinin mövcud olması özüözlüyündə mübahisəli hal deyildir. Cavabdeh də iddiaçıdan pul vəsaitləri aldığını bütövlükdə inkar etməmiş, sonrakı yazılı izahatında iddiaçıdan təxminən 65.000 manat məbləğində pul aldığını bildirmişdir. Rayon Məhkəməsi də həmin izahatı nəzərə alaraq tərəflər arasında pul münasibətinin mövcudluğunu qəbul etmişdir.
32. Buna görə tərəflər arasındakı əsas mübahisə pul münasibətinin ümumiyyətlə mövcud olub-olmamasından deyil, cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyinin konkret məbləğindən ibarətdir. Rayon Məhkəməsi həmin məbləği müəyyən edərkən cavabdehin təxminən 65.000 manat alması barədə izahatını başlanğıc məbləğ kimi qəbul etmiş və təsdiqlənmiş hesab etdiyi 34.000 manat ödənişi həmin məbləğdən çıxaraq 31.000 manat nəticəsinə gəlmişdir.
33. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu yanaşması işdə olan sübutların məcmusuna uyğun deyildir. Cavabdehin məhkəmə araşdırması zamanı verdiyi və iddiaçıdan təxminən 65.000 manat aldığını göstərdiyi izahat onun mövqeyini əks etdirən sübutlardan biri olsa da, həmin izahatın digər sübutlardan qabaqcadan üstün qüvvəsi yoxdur. Odur ki, tərəflər arasındakı pul münasibətinin həcmi yalnız cavabdehin göstərdiyi 65.000 manatla məhdudlaşdırılmadan, işdə olan elektron yazışmalar, səs yazısı, ödəniş sənədləri və tərəflərin digər izahatları ilə birlikdə müəyyən edilməlidir.
34. İş materiallarında olan WhatsApp yazışmasından görünür ki, iddiaçı cavabdehdə borc məbləğinin konkret hesablanmasını əks etdirən “294.000-15.000 = 279.000 borcun qalıb” məzmunlu məlumat göndərmiş, cavabdeh də həmin məlumata “O.K.” cavabı vermişdir.
35. Məhkəmə Rayon Məhkəməsinin həmin “O.K.” ifadəsinin özlüyündə 279.000 manat borcun birmənalı etirafı sayıla bilməməsi barədə yanaşmasını mücərrəd şəkildə yanlış hesab etmir. Doğrudan da, hər hansı elektron yazışmada işlədilmiş bir söz kontekstdən ayrılıqda götürülməklə böyük məbləğdə pul öhdəliyinin mövcudluğu barədə nəticəyə gəlmək üçün hər bir halda kifayət etməyə bilər. Lakin hazırkı işin xüsusiyyəti ondan ibarətdir ki, cavabdehin “ok” cavabı qeyri-müəyyən məzmunlu məlumata deyil, konkret borc hesablamasına verilmişdir.
36. Belə ki, iddiaçı həmin məlumatda ilkin məbləği - 294.000 manatı, çıxılan məbləği - 15.000 manatı, eləcə də hesablamadan sonra qalan məbləği - 279.000 manatı ayrıca göstərmiş və sonuncu məbləği birbaşa “borcun qalıb” ifadəsi ilə cavabdehə aid etmişdir. Cavabdeh isə həmin məlumatı aldıqdan sonra göstərilən məbləğə etiraz etməmiş, 294.000 manatlıq ilkin hesablamanın yanlış olduğunu bildirməmiş, 15.000 manatlıq ödənişdən başqa ödənişlər etdiyini həmin yazışmada irəli sürməmiş və qalıq borcun başqa məbləğdə olduğunu göstərməmiş, razılığı ifadə edən “O.K.” cavabı vermişdir.
37. Buna görə “O.K.” ifadəsinin sübutetmə əhəmiyyəti yalnız həmin sözün lüğəvi mənası ilə deyil, onun hansı konkret məlumata cavab olaraq yazılması və tərəflər arasında mövcud olmuş münasibətlərin ümumi konteksti nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin yazışma cavabdehin 279.000 manatlıq qalıq borc barədə konkret hesablamadan məlumatlı olduğunu və həmin hesablamaya yazışma zamanı etiraz etmədiyini təsdiq edən mühüm sübutdur.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 331-ci maddələrində əqdin iradə ifadəsi və yazılı formasına dair qaydalar müəyyən edilmişdir. Rayon Məhkəməsi də hazırkı mübahisəyə hüquqi qiymət verərkən Mülki Məcəllənin 329 və 331-ci maddələrinə istinad etmişdir.
39. Məhkəmə qeyd edir ki, elektron vasitələrlə aparılmış yazışmanın sübutetmə əhəmiyyəti qiymətləndirilərkən əsas məsələ həmin məlumatın konkret şəxsdən qaynaqlandığının, onun məzmununun və tərəfin iradəsinin dürüst müəyyən edilməsinə imkan verib-vermədiyinin araşdırılmasıdır. Hazırkı halda cavabdehin sözügedən WhatsApp yazışmasının onun tərəfindən aparılmasını inkar etməsi barədə iş materiallarından məlumat müəyyən edilmir. Mübahisə əsasən həmin yazışmaya hansı sübutetmə əhəmiyyətinin verilməsi ilə bağlı olmuşdur.
40. Bununla belə, Məhkəmə 279.000 manatlıq nəticəni yalnız WhatsApp yazışmasındakı “O.K.” ifadəsinə əsaslandırmır. Həmin yazışma işdə olan digər sübutlarla, o cümlədən səs yazısı, tərəflərin pul münasibətlərinin mövcudluğuna dair izahatları və ödəniş sənədləri ilə birlikdə qiymətləndirilir.
41. İddiaçı apellyasiya şikayətində iş materiallarında olan səs yazısına da istinad edərək həmin sübutun WhatsApp yazışması ilə birlikdə tərəflər arasında əhəmiyyətli həcmdə pul münasibətlərinin və cavabdehin icra edilməmiş pul öhdəliyinin mövcudluğunu təsdiq etdiyini bildirmişdir.
42. Məhkəmə səs yazısını da MPM-in 76 və 88-ci maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirir. Bu sübutların məcmusu baxımından mühüm olan hal ondan ibarətdir ki, cavabdeh tərəflər arasında pul münasibətinin mövcudluğunu inkar etmir; tərəflər arasında faktiki olaraq müxtəlif məbləğlərdə pul hərəkəti olmuş; iş materiallarında həmin münasibətlərə dair elektron yazışmalar və ödəniş sənədləri mövcuddur. Bu baxımdan WhatsApp yazışmasında konkret hesablanmış qalıq borca cavabdehin etiraz etməməsi digər sübutlardan təcrid olunmuş təsadüfi ifadə kimi qiymətləndirilə bilməz.
43. Cavabdeh iddiaçıya borcunun qalmadığını əsaslandırmaq üçün 26 ödəniş sənədi təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sənədləri araşdıraraq yalnız 12 sənəd üzrə İddiaçı ümumilikdə 34.000 manat ödəniş edildiyini təsdiq edilmiş hesab etmişdir.
44. Cavabdeh apellyasiya şikayətində digər ödəniş sənədlərinin də nəzərə alınmalı olduğunu və zəruri olduğu halda müvafiq banklardan məlumat tələb edilməli olduğunu göstərmişdir.
45. Məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, cavabdeh müəyyən ödənişlərin məhz hazırkı mübahisənin predmetini təşkil edən borcun qaytarılması məqsədilə həyata keçirildiyini iddia edirsə, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq həmin halı təsdiq edən sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür.
46. Ödəniş sənədinin mövcudluğu özlüyündə həmin ödənişin məhz mübahisəli borcun icrası məqsədilə həyata keçirildiyini təsdiq etmir. Xüsusilə tərəflər arasında uzun müddət ərzində müxtəlif pul və əmlak münasibətlərinin mövcud olduğu şəraitdə hər bir ödənişin hansı hüquq münasibətinə aid olması onun tarixi, təyinatı, alıcısı və digər sübutlarla əlaqəsi əsasında müəyyən edilməlidir. Cavabdehin istinad etdiyi digər ödənişlərin məhz 279.000 manat kimi müəyyən edilmiş qalıq borcun sonradan ödənilməsi olduğunu təsdiq edən kifayət qədər və mötəbər sübutlar iş materiallarında müəyyən edilmir.
47. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin yalnız cavabdehin təxminən 65.000 manat pul alması barədə sonrakı izahatını əsas götürməsi, bundan təsdiqlənmiş hesab etdiyi 34.000 manat ödənişi çıxaraq borcu 31.000 manat müəyyən etməsi işdə olan sübutların tam və qarşılıqlı əlaqədə qiymətləndirilməsi tələbinə uyğun olmamışdır.
48. Cavabdehin tərəflər arasında mövcud olmuş münasibətlərin faizlə pul verilməsi (sələm) xarakteri daşıması, habelə daşınmaz əmlakların iddiaçının adına keçirilməsinin həmin münasibətlərin təminatı məqsədilə həyata keçirilməsi barədə dəlilləri də iş üzrə gəlinən nəticəni dəyişdirmir. Belə ki, iş materiallarında olan daşınmaz əmlaka dair müqavilə və çıxarışlar tərəflər arasında ayrı-ayrı dövrlərdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi faktını təsdiq etsə də, həmin sənədlər özlüyündə cavabdehin WhatsApp yazışmasında konkretləşdirilmiş qalıq pul öhdəliyinin mövcud olmadığını və ya həmin öhdəliyin sonradan tam icra edildiyini təsdiq etmir. Eyni zamanda, cavabdehin tərəflər arasındakı münasibətlərin faizlə pul verilməsi xarakteri daşıması barədə bildirdikləri onun iddiaçıdan pul vəsaiti aldığını qəbul etməsi ilə yanaşı qiymətləndirilməli olmaqla, qalıq borcun mövcud olmadığını təsdiq edən müstəqil sübut kimi qəbul edilə bilməz.
49. Cavabdehin səs yazısının iddiaçının əvvəlcədən etdiyi xahiş əsasında formalaşması barədə dəlili də həmin səs yazısının sübutetmə əhəmiyyətini avtomatik aradan qaldırmır. Bununla belə, Məhkəmə səs yazısında 280.000 manat məbləğində borcun cavabdeh tərəfindən açıq və birmənalı etiraf edilmədiyini nəzərə alır və həmin sübuta ayrılıqda həlledici sübut kimi deyil, tərəflər arasında pul münasibətlərinin mövcudluğunu və digər sübutların qiymətləndirildiyi faktiki konteksti müəyyən edən sübutlardan biri kimi qiymət verir.
50. İş materiallarında olan WhatsApp yazışmasının konkret məzmunu, həmin yazışmada 294.000 manat ilkin borcdan 15.000 manatın çıxılaraq qalıq borcun 279.000 manat göstərilməsi, cavabdehin həmin konkret hesablamaya “ok” cavabı verməsi, tərəflər arasında pul münasibətlərinin mövcudluğunun cavabdeh tərəfindən inkar edilməməsi, işdə olan səs yazısı və digər sübutlar məcmu şəkildə qiymətləndirildikdə, cavabdehin iddiaçı qarşısında 279.000 manat məbləğində icra edilməmiş pul öhdəliyinin mövcudluğu barədə nəticəyə gəlməyə əsas verir.
51. Cavabdeh isə həmin qalıq borcun yazışmadan sonra tam və ya qismən ödənildiyini, yaxud yazışmada göstərilmiş hesablamanın həqiqi hüquq münasibətlərinə uyğun olmadığını təsdiq edən kifayət qədər sübut təqdim etməmişdir. Bu səbəbdən onun apellyasiya şikayətində irəli sürdüyü, hətta Rayon Məhkəməsinin müəyyən etdiyi 31.000 manat borcun belə mövcud olmaması barədə dəlillər iş materialları ilə təsdiqlənmir.
52. Eyni zamanda, iddiaçı 280.000 manat tələb etsə də, Kollegiyanın mötəbər hesab etdiyi və tərəflərin öz yazışmasında konkretləşdirilmiş qalıq borcun məbləği 279.000 manatdır. Buna görə iddiaçının apellyasiya şikayətinin tam deyil, qismən təmin edilməsi üçün əsas vardır.
53. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə görə bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, digər şəxs isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). i) apellyasiya baxışının nəticəsi
54. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə qismən – yəni, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 31.000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 183 manat olmaqla, cəmi 31.183 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh Cavabdeh 279.000 (iki yüz yetmiş doqquz) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumları cavabdeh Cavabdeh aid edilsin. Bu məqsədlə cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq cəmi (570+285=) 855 (səkkiz yüz əlli beş) manat məbləğində pul tutulsun. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.