Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2219/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 barət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron-məhkəmə” informasiya sistemində əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, cavabdeh Cavabdeh qızı Ağstafa rayonu, Vurğun qəsəbə ərazi dairəsi, Vurğun qəsəbəsi ünvanında rəsmi qeydiyyatdadır. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh qızı törətdiyi cinayət əməli ilə iddiaçının xeyli miqdar hesab edilən 10.900 manat pul vəsaitini talamışdır. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-101)-5/2026-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanı Sabunçu rayon ərazisində yerləşən qadınlar üçün nəzərdə tutulmuş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində çəkir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Hazırda cavabdehin olduğu yer və yaşayış yeri onun qaldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsidir. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh Cavabdeh qızının cinayət əməli nəticəsində ziyan vurulmuş digər zərərçəkmiş şəxs eyni iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiası icraata qəbul olunmuşdur (iş №*(5-101)-1716/2026). Buna görə də hesab edilir ki, eyni işə görə fərqli yanaşma qəbul edilən deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, # ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Belə ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Kollegiya hazırkı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı cavabdehdən qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb edir. “AZEMİS” Elektron İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən də cavabdeh Cavabdeh qızının Ağstafa rayonu, Vurğun qəsəbə ərazi dairəsi, Vurğun qəsəbəsi ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti) hazırkı işdə mövcud olması müəyyən edilmir. Cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aid olmadığından mülki işə həmin məhkəmədə baxılması prosessual qanunvericiliyin yuxarıda qeyd edilən qaydalara ziddir. Belə ki, mülki prosessual qanunvericiliyin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Beləliklə hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-2219/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2219/2026
09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver