Məhkəmə qərarları › İş №2(3-6)-228/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-228/2026

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-228/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10815/2016 saylı, 12 dekabr 2025-ci il tarixli qərardadından borclu Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(001)- 10815/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.1983-cü il tarixində Ermənistanın Spitak rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 711,09 USD əsas borc, 101,73 USD faiz borcu, 163,77 USD cərimə borcu olmaqla, cəmi 976,59 (doqquz yüz yetmiş altı dollar əlli doqquz sent) USD (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində vəsaitin "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. Borclu Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə (ərizə xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və qeydiyyata alınmışdır) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(001)-10815/2016 saylı məhkəmə əmrinə etiraz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10815/2016 saylı, 12 dekabr 2025-ci il tarixli qərardadı ilə Baki şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10815/2016 saylı məhkəmə əmrinə borclu Cavabdeh tərəfindən verilmiş etirazın qaytarılması qərara alınmışdır. Həmin qərardaddan borclu Cavabdeh şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10815/2016 saylı, 09 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclu Cavabdeh elektron kabinet vasitəsilə də təqdim etdiyi ərizəsində qərardadın ləğv olunmasını, prosessual müddətin bərpası ilə bağlı etirazın və həmin işin iddia icaatına qəbul olunmasını xahiş etmişdir. "xxxx" KB ASC tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin borclunun məhkəmə əmrinə verdiyi etirazın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Çünki əmrə etiraz vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və iddia icraatına keçir. Göründüyü kimi, borclunun qeyd olunan əmrdən verdiyi etiraz prosessual hüquqlarından sui-istifadə etməsi ilə əlaqədar olmuşdur. Əks halda 10 ilə yaxın müddətdə çıxarılmış məhkəmə əmrində göstərilən məbləğ mübahisəli idisə və düzgün hesablanmamışdırsa bu müddətdə vaxtında etiraz verməsinə hər hansı bir maneə yox idi. Çünki bu müddətdə onun qeyd olunan məhkəmə aktından məlumatlı olmaması inandırıcı və ağlabatan sayılmır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10815/2016 saylı, 12 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10815/2016 saylı, 12 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar