Məhkəmə qərarları › İş №2(3-6)-2190/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2190/2026

07.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2190/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu Rayon İdarəsinə və “Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası” X1rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 12.*** manat, vurduqları mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.*** manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 18 yaşı tamam olana qədər və sonra dəfələrlə tibbi müayinədən keçmiş, lakin hər iki ayağın III dərəcəli boylama yastıayağı diaqnozu qoyularaq dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin 2023-cü ilin oktyabr ayında iddiaçı, tibbi şəhadətləndirməyə cəlb edilərək, rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçərək səhhəti ilə bağlı cavabdeh Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Xəstəxananın təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” akta əsasən o, hərbi xidmətə yararlı hesab edilərək ##.##.2023-cü il tarixdə həqiqi hərbi xidmətə göndərilmiş və təxminən 1 ildən sonra, yuxarıda qeyd edilən xəstəliyə görə iddiaçının səhhətində problem yaranmışdır. İddiaçı, hərbi hissənin qərargah rəisinin *** nömrəli, ##.##.2024-cü il tarixli göndərişinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuş və ##.##.2024-cü il tarixli, **** saylı “Xəstəlik haqqında” şəhadətnaməyə əsasən iddiaçıya “Q 66.5 aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın 3-cü dərəcəli boylama yastıayağı” diaqnozu qoyularaq dinc dövrdə hərbi xidmətə yararsız olduğu üçün vaxtından əvvəl ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdə olduğu 1 il ərzində xəstəliyi ilə bağlı iddiaçı çox əziyyət çəkmişdir. Çünki həqiqi hərbi xidmətə yararsız hesab edilməsi ona görədir ki, xəstəliyi ilə bağlı olaraq hamıdan tez yorulmuş və həqiqətən ciddi ağrılarla üzləşmişdir. Hərbi əsasnaməyə əsasən isə hər hansı tapşırığı icra etməyə bilməzdi. Bütün ağrılara və xəstəliyinin fəsadlarına baxmayaraq, digər əsgər yoldaşlarından seçilməmiş və vətənə xidmətini bir il boyunca layiqincə etmişdir. İddiaçı, cavabdeh Xəstəxanasından 1 dəfə, 2024-cü ilin avqust ayında Müdafiə Nazirliyi Baş klinik hospitalında 3 dəfə rentgen olunmuş, həmin ilin sentyabr ayında sənədi təsdiq olunmuş, oktyabr ayında hərbi hissədən tərxis olunmuşdur. Həkimlərin bildirdiyinə görə, onun ayağındakı yastıpəncəlik hərbi xidmətdə yaranmamışdır, əgər hərbi xidmət dövründə yaransa idi, ona pensiya kəsilərdi. Hələ 18 yaşı olanda ayağı III dərəcəli yastıpəncəli olduğu üçün onun hərbi xidmətə aparmamışlar. Lakin 4 il sonra hərbi xidmətə cəlb olunmuş, N il hərbi hissədə əziyyət çəkmişdir. Buna baxmayaraq, hərbi biletində yararsız olaraq qeyd olunmuş, heç yerdə işə düzələ bilmir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra da əvvəlki iş yerində əmək funksiyalarını icra edə bilmir, buna səbəb isə 1 il boyunca çəkdiyi ağrılar olmuşdur. Çünki əmək müqaviləsi üzrə fəhlə çalışmışdır. Xəstəliyi hazırda fəhlə kimi işləməyinə maneə törədir. Göründüyü kimi cavabdehlərin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. İddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməklə, iddiaçıya izah olunmalıdır ki, o, eyni məzmunlu iddia ərizəsi ilə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı diskresion səlahiyyətlərə malik Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir və bu zaman həmin şəxslərin hərbi xidmətə yararlı olub-olmamaları müvafiq və xüsusi tibbi təşkilatlar tərəfindən müəyyən edilir. İddiaçı ilə cavabdehlər arasında hazırkı məhkəmə mübahisəsi də məhz həmin diskresion səlahiyyətlərin yerinə yetirilməsindən (onların yaratdığı nəticələrdən) qaynaqlanır. Belə olan halda qəbul edilməlidir ki, bu mübahisə mülki deyil, inzıbati mübahisədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1.-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (maddə 2.1.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, məhkəmə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair ##.##.2012-ci il tarixli Qərarına görə, məhkəmə aidiyyəti əsassız və qeyriqanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırkı işin icraatının başlanmasına əsas olmuş iddia tələbinə (mülki icraat qaydasında) baxmaqla səhvə yol vermiş, məhkəmə aidiyyətini pozmuşdur. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin mənasına görə, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin mənasına görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və Mülki Prosessual Məcəlləsinin 261, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı İddiaçı izah edilsin ki, o, mövcud mübahisə ilə bağlı müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar