Məhkəmə qərarları › İş №2(3-6)-223/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-223/2026

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-223/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X1 Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 fevral 2026cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı özünə məxsus olan “Toyota Prius (Hibrid) minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini müəyyən ödəniş etməsi qarşılığında Cavabdeh xx.xx.2025-ci il tarixindən etibarnamə əsasında idarə etməyə vermiş, xx.xx.2031-ci tarixində isə etibarnaməni ləğv etmişdir. xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh qeyd olunan nəqliyyat vasitəsini idarə etdiyi müddətdə 80,10,10, 52 manat məbləğlərdə cərimə olunmuş və İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər yetirmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2824.60 manat pul vəsaitinin, həmçinin 145 manat hüquqi yardıma görə, 49.70 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, avtomobili günlük 25 manat ödəməklə cavabdehə kirayə vermişdir. cavabdeh avtomobili ehtiyatsız şəkildə sürməklə müəyyən ehtiyat hissələrini sıradan çıxarmışdır. Beləliklə avtomobil 15 gün servisdə qalmış, həmin müddətə qədər də 3 gün olmaqla, ümumilikdə 18 gün X 25 azn pulundan olmuşdur, avtomobili isə xx.xx.2025-ci ildə onu servisdən çıxara bilib Beləliklə ilkin olaraq zədələnmiş hissələrin bərpası üçün 1966 manat, daha sonra isə 270+60 manat xərci çıxdı. Beləliklə cavabdehə vurduğu ziyanın qarşılanması üçün müraciət etsə də, o, ziyanın ödənilməsinə razılaşmadı, daha sonra isə 600 azn ödəməyə imkanı olduğnu, onu da 1 il ərzində ödəyəcəyini bildirdi. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu servisin təqdim etdiyi sənədlərlə, eyni zamanda şahid ifadələri ilə təsdiq olunur.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 1804/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş ziyana görə 1743.6 manat, hüquqi yardım üçün ödənilən 120 manat məbləğində pul və mülki iddiaya görə ödənilmiş 38.63 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya, 200 manat ekspertiza xərcinin cavabdehdən alınaraq Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin (AECS MMC) hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, avtomobilinə dəymiş zərər Cavabdeh istifadəsində olduğu zaman baş vermişdir. Avtomobilin həmin müddətdə cavabdehdə olması cavabdehin etirafı ilə və iş materialları ilə tam sübuta yetirilir. Zərərin məbləğinə gəldikdə isə məhkəmə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür. Avtomobil cavabdehdə olduğu müddətdə cərimələr cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən ödənilmişdir. Lakin, cavabdehin iddia tələbində əlavə olaraq qeyd etdiyi 45 manatlıq cərimənin mövcud olması ilə bağlı sübut iş materiallarına əlavə edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməmişdir. Əlavə olaraq həmin cərimələrin ödənilməsi üçün bank tərəfindən xidmət haqqı tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş olan 80 manat, 10.6 manat, 11 manat və 52 manat olmaqla, (komissiya xərcləri daxil olmaqla) ümumilikdə 153.6 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardımın ödənilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı hüquqi yardım üçün 120 manat ödəmişdir, ona görə də həmin məbləğ cavabdehdən tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 385, 386.1, 1096, 1097.1, 1108-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobili idarə edərkən yolda çuxura düşmüş, çuxura düşərkən avtomobilin təkəri əyilmiş, nəticədə iddiaçı avtomobilə 600 manat xərc lazım olduğunu bildirmişdir. Əvvəl onunla razılaşıb. Sonradan isə avtomobilin 600 manat xərcinin olmadığını bilib. İddiaçının avtomobili yanvar ayının ortalarında xarab olub, mühərrəki təmir etdirib mühərrikin təmir xərclərini də ona yükləmək qərarına gəlib. Halbuki, mühərrikin təmir xərclərinin ona heç bir aidiyyatı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

11. İddiaçı isə apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Toyota Prius minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyi təqdirdə, dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan təmir-bərpa xərci (ehtiyyat hissələri - arxa balka 100 manat, sağ almacıq 15 manat, sağ şaravoy 15 manat, arxa sağ stupiça 40 manat, disk 100 manat, qranat dəst 110 manat, sağ çaşka 40 manat, termostat 10 manat, sveça 20 manat, çaşka feredo 50 manat, mühərrik remeni 10 manat, mühərrik daxili hissələri 400 manat, cəmi 920, görüləcək usta işləri – mühərrik yığılması 300 manat, çilingər 150 manat, rulavoy təmiri 100 manat, razval 20 manat, inventor təmiri 100 manat) bazar dəyəri 1590 manat təşkil edir.

19. Məhkəmə Kollegiyası da öz növbəsində mütəxəssis rəyi ilə razılaşaraq qeyd edir ki, rəyin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır.

20. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, yuxarıda tədqiq edilən mütəxəssis rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı olmaqla mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

21. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili zərərin məbləğinin əsassız olması ilə bağlıdır. Lakin cavabdeh, mütəxəssis rəyinin əsassız olmasının səbəbini konkret göstərə bilməmiş və onunla bağlı dəlilləri məhkəməyə təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır.

23. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

24. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 18 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar