Məhkəmə qərarları › İş №2(3-6)-2290/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2290/2026

11.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2290/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: sübutemə vəzifəsi, sübutetmə yükünün müəyyənləşdirilməsi) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şifahi borc müqaviləsi üzrə pul tələbi”nə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Tərəflər arasında faktiki nikah münasibətləri mövcud olmuş və iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat məbləğində borc pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Gəncə şəhərində gözəllik mərkəzinin fəaliyyəti ilə əlaqədar ondan 5500 manat məbləğində borc pul vəsaiti istəmiş və tezliklə borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı hissə-hissə müəyyən vaxtlarda yəni, ##.##.2023-cü il tarixdə 250 manat, ##.##.2024-cü il tarixdə 1000 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 700 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 110 manat, ##.##.2024-cü il tarixdə 450 manat və ##.##.2025-ci il tarixdə 300 manat məbləğində borc pul vəsaitini kart vasitəsi ilə cavabdehə göndərmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona 5500 manat məbləğində olan borcunu qaytarmamışdır. O, həmin borcu aralarında olan razılığa əsasən, özünə məxsus olan kart hesabından cavabdehə məxsus kart hesabına köçürmüşdür.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 4484,79 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmiş və məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan pul köçürülmələrinə dair qəbzlərdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə məxsus bank kartlarına müxtəlif vaxtlarda 4484,79 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı həmin məbləğlərin cavabdehə borc verildiyini bildirmiş, iş materiallarında isə qeyd edilən məbləğlərin borc kimi deyil, başqa hər hansı məqsədlə köçürülməsinə dair heç bir sübut aşkarlanmamışdır.

6. Məhkəmə yekunda ayrı-ayrı vaxtlarda köçürülən pul məbləğlərinin 3000 manatdan artıq olmadığını, fiziki şəxslər arasında 3000 manata qədər məbləğdə şifahi bağlanmış borc müqavilələrinin etibarlı olduğunu nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, borcun qaytarılması ilə bağlı iddia əsaslıdır. Lakin, qaytarılmalı olan borcun iş materialları ilə təsdiq edilən məbləği 4484,79 manat təşkil etmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 448.2, 739.1, 739.2, 742.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh İbrahimova Aynurə Ələsgər qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, toplanmış sübutlara tam qiymət verməmiş, iddiaçının təqdim etdiyi və əsası olmayan sübutları birtərəfli qaydada araşdırmışdır. Belə ki, cavabdeh İddiaçı heç vaxt borc pul vəsaiti istəməmişdir. Çünki, tərəflər 2023-2025-ci illər ərzində faktiki nikah münasibətlərində olmaqla, həmin müddətdə ər-arvad kimi birlikdə yaşamışdır. Birgə yaşadıqları dövrdə tərəflərin qazancı ailənin saxlanılması və ailə üçün lazımi geyim vəsaitləri və digər əşyalar alınmasına sərf olunmuşdur. Tərəflər uşaqlarla bağlı yaranmış narazılığa görə münasibətlərini sonlandırdıqdan sonra, iddiaçı məhkəməyə müraciət edərək guya, cavabdehin ondan 5.000 manat məbləğində borc istədiyini bildirsə də, iddiaçının bildirdikləri tamamilə əsassızdır. Tərəflər faktiki olaraq ər-arvad münasibətlərində olmuş, ər-arvad arasında isə borc münasibətlərinin olması mümkün deyildir. Sözügedən pul vəsaitinin borc kimi qiymətləndirilməsi isə tamamilə yanlış fikirdir. Belə ki, gündəlik zəruri dolanışıq xərcləri üçün ödənilmiş pul vəsaitinin geri tələb edilməsi absurddur. Cavabdeh əgər borc vəsaiti istəsə və həmin vəsaiti borc qismində alsa idi, pul vəsaiti birdəfəlik qaydada ona köçürülər və eyni zamanda tərəflər arasında müqavilə bağlanardı. Ona görə də hesab edir ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur.

10. Bundan əlavə, məhkəmə iş üzrə olan sübutları düzgün qiymətləndirməmişdir. Çünki məhkəmə iddiaçı tərəfin sübutlarını qəbul etsə də, onların tam olmadığını bildirməmiş və natamam sübutlarla işə baxaraq əsassız qətnamə çıxarmışdır. İddiaçı tərəfindən təqdim olunan sübutlar isə mötəbər sübut hesab edilə bilməz.

11. Həmçinin, cavabdeh hesab edir ki, iş materiallarında olan və təqdim edəcəyi yeni sübutlar apellyasiya instansiyası məhkəməsində araşdırılmalıdır. Çünki, birinci instansiya məhkəməsində aparılan icraat üzrə məlumatı olmadığından, yeni sübutlar təqdim etmək imkanına malikdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı hər hansı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə kollegiyasının ötən iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir.

15. Məhkəmə kollegiyasının ötən iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və həmçinin bildirmişdir ki, tərəfindən cavabdehə köçürülən 4484 manat məbləğində pul vəsaiti onunla aralarında yaranmış dostluq münasibətlərinin olduğu müddətdə gözəllik mərkəzinin açılması məqsədilə borc kimi verilmişdir. Əslində, ona faktiki olaraq 6700 manat məbləğində pul vəsaiti vermişdir. Belə ki, həmin vəsaitin 5700 manat hissəsi cavabdehin kart hesablarına köçürülmüş, 1000 manat hissəsi isə nağd şəkildə verilmişdir. Cavabdehlə yaxın münasibətləri 2024-cü ilin avqust ayından etibarən yaranmağa başlamışdır.

Tətbiq edilən hüquq:

16. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarı: Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia tələbi qismən təmin olunduğundan və apellyasiya şikayətinə əsasən, qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin olunan hissədə təmin edilməməlidir.

22. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında faktiki nikah münasibətləri mövcud olmuş və iddiaçı tərəfindən cavabdehin kart hesablarına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İddiaçı həmin köçürülən pul vəsaitlərinin cavabdehə borc məqsədilə verildiyini əsas gətirərək, cəmi 5500 manat məbləğində borc pul vəsaitinin cavabdehdən tutulması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə apellyasiya şikayətində köçürülən məbləğlərin birdəfəlik qaydada deyil, hissə-hissə verilməsini və tərəflər arasında borc münasibətlərinə dair hər hansı müqavilə bağlanılmaması nəzərə alınmaqla, tələb olunan məbləğin borc məqsədilə verilmədiyini və faktiki ər-arvad münasibətləri əsasında gündəlik cari xərclərinin ödənilməsinə sərf olunduğunu bildirmişdir.

23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda köçürülmüş və ümumilikdə 5500 manat təşkil etdiyi iddia olunan pul vəsaitinin məhz borc öhdəliyinin icrası məqsədilə verilməsi faktının müəyyən edilməsinə dair gəldiyi nəticə işin faktiki halları və sübutların məcmusu ilə uzlaşmır və bu baxımdan həmin nəticə əsaslı hesab edilə bilməz.

24. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, mövqeyini sözügedən pul vəsaitlərinin başqa hər hansı məqsədlə köçürülməsini təsdiqləyən heç bir sübutun iş materialları arasında aşkarlanmamasına istinadən əsaslandırsa da, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini nəzərə almamışdır.

26. Məhkəmə kollegiyası bildirir ki, iddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır və mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

27. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5500 manat məbləğində pul vəsaitinin borc məqsədilə verildiyi iddia edilsə də, həmin vəsaitin məhz borc münasibətlərindən irəli gəlməsi faktını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində tələb etdiyi pul vəsaitinin cavabdehə borc kimi verildiyini bildirməklə, tələbinin əsasını təşkil edən hallara istinad etmiş və həmin halları sübut etmək vəzifəsini daşıyırdı.

28. İddiaçı tərəfindən pul vəsaitinin cavabdehə borc məqsədilə verilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsinin yalnız iddiaçının izahatına əsaslanaraq həmin halı müəyyən edilmiş hesab etməsi sübutetmə qaydalarının tələblərinə uyğun olmamışdır. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 106.1-ci maddələrinin tələblərini pozaraq, iddiaçının izahatının iş üzrə digər mötəbər sübutlarla təsdiq edilməməsinə baxmayaraq, ona sübut əhəmiyyəti vermiş və həmin izahatı tələbin əsasını təsdiqləyən sübut kimi əsassız olaraq qiymətləndirmişdir.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## #### tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, ## #### 2007-ci il).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

31. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

32. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı dəlil olmadan iddiaçı tərəfindən irəli sürülən borc məbləğinə dair cavabdehdən pul vəsaitinin tutulması əsassızdır.

33. Eyni zamanda, iddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi təqdirdə, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi, habelə mülki prosessual qanunvericilikdə əks etdirilmiş ədalət mühakiməsinin digər prinsipləri ilə uzlaşmır.

34. Odur ki, tərəflər arasında Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinin tələblərinə əsasən, 3000 manata qədər məbləğdə şifahi borc müqaviləsinin bağlanılması və cavabdehə həmin borc müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Beləliklə, cavabdehin hər hansı məsuliyyət daşıması istisna olunur.

35. Digər tərəfdən, iddiaçı iddia ərizəsində mübahisəli məbləğlərin cavabdeh tərəfindən gözəllik mərkəzinin fəaliyyəti ilə əlaqədar, borc məqsədilə alındığını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında izahat verərkən, cavabdehlə aralarında faktiki nikah münasibətlərinin olduğunu, bir müddət birgə yaşadıqlarını təsdiqləmiş və 2024-cü ilin avqust ayından etibarən cavabdehlə yaxın münasibətlərinin yarandığını bildirmişdir.

36. Məhkəmə kollegiyası iş materiallarında mövcud olan qəbzləri hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə və nisbətən kiçik məbləğlərdə (ən çoxu 1000 manat olmaqla - yalnız 1 dəfə) pul vəsaitlərinin köçürülməsi, habelə təqdim edilmiş qəbzlərin əksəriyyətinin 2024-cü ilin avqust ayından sonrakı dövrə təsadüf etməsi (iddiaçının bildirdiyinə görə, tərəflər arasında yaxın münasibətlərin yarandığı vaxt) nəzərə alındıqda, sözügedən pul vəsaitlərinin borc münasibətlərindən irəli gələn öhdəliyin icrası məqsədilə deyil, tərəflər arasında faktiki ailə münasibətlərinin mövcud olduğu dövrdə birgə yaşayışla əlaqədar gündəlik xərclərin ödənilməsinə sərf olunması daha ağlabatan və işin faktiki hallarına uyğun nəticə kimi qiymətləndirilməlidir.

37. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cəmi 5500 manat məbləğində pul vəsaitinin cavabdehə məxsus kart hesablarına köçürüldüyü iddia olunsa da, tərəfindən təqdim olunmuş qəbzlərə əsasən, köçürülən ümumi məbləğin 4484,79 manat təşkil etdiyi müəyyən olunmuşdur.

38. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindəki “birinci instansiya məhkəməsində aparılan icraat üzrə məlumatsız olması ilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə iclaslarının tarixi və yerini əks etdirən məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilmiş, habelə cavabdeh bu barədə SMS-bildirişlər vasitəsilə məlumatlandırılmış və ##.##.2025-ci və ##.##.2025-ci il tarixlərdə göndərilmiş SMS-bildirişlər cavabdehə məxsus mobil nömrəyə çatdırılmışdır.

39. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunan hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar