Məhkəmə qərarları › İş №2(3-6)-2155/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2155/2026

04.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2155/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "borc münasibətləri üzrə pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün 162 (yüz altmış iki) manat dövlət rüsumu olmaqla, cəmi 24.162 (iyirmi dörd min yüz altmış iki) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin dekabr ayında Aygün adlı qohumu iş yoldaşı cavabdehlə onlara gələrək ondan müvəqqəti olaraq 1 il müddətinə cavabdeh üçün 24.000 manat məbləğində borc pul istəmişdir. Cavabdeh özünə torpaq sahəsi aldığı üçün pula ehtiyacı olduğundan və həmin pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan əlavə, cavabdeh aldığı torpaq sahəsindən əlavə onlar üçün də torpaq sahəsi almaq üçün köməklik edəcəyini bildirmişdir. O, qohumu Aygünə inanaraq və onun şahidliyi ilə cavabdehə 24.000 manat məbləğində pulu rəsmiləşdirmədən ona 1 il müddətinə hissə-hissə ödəmək şərti ilə vermişdir. Daha sonra cavabdeh götürdüyü öhdəlikdən yayınmağa başlamış və cavabdeh cari ilin mart ayında cəmi 1600 manat ödəniş etmişdir. Lakin, qalıq məbləği ödəməkdən yayınır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat versə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə vermiş olduğu məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin məbləği vaxtında geri qaytarmadığına görə həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Həmçinin bildirilir ki, cavabdehin pulun geri qaytarılması barədə vatsap səs yazıları mövcuddur və məhkəmə prosesində sübut qismində təqdim olunacaqdır.

3. Məhkəmə prosesinin gedişində iddiaçı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh Cavabdeh 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün 162 (yüz altmış iki) manat dövlət rüsumu olmaqla, cəmi 22562 (iyirmi iki min beş yüz altmış iki) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 15.470 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 136,41 manat hissəsinin tutularaq iddiaçı Əliyeva Xanım Sevindik qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə onun qonşusu və özünün iş yoldaşı olan Şahid vasitəsilə 2023-cü ilin iyun ayında tanış olmuşdur. Həyat yoldaşının Türkiyənin Ankara şəhərində müalicəsi üçün pula ehtiyacı olduğundan aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən iddiaçıdan hissə-hissə ödəmək şərtilə 24.000 manat pul almışdır. Tərəflər arasında “whatsap” proqramı üzərində keçən səs yazılarının məzmunundan da görünür ki, iddiaçı verdiyi pulun geri qaytarılmasını tələb edir, cavabdeh isə pulu qaytaracağına dair vəd verir. Hazırda iddiaçı onun tərəfindən cavabdehə verilmiş pulun qaytarılmasını tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə 24.000 manat məbləğində pul verdiyini bildirərək, 22400 manat məbləğində pulu tələb etsə də, cavabdeh həmin borcu qaytardığını bildirmiş və məhkəməyə ödəniş qəbzləri və bank hesabından çıxarışlar təqdim etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus 416993******** nömrəli kart hesabına ##.##.2023-##.##.2024-cü il tarixlərdə cəmi 6930 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, cavabdehin iddiaçıdan aldığı puldan 15.470 manat (22.400– 6930 = 15.470) hissəsini qaytarmadığı işin halları ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı məhz həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Qalan məbləğin cavabdeh tərəfindən ödənilmədiyini təsdiq edən heç bir əsaslı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı borc tələbi ilə bağlı şikayətində 18-ci PB-də baxılan zaman, cavabdehin ona hər ay 2.300 manat olmaqla, 4 ardıcıl ay pul ödədiyini etiraf etmiş, yerdə qalan məbləği tələb etdiyini bildirmişdir. Lakin PBdən sənədlər tələb edilmədi. Halbuki, bu iş üçün əhəmiyyətli idi. Həmçinin, ödəniş terminallarından iddiaçının hesabına ödədiyi məbləğlərin hesabları arxivdə olduğu cavabı ilə bank tərəfindən verilməsi təmin edilməmişdir. Belə olan halda iş üzrə obyektiv nəticə əldə edilməsi üçün çıxarışlar arxivdən tələb olunmalı idi. Yuxarıda qeyd olunan dəlillərdən göründüyü kimi, tərəflər arasında mövcud rəsmiləşdirilməmiş borc və borcun qaytarılması ilə bağlı mövcud faktiki hallar nəzərə alınmaqla iddia təmin edilə bilməzdi. Diqqətə alınmalıdır ki, tərəflər arasında yazılı müqavilə olmasa da, borcla bağlı razılaşma əsasında tərəflər arasında şifahi sadə müqavilə olduğu inkar olunmur. Lakin nə qədər ki, borcun verilməsi və hissə-hissə qaytarılması ilə bağlı rəsmiləşdirmə aparılmamışdır, burada tərəflərin vicdanlılıq prinsipinə riayət etmələri tələb olunur. Tərəflərin hər ikisinin borcun verilməsi, borcun ödənilməsi və ödənişlərin qəbul edilməsi ilə bağlı hüquq və vəzifələrə malikdirlər. Burada ödənilmiş borcun qəbul edilməsi də iddiaçının vəzifəsinə aid məsələdir. Lakin o, burada vəzifəsini vicdanlı yerinə yetirmir. Nağd aldığı məbləğləri danır. Cavabdehin ödəniş qəbzlərinin saxlamadığından yararlanıb, əsassız varlanmaq niyyətindən çıxış etmişdir. Göründüyü kimi məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmamış, faktiki müəyyən edilmiş hallara nisbətdə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də qətnamə iddianın təmin edilmiş hissəsində, işdə müəyyən edilən dəlillərə və mübahisənin həllini tənzimləyən maddi hüquq normaların tələbləri baxımından əsassızdır. İddiaçı verdiyi borcun əvəzində ona qaytarılmış 6930 manat məbləği aşkar şəkildə danır, məhkəmədə səmimi deyildir. Borcun verilməsi və hissə-hissə qaytarılması rəsmiləşdirilmədiyindən, borclu tərəfin düşdüyü köməksiz vəziyyətindən sui-istifadə edərək, borcdan qaytarılmış məbləğləri danır. Eyni qayda ilə cavabdeh borcu cari ilin 4 ay ərzində ona hər ay nağd olaraq 2.300 manat ödədiyi halda, iddiaçı carı ildə ona 600 manat və 1000 manat olmaqla 2 dəfəyə, cəmi 1600 manat ödədiyini etiraf edir. Tərəflər arasında yazılı müqavilə olmasa da, borcla bağlı razılaşma əsasında tərəflər arasında şifahi sadə müqavilə olduğu inkar olunmur. Lakin nə qədər ki, borcun verilməsi və hissə-hissə qaytarılması ilə bağlı rəsmiləşdirmə aparılmamışdır, burada tərəflərin vicdanlılıq prinsipinə riayət etmələri tələb olunur. Tərəflərin hər ikisinin borcun verilməsi, borcun ödənilməsi və ödənişlərin qəbul edilməsi ilə bağlı hüquq və vəzifələrə malikdirlər. Burada ödənilmiş borcun qəbul edilməsi də iddiaçının vəzifəsinə aid məsələdir. Lakin o, burada vəzifəsini vicdanlı yerinə yetirmir. Nağd aldığı məbləğləri danır. Cavabdehin ödəniş qəbzlərinin saxlamadığından yararlanıb, əsassız varlanmaq niyyətindən çıxış etmişdir. Məhkəmə də sadalanan və iş üzrə mübahisə olunan halları nəzərə almamış, nəticədə qeyd olunan maddi hüquq normasının tələblərinə zidd qənaətli qətnamə qəbul etmişdir. Ona görə də qətnamə maddi hüquq normasının tələbləri pozulmaqla çıxarıldığı hesab olunmalı və ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin halları ilə müəyyən edilir ki, cavabdeh həyat yoldaşının Ankara şəhərində müalicəsi üçün pula ehtiyacı olduğundan iş yoldaşı olan Şahid vasitəsilə 2023-cü ilin iyun ayında tanış olduğu iddiaçı İddiaçı aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən hissəhissə ödəmək şərtilə 24.000 manat pul almışdır. Tərəflər arasında “whatsap” proqramı üzərində keçən səs yazılarının məzmunundan aydın olur ki, tərəflər arasında pulun verilməsi ilə bağlı münasibətlər olmuşdur. Səs yazılarından müəyyən edilir ki, cavabdeh iddiaçıya pulu qaytaracağına dair vəd verir.

17. Göründüyü kimi, tərəflər arasında borc münasibətlərinin olması izahatlarla, həmçinin “whatsap” proqramı üzərində səs yazıları ilə təsdiq edilir, bu işin mübahisələndirilməyən halıdır. Belə olan halda qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur.

18. Borc münasibətləri üzrə cavabdehin hər hansı borcunun qalıb-qalmaması məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı tərəfindən tələb edilən borc pul məbləği 22.562 manat təşkil etsə də, birinci instansiya məhkəməsi tərəfindən 15.470 manat məbləğində pulun tutulması qət edilmiş, ona istinad edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus 416993******** nömrəli kart hesabına ##.##.2023- ##.##.2024-cü il tarixlərdə cəmi 6930 manat məbləğində pul köçürülmüşdür. Cavabdehin iddiaçıdan aldığı puldan 15.470 manat (22.400– 6930 = 15.470) hissəsini qaytarmadığı işin halları ilə öz təsdiqini tapmışdır.

19. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən zaman ona istinad edilmişdir ki, cavabdeh tərəfindən borcun bir qismi nağd şəkildə qaytarılmışdır. Lakin nağd şəkildə qaytarıldığı pullar iddiaçı tərəfindən etiraf edilmir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh borcun qaytarıldığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

21. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

23. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

24. Cavabdehin dəlillərindən biri həmçinin odur ki, iddiaçı borc tələbi ilə bağlı şikayətində 18-ci PB-də baxılan zaman, cavabdehin hər ay 2.300 manat olmaqla, 4 ardıcıl ay ona pul ödədiyini etiraf etmiş, yerdə qalan məbləği tələb etdiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən PB-dən sənədləri tələb edilmədi. Halbuki, bu iş üçün əhəmiyyətli idi.

25. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı vətəndaş İddiaçı şikayəti əsasında Nərimanov RPİ-nin ** saylı Polis Şöbəsində aparılmış araşdırma üzrə toplanmış materialların (izahatlar, ərizələr, qəbul edildiyi təqdirdə, cinayət işinin başlanılmasının rədd olunması barədə qərar və s.) məhkəməyə təqdim edilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ** saylı Polis Şöbəsinə sorğu göndərilmişdir.

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli, */**-**/*/*-**** nömrəli məktubla cavab verilərək, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material məhkəməyə təqdim edilmişdir.

27. Məktuba əlavə edilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov RPİ 18-ci Polis Şöbəsinə cavabdehin verdiyi ##.##.2025-ci il tarixli izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2024-cü il tarixdən Xanım adlı qadını tanıyır. 2024-cü ilin yay aylarında Aygün adlı iş yoldaşı ilə birlikdə Xanımın evinə gedərək hissəhissə 24000 manat pul götürüb. Həmin pulu Xanım ona 10 faizə vermişdir. O mütəmadi olaraq ödənişlər edirdi. Həmin pulu da artıqlaması ilə qaytarıb. Lakin son 4 ay heç bir ödəniş edə bilməyib. Bu səbəbdən də aralarında narazılıq yarandı. Xanım ondan əl çəkməyərək ödəniş etməyini tələb edirdi. Xanım ona pulu öz yaşadığı Kürdəxanı qəsəbəsində olan evində vermişdir. Xanımın onun barəsində etdiyi müraciəti şər və böhtandır. O, Xanım adlı qadından hissə-hissə 24000 manat pul alıb. Həmin Xanım pulları ona 10 faizə vermişdir.

28. İddiaçı İddiaçı Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov RPİ 18ci Polis Şöbəsində yazdığı ərizədə qeyd edir ki, 2024-cü ilin iyun aynda tanıdığı Günel adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, “Seabreeze” ərazisində ucuz torpaq var, onu alsınlar, sonra baha qiymətə satıb xeyir götürərlər. Günel adlı şəxs bu işə görə ondan ümumi 23000 AZN pul istədi. O, Günelə 23000 AZN pul verdi. Sonradan məlum oldu ki, Günel adlı şəxs ona yalan danışıb və ona qarşı dələduzluq edib. Bildirmək istəyir ki, onun Günel adlı şəxslə (055) 461 69 92 nömrə ilə əlaqə saxlayıb. Onun bütün “whatsap” yazışmaları sübut kimi qalır.

29. Göründüyü kimi, İddiaçı izahatında Cavabdeh tərəfndən borcun ona hissə-hissə ödənilməsi ilə bağlı heç bir ifadə işlətməmişdir. Beləliklə, cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallar qətnamənin ləğvinə əsas vermir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar